Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 21-10-2022, 00:18
Respublikanın Xalq Artisti, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Əmək” ordenli, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezidentin fərdi təqaüdçüsü Canəli Əkbərovun vəfatından 1 il ötdü.
Bizimlə həmişəlik qalacaq Canəli Əkbərov

Bizimlə həmişəlik qalacaq Canəli Əkbərov

Ötən əsrin 70-ci illərinin ortalarından əsirinə çevrildiyim (sözün həqiqi mənasında) Azərbaycan radiosunun “Axşam görüşləri” ruhumuzu bu gün də kövrək duyğularla xoş ovqata kökləyir. O zaman tələbə, bu günsə akademik olan Rafael Hüseynovun söz duyumuyla süslənən “Axşam görüşləri” bu gün də yol gələn bənzərsiz verilişlərimizdəndir.
“Axşam görüşləri”nin növbəti sayı (yanvar, 2022) Xalq artisti Canəli Əkbərova həsr olunmuşdu. Müxtəlif vaxtlarda – 1978-ci ildən başlayaraq dəfələrlə bu verilişin qonağı olan xalq artisti Canəli Əkbərov artıq özü də xatirədir. Onu bizdən ayıran zaman məsafəsi 3 ay 20 gündür. Yazıya aldığım xatirələri dilə gətirəndə isə ölüm ondan çox uzaqda idi.
O xatirələri elə şövqlə dilə gətirir, sanki həmin anlarda o zamanın içindədir. Bu verilişdə Azərbaycan tarına yeni nəfəs gətirən Hacı Məmmədovu və xanəndəlik sənətinin bayraqdarı adlandırdığı Seyid Şuşinskini xatırlayır. Özü də necə?! Həmin sənət nəhənglərinin yoxluğunu elə təəssüflə anır, adam yanıb-yaxılır: “İlahi, onları bizdən niyə aldın axı? Onlar bizə lazım idilər”.
Nə etməli?! Allahın qanunları qaçılmazdır…
Bu gün dünyada olmadığı anlarda bu sözlər sanki onun öz boyuna biçilib. “Dünyasını dəyişdi” xəbərini eşidənlərin, onu tanıyanların çoxu yəqin mənim kimi təəssüfləndilər: “Heyf o səsdən, heyf o bilgidən özüylə torpağa tapşırıldı”. Hər dəfə dediyim kimi, insan ömründən daha uzun və daha etibarlı səs yadigarları, lent yazıları…
Nə xoş ki, zamanında xatirələr lentə alınıb. Bu dəfə Azərbaycan tarına yeniliklər gətirən Hacı Məmmədov, xanəndəlik sənətinin bayraqdarı Seyid Şuinski xatırlanacaq. Zəngin yaddaşından dolğun xatirələr süzüləcək. Seyidin şirin səsinə özünün hal avazını qatıb, onun kimi oxuyacaq. Hacının ecazkar barmaqlarından süzülən ahəngi səsinin rəngilə bizə çatdıracaq. Unudulmaz xatirələri özünəməxsus danışıq tərzilə müqəddəs saydığı mikrofona söyləyəcək…
Mikrofon önündə “Axşam görüşləri”nin yaradanı və yaşadanı akademik Rafael Hüseynovdur.
Əvvəl Canəli Əkbərov haqqında xatirələr söyləyir.
Sonra sözü Canəli Əkbərova verəcək.
Əziz oxucular, sizi “Axşam görüşləri”nin həmin buraxılışını artıq dinləməyə deyil, oxumağa dəvət edirik.
Sevda Əlibəyli


