“Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. Butov.az-ın məlumatına görə, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,53 ABŞ dolları və ya 1,57% artaraq 99,06 dollar təşkil edib.
Zakir Həsənovla Yaşar Güler yeni silahlara baxdılar
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler “ADEX” Beynəlxalq Müdafiə Sərgisində sərgilənən silahlarla tanış olublar. Butov.az xəbər verir ki, Zakir Həsənov Yaşar Gülerə Azərbaycan Ordusunun istifadəsində olan silahlar barədə məlumat verib. Yaşar Güler də öz növbəsində Türkiyə istehsalı olan texnikalar, uçuş aparatları, helikopterlər barədə Zakir Həsənovu məlumatlandırıb. Qeyd edək ki, müdafiə sərgisi sentyabrın 8-də bitəcək.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim etməkdədir. Bu günlərdə isə daha 10 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan parlamentinə göndərib. Beləliklə, bu günə qədər Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb. Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. Müzakirələrin vaxtı haqqında əlavə məlumat veriləcək.
Bu il tələbə adını qazanan abituriyentlər arasında Cocuq Mərcanlıdan olan məzunlar da var. Bu barədə Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişiyev Atakişi məlumat verib. Kənd rəsmisi deyib ki, bu il orta məktəbi bitirən 3 məzun tələbə olub: "Aslanova Xətayə Xanlar qızı Bakı Dövlət Universitetinin Regionşünaslıq ixtisasına qəbul olub. Cəbrayılova Xanım Elçin qızı Bakı Slavyan Universitetində Rus dili müəllimliyi üzrə təhsili alacaq. Xuduyeva Aytən Zaur qızı isə Azərbaycan Texnologiya Universitetində Turizm işinin təşkili ixtisasına qəbul olunub”. Xatırladaq ki, 2019-2020-ci tədris ilində ilk dəfə 3 məzun tələbə adını qazanmışdı. Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində azad edilmişdi. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə yüksəkliyi erməni işğalından azad edildiyindən Cocuq Mərcanlıya təhlükə aradan qalxıb. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinə start verilib. 2017-ci ildə kəndə əhalinin köçürülməsinə başlanılıb.
Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrovun dünənki görüşündə Rusiya prezidenti Vladimir Putinin İrəvana dövlət səfərinə hazırlığı da müzakirə edilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd olunur ki, Moskvada keçirilən görüşdə nazirlər İrəvanda keçiriləcək KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkilinə də toxunublar. Bundan əlavə, XİN rəhbərləri Ermənistan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqliyin, o cümlədən ticarət-iqtisadi, elmi və mədəni sahələrdə gələcək inkişafını ətraflı müzakirə ediblər. Tərəflər həm ikitərəfli gündəm çərçivəsində, həm də KTMT, Avrasiya İttifaqı və MDB sahələrində sıx əməkdaşlıqdan, o cümlədən ən yüksək səviyyədən məmnunluq ifadə ediblər.
İsrailin geniş oxucu kütləsinə malik ən nüfuzlu qəzetlərindən olan “Israelhayom”da Laçın şəhərinin Ermənistan işğalından azad edilməsinin İsrail dövləti üçün əhəmiyyəti barədə məqalə dərc olunub. Butov.az-ın məlumatına görə, tanınmış israilli politoloq və jurnalist Reyçel Avrahamın müəllifi olduğu və müxtəlif beynəlxalq ekspertlərin fikirlərinin də yer aldı məqalədə bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən Laçın şəhərini tərk edən ermənilərin bu ərazidə törətdiyi ekosid ətraf mühit və ümumilikdə Qafqaz bölgəsində sülh üçün ciddi fəsadlar vəd edir. Məqalədə təəssüf hissi ilə qeyd olunub ki, İkinci Qarabağ Müharibəsindən sonra analoji qaydada hərəkət edən ermənilərdən bu destruktivlik gözlənilən idi. Belə ki, təxliyə üçün ayrılan vaxtdan əşyaları yandırmaq üçün istifadə edən ermənilər hətta arılara da acımayıblar. Müəllif ermənilər tərəfindən eyni hərəkətlərin bolşevik inqilabından sonra Şərqi Anadoluda da edildiyinə diqqət çəkərək, tərk etməyə məcbur olduğunu məhv etməyin erməni mədəniyyətində dərin kök saldığını vurğulayıb. Qeyd olunub ki, İsrail bir çox məsələlərdə, o cümlədən Qarabağın yenidən qurulması və kənd təsərrüfatının dirçəlişində Azərbaycanın müttəfiqi və tərəfdaşıdır. Laçın rayonunda ekologiyanın və kənd təsərrüfatı torpaqlarının geniş şəkildə məhv edilməsi yenidənqurma prosesinə və beləliklə, İsrailin Azərbaycanla kənd təsərrüfatı əlaqələrindən faydalanmaq imkanlarına mənfi təsir göstərə bilər. Belə ki, iki ölkə arasındfa əldə olunmuş razılaşmaya əsasən, İsrail Qarabağda kənd təsərrüfatının yenidən qurulmasına kömək edəcək və bunun müqabilində Azərbaycan buğda tədarükünü təhlükə altına alan Ukrayna müharibəsindən sonra İsrailin ərzaq təhlükəsizliyinin təmin edilməsində yardımçı olacaq. Ermənistanın Laçın rayonunda törətdiyi ekosid isə bu razılaşmaının həyata keçirilməsinə ciddi maneədir. Eyni zamanda müəllif hesab edir ki, sözügedən ərazidə ətraf mühitin məhv edilməsi İsrailin Azərbaycanla kənd təsərrüfatı əlaqələrinə əngəl törətsə də, son nəticədə Laçının Azərbaycana təhvil verilməsi İsrailin regiondakı geostrateji mövqeyini mütləq gücləndirəcək, çünki güclü Azərbaycan İsrail üçün böyük əhəmiyyət kəsb edir.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ölkənin şimal-qərb bölgəsində baş vermiş meşə yanğınları tam söndürülüb. Nazirlikdən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik ərazilər yanğından mühafizə edilib. Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri iştirak edib.
Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli Fərmanda dəyişiklik edib. Butov.az-ın məlumatına görə, ölkə başçısının bununla bağlı imzaladığı fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin: 1. 3.1-ci bənddə “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin. 2. Həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 1.1-ci bəndində “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin.