57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
4-05-2024, 22:38
XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA  TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ


XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA
TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ


XÜLASƏ
Ekoloji fkirlərin inkişaf tarixi əhalinin ətraf mühitə münasibəti ilə bir başlanıb. Bu özünü şifahi xalq və yazılı ədəbiyyat nümunələrində açıq şəkildə göstərir. Təsadüfi deyildir ki, müasir ekologiya elminin əsasında folklorda və klassik ədəbiyyatda mövcud olan, bu günümüzə qədər gəlib çatmış elmi fikirlər dayanır. Təqdim olunan məqalədə Azərbaycan ədəbiyyatında orta əsrlərə mənsub bədii söz ustalarının yaradıcılıq nümunələrində təbiət-insan münasibətlərinin yaranması, formalaşması və inkişafı öz əksini tapır. Araşdırmalarımız göstərir ki, onların irəli sürdükləri fikirlər zaman-zaman reallığa çevrilib. Azərbaycan klassikləri yaşadıqları dövrlərdə elmin müxtəlif sahələrinə dair qiymətli fikirlər söyləmişlər. Bu məqalədə Azərbaycanın XII-XIV əsrlərdə yaşayıb-yaratmış dahi sənətkarlarının həmin dövr üçün səciyyəvi olmayan maraqlı elmi yanaşmalarla diqqəti cəlb etmələri qeyd olunur. Biz burada həmin məsələlərə tipik nümunə kimi Xaqani Şirvani və İmadəddin Nəsiminin əsərlərini təhlil edərkən rast gəlmişik.
Ekoloji amillərdən su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu Xaqaninin yaradıcılığında ciddi problem kimi qoyulmuş, onun əhəmiyyəti qeyd edilmişdir. Nəsimi isə canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna faydasına diqqəti cəlb etmiş, birinci olaraq bitkilərin suda inkişafının labüdlüyü məsələsinə toxunmuşdur.
Tədqiqat prosesində biz hər iki klassik şairin yaradıcılığında onlarla bu cür ekoloji obyektlərə nəzər yetirdiklərinə dair misalllarla qarşılaşırıq. Həm Xaqaninin, həm də Nəsiminin yaradıcılıq nümunələrində ətraf mühitlə əlaqəli elmə söykənən ekoloji fikirlər çoxdur. Onlardan bol və dürüst istifadə göstərir ki, Xaqani də, Nəsimi də yalnız öz dövrlərinin deyil, özlərindən əvvəlki klassikləri də yaxşı mənimsəmiş, elmi-fəlsəfi nəzəriyyələrlə az-çox tanış olmuşlar. Apardığımız müqayisələr bunu göstərir.
Xaqaninin qəzəl və qəsidələrində, rübailərində, məsnəvilərində, Nəsiminin bütün fəlsəfi və ədəbi düşüncələrində ətraf mühitə qayğıkeş münasibət, onu qorumağa çağırış var. Bu baxımdan adi görünən təbiət gözəlliklərinin təqdimi də təbiəti öyrənməyə, sevməyə və nəticədə onu qorumağa yönəldilmişdir. Məqaləni işləyərkən tədqiqata cəlb edilmiş klassik şairlərimizin aktual məsələ olan bioloji müxtəlifliyə və insan ekologiyası probleminə diqqət yetirmələrı də nəzərə alınmışdır.
GİRİŞ
Azərbaycanda ətraf mühitin qorunmasının tarixi çox qədim dövrlərə gedib çıxır. Qeyd etmək lazımdır ki, ətraf mühiti və onun problemlərini öyrənən fundamental elm sahəsi kimi ekiologiya XIX əsrin II yarısında yaranmışdır. Buna baxmayaraq, orta əsrlərdə əhali canlı və cansız təbiət, onların qarşılıqlı əlaqələri haqqında müəyyən məlumatlara malik idi. Bu dövrdə ekologiya olmasa da, bitki və heyvanları öyrənərkən onların yaşama şəraiti nəzərə alınırdı (1). Qədim və orta əsr insanlarının gündəlik həyatda apardıqları müşahidələr buna imkan verirdi. Bu dövrlərdə təbiət-insan münasibətləri ən çox ovçuluqda öz əksini tapmışdı. Orta əsrlərdən başlayaraq, ələ öyrədilmiş hepard, qızılquş, qırğı və bu kimi ovçu heyvanlar vasitəsilə ov etmək digər tükrdilli xalqlar kimi Azərbaycan türklərinin də həyatında mühüm əhəmiyyət daşıyırdı. Ov məhsullarının kifayət qədər ucuz olması kütləvi ovlanmaya gətirib çıxarırdı. Bu isə bir sıra nadir növlərin nəslinin kəsilməsinə səbəb olurdu. Belə ki, XI-XII yüzilliklərdə şir və qulanın, XVII yüzillikdə hepardın, XX əsrin 30-cu illərində pələngin ölkəmizin faunasından yox edilməsi qanunsuz ovçuluğun geniş şəkildə fəaliyyəti ilə birbaşa bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qırmızı Kitabının ilk nəşrinə (1989 cu il) daxil edilmiş növlərin sayı ilə müqayisədə, 2013-cü ildə çap olunmuş ikinci nəşrə adları daxil edilən növlərin sayı iki dəfə artmışdır.
Ətraf mühitlə əlaqədar qanun və qərarların mövcud olmadığı dövrlərdə əhalinin heyvanlara (xüsusən, yırtıcı növlərə) neqativ təsiri sürətlə gedib. Bununla belə əhalinin təbiətə tamamilə biganə qaldığı fikrini söyləmək doğru olmazdı. Bu problemin həllinə müxtəlif sənət sahələri, o cümədən rəssamlıq, heykəltaraşlıq, nəqqaşlıq, tikmə və toxuma, oyma, döymə, misgərlik, dulusçuluq, folklor, din, el adətləri və s. köməklik göstərib. İndiyədək müxtəlif tədqiqatçılar tərəfindən bu problemə toxunulub və bu istiqamətdə əhatəli araşdırma apaılıb. Bədii sözün gücündən məharətlə istifadə edən Azərbaycanın klassik şair və yzıçıları da problemə laqeyd qalmamış, yazdıqları əsərlərdə bu məsələyə öz münasibətlərini bildirməyə çalışmışlar. Şifahi xalq yaradıcılığı kimi, yazılı ədəbiyyat da əsrlər boyu əhalinin ətraf mühitə münasibətində maarifçilik xarakteri daşımış, həm də sayı azalan növlərin qorunması istiqamətində yasaqlayıcı fikirlər irəli sürərək təbiətin mühafizəsində faydalı iş görmüşlər.
Qeyd etdiyimiz kimi, klassiklərimizin yaradıcılığında ətraf mühitə münasibət geniş yer tutur. Məlumdur ki, orta əsr Azərbaycan ədəbiyyatı tarixində böyük ədəbi simalar yetişmişdir. Xüsusilə, XII əsrdə yalnız Azərbaycanda deyil, ümümiyyətlə, Yaxın Şərqdə elm və mədəniyyətin oyanma dövrü olmuşdur. Bu dövrdə, Azərbaycan həm də iqtisadiyyatın və mədəniyyətin inkişafına görə Şərq ölkələri içərisində daha yaxşı tanınırdı. Boyaqçılıq, dulusçuluq, metal emalı kimi sənət sahələrinin və təbabətin inkişafı ölkəmizdə tətbiqi kimyaya aid biliklərin geniş yayılmasına səbəb omuşdu. XII əsrdə qızıl, gümüş, mis, kükürd, stibium və qurğuşun kimi maddələr artıq elmə məlum idi. Belə bir dövrdə Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri yazdıqları əsərlərdə bu məsələlərə diqqət yetirir, onlara demək olar ki, bütün yaradıclıq nümunələrində toxunurdular. Şərq ölkələrində fitri istedadı, geniş dünyagörüşü, ensiklopedik biliyi və ideya zənginliyi ilə Xaqani, Nizami və Nəsimi kimi şairlər digərlərindən xeyli dərəcədə fərqlənirdi. Belə ki, Xaqani yalnız bədii yaradıcılıqla məşğul olmur, eyni zamanda, dövrünün bir çox elmləri ilə də maraqlanıırdı. Bu isə ona topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində istifadə etməyə imkan verirdi. Dahi Nizami Gəncəvinin bütün yaradıcılığı isə birmənalı olaraq elimi fikirlərlə doludur. Nəsimi poeziyası da bu cəhətdən səciyyəvidir. Onun dərin düşüncəyə malik çoxtərəfli məna kəsb edən əsərlərində elm-fəlsəfi yön maraq doğurur. Əvhədi insanın doğuluşunu, təbiətdə gedən prosesləri, üzvi aləmin təkamülü məsələlərini ciddi və əhatəli, həm də elmi şəkildə yaradıcılığına gətirən mükəmməl bir sənətkar kimi tanınır. Bu klassiklərin hər birinin əsərləri elmi-nöqteyi nəzərdən mükəmməldir.
Tədqiqat işinin məqsədinə uyğun olaraq Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığnda ekoloji problemin qoyuluşuna müxtəlif rakursdan yanaşmışıq. Araşdırmamıza Xaqani Şirvaninin əsərlərində ətraf mühit amilləri və onların təbiətə təsiri barədə bəzi açıqlamalarla başlamaq istərdik. Xaqani bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, dövrünün bir çox elmləri ilə də maraqlanmış, topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində isifadə etmişdir.
Xaqani Şirvani (XII əsr) ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirirdi. Xüsusilə, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd edirdi:

Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.

Ətraf mühitin zəruri komponenti kimi su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu onun yaradıcılığında qabarıq verilmişdir:

Sən qara torpağa su versən əgər
Bir ildə gül açar qarşında bostan.

Xaqani burada əkin üçün münbit torpaqdan istifadə etməyi, onu vaxtaşarı suvarmağı məsləhət görürdü. Bildirirdi ki, yalnız bu halda əməyin bəhrə verəcəkdir. Bununla o, suyun cansız və canlı təbiət üçün əhəmiyyətini nəzərə çatdırırdı. Xaqaninin insan ekologiyasına aid fikirləri də maraqlı və düşündürücüdür.

Daxilən əfi ilan, tavus rəngəm zahirən,
Müxtəsər, bil, yolkəsən divə mənəm yol göstərən.

Bir çox insanlarda neqativ xarakterin formalaşması, zərərli vərdişlərin yaranması şairdə təəsüf doğursa da, bunun yer üzünün hər yerində olduğu qənaətinə gəlmişdir:

Təkcə bizim ölkəmizdə vəfa yoxdur, zənn eləmə
Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.
...İnsanların məcazında insanlığı az axtar ki,
Çalağanın yuvasından qanadlanmaz heç vaxt huma.