Rafael Hüseynov,
akademik

Ömür bitər, yol bitməz deyiblər. Bu bir həqiqətdir ki, hamımız onunla lap çoxdan barışmışıq. İnsan ömrün sonlu olduğunu bilsə də, ilahi bir hikmətlə labüd sonun bir gün gələcəyinə sanki inanmır. Həyat boyu çalışır, çarpışır, elə bil dünyada əbədi yaşayacaqmış kimi görünür. Ancaq mütləq gəlməli olan “son” bir gün yetişir.
Dünya gərdişində davam edir və atalar bitməyən yol deyəndə məhz bunu – çərxi-fələyin əbədi fırlanışını nəzərdə tutublar. Lakin hər ömrün özü də bir yoldur axı…
Elə insanlar var ki, yaşayırlar, həm də irs yaradırlar. Elə irs ki, özləri dünyadan köçüb gedəndən sonra da həmin miras yüzillərlə yaşaya bilir. Elə ömürlərə necə deyəsən ki, bitdi?!
Elə yollara necə deyəsən ki, tamamland?!
Yaratdıqları yaşadıqca əslində onlar özləri də diri olurlar.
İnsanlarla birgə qalmaqda davam edirlər.
Xanəndə Canəli Əkbərov böyük sənətkar idi. Bu mənim yalnız indi onunla əbədi ayrılıqdan sonra gəldiyim qənaət deyil.
Mən onun sağlığında da, həm də ömrün ahıl çağlarına yetişdiyi dövrdə yox, lap əvvəldən bu inamda olmuşam.
XXI əsrin ilk onilliklərində o vaxt yetişmişdi ki, Canəli Əkbərov mükəmməl məktəb görmüş, klassik xanəndəlik dəsti-xəttini bütün gözəlliyi ilə hifz edib saxlayan və o köhnə nəsillərlə yeni muğamçılar arasında layiqli körpü olan sonuncu nəhənglərdən idi. Atası Xanəli kişi də xanəndə olmuşdu. Canəli uşaqlıq, yeniyetməlik illərindən məşhur xanəndələri, sazəndələri görmüşdü. Hərəsindən bir gözəllik əxz eləmişdi.

Sonra tale üzünə güldü ki, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alanda müəllimi Seyid Şuşinski, Filarmoniyanın nəzdindəki muğam studiyasında Xan Şuşinski oldu.
Canəli Əkbərovun bir üstünlüyü də fitrətən ona nəsib olmuş yorulmazlıq, sənət cazibəsindən doymazlıq, muğamı, el musiqimizi məcnuncasına sevmək idi. Yəqin elə bu məziyyətlər peşəsinə məcnunca bağlılıq idi ki, nəhayətdə onu operaya da gətirib çıxardı, sənət tariximizdə həmişə ən seçilənlərdən biri kimi qalan Məcnuna da çevirdi. Onun sənətinin gücünü mən hələ 1970-ci illərin sonlarında ustad Bəhram Mansurovla birgə Səmərqənd Muğam Simpoziumunda göstərdiyi hünərdən duymuşdum. Elə həmin vaxtlardan da daimi təmaslarımız, dostluğumuz başlanmışdı. Və o şövq ki, Canəli Əkbərovda onun 30-unda, 40-ında var idi, elə axıracan onunla qaldı.

Canəli Əkbərov 81 illik bir ömür yaşadı. Ancaq Azərbaycan xalqına elə səs inciləri yadigar qoyub getdi ki, yolunun ömrün bitməsi ilə tamamlanmasını istisna eləyir.
Bu səs saxlancları var olduqca, ruh oxşadıqca Canəli Əkbərov da yaşayacaq, bizimlə, bizdən sonrakı yeni nəsillərlə birgə qalacaq.
Canəli Əkbərovu başqa bir çox xanəndələrdən fərqləndirən əsas keyfiyyətlərdən biri də bu idi ki, o, yaxşı hekayətçi idi.
Həm yaddaşı iti idi, həm də ömrü boyu sərrast müşahidəçi olmuşdu və sənət tariximizdə qalan çox ifaçılarla bağlı dəyərli xatirələri vardı. Mən də onun bu məziyyətini bildiyimdən illər boyu çox söhbətlərini lentə alırdım. Bəziləri verilişlərimizdə səslənərdi, bəzilərinin kiçik bir parçasından istifadə edilərdi, qalanları qalardı. Bəzilərini isə ehtiyat üçün yazmışdım, indiyədək səslənmədən qalır. İnşallah, onların hamısı gec-tez mütləq “Axşam görüşləri”nin səhifələrində yer alacaq. Bu gün istəyirəm ki, bir zamanlar Canəli Əkbərovun vaxtaşırı qonaq olduğu “Axşam görüşləri”ndə onun unudulmaz tarzənimiz Hacı Məmmədovla bağlı bir saata yaxın söhbətini təqdim edim.
Başqaları haqqında etdiyi bu söhbəti dinləyin. Həmin söhbətin içərisində elə onun özünün də sənətkar varlığını bir daha yaxından seyr edə biləcəksiniz.
Canəli Əkbərov uzun illər boyu Hacı Məmmədovla sənət yoldaşlığı edib, müxtəlif məclislərdə bir yerdə olublar və təbii ki, içərisi Hacı Məmmədovla bağlı xatirələrlə dolu idi.
Və bu axşam qayıdıram dünənlərə, Canəli müəllimlə üz-üzə əyləşərək Hacı Məmmədovu andığımız günə.
Lent fırlanır, sanki zaman da geriyə dolanır…
Rafael Hüseynov – Canəli müəllim, müəllimdən xahiş edirəm ki, Hacı müəllim haqqında düşüncələrini, xatirələrini bizimlə bölüşəsiniz.

