Hələ də revanşist ideyalarla yaşayan insanların olduğunu unutmamalıyıq
Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib. O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır”.
Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir - Prezident
Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib. “Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”,- deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. “Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk”, - deyə Prezident əlavə edib.
Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum faktordur
Bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur. Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir və bir-birini dəstəkləyir”, - deyə dövlətimizin başçısı bildirib.
Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir - Prezident
Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. Şuşa artıq bir neçə beynəlxalq tədbirin – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.
Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır - Ərdoğan
Nəticələri baxımından həyati əhəmiyyət daşıyan taxıl sazişinin davam etdirilməsi bəşəriyyətin xeyrinədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyanın müəyyən gözləntiləri var, əgər bunlar həyata keçirilərsə, Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır. "İnanıram ki, proses uzanmadan Qara Dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik", - Ərdoğan bildirib.
İsveçin verdiyi vədlərə əməl edəcəyinə ümid edirik - Ərdoğan
İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklif təqdim edildikdən sonra proses parlamentin iş qrafikinə uyğun formalaşacaq. Bunu Şimali Kipr Türk Respublikasına səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, İsveç tərəfinin verdiyi təminatlara əməl edəcəyinə ümid etdiyini bildirib: “İsveçin atacağı addımlara uyğun hərəkət edəcəyik. NATO-nun ikinci ən güclü ordusuna sahib olan və NATO-nun lokomotivi olan Türkiyənin Avropa Birliyinə üzvlüyü Birliyə canlılıq və güc qatacaq”. Ərdoğan terror təşkilatlarına qarşı mübarizə və terrorçuların ekstradisiyasında İsveçin konkret addımlar atmasının bu ölkənin xeyrinə olacağını vurğulayıb.
Xəzər dənizində döyüş əməliyyatları üzrə təlim keçirilir - VİDEO
Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən "Xəzri dalğası" taktiki təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin növbəti mərhələsində dəniz adalarının birində bazalanmış terror qruplaşmasının zərərsizləşdirilməsi və terror-diversiya hücumlarının qarşısının alınması üzrə döyüş fəaliyyətlərinin yerinə yetirilməsi tapşırıqları icra edilib. Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir.
Ukrayna Prezidenti onu tənqid edən səfiri vəzifəsindən azad etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib. Qərar Ukrayna prezidentinin saytında dərc edilib. Onun yerinə təyinat olmayıb. Qeyd edək ki, bir müddət əvvəl Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırmışdı. Məlumata görə, diplomat Zelenskini tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quran kitabının yandırılmasını pisləyib. Bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib. Nazirlik İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb. Qeyd edək ki, İsveçdə yaşayan iraq əsilli Salvan Momika Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında Quran kitabını yandırıb. Momika dünən isə Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb. Hadisədən sonra İraqda etiraz aksiyaları keçirilib. Rəsmi Bağdad İsveçin İraqdakı səfiri Cessika Svardstromdan ölkəni tərk etməsini istəyib.
Polşa Müdafiə Nazirliyi Belarusla sərhədə əlavə qoşun yerləşdirmək qərarına gəlib. Bu barədə Polşa təhlükəsizlik komitəsinin nümayəndəsi Zibqnev Hofman bildirib. Onun sözlərinə görə, Belarus ordusu ilə “Vaqner” qruplaşmasının birgə təlimlər keçirməsi təxribatdır. Polşa bu səbəbdən sərhədə əlavə hərbi qüvvələr yerləşdirəcək. Qeyd edək ki, Belarus Silahlı Qüvvələri “Vaqner” qruplaşması ilə birlikdə Polşa sərhədi yaxınlığında yerləşən Brest poliqonunda döyüş hazırlığı üzrə təlimlər keçirir.