Təkcə qloballaşan çağdaş dünyamızda deyil, X.Şirvaninin yaşadığı dövrdə də insana münasibət qanedici olmamışdır. Başqa sözlə, insan ekologiyası problem kimi həmişə yardıcı adamları, mütəfəkkirləri düşündürmüş, ondan çıxış yollarını axtarmış, bütün yaradıcılıqları boyu ibrətamiz fikirlər, nəsihətlər söyləməklə cəmiyyəti, gənc nəsli tərbiyə etmək istəmişlər. Xaqani həmçinin “insanlıq” probleminin yalnız bizim ölkədə yox, bütün dünyada mövcud olduğunu təssüflə qeyd edir. Hazırda bu problem qlobal məsələ kimi aktualdır.
Xaqani “Quşların söhbəti” adlandırdığı “Mədhiyyə”lərinin birində müxtəlif quşların dili ilə bəzi bitkilərin xüsusiyyətlərini açmağa cəhd etmişdir:

İlk dəfə ağ çiçəyi mədh elədi göyərçin,
Dedi: - Acı yarpaqda şəkər yığır bizimçün.

Məlumdur ki, işıq enerjisinin təsiri altında bitkilərin yaşıl hüceyrələrində qeyri-üzvi maddələrdən üzvi maddə olan nişastanın sintezi həyata keçirilir. Sonra nişasta şəkərə-qlükozaya çevrilərək bitkinin digər orqanlarında toplanır. Fotosintez adlanan bu proses nəticəsində ətraf mühitə çoxlu oksigen və su buxarı daxil olur. Beləliklə, ətraf mühitdə karbon qazı ilə oksigenin nisbəti balanslaşır. Atmosfer havasının vaxtaşırı çirklənməsinə baxmayaraq, tərkibindəki karbon qazının miqdarı demək olar ki, sabit qalır. Ona görə də yaşıl bitkilərin bol olduğu ərazinin havası təmiz və sərin olur. Xaqani “acı yarpaqda şəkər yığır”, dedikdə bitkilərin yarpaqlarında hazırkı elmi anlamda fotosintez prosesininin getdiyni nəzərdə tuturdu. Əlbəttə, bitkilərin əhəmiyyəti yalnız bununla bitmir:

Bu otlardan, güllərdən hansına üz tutsaq biz
Bu şahların içində hansıdır daha əziz...
Biz də sənə bir zaman verdik əgər dərdi-sər
Güllər ətir yayanda dərdi, qəmi sildilər.

Şair burada bitkilərin şəfaverici xüsusiyyətlərinə diqqəti yönəltmişdir. Məlumdur ki, tibb elminin kifayət qədər inkişaf etmədiyi orta əsrlərdə əhali xəstəliklərin müalicəsində türkəçarə üsullarından bəhrələnmişdir. Ona görə də, təbiətdəki dərman bitkilərini yaxşı tanıyır, onlardan dərman hazırlanması və müalicə üsullarını bilirdilər. Belə bitkilərdən qızılgül daha faydalı hesab edilirdı. Bizə görə, xoş iyi, gözəl görkəmi, müalicə əhəmiyyəti, uzun müddət çiçək açması və digər səbəblər qızılgülə əhalidə daha çox maraq yaratmış, onu müqəddəsləşdirmə səviyyəsinə çatdırmışlar. Xaqaninin aşağıdakı misraları belə nəticəyə gəlməyə əsas verir:

İstəyirəm güllərdən qızılgülün xətrini
Peyğəmbərin tərindən alıbdı öz ətrini.


Qızılgül və başqa bitkilərin müqəddəslik-toxunulmazlıq simvolu kimi təqdim edilməsinin (məsələn, “qızılgülün qoxusunu peyğəmbərin tərindən aldığı” deyimi) ətraf mühitin qorunmasında əhəmiyyəti olub. Analoji hallar heyvanların mühafizəsinə də müsbət təsir göstərib. Şübhəsiz, hədislərdə və dini rəvayətlərdə pişiyin, göyərçinin, hörümçəyin və bəzi başqa heyvanların (o cümlədən bitkilərin) Məhəmməd Peyğəmbərin və imamların onlara xoş münasibəti ilə qorunması arasında bağlılıq vardır.
X.Şirvaninin yaradıcılığında müxtəlif bitki və heyvan adlarına çox rast gəlinir; quşlardan bülübül, qumru, sar, səlsəl, teyhu, tuti, bubbu, ənqa, göyərçin, qarğa, kəklik, qırğı və b., bitkilərdən süsən, lalə, sərv, nərgiz, ağ çiçək, yasəmən, qızılgül və s. təsviri şairin yaşadığı orta əsrlərdə mövcud olmuş bir çox müasir bitki və heyvan növlərinin adlarının doğru olduğunu göstərir. Göründüyü kimi, o dövrdə müasir məzmuna uyğun gəlməyən növmüxtəliflikləri də az deyildir.
Biosenozu təşkil edən canlı orqanizmlər daim bir-birilə müxtəlif münasibətdə olurlar. Təbiətdə qida uğrunda geniş əlaqələrin tipik nümunəsi kimi rəqabət, yırtıcılıq, parazitizm və s. Xaqaninin şeirləri üçün səcciyəvidir:

Pəncə atıb ceyranın boynunu sındırdı şir,
Göyərçində şahinin caynağında xar olub.

Burada yirtıcı heyvanlardan şir və şahinin qidalanma xüsusiyyəti açıq bildirilir.
Orta əsr Azərbaycan ədəbi simalarından olan Xaqani bəşəriyyətin bədii fikir tarixində əbədi olaraq ad qazanmış dahi şairlərdən biridir. Zəmanəsində söz mülkünün xaqanı olan Xaqani geniş dünyagörüşlü sənətkar kimi məlum kimyəvi maddələrin xassələrini öyrənmiş, yaradıcılığında fəlsəfi fikirlərinə məna vermək üçün onlardan ustalıqla istifadə etmişdir. O, kimya elminə yüksək qiymət verirdi:

Dünyanın kimyası verilsə mənə,
Bunu bir kimsəyə satmaram yenə.

Kimya elminə münasibəti şairin bir sıra maddələrin xassələri haqqında düzgün fikirlər söyləməyə inkan verirdi. Qeyd ediyimiz kimi, burda ona əldə etdiyi elmi biliklər də kömək edib. Xaqani poyeziyasında bənzətmə məqsədilə ən çox qızıl, gümüş, qurğuşun kimi elementlərdən istifadə etmişdir. O, tamahkar adamların qızıl toplamalarına həris olduqlarına işarə edərək gözəl bir bənzətmə işlətmişdir.

Tamah fikrindən geyinsən paltar,
Qızıl paltarına miqnatis olar.

Yəni maqnit dəmiri özünə çəkən kimi, tamahkar adamları da qızıl özünə daha çox cəzb edir. Fiziki xassəsinə görə dəmir möhkəm olub, ağırlığa davam gətirən metaldır. Həyat tərzindən şikayətlənən şair, düçar olduğu böyük məhrumiyyətlərə tablamasını bədəninin dəmir kimi möhkəm olmasında görür.

Bədənim dərd üçün kor quyudur,
Həm dəmir dağıdır, qürurla durur.

XII əsrdə dəmir və poladdan istifadə olunmasa da, misin emalı dəmir və polada nisbətən daha asan və ucuz başa gəlirdi. Bu, misin ərimə temperaturunun dəmirə nisbətən aşağı olması ilə əlaqədardır.

Bir odlu nalə edərsən dəmir kimi candan,
Civə kimi əriyər hər dəmir bu əfqandan.


Yaxud poladın daha çox möhkəm olmasına işarə edərək yazırdı:

Bu təəccüb deyil, əgər bir qurşun olmaz qıra,
Hünər ona deyərəm ki, olmaz polad sındıra.

Şair burada dəmirin və poladın möhkəmliyini bənzətmə obyekti kimi vermiş, digər tərəfdən diqqəti civənin aqreqat halının maye olduğuna, gümüşün ərimə temperaturuna yönəltmişdir. O, bunu bədii şəkildə obrazlı misallarla oxucunun diqqətinə çatdırır. Xaqani bunu özünün düşdüyü çətin durumu ilə müqayisə edir, ona bənzədir, yəni vəzyyətinin çətinliyi şairi gümüş tək əridir, qəmi isə onu civə tək əzir:

Gümüş tək əridir gah bədənini,
Gah da qəmlə əzir bir civə kimi.

Bütan bunlar göstərir ki, Xaqani Şirvani yaradıcılığında yalnız ətraf mühitə təsir göstərən faydalı və zərərli faktorların adlarını çəkməklə, onlara münasibət bildirməklə kifayətlənmir, həm də canlı və cansız orqanizmlərin əsasını təşkil edən kimyəvi maddələrə də, faydalı qazıntı nümunələrinə də toxunur. Onun əsərlərində bu məsləyə yanaşma kompleks təkil edir.
Aristotel də daxil olmaqla, qədim dünya filosoflarından başlayaraq varlığın əsasında suyun, odun, torpağın və havanın dayandığı fikrini Xaqani də qəbul etmiş və belə nəticəyə gəlmişdir ki, Günəş həyatın özüdür O, bu qənaətində haqlı idi. Elmi baxımdan da Günəş həyatın varlığında başlıca amildir. Başqa sözlə, Günəşsiz həyat mövcud ola bilməz. Yəni işıq və istilik mənbəyi kimi Günəş həyatın əsasında dayanır.
Geniş və dərin təfəkkürə malik, XIV-XV əsr Azərbaycanın klassik, Cahanşümul şairi İmadəddin Nəsimi 700 ilə yaxındır ki, qoca Şərqin fəlsəfi fikir tarixində və ədəbi sənət aləmində özünün layiqli yerini tutub. Yaxın Şərqdə daha çox mökəm iradə, sarsılmaz güc rəmzi, ideya mücahidi və əqidə uğrunda mübariz kimi yüz illərdir yaddaşlara hopmuş Azərbaycan şairi İ.Nəsiminin üstün keyfiyyətlərini xarakterizə edən akademik Həmid Araslı yazırdı: “Şərq xalqları tarixində öz məsləki uğrunda ölümə gedən, ölüm ayağında belə fikrindən dönməyən dəmir iradəli şəxsiyyətlər olmuşdur. Xəlifə cəlladlarının qarşısında mərdanə dayanıb rənginin saralmasını düşmən görməsin deyə üzünü qanı ilə qızardan Babək, “Ənəlhəqq” dediyi üçün X əsrdə Bağdad şəhərində dara çəkilən Mənsur Həllac, dindarların kafir adlandırıb neft tökərək yandırdıqları Eynül-Qüzzat, Əlıncə qalasında Teymurləngin oğlu Miranşahın əmri ilə dara çəkilən, cəsədi at quyruğunda sürüdülən Fəzlullah Nəimi belə mərd insanlardandır. Lakin bunlardan heç birinin edamı böyük ideya maücahidi İmadəddin Nəsiminin ölümü qədər faciəli və əzablı olmamışdır. Məhz buna görə də beş əsrdən artıdır ki, onun şərəfli adı Yaxın Şərqdə mərdlik, fədakarlıq, sədaqət və mətin iradə rəmzi kimi hörmətlə çəkilir, haqqında rəvayətlər və bədii əsərlər yaranır.” Heç də təsadüfi deyildir ki, Nəsimidən üç əsr sonra yaşamış Sarı Aşıq bayatılarının birində deyirdi:

Gözəllik soy iləndi,
Şahmar da soy ilandı.
Nəsimitək yolunda,
Bu Aşıq soyulandı.

Təsadüfi deyildir ki, bu bayatı indiyədək bir zərb-məsəl kimi yaşamaqdadır. Şübhəsiz, Nəsimi yaradıcılığı bütövlükdə özündən sonrakı ədəbiyyat və fəlsəfi fikir tarixinə çox ciddi təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, şair-filosofun yardaıcılığının əhatəli tədqiqi və dünya elmi-ədəbi ictimaiyyətinə daha yaxşı tanıdılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edilmişdi. Sözsüz ki, İ.Nəsimi yaradıcılığının hərtərəfli araşdırılması və təbliği baxımından bu qərar xüsusi əhəmiyyət kəsb edirdi. Dövlət başçısının təşəbbüsü və sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu cəhətdən səcciyəvidir. Tədqiqatlarımız göstərir ki, həm İmadəddin Nəsiminin, həm də Xaqani Şirvaninin timsalında, klassiklərimizin yaradıcılıq nümunələri ətraf mühitin öyrənilməsinə, təbliğinə və qorunmasına yönəlik zəngin məlumatlar mənbəyidir. Bu baxımdan apardığımız araşdırmanı İ.Nəsimi və X.Şirvani irsinə kiçik bir töhfə hesab eirik.
Məlumdur ki, dünyagörüşü cəhətdən hürufi-panteist olan İmadəddin Nəsimi Allahla təbiəti eyniləşdirmiş, Allahın insanda və təbiət cisimlərində təcəlləsi ideyasını təbliğ etmişdir. Nəsimiyə görə, ruh cansız təbiətdən canlı təbiətə (bitkiyə, heyvana, insana) doğru inkişaf edir. O, gerçəkdən insanı təkamülün son mərhələsi hesab edir, bütün şerlərində insanı təbiəti və həyat gözəlliklərini duymağa, ondan zövq almağa çağırırdı. Deməli, Nəsiminin poeziyasında ətraf mühitin qorunması təbliğ olunmuş, təbiətə məhəbbət və qayğı hissləri aşılanmışdır.
Qeyd etdiyimiz kimi, İ.Nəsimi təbiətə hürufilik təlimi əsasında yanaşır və canlı təbiətin özündən yarandığı fikrini irəli sürürdü. XIX əsrdə Nəsiminin bu ideyası elmi əsaslarla sübut olundu. İnsana ali varlıq kimi baxan şair, panteizm cərəyanının qəbul etdiyi kimi ruhun cəmadət, nəbatət və heyvanatdan keçərək insana doğru inkşaf etdiyi fiktində idi.

Çün xakdan eylər səfər mədən nəbat olur şəcər
Rovşen görür əhli-nəzər kol tömeyi-heyvan gəlir.
Çün tömeyi- heyvan olur, oda ki, insü can olur
İnsana vasil olmağa bi dəstü pa pərran gəlir.

Nəsimiyə görə, insan öldükdə ruhu çıxır, cəsədi torpağa qarışır, bitki şəklində həyata qayıdır. Torpaqdan mədən, mədəndən nəbatət, nəbatətdən heyvanat yaranır. Ümumşərq fəlsəfəsinin əsasını təşkil edən bu cür yanaşma meyarı qədim hind fəlsəfəsində daha qabarıq nəzərə çarpsa da, digər xalqların elmi-fəlsəfi prinsiplərinə də hopmuşdur. Təsadüfi deyildir ki, biz təbiətdə baş verən inkişaf proseslərinə bu cür yanaşmaya Nəsrəddin Tusinin “Əxlaqi-Nasir” əsərində, habelə — Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən “İşraqilik” təlimində, eləcə də, digər fəlsəfi baxışlarda, habelə klassiklərin bədii yaradıcılıq nümunələrində rast gəlirik. Maraqlıdır ki, biosferdə gedən maddələr dövranı İ.Nəsimi poeziyasında düzgün əsaslandırılıb. Şair təbiətşünaslığın hələ yaxşı inkşaf etmədiyi orta əsrlərdə ortaya maraqlı suallar qoyur: “Odu Su, Torpağü Yel aldı nədəndir Adəm?” Panteist şairin əsərlərində təbiət gözəllikləri tərənnüm edilsə də, onun əsas obyekti İnsandır. Nəsimi belə hesab edirdi ki, təbiət, yer, göy öz xidmətlərini və dəyərini insandan alır. Çünki insan kamil varlıqdır və böyük yaradıcı gücdür. Şairin təbiət görüşlərində abiotik faktor kimi kosmos amillərinə münasibəti də diqqətəlayiqdir:

Günəşin qürsi, nədən yer üzünə şölə verir,
Yenə bir məşəldə nur nədir, nar nədir?

O, bununla Günəş enerjisinin canlıların həyatında faydasını göstərir. Dördlüklərinin birində həyatın dörd ünsürdən yarandığını bildirir:

Dörd sütun üstündə qurulmuş bu can,
Varlıq ölkəsində odur hökmran.

Nəsiminin poeziyasında ətraf mühitə münasibət (insanın ekologiyası, canlıların təkamülü, həyatın əmələ gəlməsi və təbii sərvətlər haqqında mülahizələr) xüsusi yer tutur. Şair qəzəl və qəsidələrində təbiətdə baş verən fəsil dəyişikliklərini, o cümlədən yazın gəlişi ilə əlaqədar ətraf mühitdə, xüsusilə bitkilərin həyatında canlanmanın müşahidə edildiyini olduqca təbii vermişdir:

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə
Buraxdı qönçələr pərdə, bəşarət bülbülü-zarə.
Şəqayiq pərdədən çıxdı, boylandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü, boyandı rəngi əzharə.
Çəmənlər müxtəlif oldu, həzar əlvan çiçəklərdən
Açıldı laləvü nəsrin, şükufə gəldi əşarə.
Açıldı nərgisu lalə, tutubdur yasəmən çadır
Söyütlər, ərgəvan titrər, qamışlar mindi ənharə.


Göründüyü kimi, İ.Nəsimi burada diqqəti təbiətin gözəlliklərinə və onun qorunmasına yönəldib. Qeyd etmək lazımdır ki, Ş.İ.Xətainin “Dəhnamə”si də eyni məzmunda qələmə alınıb:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəfanə düşdü,
Eşq odu yenə bu canə düşdü…
…Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi şaxın.
Yüz dürlü əba geyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər…

Şübhə yoxdur ki, Nəsiminin təsiri ədəbiyyata yuxarıdakı şeirilə “Bahariyyə” janrını gətirən görkəmli Azərbaycan şairi Şah İsmayıl Xətaidən yan keçməyib. Dahi şair-filosof İmadəddin Nəsimi zamanının yaradıcı şəxslərindən fərqli olaraq, təbiəti tərənnüm edərkən mahiyyətə varır, ondakı gözəlliklərin qədrini bilməyə, onları olduğu kimi duymağa çağırır. Baharın gəlişini təsvir edən şair, ətraf aləmdə baş verən fəsil dəyişkliklərini tamam yeni bir çalarda, yeni bir keyfiyyətdə təqdim edir. Başqa sözlə, o, yazın gəlməsi ilə təbiətdə baş verən gerçək çanlanma hadisəsini bəşərin, yəni təbiət və cəmiyyətin yaratdığı insanın özü ilə bağlayır.
Onu da qeyd etmək lazımdır ki, XI əsrin klassik və görkəmli Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ının əsasını təşkil edən mədhnamələrdə də heyranedici təbiət təsvirləri özünə yer tapmışdır. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemalarında, o cümlədən Məhəmməd Fizulinin, Məmmədhüseyn Şəhriyarın, digər klassiklərimizin əsərlərində də təbiət motivləri həm elmi cəhətdən düzgün verilmiş, həm də əhatəli şəkildə təqdim edilmişdir.
XII əsrdə yaşayıb-yaratmış Xaqani Şirvani də ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirmiş, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd etmişdir.

Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.

İmadəddin Nəsiminin təbiət şeirləri canlıdır: “Bahar oldu, gəl еy dilbər, tamaşa qıl bu gülzarə, Buraхdı qönçələr pərdə bəşarət bülbüli-zarə.”- başlayan qəzəlində də yaz-mövsüm hadisələrinin tipik nümunəsi kimi canlılarda baş verən oyanma-fəallaşma prosesini o qədər real və maraqlı verib ki, heyrətlənməmək mümkün deyildir. Bu, dahi şairin hadisələrə real baxışının nəticəsi kimi ortaya çıxır:

Şəqayiq pərdədən çıхdı, boyandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

yaxud

Ki, çıхdı qönçədən sünbül giriban çak еdər məntək,
Dəlindi qüssədən bağrım, sən еtmə yürəgim yarə.

– Şair burda çiçək tumurcuğunun tədricən açılma prosesini müşahidələri əsasında çox düzgün təsvir edə bilib. Novruz bayramının gəlişinə həsr etdiyi başqa bir qəzəlində də Nəsimi bitkilərin həyatında baş verən çiçəkləmə kimi həyati vacib məsələyə toxunub:

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.

