Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Moskvaya işgüzar səfərə gedəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib. "Onu Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin qəbul edəcək", - Paltov deyib. Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə mayın 25-də Moskvada olmuşdu.
İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi bəlli olub. "Zadəganlar" Mauritsio Poçettinoya tapşırılıb. Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Mauritsio Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ klubunun sükanı arxasında olub.
Tələblərimiz yerinə yetirilməsə, taxıl sazişi fəaliyyətini dayandıracaq - Lavrov
"Rusiya tərəfinin tələbləri yerinə yetirilməsə, taxıl sazişi fəaliyyətini dayandıracaq". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, sövdələşmənin bir hissəsi olaraq, ixrac edilən 30 milyon tonun 3%-dən az hissəsi ən yoxsul ölkələrə çatdırılıb. Nazir əlavə edib ki, Rusiya ilə BMT arasında memorandum ümumiyyətlə yerinə yetirilmir: "Əgər BMT-nin baş katibi Antoniu Quterreş memorandumda öz tələb etdiyi hər şeyi yerinə yetirə bilsəydi, o zaman ərzaq və gübrə bazarına təsir daha müsbət olardı”. “Qara dəniz təşəbbüsünün gələcək taleyinə gəlincə, hər şey olduğu kimi qalsa - və görünür, belə də olacaq - onun artıq fəaliyyət göstərməməsindən danışmaq lazım gələcək”
İrəvan və Bakı çərçivə sazişi imzalaya bilər - Erməni ekspert
"İrəvan və Bakı hərtərəfli sülh sazişi deyil, çərçivə sazişi və ya yol xəritəsi imzalaya bilər". Bunu "Sputnik Armenia"ya erməni siyasi ekspert Vigen Akopyan deyib. "Hazırda tam şəkildə sülhün əldə olunmasından söhbət gedə bilməz, əgər tərəflər razılaşarsa, o zaman sənəd mərhələli olacaq. Hazırkı şəraitdə sənədin imzalanması Ermənistan üçün sərfəli deyil", - ekspert söyləyib. "Üstəlik, heç bir saziş ölkələr arasında sülhə tam zəmanət vermir", - o əlavə edib.
İspaniya parlamenti buraxılacaq və ölkədə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə İspniyanın Baş naziri Pedro Sançez məlumat verib. O, qərarın tezliklə veriləcəyini və iyul ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Belarusdan olan həmkarı Aleksandr Lukaşenkonun Astananın ittifaq dövlətinə qoşulması barədə təklifinə münasibət bildirib. Bu barədə TASS məlumat yayıb. O bildirib ki, respublikanın İttifaq dövlətinə qoşulmasına gərək yoxdur, çünki Avrasiya İqtisadi İttifaqı kimi birlik fəaliyyət göstərir. "Lukaşenko bizə İttifaq dövlətinə daxil olmağı təklif etdi. Mən bu zarafatı yüksək qiymətləndirdim. Buna gərək yoxdur. Çünki burada başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi İttifaqı var", - Tokayev əlavə edib.
Azərbaycanda mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31°, bəzi yerlərdə 33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-50 % olacaq. Sabah əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
Paşinyan ölkədə fiziki hazırlığın zəif olmasından narahatdır
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə fiziki hazırlığın zəif olmasından narahatdır. Bunu o, parlamentin iclasında söyləyib. "Bu, ölkənin təhlükəsizliyinə problemlər yaradır. Əmək məhsuldarlığı və çağırışçıların xidmətə hazır olması böyüklərin və yeniyetmələrin fiziki vəziyyətindən asılıdır", - Ermənistan baş naziri əlavə edib. "Ona görə də artıq Ermənistanda böyük idman mərkəzləri tikilir", - Paşinyan deyib.
Bakıyla arasında razılaşdırılmış sülh müqaviləsi yoxdur - Paşinyan
"İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur". Bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovda sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə danışarkən bildirib. "Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ Azərbaycandan cavab almayıb", - o əlavə edib. Paşinyanın sözlərinə görə, Moskvadakı üçtərəfli görüşdə Qarabağ və Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.
Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.