23-08-2022, 21:53
Azad edilmiş ərazilərdə fototələlər quraşdırılıb
Azad edilmiş ərazilərdə təhlükəsizlik şəraiti imkan verdikcə vəhşi heyvanlarla bağlı monitorinqlər aparılır. Son dövrlərdə həmin ərazilərdə fototələlər quraşdırılıb. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib. Onun sözlərinə görə, əldə edilmiş şəkillər yaxın günlərdə ictimaiyyətə nümayiş etdiriləcək.
23-08-2022, 21:51
“Krımın azadlığı üçün hər şeyi edəcəyik” - Zelenski
Rusiyanın ukraynalılara və Ukrayna dövlətinə qarşı bütün hərəkətlərinə baxmayaraq, Ukrayna Krımı istənilən yolla işğaldan azad etmək üçün hər şeyi edəcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Krım platforması sammitində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Krım platforması Ukrayna ərazilərinin işğaldan azad edilməsi üçün əla siyasi vasitədir. O, həmçinin xatırladıb ki, platformanın hazırkı sammiti müxtəlif dövlətlərin 60 liderinin iştirakı ilə “genişlənmiş formatda” keçiriləcək.
23-08-2022, 21:49
Makrondan Rusiyaya qarşı sərt çıxışFransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini Rusiyaya qarşı zəiflik nümayiş etdirməməyə və ona güzəştə getməməyə çağırıb. Makron bunu avqustun 23-də “Krım platforması”nın ikinci sammitində onlayn çıxışı zamanı deyib. “Rusiya üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, öz seçimini etdi... Biz heç bir zəiflik, heç bir güzəşt ruhu nümayiş etdirməməliyik, çünki söhbət hamı üçün azadlıqdan, dünyanın hər yerində sülhdən gedir”, - deyə Makron bildirib. Fransa lideri həmçinin Kiyevi uzunmüddətli dəstəkləməyin vacibliyini qeyd edib.
23-08-2022, 21:40
Almaniya kansleri Moskvanı hədələdiQərb Rusiyaya qarşı sərt sanksiyalar kursunu davam etdirəcək, Kiyevə hərbi yardım göstəriləcək və Ukrayna ərazilərinin Rusiyaya qoşulmasını heç vaxt tanımayacaq. Bunu Almaniya kansleri Olaf Şolts Krım Platforması sammitində videoformatda çıxışı zamanı deyib. "Rusiyaya qarşı indiyədək görünməmiş miqyaslı sanksiyalara sadiq qalacağıq. Biz Ukraynanı maliyyə cəhətdən dəstəkləyəcəyik və silah tədarükünü davam etdirəcəyik. Hava hücumundan müdafiə sistemlərinin yeni tədarükü də daxil olmaqla, hərbi yardım paketi artıq işə salınıb. Bizim mesajımız ondan ibarətdir ki, hər hansı referendum və ya Ukraynanı ayırmaq üçün edilən digər cəhdlər heç vaxt tanınmayacaq. Bütün bu cür tədbirlər danışıqlar yolu ilə həllə imkan vermir və verməyəcək", - deyə Şolts qeyd edib.
23-08-2022, 21:38
Peyvənd olunanların bugünkü sayı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1732 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 190 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 850 299, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 002, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 480, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 358 577, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 240 təşkil edir.
23-08-2022, 21:27
622 yeni yoluxma - Daha iki nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb. İndiyədək ümumilikdə 803 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3640 nəfərdir. Son sutka ərzində 4442, hazırkı dövrədək isə 7 127 158 test aparılıb.
23-08-2022, 21:23
Tunisdə batan gəmidəki azərbaycanlılar azad olundu
Tunisdə qəzaya uğrayan gəminin azərbaycanlı heyət üzvləri azadlığa buraxılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 16 aprel 2022-ci il tarixində Tunis Respublikasının Qabes şəhəri yaxınlığında Ekvatorial Qvineya bayrağı altında üzən “Xelo” gəmisi əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb. Gəminin 7 nəfərlik heyət üzvündən iki nəfəri - Səfərov Fədail Əhməd oğlu və Pənahlı Əli Mirzə oğlu Azərbaycan vətəndaşı olub. Gəminin heyət üzvləri hadisənin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə həmin gündən etibarən Tunis Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Vətəndaşlarımıza zəruri konsulluq yardımının göstərilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Tunis Respublikasının aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb, Tunis Respublikasının aidiyyəti dövlət qurumlarında görüşlər keçirilib, gəminin saxlanılan heyət üzvləri ziyarət edilib. Eyni zamanda, gəminin sahibi olan şirkətlə əlaqə saxlanılaraq, çətin vəziyyətə düşmüş vətəndaşlarımıza hüquqi və maliyyə yardımının göstərilməsi məsələsi üzrə danışıqlar aparılıb. 10 avqust 2022-ci il tarixində Qabes şəhər İbtidai Məhkəməsində keçirilmiş son məhkəmə iclasında qəzaya uğramış gəminin heyət üzvlərinin azad olunmasına dair qərar qəbul edilib. 2022-ci ilin 21 avqust tarixində vətəndaşlarımız Tunis Respublikasının ərazisini tərk ediblər. Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq harada olmasından asılı olmayaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.
23-08-2022, 21:20
Qəbələdə yanğın başlayıbQəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.
23-08-2022, 21:18
Delimitasiya üzrə komissiyaların görüşü keçiriləcək
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının növbəti görüşü keçiriləcək. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib. Məlumata görə, iclas avqustun sonunda Moskvada baş tutacaq. Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində olub. Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev ilə Mher Qriqoryan rəhbərlik edir.
23-08-2022, 21:16
Rusiya təyyarələri sərhədi pozub Rusiya hərbi təyyarələri əvvəlcədən xəbərdarlıq etmədən Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub. Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
“Cənubi Koreya hərbçiləri Rusiya hərbi təyyarələrinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olmasından sonra mümkün insidentlərə hazırlıq kimi taktiki səviyyədə tədbirlər görüblər”.