Digər bir şeirində dahi şair çəmənlik ekosisteminə aid müxtəlif ot bitkilərini sadalyır, həmçinin bəzi ağac və kol bitkilərinin adlarını çəkməklə bərabər, bənövşənin nümunəsində digər bitkilərin çiçəkləməsinə işarə edir. Şair həm də bu zaman bitkilərin çiçəkləmə müddətinə diqqəti cəlb etmiş olur:

Çəmənlər müхtəlif oldu həzar əlvan çiçəklərdən,
Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
Bənövşə, gül tamaşası qənimət bil ki, bеş gündür,
Satar mə’şuqə gül hüsnün, хəridar ol bu bazarə.

Bu və digər şeirlərində İ.Nəsiminin yaşadığı tarixi dövrün biomüxtəlifliyi də öz əksini tapıb. Biz buna onun bir sıra qəzəl və qəsidələrində, rübailərində və başqa janrlarda yaratdığı bədii nümunələrdə rast gəlirik. Onlardan lalə, nərgiz, bənövşə, nar, reyhan, söyüd, ərğəvan, qamış, nəsrin, şükufə, eləcə də taxıllar fəsiləsinə aid bitkilərdən səmənini misal göstərə bilərik.

Səhərdə gül üzün şaha çü gülşəndə gülab oynar,
Anı görüb səfasından fələkdə afitab oynar.

Bu şeir parçasında Nəsimi səhər vaxtı gözəlin üzündə gülab kimi tər damlalarının göründüyünü, bu gözəlliyi görən günəşin də sevincdən oynadığını bildirir. Akademik Həmid Araslı buna əsasən qeyd edir ki, “məşuqə o qədər gözəl və təmizdir ki, onun üzünün şövqündən camalındakı niqab da rəqsə gəlir.” Bu, bizə quttasiya hadisəsini xatırladır. Fikrimizcə, İ.Nəsimi təbiətşünas olmasa da belə, praktik müşahidəçi kimi təbiəti doğru mənimsəyib. Ona görə də şeirlərində ekoloji elementlərdən istifadə edərkən elmi səhvə yol verməyib. Əminliklə deyə bilərik ki, səhər tezdən yarpaqların üzərində şeh damlalarının torpanması və mirvari dənəsi kimi Günəş işığında bərq vurması Nəsiminin diqqətindən qaçmayıb. Ətraf mühitdə baş verən bu cür halların poeziyaya gətirməsi, şübhəsiz, şairin elmi-fəlsəfi dünyagörüşünün bitkin olması ilə bağlı idi.
Şairin yaradıcılığında ətraf mühitə faydalı və zərərli təsir göstərən abiotik amillərin (külək, rütubət, su, torpaq, bitki, heyvan, istilik) adlarına da tez-tez rast gəlirik. Bu, şübhəsiz, şair-filosofun təbiət görüşlərindən xəbər verir. Bir başqa misal: “Dinin günəşi, dünyada imanım əfəndi”, – misrası ilə başlanan şeirində üz tutduğu şəxsi qiymətli daşlara bənzətməsi göstərir ki, Nəsimi öz dövrünün faydalı qazıntıları və onların əhəmiyyəti haqqında müəyyən bilgilərə malik imiş.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.

Yer üzərində həyatın necə və nədən əmələ gəlməsi məsələsi yalnız alimləri düşündürməmiş, həm də filosuflar və din xadimləri bu problemə nəzər yetirmiş, zaman-zaman ona müxtəlif bucaqdan münasibət bildirilmişlər. Klassiklərimizin yaradıcılığında bu, əsas məsələlərdən biri kimi diqqətdən kənarda qalmamışdır. Qeyd etmək yerinə düşər ki, apardığımız araşdırmalar göstərir ki, bu problemə yanaşma müxtəlif olduğu qədər də mübahisəli olmuş, ona ikili münasibət göstərilmişdir: elmi və dini yanaşma. Elmi yanaşmaya görə həyat suda əmələ gəlmişdir. Fikrimizcə, İ.Nəsimi “Dəryayi-mühit” şeiri ilə bu məsələnin həllinə yönəlmiş elmi nəzəriyyəni (XX əsrin əvvəli – Oparin nəzəriyyəsi) altı əsr qabaqlaya bilmişdir. Əlbəttə, bunun mükəmməl olduğu fikrindən uzağıq, ancaq dəyərli şairimiz həyatın dörd ünsürdən (hava, su, torpaq, istilik) yarandığı faktını özündən öncəki həmfikirləri və həmkarlarının gəldikləri qənaəti çəkinmədən, qətiyyətlə davam və inkişaf etdirmişdir.

…Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,
Kitabü nərdü şətrəncü odü yеl, su, türab oynar.

O, canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna əhəmiyyətini xüsusi qeyd edir. Nəsimi suda birinci olaraq bitkilərin inkişafının labüd olduğunu, bunun üçün əlverişli mühitin yaranmasını şərt kimi göstərir. Onun nümünə kimi təqdim etdiyimiz şeirindən bir parçaya baxaq:

Dəryayi-mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirri-əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?
Hər zərrədə günəş oldu zahir,
Torpağa sücud qıldı tahir.
Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.
Acı su şərabi-kövsər oldu,
Hər zəhr nəbatü şəkkər oldu.


Filosof-şair mənsub olduğu hürufilik təriqətinə söykənərək İnsanı ali mənsəb sayır. Lakin o dövrdə nə din, nə də elm bunu izah edə bilimridi. Üzvi aləmin təkamülündə İnsanın son halqa olduğu anlamı Nəsimi yaradıcılığında açıq-aydın hiss olunur. Nəsimiyə görə insanın ali vücud olması Allahın onda təcəlla tapması ilə əlaqədardır. Məhz hürufilikdə İnsanın ən ali məqam halında qəbul edilmsəsinə də səbəb budur. O, haqlı olaraq, İnsanı yaradıcısını tanımağı, şeytana uymamağı tövsiyyə edir:

Adəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah!
Şeytani-ləinə uyma zinhar,
Anın sözünə inanma, ey yar!.


İnsan öz aqibətindən çıxanda, halı dəyişəndə cahanı-dünyanı saymır. O zaman bəşəriyyət bundan ziyan çəkir:

Hər kimsə ki, tanıdı bu canı,
Bir zərrəyə saymadı cahanı.

Ümumilikdə götürsək, dini-fəlsəfi, sosial-iqtisadi amil kimi İnsan obyekti hər zaman aktual olmuşdur. Qədim dövrün böyük filosoflarından olan Diogenin günün günorta çağı əlində çıraq İnsan axtarışına çıxması da elə bu səbəbdən idi. Ötən əsrdə yaşayıb-yaratmış Azərbaycan filosofu, “Mütləqə İnam” təliminin yaradıcısı Asif Ata fəlsəfəsinin əsas məqsədi Kamil İnsan yetişdirmək idi. Bu cəhətdən o, “Nəimi və Nəsimi ömrümüzün bir hissəsidir” deyir və hürufiləri özlərinə “qohum” hesab edirdi…
Maraqlıdır ki, ötən əsrin sonlarında çağdaş dövrün ekoloji problemləri sırasına “İnsan ekologiyası” adlı çox ciddi bir anlayış gətirildi. Mənəviyyatda baş verən və ya mövcud olan deqradasiyalar, eyni zamanda ekoloji mühitə çox ciddi təsir göstərir. Bu problemin öyrənilməsi və tədricən aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm rol oynaya bilər. Nəsiminin yaradıcılığında həmin məsələ prioritetdir. Bir nümunəyə baxaq:

Əya, mö’min, gər istərsən səadət,
Özünə peşə qıl daim se adət.

– deyən şair, yaxşı əməllər sahibi olmağı tövsiyyə edir:

Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət.
Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.
Bu sözlər xoş nəsihətdür bilənə,
Seadətdir, vəli eyni-səadət.

İnsanı səadətə qovuşduracaq bu xüsusiyyətlərin hər kəsi səadətə qovuşduracağını düşünən filosof, eyni zamanda bədəməlli-bədniyyətli adamlara mənsub keyfiyyətləri də sadalamaqla sanki onlardan uzaq durmağa çağırır:

Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.
Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətddir, siyasət.
Yəqin cənnət üzün görməz bir adəm
Ki, var canında anın üç əlamət.
Biri kəzzablıq, birisi qeybət,
Biri olmaq bəxil, əhli-ədavət.
Gəlir üç nəsnədən azari-mərdüm,
Var, etmə özünə anı sənaət.
Biri böhtan, biri kəcgəngəl etmək,
Biri küstaq olub, qılmaq zərafət.


O, bütün ömrünü yalnız əzab-əziyyətlə sərvət toplamağa sərf edən şəxslərə bunun mənasız olduğunu, insanın mənəvi kamilləşməsində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayır.

Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qar tək ərir hər an günəşdən, şölədən…
Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin
Sən ölən tək parçalar ol sərvəti varislərin.


Nəsimi hürufi şairdir və bir hürufi kimi onun alı məqsədi İnsanı yüksək məqamda görməkdir. Ona görə də poeziyasında da İnsanı bir varlıq olaraq hər şeydən üstün tuturdu:

Hər nə yerdə, göydə var adəmdə var
Hər nə ayda, ildə var, adəmdə var.


Hürufi görüşlərinə görə dünya maddi və mahiyyəti etibarı ilə iki yerə bölünür: Kainat və İnsan. Birinci dünyada, ümumilkdə, qalaktika və təbiət; İkincidə isə bütün obyektiv varlıq öz əksini tapır. Başqa sözlə, hürufilər İnsanın daxil aləmində bütün səma cisimlərinin mövcudluğuna inanırdılar. Nəsimi də məhz bu mövqedən çıxış etməklə İnsana ideal qiymət verirdi. Ətraf mühitin müasir və aktual anlayışlarından biri kimi İnsanın bu cür qiymətləndirilməsi, əslində İnsan ekolgiyası kimi vacib bir problemin diqqət mərkəzinə gətirilməsi o dövr üçün olduqca maraqlı, həm də təhlükəli tendensiya idi. Nəzərə alsaq ki, hələ XX əsrin II yarısına qədər İnsan ekologiyasını bir problem kimi qaldırmaq asan məsələ deyildi, onda Nəsiminin bu sahədəki fəaliyyəti qibtəediləndir.
NƏTİCƏ
Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığı yalnız filosof-şair kimi təkcə ədəbiyyat və fəlsəfə tarixi üçün deyil, elmin ayrı-ayrı sahələri üçün də zəngin mənbədir. Əhalinin erkən dövrlərdə ekoloji fikirlərini öyrənmək baxımından bu klassiklərin yaradıcılıq nümunələri xüsusi əhəmiyyət daşıyır. Onların əsərlərində çağdaş elm üçün faydalı ola biləcək yönləndirici elmi informasiyalar vardır.
Tədqiqatlarımız göstərir ki, Azərbaycanda əhalinin ətraf mühitə münasibəti klassiklərimizin yaradıcılığında əsrlər boyu öz əksini tapmış, təbiətə qayğıkeş münasibətin təbliği və biomüxtəlifliyin saxlanması istiqamətində əhəmiyyətli iş görmüşdür.
Xaqani Şirvani, İmadəddin Nəsimi və digər klassiklərimizin yaradıcılığını dərindən öyrənməklə, elmin müxtəlif istiqamətlərində əhatəli araşıdılmamış problemlərin açılmasına nail olmaq mümkündür.

