“Məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı, şoka girdim” - Tehran MənsimovPrezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı polkovnik Tehran Mənsimov İkinci Qarabağ döyüşlərində idarə etdiyi avtomobilin minaya düşdüyünü açıqlayıb. Bu barədə Mənsimov “Azərbaycan” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, hadisə oktyabrın 21-də Füzuli istiqamətində baş verib:“Horadizə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşıladım. Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər. Yüksəklikdən geri qayıdanda isə ermənilər hərəkətdə olan avtomobilimi atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim. Döyüşlər şiddətlə davam edirdi. Savaşın qızğın vaxtında düşmənin atdığı raketin mövqeyimizdə partlaması nəticəsində yenidən yaralandım. Zərbə qüvvəsi məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı. Onurğam üstə düşməyim nəticəsində indiyədək özünü göstərən bel yırtığı əmələ gəldi. İlk dəqiqələrdə özümdən getmişdim, sonra şoka girdim. Ancaq təxliyə olunmağı düşünmədim, savaşı davam etdirdim. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırırdı. Ümumiyyətlə isə tək mən yox, bütün şəxsi heyət yaralanarkən ya bunu gizlədir, ya da təxliyəyə razı olmurdu”.
Tehran Mənsimov döyüşlər zamanı 24 kiloqram çəki itirdiyini qeyd edib:“Döyüşlərdə ciddi zədələrə məruz qalmışdım. Qəlpə yarası almışdım, bel nayihəmdə yırtıq əmələ gəlmişdi, sağ qulağımın pərdəsi cırılmışdı. Döyüşlər zamanı 24 kq çəki itirmişdim. Şuşanın ətrafında etibarlı müdafiə mövqelərinin yaradılmasını başa çatdırdıqdan sonra yaralarım kəskinləşib səhhətim pisləşdiyindən həkimlərin tələbi ilə noyabrın 26-da Şuşadan Bakıdakı Hərbi hospitala müalicəyə yollandım. Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısını, diqqətini gördüm. Bu xoş münasibət heç də mənim komandir, yaxud yüksəkrütbəli zabit olmağımdan irəli gəlmirdi. Hörmətli Mehriban xanımın himayədarlığı əsgərdən zabitədək bütün hərbçiləri əhatə edirdi. Mənə deyildi ki, döyüşlər başlandığı gündən hospital, bütün xəstəxanalar birbaşa Mehriban xanımın nəzarətindədir və bütün müalicə prosesləri onun qayğısı ilə əhatələnib. Vətən müharibəsində yaralanan minlərlə döyüşçü bu gün sağlam həyata qayıtdığına, yüksək qayğı ilə əhatə olunduğuna görə Mehriban xanım Əliyevaya borcludur”.