Canəli Əkbərov –- Rafael müəllim, xahiş eləmə məndən, əmr elə. Mən özümə şərəf sayıram, qürur duyuram ki, mənə körpə vaxtımdan qidalandığım sənətkarlar haqqında danışmaq nəsib olur. Sizə qəlbən o qədər bağlı insanam, bu bağlılıq bir qədər də möhkəmlənir. Xanəndə oğlu olduğum üçün tar-kamanla böyümüşəm. Atamı tar, kamança xanəndəsi görmüşəm. 1940-cı illərin ortalarında artıq sənəti duymağa, dərk etməyə başlamışdım. Evimizdə radio vardı. O dövrün tanınmış xanəndələrinin səsi radiodan eşidilirdi. Hacı Məmmədovun çalğısını da radiodan eşitmişdim. 1963-cü ildə Bakıya gəldim. Sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim. Əvvəl məni filarmoniyada yoxladılar. Ömür yoluma işıq saçan Əhməd Bakıxanova hər zaman rəhmət oxuyuram. Məni filarmoniyaya yönləndirəndə tapşırdı ki, Əliağa Quliyevə onun sifarişini çatdırım. Əliağa Quliyev Əhməd müəllimin həm tələbəsi, həm də ansamblında konsertmeystr olmuşdu. Filarmoniyada məni hörmətlə, izzətlə qarşıladılar. Mübaliğə olmasın, bir göz qırpımında yoxlanışdan keçdim. Məni Rauf Hacıyevin otağına çağırdılar. Məlum oldu ki, ilk dəfə gənc xanəndələrin konserti təşkil olunur. Konsert avqustun 9-da baş tutdu. 23 yaşlı mən Canəli Əkbərov müqəddəs saydığım səhnədə tamaşaçılar qarşısında oxumalıydım. Böyük səhnədə “Rast” dəstgahı və “Qarabağ şikəstəsi” oxudum. Konserti mən yekunlaşdırmalı oldum. Yekunda oxumaq çox böyük şərafət sayılırdı. Konsertdə muğam sənətinin bütün tanınmışları gəlmişdi. Mənim gözlərim isə Xan Şuşinskini axtarırdı. Demə, Xan əmi həmin günlərdə Şuşada istirahətdə imiş. Konsert iştirak edən say-seçmə xanəndələrin hamısı məni təbrik etdi. Hacı Məmmədov isə məni qucaqladı, üzümdən öpdü. Dedi, oğul, haralısan? Dedim, Hacı müəllim, Lənkərandanam. Dedi, sən bu gündən daha yalnız lənkəranlı deyilsən, bütün Azərbaycankısan. Soruşdu, məni tanıyırsan? Dedim, Hacı müəllim, sizi tanımamaq cinayətə bərabərdir…