Yusif DİRİLİ (Mahmudov),
ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru









4-05-2024, 07:50
İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI


İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI

İmanzadə İsmayıl Səlim oğlu-Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1993-cü ilin noyabr ayından müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. 1980-cı ildən indiyə kimi 30 kitabı nəşr olunub. Əlliyə yaxın şeirinə Şəfiqə Axundova, Faiq Sücəddinov, Nadir Əzimov, Məlahət Həmidqızı, Razim Paşayev və Əfsanə Rəhbərqızı tərəfindən mahnı bəstələnib. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində, uşaq şeirləri antalogiyasında dərc olunub. Şeirlərindən bir qismi xarici dillərə (rus, moldavan, türk, ingilis, serb...) tərcmə olunub. “Xocalı notları” adlı pyesi 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulub. Xeyli sayda nəsr əsərlərinin də (povest, hekayə, novella) müəllifidir.
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinə rəhbərlik edir.

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ

Tanrı dəhgahınadır, Şəhidim, son səfərin,
Yadlara göz dağıdır, qazandığın Zəfərin.
Hamı sənə ürəkdən deyir, Əhsən, Afərin!
Vətən-yurd sevgisidir halal qazancın-varın –
Əbədi yolçususan nur saçan sabahların!

Qarı düşmən,- “Qarabağ-Azərbaycandır!”-dedin,
Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!
Şəhid ya Qazi olmaq, şərəfdir-şandır-dedin!
Nəqş elədin imzanı torpağa al qanınla –
Tanındın hər tərəfdə isminlə, ünvanınla!

Uğrunda can verdiyin bu ana torpaq sənin,
Döyüş günü səsini əks etdirən dağ sənin.
Bayraqdarı olduğun üçrəngli bayraq sənin,
Şəhid ucalığında vətən daşına döndün –
Azadlıq nəğməsinə, Zəfər marşına döndün!

Ünyetməyən məkana qalxıb ölümsüz oldun,
Andında, peymanında, ilqarında düz oldun.
Qarı düşmən önündə hər an yenilməz oldun,
Məzarın and yeridir, adın hər qəlbdə naxış –
Şəhidim, əhsən sənə, hünərinə min alqış!
31.10.2021

ARAZ NƏMLİ GÖZLƏRİMDƏN AXIRMIŞ...

Ürəyimdə sızıldayan dərd çayım,
Qismətindən hələ incik-pərt çayım.
Bakı-Təbriz qiyafəli mərd çayım,
Deyən varmı doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən.
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Yaranışdan həm Sultandı, həm də Xan,
Bir düşməni gödənsökən, ev yıxan.
O birisi hürə-hürə vurnuxan,..
Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,
Qibləgahı Zəfər taclı Qarabağ...
İllər boyu bəxtinə qar yağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Xudafərin daş köynəkli dastanı,
Yağı bəlli, namərd aşkar, dost hanı...
Görən varmı heç möhləti-amanı,
“Gülüstan”da şux qaməti bükülən,
“Türkmənçay”da gözünə mil çəkilən.
Xəmirini kimlər dərddən yoğurmuş -
Araz nəmli gözlərimdən axırmış!

Həsrət yükü hələ o tay, bu taylı,
Bəd taleyi nə sovqatlı, nə paylı...
Hayqırtısı hərdən cəngli-haraylı,
Gorum çatlar qisas qalsa sabaha...
Gülsə üzü, deyərəmmi heç daha,
Tanrı ona gəc nəzərlə baxırmış -
Araz nəmli gözlərimdən axırmış!..
04.04.2023

GƏLMİŞƏM

Bir qalam kösövəm-odam,
Bükülmüş qolam-qanadam.
Çoxlarına hələ yadam,
Bir az uzaqdan gəlmişəm.

Tapdansam da torpaq kimi,
Dözdüm hər dərdə dağ kimi...
Yaşıl üzlü yarpaq kimi
Kökdən-budaqdan gəlmişəm.

Kürün avazı-səsiyəm,
Xan Arazın bəstəsiyəm.
“Qarabağ şikəstəsi”yəm,
Dildən-dodaqdan gəlmişəm.

Bələd olsam da “arxına”,
Qarışmamışam axına.
Əslim bəllidir çoxuna,
Halal torpaqdan gəlmişəm.

Alnım açıqdır, üzüm ağ,
Nə astaram, nə də yamaq...
Söz mülkünə min il qabaq,
Ya da lap çoxdan gəlmişəm.

Köhnə komayam, yuvayam,
Nə cəngəm, nə də davayam.
Bir udum suyam, havayam
Saflaşıb Haqdan gəlmişəm.
22.08.2023

OTUZ İL

Otuz il yanımdan yel kimi keçdi,
Əymədim qəddimi qərib eldə də.
Sandım dönük bəxtim yol azmış köçdü,
İşartı axtardım soyuq küldə də.

Hərdən yamanlıqla durdum üz-üzə,
Kölgəmi daşlayan çoxmuş heç demə!
Döndüm misra-misra kəlməyə-sözə,
Səsim bürünsə də qüssəyə, qəmə.

Otuz il boylandım Cəbrayıla mən,
Yuxumda dil açdı aranım, dağım.
Xəyalən adladım Xudafərindən,
Böyük Mərcanlıdan gəldi sorağım.

Otuz il səmtini itirdim köçün,
Heç demə içimdə boğulan səsmiş.
Bildim bu günlərə çatmağım üçün
Yurdumun bir udum havası bəsmiş!

Otuz il ələdim dostu, doğmamı,
Bildiyim çox şeyi üzə vurmadım.
Minnətsiz qazandım halal loxmamı,
Minnətli heç nəyə yaxın durmadım...

Düşmənlə savaşda zəfər müjdəli
Ərənlər yolların tilsimin qırdı.
Elə bil təzədən Tanrının əli,
Yaralı könlümdə toy-büsat qurdu...

O illər dönməyə geriyə bir də,
Mənim yurd həsrətim lal bir hənirmiş.
Hərdən sızlayanda Mingəçevirdə,
Qəlbim yurd yerimdə tüstülənirmiş...
29.02.2024

KAŞ, MƏNİM QARŞIMA HEÇ ÇIXMAYAYDIN...
(Uzun illərdən sonra təzədən qarşıma çıxan bir xanıma)

Dönük bəxtə əl açmağım əbəsdi,
Uğursuz bir sevgi boğulmuş səsdi...
Səni görən kimi ürəyim əsdi,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Bəlkə baxışların qəfil tufanmış,
Ötəri istəyin ömrü bir anmış!
Deyim, deməyimmi, ay dili yanmış,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Hara tələsirdin... bəs, niyə təkdin,
Dərə bilmədiyim güldün, çiçəkdin...
Səbrimi təzədən çarmıxa çəkdin,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Yəqin mürgülüdür hələ qismətin,
Çöhrəndə iz salıb həyan, ismətin.
Səni ovundurmaq çətinmiş, çətin
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Nə şirin xəyalsan, nə röya-yuxu,
Daşa dəyibdimi eşqinin oxu?
De, niyə bu qədər gecikdin axı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Bilsən-bilməsən də istəyim laldı,
Hər anım cavabsız sorğu-sualdı.
Getdin... yenə könlüm yaralı qaldı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
06.03.2024

YAŞDA NƏ GÜNAH VAR AXI ...

Böhtanın tez çıxır boyu,
Nə çoxmuş iblisin tayı...
Kəsək bulandırır suyu,
Daşda nə günah var axı?!

Yamanlıq duranda üzə,
Dərd qənim kəsilir bizə.
Dildi kül üfürən gözə,
Başda nə günah var axı?!

Qəlb ömrün acısın dadan,
Yamanca fəndgirmiş nadan...
Gözdür adamı aldadan,
Qaşda nə günah var axı?!

Haqsızlıq səbri daşdıran,
Yalan söz göz qamaşdıran...
Ağılmış başı çaşdıran,
Yaşda nə günah var axı?!
09.10.2023

ÇAYIN SAHİLİNDƏ BİR QIZ AĞLAYIR

Siyah saçlarını oynadır külək,
Qəmli sinəsindən asılıb bilək.
Sanki göydən enmiş mələkdir, mələk
Nədənsə dayanıb yalqız ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Nəmli gözləriylə baxır sulara,
Bilən yox fikrində üz tutub hara.
Dönüb sərt küləyə, çevrilib qara,
Göyərmiş əlləri bumbuz, ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Əsir yarpaq kimi sızladıqca can,
Qəfil bir ölümmü axtarır hər an?
Asılıb durubdu göz yaşlarından,
Elə bil bənövşə, nərgiz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Qəlbindən keçəni suya danışmır,
Çöküb çöhrəsinə həya-danışmır.
Nisgili gəlməyir saya-danışmır,
Gah dodaq səyriyir, gah üz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Bəlkə o, cavabsız eşqə əsirdir,
Bəlkə bir kimsəsiz yetim-yesirdir?
Anlamaq olmur ki bu necə sirdir,
Lal haray hıçqırır, avaz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

İndi dünya ona qəfəs kimi dar,
Halına acımır nə dost, nə də yar.
Allahım, gəl onu özünə qaytar,
Dil dönüb kösövə, ağız ağlayır -
Çayın sahilində bir qız ağlayır!..
04.01.2014

XATİRƏLƏR
Nahaq yerə tutdum dilə,
Geri dönməz ta vaxt-vədə.
Zülmətdə qərq olan anlar
Ya qorxuymuş, ya hədə.

Hər gizli işin öz səmti,
Elə dərdin də tamı var.
Sevincin qəfildən gələn

Zülmət donlu axşamı var...

Bir quş kimi uçub getdi,
Səsim çatmaz ötən günə.
Uzalı qalıbdı əlim,
İmdadıma çatan günə.

