Gələn ildən Bakı metropoliteni stansiyalarda təmassız ödəniş etmək imkanı yaratmağı nəzərdə tutur. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq prosesin tətbiqi ilə bağlı işlər davam etdirilir: "Texniki dizayn və təkrar sınaq işləri başa çatandan sonra sistem istifadəyə veriləcək. Bundan sonra sərnişinlər smart saatlar, mobil cihazlar, QR kodlar və bank kartları ilə gedişhaqqı ödəyə biləcəklər".
“Etiraf edirəm ki, bacarmadım” - Trass istefa səbəbini açıqladı
Liz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməsinin səbəbini açıqlayıb. Butov.az-ın məlumatına görə, Trass vəzifəsini yerinə yetirə bilmədiyini söyləyib."Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisadi artım var. Partiyam tərəfindən bunu dəyişdirmək mandatı ilə seçilmişəm. Vəziyyəti nəzərə alsaq, Mühafizəkarlar partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm", - deyə o xalqa müraciətində vurğulayıb. Qeyd edək ki, Liz Trass cəmi 6 həftə Baş nazir vəzifəsini icra edib. İstefa qərarı ilə o, indiyədək Britaniyada ən qısa müddət hakimiyyətdə olan Baş nazir kimi tarixə düşüb. Onu da bildirək ki, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək.
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovun anasını “Şərəf” ordeni ilə təltif edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, Kadırovun anası yüksək mükafata layiq görülüb: “Rusiya qəhrəmanı, Axmat Kadırov adına Regional İctimai Fondunun prezidenti Kadırova Aymani Nesievna fəal ictimai fəaliyyətinə görə təltif edilib”. Qeyd edək ki, oktyabrın 5-də Prezident Putin Ramzan Kadırova general-polkovnik hərbi rütbəsi verib.
Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib. Bu barədə o, özü açıqlamasında bildirib. Məlumata görə, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək. Qeyd edək ki, Liz Trass altı həftə əvvəl Böyük Britaniyanın Baş naziri seçilmişdi.
Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verib. Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkdilər. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxıblar.
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 10 vaqondan ibarət hərəkət tərkibi Bakı metropoliteninin “Nərimanov” elektrik deposuna gətirilib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, hər biri innovasiyalar baxımından 4-cü nəslə mənsub 81-765 B./81-766 B. modelli 5 vaqondan ibarət 4 qatar 2019-cu ilin oktyabrında bağlanmış üçillik müqaviləyə əsasən, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunub:"Texniki tapşırıqda Azərbaycan paytaxtının mikroiqlim və coğrafi şəraiti, Bakı metropoliteninin xüsusiyyətləri və mürəkkəb infrastrukturu nəzərə alınıb. Gətirilmiş vaqonların sərnişinə xidmət baxımından üstünlüklərindən kondisioner sisteminin Bakının isti iqlim şəraitinə uyğunlaşdırılması xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sisteminə havanın bakteriyalardan təmizləmə funksiyası da daxildir. Əlavə olaraq, vaqonlarda ultrabənövşəyi lampalar məhz bu funksionallığa malikdir. Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin qatar boyu hərəkət rahatlığını, onların bərabər paylanmasını təmin edir. Yeni vaqonların tutumu əvvəlki nəsil analoqları ilə müqayisədə, 15 faiz çoxdur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonun isə 329 nəfərdir. Həmçinin qapıların daha enli olması sərnişinlərin minib-düşmə rahatlığını, intensivliyini artırır və bu, qatarların hərəkət qrafikinin pozulmasının aradan qaldırılmasında müəyyən rol oynayır. Qapıların rəvan açılıb-bağlanan sistemi həm də fiziki təzyiqlərə davamlıdır. Sərnişinə xidmət mədəniyyətinin yüksəldilməsi baxımından yeni qatarlar əlil və uşaq arabaları, iri yüklər üçün zonalara malikdir. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da vaqonların daşıma qabiliyyətini artırır. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orijinal qrafikalı informasiya sistemlərindən ibarətdir. Bütün vaqonlarda mobil cihazların yüklənmə portları var. Sərnişinlər üçün ilk nəzərəçarpacaq fərq məhz baş vaqonların ön işıqlanma sisteminin fərqli dizaynda olmasıdır. Maşinist kabinasının genişliyi daha rahat idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır. Sazlama və tənzimləmə, xətlərdə normativlərə uyğun son sınaq yürüşlərindən sonra qatarlar xəttə veriləcək.“Bakı Metropoliteni” QSC-nin növbəti texniki heyəti istehsal prosesi tamamlanaraq ilkin sınaqlara cəlb edilmiş daha 10 yeni nəsil qatarın qəbulu üçün Rusiya Federasiyasına yollanıb. Qəbul prosedurları uğurla tamamlanarsa, 10 vaqondan ibarət qatar karvanının oktyabr ayının sonlarında Bakıya yola salınması gözlənilir.
Rusiyanın 11 aeroportunda məhdudiyyət rejimi uzadılıb
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 28-dək uzadıb. Bu barədə “TASS" məlumat yayıb. Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb. Bunula da Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Butov.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Sərhəd missiyasının müddətini uzada bilərik - Paşinyan
Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərəcək mülki müşahidə missiyasının 40 nəfərlik əsas qrupu tezliklə Ermənistana gələcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Əvvəldən nəzərdə tutulurdu ki, missiya iki ay işləsin. Lakin bizim təcrübə sahəmizdə müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı fikirlər var. Əgər belə bir fürsət və zərurət görsək, problemi daha dərindən öyrənəcəyimizi istisna etmirik”, - deyə Paşinyan vurğulayıb. Xatırladaq ki, Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı Şurası liderlərinin Praqada keçirilən görüşünün yekunu üzrə bəyanat qəbul edilib. Həmin bəyanata görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bundan əlavə, razılığa əsasən, Aİ-nin mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək. Müşahidə missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.