Konsertə gələnlərin hamısı dağılışıb getdi. Həmin axşam məni müşayiət edən tarzən Nadir Mansurov, Hacı müəllim və mən qaldıq. Atama tarıyla 25 il xidmət etmiş Nadir Mansurov Bakıda mənə ən doğma adam idi. Axşam onlarda qalacaqdım. Hacı müəllimin təkidiylə bağa getdik. Hacı müəllim mənə söylədi ki, Şamaxının Çarhan kəndindən toy danışmağa gəliblər. Başqa xanəndəylə danışacaqdılar. Sənin ifanı görəndən sonra fikirləri dəyişib, səni aparmaq istəyirlər. Get, özün danış…
Hacı müəllim olan yerdə toy danışmaq mənim üçün ağlasığmaz bir iş idi. Etirazlarıma baxmayaraq məni danışmağa məcbur etdi. Danışıb behləşdik. Toyun vaxtı çatanda Hacı müəllimin maşını ilə yola düşdük. İki gecə toy oldu. Bizə qədər bu kənddə toyları sazəndələr aparırmış. İlk dəfə xanəndəli toy oldu.
Hacının alqışlarla bitən ifaları bu gün də yadımdadır. Deyim ki, mən də Hacı müəllimin inamını doğrultdum. Sonralar da çox toylarda olduq.
Qardaşım Xəzailin toyunu Əbülfət Əliyevlə aparırdı. O gün Əbülfətin müşaiyətçisi Hacı Məmmədov idi və həmin toyda məşhur el xanəndəsi olan atam Xanəli Əkbərovla şəxsən tanış oldu və səsinə heyranlığını bildirdi.
Mən hələ Hacı Məmmədov qədər tarın ona, onun tara yaraşdığı ikinci bir insan görməmişəm.
Hacı Məmmədova qədər tar ifaçılığında Şərq üslubu üstünlük təşkil edirdi. Hacı müəllim tar üslubunu Avropaya yaxınlaşdırdı. Onun çalğı üslubunda texniki imkanlar, yeni boyalar göz önündən çəkilmirdi. Tarın 22 pərdəsində möcüzələr yaradırdı. Tarın çalğı diapazonunu genişləndirdi, onun tempinə yeni boyalar qatdı. İkinci tarçalan tanımıram ki, Hacının çalğı üslubundakı 11 simin harayında o tembri yaratsın. Hacı hər ifasında yeni dünya, yeni əsər yaradırdı. Onu təkrar etmək qeyri-mümkün idi. Hacı Məmmədovun böyüklüyündən biri də tarda notlu əsərlər çalmaq, bəstəkar mahnıları ifa etmək bacarığı idi.
Hacı müəllim Cahangir Cahangirovun “Ana” mahnısını elə çalırdı, sanki mizrabla portret yaradırdı.
Rafael Hüseynov – Hacı Məmmədov elə bir sənətkar, dərin insan idi ki, o, sağlığında da, özünün olmadığı vaxtlarda da millət onunla həmişə iftixar edib, eləyir, gələcək də edəcək. Çünki bu cür böyük insanlar, böyük şəxsiyyətlər iftixara layiqdir. Və biləndə ki, millətin belə layiqli övladları var, qürur duyursan, özünü bir az da güclü hiss edirsən. Hacı müəllim özü də özündən əvvəlki insanlarla iftixar duyub, fəxr edib. Onun xatirələri var. əlyazmaları məndədir. Yada salır ki, lap cavan yaşlarında İranda qastrol səfərində imiş. Əbülhəsən xan Azər İqbal Soltan ilə görüşürlər. Əbülhəsən xan Bakının, Azərbaycanın musiqi həyatı ilə bağlı suallar verir.
Əbülhəsən xan da qeyri-adi bir sənətkar idi.
Dahi adlanmalı, muğamatın sultanı sayılmağa layiq, adının yanındakı xanlığa yaraşan sənətkarlardan idi.
Əbülhəsən xanın hər hansı bir insan haqqında verdiyi qiyməsə qətiyyən sadə qiymət sayılmaz. Bu ali münsifin sözü, həddən artıq böyük qiymət idi.
Azərbaycan xanəndələri içərisindən bircə nəfəri soruşur: Seyid necədir?
Qafqazda ondan böyük xanəndə yoxdur, deyir. Bu sadə sözlər deyil.
Hacı Məmmədov də Seyid Şuşinski ilə fəxr edib. Bu fikrini vaxtilə mənə də söyləyib.
Elə mən özümün də Azərbaycan musiqi tarixini onillərcə araşdırandan sonra gəldiyim ən vacib qənaətlərdən biridə budur ki, bizim Seyid Şuşinskidən nəhəng xanəndəmiz olmayıb.
Yəni, bütün tərəflərini nəzərə alanda – şəxsiyyətini də, səsindəki məlahəti də, ifasındakı misilsizliyi də, dərin bilgisini də Seyid zirvədir!
Bu günlərdə sizin hamınızın oxuduğunuz muğam yolu da onun məktəbi, onun yaratdığıdır.
Bir dəfə mənə Seyid Şuşinskinin dəfn mərasimi haqqında danışmısınız.
Onun hüzn məclisləri necə keçirdi?
Elə bunun özü maraqlı tarixçədir. Mənə söyləmisiniz, danışın hamı eşidib bilsin.
Elə Hacı Məmmədovun o günlər haqqında təəssüratlarını da bir zaman mənə söyləmişdiniz, o söhbətlər də çox maraqlıdır, lütfən, bölüşün.
Canəli Əkbərov – Hacı Məmmədov kəskin xarakterli, tez reaksiyalı insan idi. Tündməcaz olsa da, hər şeyi tez yaddan çıxarırdı. Bunlar onun çalğı üslubunda da özünü büruzə verirdi. Seyid Şuşinskinin ifasında isə xüsusi bir ləngərlik vardı. O ləngərlik xanəndəlik sənətimizdə heç kəsdə olmayıb. Ağa (ona hamı belə müraciət edirdi) səslə söz arasındakı vəhdəti çox gözəl bağlaya bilirdi. Hacı Məmmədov öz temprindən fərqli olaraq Ağanın ləngərliyini o qədər də xoşlamırdı. O, Ağanı dünyadan köçəndən sonra sanki kəşf etdi.
1965-ci ildə Seyid Şuşinski dünyasını dəyişdi. Mən dərsdə idim. Müəllimimiz hələ gəlməmişdi. Direktorumuz Azər Rzayev məni yanına çağırdı. Ağanın rəhmətə getdiyini həyəcanla bildirdi. Əlbəttə, ustad sənətkarın ölüm xəbəri məni də sarsıtdı. Ertəsi gün Dram Teatrında vida mərasimi oldu. Ağanın “Arazbari”si, “Mənsuriyyə”si, eləcə də digər ifaları səsləndirilirdi. Vida mərasimi bitdi. Ordan Fəxri Xiyabana yola düşdük. Mollaların tapşırıqlarını yerinə yetirərək Ağanı qəbrə mən qoydum.
Ağanın dəfnindən bir gün sonra filarmoniyanın bağında idik. Gördük Hacı Məmmədov damağında siqaret özünəxas yerişiylə gendən gəlir. Dalğın idi, özündə-sözündə deyildi. Dedi, mən dünənə qədər Ağanı tanımamışam. Onun dünənki ifaları məni dəli edib. Səhərə qədər yata bilməmişəm. Durub həyətdə var-gəl eləmişəm. Səhərin açılmasını gözləmişəm ki, bağa gəlim, fikirlərimi sizinlə bölüşüm. Ağa səslə möcüzələr yaradıb. Dünənki ifalarında bu səs ulduzlara gedib qayıdırdı. Oğul istərəm onun qabağında dayana, oğul istərəm onun qabağında meydan sulaya. Zildə nələr etməyib?! Bəmdə nələr etməyib?!
Hacı müəllimin Ağa haqqında ədalətli fikirləri əbədi yoldaş olaraq mənimlə qalacaq. Hər ikisinin ruhu şad olsun.
Üç-yeddi, cümə axşamı mərasimlərinə Azərbaycanın ziyalıları, elm və sənət adamları gəlirdilər. Cümə axşamlarında kiminsə təşəbbüsüylə Ağanın ifaları səsləndirilirdi. Ehsan, Quran surələri. Ağanın ifaları, sonda fatihə. Mən də elə məclislərin tərəfdarıyam. Belə məclislərin təşkili barədə musiqi rəhbərləri də düşünməlidirlər.