Mən lal-dinməz dayanmışam,
Anlardı salan hay-həşir.
Xatirələr hürkən kimi
Sürüşüb ovcuma düşür.
01.01.2024

YAŞADIM

Baxan kimi bəxt üzümə qıyqacı,
Bildim yoxdu tənhalığın əlacı.
Xatirələr həm şirinmiş, həm acı,
Hərdən dönüb ötən anda yaşadım.

Qoşa gördüm bəzən sevinclə qəmi,
Həzm elədim həm artığı, həm kəmi.
Haqlı-haqsız daşladılar kölgəmi,
Zülmət donlu bir ünvanda yaşadım.

Bələd oldum sərt üzünə möhnətin,
Halallıqla baş girləmək çox çətin...
Arxasınca sürünmədim şöhrətin,
Təkcə təmiz adda-sanda yaşadım.

Avazımdı vərəqlərdə əkdiyim,
İlk eşqimmiş göz yaşıma bükdüyüm.
Misra-misra şəkilini çəkdiyim
Ay-ulduzlu asimanda yaşadım.
22.03.2024

HALIYAM

Yüyəninə əl atsam da hər anın,
Nə ürəyin səsin duydum, nə qanın.
Necə deyim qana həris dünyanın,
Hər səmtindən, hər izindən halıyam?

Əllərimdən çıxdı əli ömrümün,
Cavanlıqmış “gəlhagəli” ömrümün...
Qürub çağlı səksəkəli ömrümün,
Öynəsindən, pəhrizindən halıyam.

Halallıqdı söz mülkündən dərdiyim,
Qismətimmiş... özgəsinə verdiyim.
Düz otuz il gözlərimlə gördüyüm
Cəhənnəmin hər üzündən halıyam!..
27.03.2024

3-05-2024, 20:22
Ulu Öndər Abşeron Rayonunda anıldı


Ulu Öndər Abşeron Rayonunda anıldı

Bu gün Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi. İcmanın Abşeron rayonu üzrə nümayəndəsi, İqtisad elmləri üzrə fəlsəfə doktoru Bilman Vəliyev qonaqları salamladıqdan sonra hər kəsi sayğı duruşuna dəvət etdi. Ulu Öndərin və şəhidlərimizin xatirəsi sükutla yad edildi. Ardınca dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu. Filmin nümayişi zamanı duyğulu anlar yaşandı. Ulu öndərin gənclik illərindən tutmuş müstəqil Azərbaycanın dövlət quruculuğuna qədər keçdiyi gərgin və qürurverici, şərəfli ömür yolu öz əksini tapmışdı filmdə.


Bilman Vəliyev uzun illər Abşeron rayonunda çalışdığından Heydər Əliyevin Abşeron rayonuna təyin etdiyi kadrların işinin şahidi olduğunu, özünün də 1980-ci illərdə Heydər Əliyevin xeyir-duası ilə Rusiyanın ali məktəbində təhsil aldığını bildirdi. Onun Gənclər siyasətinə dair nümunələr gətirdi.
Abşeron Rayon Ağsaqqallar şurasının sədri,

Şəhid atası Nizami Zalov Ulu Öndərin Naxçıvanın ağır günlərindəki fəaliyyətindən, Ordu quruculuğu siyasətindən, Azərbaycan gənclərinə müraciətindən, Füzuli istiqamətində gedən döyüşlər zamanı əsgərlərlə bərabər səngərə girib onların döyüş ruhunu, vətənpərvərlik hissini necə yüksəltməsindən danışdı. Onun bütün həyat və fəaliyyətini xalqa rəhbərliyin nümunəsi kimi səciyyələndirdi.

Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev Ulu Öndərin tərcümeyi halını- doğum günündən son gününədək, xronoloji ardıcıllıqla əzbərdən dedi. Azərbaycanda 2 fevralın Gənclər Günü kimi qeyd olunmasını da Heydər Əliyevin gənclərə olan diqqətinin təzahürü olaraq dəyərləndirdi.
Bilman Vəliyev Əməkdar müəllim Teyyibə Hüseynovanı “Heydər Əliyevin 100 illiyi (1920-2023)” yubiley medalı ilə təltif olunması münasibəti ilə təbrik etdi. Təbrikə görə minnətdarlığını bildirən Teyyibə xanım Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına nə qədər diqqət göstərməsini Ali Baş Komandanın qədim yurd yerlərimizə bağlılığının ifadəsi kimi səciyyələndirdi. O, İrəvanın 1918-ci ildə paytaxt olaraq ermənilərə verilməsindən, Zəngəzurun Sovet imperiyası tərəfindən haylara bağışlanmasından, Naxçıvanın ana vətəndən ayrı düşməsindən, Mehrinin, Qafanın ermənilərə bağışlanmasının acılarından yana-yana danışdı.

Qeyd etdi ki, 1929-cu ildə Naxçıvanın 657 kv km ərazisi ermənilərə verilmiş, ana yurdum Nüvədi də elə o vaxtdan əsir düşmüşdü . Məhz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra hayların torpaqlarımızı qayçılamasına son qoyuldu.
Azərbaycan əhalisinin deportasiya və soğyqırımına hüquqi-siyasi qiyməti də Ulu Öndər verdi.
Ziyalılar adından çıxış edən şair Sədayət Sədad Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Bizə qismət verdi Böyük Yaradan” şeirini oxudu. Şeir alqışlarla qarşılandı.

Bizi qurtarmaqçün böyük bəladan,
Haqq özü göndərdi bir müdrik insan.
Elmdə, hünərdə yox tayı inan!
Bizə qismət verdi Böyük Yaradan.

Siyasət elminin şahı, sultanı,
Yetirdi bizlərə Heydər babanı.
Sərvəti bol olan Azərbaycanı,
Bizə qismət verdi Böyük Yaradan.

Safdı əqidəsi, pakdı vicdanı,
Dünyaya tanıtdı Azərbaycanı.
Müdrik rəhbəri, müdrik insanı,
Bizə qismət verdi Böyük Yaradan.

Alovlu çıxışı, odlu nəfəsi,
Dünyaya səs saldı onun haqq səsi.
Çətin bir zamanda, əvəzsiz şəxsi,
Bizə qismət verdi Böyük Yaradan.

Aləmə yayıldı şöhrəti, şanı,
Yazılacaq neçə “Heydər” dastanı.
Hər yanda tanıdan eli - obanı,
Bizə qismət verdi Böyük Yaradan.

Dolandı dünyanı, gəzdi səngəri,
Tarix az yetirir belə sərvəri.
Bütün elmlərdən vardı xəbəri,
Bizə qismət verdi Böyük Yaradan.

Millət görməmişdi, belə rəhbər,
O, xalqı səslədi,xalq dedi Heydər !
Sədad deyir, bir inciydi bu bəşər,
Bizə qismət verdi Böyük Yaradan.

Sonda Xatirə şəkli çəkdirildi.












3-05-2024, 09:41
“Gülüstan” elmi - ədəbi məclisinin növbəti məşğələsi keçirilib


“Gülüstan” elmi - ədəbi məclisinin növbəti məşğələsi keçirilib

2024-cü il aprelin 28-də Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxuculara xidmət şöbəsinin oxu zalında “Gülüstan” elmi - ədəbi məclisinin növbəti məşğələsi keçirildi. Məclisin bu günkü məşğələsi həm də AYB və AJB-nin üzvü Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” şeirlər kitabının təqdimatı ilə əlamətdar idi. Səxavət Ənvəroğlu sayca 7-ci kitabını məclis iştirakçılarına ərməğan etdikdən sonra məclisin sədri AYB və AJB-nin üzvü, publisist yazar Şıxamməd Seyidməmmədov tədbiri açıq elan etdi. Əvvəlcə o, gülüstançıların “Bütöv Azərbaycan”, “Yurd sevgisi” qəzetlərində və “Xəzan” jurnalında dərc olunmuş şeirləri və məqalələri haqqında danışdı. Sonra Şıxamməd müəllim Səxavət Ənvəroğlunun həyat və yaradıcılığı haqqında məclis iştirakçılarına məlumat verdi.
Səxavət Ənvəroğlu 5 mart 1964-cü ildə Quba rayonunun Qımıl kəndində anadan olub. Səxavət Ənvəroğlu 1981-ci ildə orta məktəbi, 1984-cü ildə Bakı Dəniz Yolları Məktəbini (İndiki Azərbaycan Dənizçilik Akademiyası) bitirib.
Qubada fəaliyyət göstərən “Gülüstan” elmi ədəbi məclisinin üzvüdür. O, həmçinin Xaçmazda əvvəllər “Ulduzlar”, hal – hazırda “İlham çeşməsi” kimi fəaliyyət göstərən elmi ədəbi məclisin də üzvüdür.
Gənc yaşlarında bədii yaradıcılıqla məşğul olan Səxavət işi ilə əlaqədar olaraq ömrünün 40 ildən çoxunu dünyanın mavi dənizlərində, okeanlarında keçirməli olub. Doğma diyarda olanda da, qürbətdə olanda da ürəyi həmişə vətənpərvərliklə döyünüb. Vətənə, ana-ataya məhəbbət, dosta sədaqət, böyüklərə ehtiram şairin şeirlərinə hopub.
2006-cı ildə “Ürək məndən inciyibdir”, 2014-cü ildə “Sən olacaqsan”, 2017-ci ildə “Dünyanın işindən baş açmaq olmur”, 2018-ci ildə “Sətir-sətir oxu məni”, 2020-ci ildə “Gedirəm”, 2022-ci ildə “Məni bağışla”, 2024-cü ildə BDU-nun dosenti, şair publisist, AYB və AJB-nin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək birliyinin üzvü Anar Məmmədovun redaktorluğu ilə, “Tiçprint” nəşriyyatında işıq üzü görən “Xatirələr qocalmır” sayca 7-ci kitabı nəşr olunub.

