Əməkdaşımız Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyevlə görüşərək yola salmaqda olduğumuz 2014 -cü il ərzində görülən işlər barədə məlumat alıb.
Mərkəzin direktoru deyib ki, bizim vəzifəmiz vətəndaşlara münasib is yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində kömək etmək, əmək bazarında olan tələb və təklif haqqında məlumat toplamaq, gənclərin peşə seciminə koməklik məqsədilə peşəyönümünün təşkili və s. xidmətlərin göstərilməsidir.Gördüyümüz işlər barədə məlumat verməzdən əvvəl qeyd edim ki, yeni nazirimizin və rayon rəhbərliyinin işə tələbkarlığı məsuliyyətimizi daha da artırıb. Beləki cari İl ərzində Məşğulluq Mərkəzinin inzibati binasında dəfələrlə mini Əmək Yarmarkaları keçirilib. Yarmarkalara Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 26 müəssisə və təşkilatın nümayəndələrinin iştirakı ilə müxtəlif ixtisas və peşələr üzrə 210 boş (vakant) iş yerləri çıxarılmışdır.
Vətəndaşlara iş təklif edən müəssisələrin mütəxəssisləri iş axtaranlarla onların peşələri, ixtisas bacarıqları və iş vərdişləri barədə ətraflı söhbət apardıqdan sonra müraciət etmiş vətəndaşlardan 101 nəfərə yeni iş yerlərinə göndərişlər verilmiş, nəticədə 47 nəfər daimi işlə təmin olunmuşdur. İxtisası və peşəsi olmayan 16 nəfər isə peşə kurslarına cəlb olunmaları üçün qeydiyyata alınmışdır.
M.Hacıyev daha sonra qeyd edib ki, Məşğulluq Mərkəzi tərəfindən 20 fevral, 24 aprel, 21 avqust və 26 noyabr 2014-cü il tarixlərində rayon ərazisində “Səyyar Əmək Birjası” tədbirləri keçirilmişdir. Ümumiyyətlə Səyyar əmək birjasının keçirilməsində məqsəd həmin ərazidə yaşayan işaxtaran vətəndaşları əmək bazarında olan mövcud vəziyyətlə tanış etmək, işaxtaranların işəgötürənlərlə birbaşa təmasını yaratmaq Məşğulluq Mərkəzinə daxil olmuş vakansiyaları onlara təklif etmək, mərkəz tərəfindən təşkil olunan peşə kursları barədə dolğun məlumat verməkdən ibarətdir. Bu məqsədlə keçirilən həmin tədbirlərdə 28 müəssisə iştirak etmiş, ümumi olaraq 76 müəssisədən 809 boş iş yeri təklif olunmuş, 169 nəfər işaxtaran vətəndaşla iş aparılmış, onlardan 83 nəfərinə boş iş yerlərinə göndərişlər verilmişdir. Göndəriş almış vətəndaşlardan 27 nəfəri müxtəlif sahələrdə işlə təmin olunmuşdur. "Səyyar Əmək Birjası"nda rayonumuzun 23 sakini müxtəlif peşə kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmış, 41 nəfər isə CV təqdim etmişdir.
İyunun 6-da rayon ərazisində keçirilən Regional Əmək Yarmarkasında Nəsimi və Nərimanov rayon Məşğulluq Mərkəzləri öz rayonları ərazisində fəaliyyət göstərən müəssisələrlə birlikdə iştirak etmişlər. Bu dəfə yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 12 müəssisə və təşkilatın nümayəndələrinin iştirakı ilə müxtəlif ixtisas və peşələr üzrə 82 boş (vakant) iş yerləri çıxarılmışdır. Müraciət etmiş işaxtaran vətəndaşlardan 31 nəfərə göndəriş verilmiş və bunun nəticəsində 12 nəfər daimi işlə təmin olunmuşdur. 7 nəfər peşə kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmış, 58 nəfər isə CV təqdim etmişdir. Son olaraq onu da əlavə edim ki, müxtəlif peşələr və ixtisaslar üzrə təqdim olunan vakansiyalarda əmək haqqı 120-600 AZN təşkil etmişdir.