Lent, o axşamkı söhbət burda bitir. Ancaq hər dəfə o lent də, Canəli Əkbərovdan bizə yadigar qalan digər oxular da beləcə tamamlanandan, sona çatandan sonar yenidən səsləndirilə, təkrar-təkrar dinlənilə bilər. Və hər dəfə də Canəli Əkbərov yenə canlanacaq, yenə məlahətli avazı ilə bizə qayıdacaq, yanımızda olacaq və bitməzyən səsi ilə həmişə də Azərbaycanla qalacaq.
Çox illər öncə Canəli Əkbərovun 60 yaşı tamam olanda alim, həm də şair olan, bir vaxtlar mənimlə Elmləer Akademiyamızın Şərqşünaslıq İnstitutunda bir yerdə, İran filologiyası şöbəsində işləmiş Maqsud Hacıyev ona uzun bir şeir həsr etmişdi. Həmin qoşquda belə misralar da var idi:

Evidir ürəklər, evidir hər ev,
Bir anda min evə yetişir hər gün,
Canəli sehirli səsi – sözüylə
Qurur neçə evdə hər gün toy-düyün.


Canəli Əkbərovun toy-düyün bəzəyi olduğu günlər qaldı keçmişdə. Ancaq məlahətli səslərə dünənlərdə qalmaq deyil, həmişə sabaha qanadlanmaq qismətdir.
Və unudulmaz sənətkarımız Canəli Əkbərov o xoşbəxtlərdəndir ki, yeri ürəklərdədir və bu əbədi yuvada o həmişə var olacaq.


Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!