AYB və AJB-nin üzvü Səxavət Ənvəroğlunun çoxlu mükafatları var. Ən yaxşı mükafatlar isə dostların təbrikləridir.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin B. Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin “Rast” muğam üçlüyünün üzvləri: tarzən Bayram Ağasiyev, kaman ustası Məmmədəli Cəfərov, xanəndə Seyfulla Ağayev öz yaddaqalan ifaları ilə tədbirin gedişinə gözəl rəng qatdılar.
Süleyman İsgəndərov Səxavət haqqında danışdı, onu təbrik etdi və onun şeirlərindən oxudu.
Şəfiqə Daşdəmirova Səxavət Ənvəroğlunu təbrik etdi, “Şair” şeirini oxudu.
AYB-nin üzvü Asvar Tufandağlı “Ay işığı” şeirini oxudu.
Səxavət Ənvəroğlunun şeirlərindən Quba şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdləri Nərmin Hüseynova “Gülsəm, gülənim”, Ləman Hüseynova və Yusif Novruzov “Qazilər” şeirlərini oxudular. Elxan Məcnunov Səxavət Ənvəroğlunun “Ortaq hər zaman” şeirini oxudu.
Rəna Vəliyeva təbrikdən sonra özünün “Unudacaqsan” şeirini oxudu.
Emfira Ərkli Səxavəti təbrik etdi və onun təzə kitabından “Üzmə, gözəl” şeirini oxudu.
Abdulla Məmməd şair dostunu təbrik etdi və özünün “Bu gecə” şeirini oxudu.
Yenidən söz 1 nömrəli məktəbin IV sinif şagirdlərinə verildi. Şairin yazdığı şeirlərdən Sabir Həsənov “Şəhid İlqar” şeirini, Kübraxanım Əhmədova “Gülüm” şeirini, V sinif şagirdi Zəhra Şıxlı “Dillərdə dastan” şeirini oxudular.
Sabir Nemətov ürək sözlərini dedikdən sonra özünün yumoristik “Sev” şeirini oxudu.
Nəzər Mirzəyev Səxavətin “Kimə inanım” şeirini oxudu.
Zakir Dağlaroğlu “Nəvəm Duyğu ilə söhbət”, “Ürəyin şəklini çəkməzlər, bala” şeirlərini oxudu.
Yenidən şairin şeirlərindən nümunələri söyləmək üçün söz 1 nömrəli məktəbin V sinif şagirdi Zeynəb Kərimova şairin “Sən kimsən, axı” şeirini, VI sinif şagirdləri Aliyə Əsədova və Bahar Ramazanova “Analar”, Aysu Şahmirzəyeva “Müstəqilliyimiz” şeirlərini oxudular.
AYB-nin üzvü Səyyad Sərraf təbrikdən sonra özünün “Qardaş” şeirini oxudu.
Müşfiq Qərib özünün “Dünya boyda fani yükü”, Mehparə Sadıqova “Qocalıq” şeirilərni, AJB-nin üzvü Mövlud Ağamməd qəzəl oxudular.
Təbrik üçün söz qonaqlara veriləndə şairin dostları, qohumları, yaxınları onu ayrı-ayrılıqda təbrik etdilər və Səxavətə yeni uğurlar arzuladılar. Dostları Telman Əliyevin, İlham Əliağayevin, dostu Kənan, qohumu Abil Allahyarovun, qardaşı Zahidin, biboğlusu Elşən İsgəndərovun, hörmətli ağsaqqal, təqaüdçü müəllim Maarif Həsənovun təbrikləri alqışlarla qarşılandı.
Yazıçı Kərim Dünyamalının təbrikindən sonra Sədulla Dağlı özünün “Hər kəs göründüyü kimi deyil ki” şeirini, Rizvan Qiblədağlı Səxavətin “Kövrəlirəm”, özünün cinaslı bayatılarını oxudu.
Dostu Müzəffər Tağıyevin təbrikindən sonra Şəfəq Qonaqova “Qəribə sevgi” şeirini oxudu.
Tədqiqatçı jurnalist Füzuli Baratov öz növbəsində Səxavəti yeddinci kitabının işıq üzü görməsi münasibəti ilə təbrik etdi, şairin hədiyyə kitabını qəbul etdi, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzuladı.
Dostu Xaçmazda fəaliyyət göstərən “İlham çeşməsi” elmi-ədəbi məclisinin sədri, Böyükağa Ağaya söz verildi. O, Səxavət Ənvəroğlunu təbrik etdikdən sonra “İlham çeşməsi” elmi-ədəbi məclisinin ay ərzində gördüyü işlərdən və gələcək planlarından iştirakçılara məlumat verdi və may ayının 2-ci həftəsinin istirahət günü Xaçmaz rayon Mərkəzi kitabxanasında saat 11.00-da növbəti məşqələnin keçirilməsi bərədə məlumat verib ədəbiyyat həvəskarlarını məclisə dəvət etdi. Sonda Səxavət Ənvəroğluna həsr etdiyi “Oylağı ümmandır “ şeirini oxudu
Sonda Səxavət Ənvəroğlu bütün iştirakçılara xoş sözlərə görə öz təşəkkürünü bildirdi və yeni yazılmış şeirlərindən oxudu. Musiqi sədalarının müşayiəti ilə təntənəli tədbir tarixə çevrildi.

Füzuli BARATOV,
AJB-nin üzvü
Fotolar müəllifindir




2-05-2024, 23:08
OTAYLI-BUTAYLI  FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR


OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR

Azərbaycan Yazıçılar Birliyində “Güney Azərbaycan folkloru” (16 cilddə), “Təbriz folklor mühiti” və “Qaşqay folklor örnəkləri. I cild” kitablarının təqdimat mərasimi keçirildi.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda bir çox şöbələr fəaliyyət göstərir ki, bunlar arasında “Cənubi Azərbaycan folkloru” şöbəsinin adı hər zaman xüsusi rəğbətlə çəkilir. Belə ki, yarandığı on illik zaman kəsiyində şöbədə Güneydə yaşayan çoxsaylı soydaşlarımızın dilindən yazıya alınmış çeşidli ağız ədəbiyyatı nümunələrinin, aşıq yaradıcılığı sahəsində fəaliyyət göstərən ozanlarımızın ifa etdikləri aşıq havaları və dastanların yazıya alınaraq kitablaşdırılması nəticəsində ortaya qoyulmuş 16 cildlik “Güney Azərbaycan folklor örnəkləri” toplularının təqdimatı da görülən möhtəşəm işin və gərgin zəhmətin bəhrəsi ilə elmi və ədəbi ictimaiyyəri tanış etmək məqsədi daşıyırdı. Bir növ hesabat xarakteri daşıyan bu görüşə təşrif buyuran çox hörmətli söz və qələm adamları, yaradıcı ziyalılarımız, görkəmli alim və tədqiqatçılarımızın da hər biri öz çıxışında milli folklorumuzu elin yaratdığı və elin dilində-ağzında yaşayan yaradıcılıq sahəsi kimi xarakterizə etməklə yanaşı, bu sahədə mövcud olan xalq yaradıcılığı nümunələrinin toplanması, tədqiqi, araşdırılması və nəşri sahəsində fədakarlıqla çalışan elm adamlarının boynuna düşən çətin missiyanın öhdəsindən necə şərəflə gəldiklərini dilə gətirərək təqdir etdilər.
Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri, şair Sayman Aruz açaraq, Güneyimizdə yaşayan soyadaşlarımızın dildən-dilə, ağızdan-ağıza ötürərək yaşatdıqları çox zəngin folklor xəzinəsinin mövcudluğundan danışdı, Folklor İnstitutunda son illər ərzində həmin folklor örnəklərinin toplanaraq nəşrinə nail olunmasını mühüm dövlət əhəmiyyətli milli məsələ kimi dəyərləndirdi. “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri Mətanət Abbasovaya və şöbə əməkdaşlarına bu çətin və şərəfli işlərində daha böyük uğurlar arzuladı. Mətanət xanım da öz növbəsində Sayman bəyə təşəkkür etdi, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun layihəsi əsasında bir-birinin ardınca çap olunmuş 16 cildlik “Cənubi Azərbaycan folklor örnəkləri” seriyasından olan kitablar və burada toplanmış folklor materiallarının janr özəllikləri, toplanma arealı, zaman, məkan və sosial-siyasi şərtlər çərçivəsində necə böyük zəhmətlə ərsəyə gəlməsi barədə məlumat verdi. Qeyd etdi ki, “Güney Azərbaycan folklor örnəkləri” seriyasından sonuncu XVI cildin materiallarını toplayan və önsözün müəllifi dəyərli folklor tədqiqatçısı – Güney əsilli soydaşımız Aqşin Ağkəmərlidir. M.Abbasova bu cildin ərsəyə gəlməsində xüsusi əməyi olan Aqşin bəyə minnətdarlığını bildirdi, bugünədək şöbə əməkdaşlarının gərgin əməyi və fədakarlığı hesabına işıq üzü görmüş 16 cildlik Güney folklor nümunlərinin, ayrıca nəşr olunmuş “Qaşqay folklor örnəkləri”, eləcə də müəllifi olduğu “Təbriz folklor mühiti” kitablarının nəşrə hazırlanması və işıq üzü görməsinin sevincini bölüşdü. İnstitutun direktoru, akademik Muxtar İmanova, əldə olunan mətnləri mənbələrdən transliterasiya etməklə və səsli fayllardan dinləməklə dastanları yazıya alan şöbə əməkdaşlarına ayrı-ayrılıqda dərin təşəkkürünü bildirdi. Bu sahədə işin davamlı olaraq və sistemli şəkildə aparıldığı haqda məlumat verdi.
Tədqiqatçı Aqşin Ağkəmərli çıxışında Folklor İnstitutu ilə əməkdaşlığından qürur duyduğunu və toplama işini zövqlə yerinə yetirdiyini dilə gətirərək, Mətanət xanıma və şöbənin sayğıdəyər işçilərinə minnətdarlıq etdi.
Mərasim iştirakçılarına cidlərdən nümunələr paylandı. Toplulardakı folklor örnəkləri ilə tanış olan alimlər və ziyalılarımız öz çıxışlarını bu nümunələrin təhlili üzərində quraraq, görülən işin əhəmiyyətini yüksək dəyərləndirdilər, milli dövlətçiliyimiz, milli birliyimiz yolunda aparılan bu mücadilədə institut əməkdaşlarına yeni-yeni uğurlar arzuladılar.
Mərasim İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmlinin aparıcılığı ilə davam etdirildi. AMEA Tarix İnstitutunun əməkdaşları, professorlar Şahin Fazil və Eynulla Mədətli, tanınmış ictimai xadim Zəlimxan Məmmədli, respublikanın xalq artisti Eldost Bayram, professor Minaxanım Təkəli, Azərbaycan Teleradio Verilişləri Şirkətinin əməkdaşları Zərnişan Ağayeva, Tahir Talıblı, Atatürk Mərkəzinin şöbə müdiri, folklorşünas, dosent Nazir Əhmədli, AzərTac-ın müxbiri Zərəngiz Dəmirçi, ADPU-nun müəllimi Fazilə Yəhya, şair-tərcüməçi Giya Paçxataşvili, qocaman jurnalist Rəhim Hüseynzadə, şairlərdən Maşallah Məftun, Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Folklor İnstitutunun əməkdaşları Ləman Süleymanova və Atəş Əhmədli, dəyərli ziyalımız Etibar Əliyev, AHB TV-nin əməkdaşı Rüfət Muradlı, Təbriz əsilli ziyalımız Cavad Həssas, ustad aşıq Cahangir Quliyev, hərbçi, bədii qiraətçi Cəbrayıl Qənbər, muğam ifaçısı Hüsniyyə İsmayıllı və digər iştirakçılar çıxış edərək, Güney Azərbaycan mövzusunu günümüzün ən ağrılı, ən kövrək və həssas bir məsələ kimi səciyyələndirdilər, xatirələr dilə gəldi, folklor nümunləri, şeirlər və muğam parçaları səsləndirildi.
Folklorumuza, dilimizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, kökümüzə, soyumuza dəyər verə bilən insanların bir yerə toplandığı bu mərasimdə Güney həsrətinin, Güney intizarının sona yetəcəyi günə inamını bildirən hər kəsin ürəyindən bu nida qopurdu: “Sən türksən kirpikdən-qaşacan, Təbriz”!

