Tam həyacanla davam edən “Qolat CUP”da qrup mərhələsinin sonuncu yəni üçüncü turuna yekun vuruldu. Bu mərhələdə növbəti tura çıxan komandalar bəlli oldu.
A qrupunun ilk görüşündə “Balkan” və “Abşeron” komandaları üz-üzə gəliblər ki, gərgin mübarizə şəraitində keçən görüş 5-5 hesabı ilə nəticələnib. Qrupun digər görüşündə isə “Baku Holiday Travel”lə AXDG futbolçuları qarşılaşıblar. Burada isə 7-5 hesabı ilə qalib gələn “Baku Holiday Travel” rəqiblərinin növbəti mərhələ ümidlərinin üzərindən “qırmızı xətt” çəkiblər. Bu nəticələrdən sonra A qrupundan lider kimi növbəti mərhələyə 7 xalla “Balkan” 5 xalla isə ikinci kimi “Abşeron” futbolçuları adlayıblar. “Baku Holiday Travel” və AXDG komandalrı isə müvafiq olaraq 3 və 1 xalla üçüncü və sonuncu yeri tutaraq qrupda qalıblar.
B qrupunun “Roma”-“Hydrasun” görüşündə qapılara ümumilikdə 8 qol vurulub ki, “Hydrasun” futbolçuları yalnız bir dəfə rəqiblərini meydanın mərkəzinə dəvət edə biliblər. Qrupun “Royal Flush”-“Coffee Moffee” oyununda isə əsl “qol yağışı”nın olduğunu deyə bilərik. Görüşdən 12-5 hesabı ilə ayrılan “Coffee-Moffee” qrup mərhələsində hesabına ilk xalları yazdıra bilib. Bu nəticələrdən sonra “Roma” və “Hydrasun” futbolçuları müvafiq olaraq 9 və 6 xal toplayaraq qrup mərhələsini bir və ikinci yerlərdə başa vurublar. Hesabında 3 xal olan “Coffe-Moffee” və qrup mərhələsini xalsız başa vuran “Royal Flush” isə növbəti mərhələyə həsrət qalıblar.
C qrupunun “Soccer Team Jerseys”-AZAL ikincilərin texniki məğlubiyyət alması ilə yadda qalıb. Qrupun “Favorit”-“Kolonya” cütünün qalibi isə iki birlik hesabla qalib gələn “Kolonya” futbolçuları olublar. Bu nəticələrdən sonra C qrupunu müvafiq olaraq 7 və 6 xalla başa vuran “Soccer Team Jerseys” və “Kolonya” komandaları bir və ikinci yerin sahibləri kimi birbaşa növbəti mərhələyə adlayıblar. “Favorit” isə iki ən yaxşı qrup üçüncüsündən biri kimi C qrupundan növbəti mərhələyə sevinib. Görüşlərini xalsız başa vuran AZAL isə taleyi ilə barışmalı olub.
D qrupunun “Come Back”-“Armada” görüşü gərginliyi ilə yadda qalıb. Əsl futbol mübarizəsi şəraitində keçən qarşılaşmada hesabda 2-5 hesabı ilə geri düşməklərinə baxmayaraq birincilər adlarına uyğun oynayaraq yekunda 8-5 hesabı ilə qarşılşmanı öz xeyirlərinə başa vurmağı bacarıblar. Qrup qarşılşmasında isə formal xarakter daşıyan “Paşa İnşaat”-“Vəhdət” görüşü isə inşaatçıların 5-4 hesablı minimal üstünlüyü ilə başa çatıb. Bu görüşlərdən sonra qrupunda bütün qarşılaşmaları qələbə ilə başa vuran “Come Back” 9 xalla qrup lideri kimi qruplarında yalnız birincilərə məğlub olan “Armada” isə ikinci kimi növbəti mərhələyə vəsiqə qazanıblar. “Paşa İnşaat” və “Vəhdət” isə müvafiq olaraq 3 və 0 xalla qrupun zirzəmisindən qurtula bilməyiblər.
E qrupunun “Romalılar”-“Tulpar”görüşünün nəticəsindən asılı olmayaraq “uçan atlar”ın növbəti mərhələyə adlamaq şansları sıfıra bərabər olduğu üçün ikincilər qarşılşamadan boyun qaçırıblar və belə də “Romalılar” müqavimətsiz növbəti üç xalı hesablarına yazıblar. “FutbolPlanet” və “Böyükşor” görüşündə isə birincilər çətinliklə də olsa güclü rəqiblərinə 1-0 hesabı ilə qalib gəlməyi bacarıblar. Bu nəticələrdən sonra “Romalılar” 7 xalla qrup birincisi, “FutbolPlanet” isə 6 xalla qrup ikincisi kimi birbaşa olaraq növbəti mərhələyə adlayıblar. “Böyükşor” isə 4 xalla digər ən yaxşı üçüncüdən biri kimi növbəti mərhələyə seviniblər. “Tulpar” isə 0 xalla sonuncu yerin sahibi kimi qisməti ilə barışmalı olub.
F qrupunun “Piramida”-“Los-Kombatientes” görüşündə “Piramida” futbolçuları 12-2 hesabı ilə rəqiblərini “top atəşi”nə tutaraq “savaşçlar”ın “daşını daş üstə” qoymayıblar. Qrupun “Gobustone”-“Diabet” oyununda isə əsl mübarizə şəraitində keçən görüşdə “Gobustone” futbolçuları rəqiblərini 8-5 hesabı ilə məğlub ediblər. Qeydə alınan nəticələrdən sonra “Gobustone” və “Piramida” komandaları hərəyə 6 xalla müvafiq olaraq bir və ikinci yerlərin sahibləri kimi növbəti mərhələyə adlayıblar. Hesabında 4 xal olan “Diabet” və yalnız 1 xal toplaya bilən “Los-Kombatientes” isə üçüncü və sonuncu pillələrin sahibləri kimi növbəti mərhələdən əllərini üzüblər.
G qrupunun bundan əvvəlki hər iki oyununu qələbə ilə başa vuran komandaların görüşü isə xüsusi maraq doğururdu. Belə ki, qrup mərhələsinin son oyununda üz-üzə gələn turnirin favoritlərindən ikisinin “Ajak Baku Team” və “Pullman” qarşılaşmasında 5-0 hesablı üstünlüklə birincilərin xeyrinə nəticələnib. Qrupun “Baker Wireline” və “Azwestgroup” komandaları arasında keçən görüşdə isə qapılara on doqquz top vurulub ki, birincilər rəqiblərinə 10-9 hesabı ilə qalib gəlməyi bacarıblar. Bu nəticələrdən sonra qrupunda bütün qarşılaşmaları qələbə ilə başa vuran “Ajax Baku” futbolçuları 9 xalla birinci, “Pullman” isə 6 xalla ikinci yerlərin sahibləri kimi növbəti mərhələyə adlayıblar. Qrupdan çıxmağı bacarmayan “Baker Wireline” və “Azwestgroup” futbolçuları isə müvafiq olaraq 3 və 0 xalla növbəti mərhələ üzünə həsrət qalıblar.
Növbəti tura keçən komandaları təbrik edir və uğurlar arzu edirik, hər zaman dediyimiz kimi : " Güclü olan qazansın!" .
Hazırladı: Səbuhi Allahverdizadə