Qiymət Məhərrəmli,
Filologiya üzrə fəlsəfə doktoru, şair.












2-05-2024, 09:30
Aşıqların dillər əzbəri – “Düşübdü”

Aşıqların dillər əzbəri – “Düşübdü”
(Aşıq Əhməd Sadaxlı ustadı Dədə Aşıq Hüseyn Saraçlı haqqında söyləyir)

“Aşıq Hüseyn Saraçlının atası Qurban Hasanoğlu Borçalı mahalında sayılıb-seçilən, varlı, savadlı, sözü keçən bir şəxs olduğundan satqınlar tərəfindən şərlənərək, Sovet hökümətinin qara siyahısına salınır və 1931-ci il fevral ayının 15-də aşıq Hüseyn Saraçlının doğum günündə Qara Qayanın döşündəki Qalxama arxının üstündə 54 yaşında güllələnir və elə orda da dəfn olunur. Qurban Hasan oğlu gülələnən zaman kiçik oğlu dünyaya gəlir və onun adını oğuluna qoyurlar – Qurban Qurban oğlu.
Qurban kişinin anası Fatma nənə isə güllələnən oğlunun başından qopan sümüyü götürüb, gizlincə evə gətirir. O gündən sümüyə baxıb, “oğul-oğul” deyə-deyə ağlamaqdan gözdən kor, qulaqdan kar olur. Güllələnmədən 3 gün sonra Tiflisdən: “Günahsızdır, güllələmək olmaz” – əmri gəlsə də daha gec idi.

Bu qanlı olaydan sonra ilk ustadı aşıq İsmayıl Saraçlının da həbs olunduğunu görən Aşıq Hüseyn Saraçlı kəndi tərk edərək aşıq İbrahim Quşçunun yanına şəyird gəlir. Və 3 il Quşçu kəndində qalıb aşıq İbrahimdən dərs alır. O, Quşçu kəndindən Saraçlıya qayıdan zaman Pəri adlı bir qıza vurulur və evdə ona elçi göndərmək istəyini bildirir. Aşıq Hüseynin bu sözünü eşdən Pəri xanım: “Mən sənə ərə gedib, qorxu içində yaşaya bilmərəm. Sizin ailə qalmaqallıdır, atan güllələndi, nənən ağlamaqdan kor oldu, evinizdə rahat yata da bilmirsiz, bolşeviklər pantürkist adı ilə sizi izləyir, elçi göndərsən də gələn deyiləm.”
Pəri xanımdan belə bir cavab alan Aşıq Hüseyn Saraçlı ürəyində: “Ey dili-qafil, həyatın işinə bir bax, Babam koxa, atam deputat olanda hər kəs biznən qohum olmaq istəyirdi, indi Pəri də bizi bəyənmir. Neyləyək, kişinin başına iş gələr, – deyib, evə gəlir. Bu əhvalatdan bir müddət sonra Dağ Borçalının Cücə (Cuci) kəndində yaşayan Tomarlı Qurbanın qızı, dağlar gözəli Şahnisə xanımla ailə həyatı qurur və bir neçə oğul-uşaq sahibi olur.
Aradan uzun illər keçir. Günlərin birində Aşıq Hüseyn təsadüfən Pəri xanımla rastlaşır. Pəri xanım aşıq Hüseyni tanısa da, Aşıq Hüseyn Pəri xanımı tanımır. Aşığın onu tanımadığını görən Pəri xanım yaxınlaşaraq soruşur:
– Aşıq Hüseyn, məni tanımadınmı?
Aşıq Hüseyn deyir:
–Yox, vallah, tanımadım.
– Niyə tanımadın, cavanlıqda elçi göndərmək istədiyin Pəri deyiləmmi? Bilsəydim belə şan-şöhrətli, tanınmış hörmətli bir aşıq olajaxsan, başqasına ərə getməzdim, elə sənə gələrdim. Ərə getdiym adamdan da yarımadım, təklifin yenə də keçərli olsa, günü bu gün sənə ərə gələrəm.
Pəri xanımın bu sözlərini eşidən Hüseyn Saraçlı bir özünə, bir saçı-birçəyi ağarmış Pəri xanıma baxıb: – Ay Pəri, cavannıx geri gəlməz, da qocalmışıq, nə mənim evlənən vaxtımdı, nə də sənin ərə gedən vaxtın. Keçmişi yadıma saldın, sinəmə üç xanə söz gəldi, qulaq as, gör nə deyirəm, – söyləyir
Götürüb, burada Aşıq Hüseyn Saraçlı “Baş sarıtel” havasında öz tərəfindən Pəri xanıma bədahətən nə deyir, biz ərz edək qulluğunuza, xoşbəxt olun.
Gözəl, sənin vaxtın keçib,
Saçlarına dən düşübdü.
Neçə öylər sən yıxıbsan,
Üstündə çox qan düşübdü.

Daha gözdən sən qalıbsan,
Cavanlıqda kam alıbsan.
Hayıf, sən də qocalıbsan,
Cavanlıq da yan düşübdü.

Saraçlı da tərif yazmaz,
Tellərini şana düzməz.
Boş-pətəksən, zanbur gəzməz,
Dodaqlardan şan düşübdü.


Aşıq bu şeiri bitirən kimi onlar ayrılıb, hərəsi bir yana gedir, şeir isə aşıqların dillərinin əzbərinə çevrilir”.
Qeyd: Bu şeiri Hüseyn Saraçlı ilk dəfə balabançı Azayın müşaiyətilə 1967-ci ildə “Baş sarıtel” havası üzərində oxuyaraq lentə yazdırmışdır.
Əhvalatı Aşıq Əhməd Sadaxlının 1997-ci ildəki lent yazısından
Rəşad Saraçlı qələmə alıb.
12.01.2024
27-04-2024, 19:31
Eldar  MƏMMƏDBƏYLİNIN poetik dünyası


Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası

Əziz oxucular, kimya elmləri doktoru Eldar MƏMMƏDBƏYLİ xeyli vaxtdır qəzetimizlə əməkdaşlıq edir. Onun bir neçə publisistik yazıları “Bütöv Azərbaycan”da çap olunub. Özünün nəcib insani keyfiyyətləri və elmi pedaqoji fəaliyyəti barədə də həmkarı İsa Cəfərovun xüsusi sevgi və rəğbətlə qələmə aldığı yazını oxumuşuq. Sən demə Eldar müəllimin şeir yaradıcılığı da varmış. O, bu dəfə oxucularımızın görüşünə poetik duyğuları ilə gəlib:
Ağlamışam özümü
Sözüm vardır mənim sənə ay ellər,
Mən özümü ağlamışam, ağlama!
Haqsız yükü necə çəksin bu əllər?
Mən özümü ağlamışam, ağlama!

Əziz ana, vaxtsız köçən qardaşım,
Canımdan çox istədiyim sirdaşım,
Köçən zaman sel tək axdı göz yaşın,
Mən özümü ağlamışam, ağlama!

Ala gözlüm xumarlanıb yatanda,
Ayrılarkən görsən yoxam bu anda.
Kim qalıb ki, bu vəfasız cahanda?
Mən özümü ağlamışam, ağlama!

Mavi səma, doğma torpaq, yovşançöl,
Səndən başqa heç kimim yox onu bil.
Deyirəm ki, sən ağlama ancaq gül,
Mən özümü aglamışam, ağlama!

Söyləyirəm sənə ürək sözümü,
Çətin günlərimdə ən yaxın sirdaş.
Mən həm səni, həm də özüm-özümü
Həzin-həzin ağlamışam, ağlama!

Eşitsəniz bir məhəbbət yolunda,
Yoxa çıxan haqq-ədalət yolunda,
Dəmir tələ, dəmir halqa qolunda ,
Eldar deyər bu qovğalar anında,
Mən özümü ağlamışam, ağlama!

******
Hörmətli Mərkəz müəllimə

Düşüncə tərzinin zirvəsindəsən,
Heç zaman zirvədən enməyəcəksən,
Zəhmətlə, ağılla, təfərkkürlə sən,
Cılız insanları böyüt sən, qardaş!

Mərdlik nümunəsi, kişilik rəmzi
Sənin varlığında toplanıb durur,
Vəfasız dünyada sədaqət qurub,
Heç vaxt yatmamısan ayıqsan, qardaş!

Padşahla, başqanla durub döş-döşə,
Pərəstiş etmişəm sənə həmişə,
Şir təki namərdə oldun əndişə,
Təkcə Mərkəz deyil, Vahidsən, qardaş!

Məhəbbət çələngi başına qonub,
Gözəllik sevdası döşünə qonub,
Güllünün həsrəti səni bərk yorub,
Bu yatmış sevgini oyat sən qardaş!

Qanqal səndən qorxur, gül sevir səni,
Alimtək, şairtək el sevir səni,
Qardaşın Eldar da bil, sevir səni,
Hər yüksək sevgiyə layiqsən, qardaş!

*******
Mərkəz müəllimin ad gününə

Ömür sarayının zirvəsindəsən,
Mərkəzsən, sevimli el Mərkəzisən.
Zirvədən enməzsən zirvədə qal sən,
Şairsən şəkər tək dil mərkəzisən.

Bir ürəkdə gör nə qədər hikmət var,
Bir beyində gör nə qədər qüdrət var
Bir kişidə gör nə qədər qeyrət var
Əsl qəhrəmansan, əsl Həzisən.

Məhəbbəti sən qaldırdın göylərə
Əyilmədin, əzilmədin bir kərə
Yolundakı eniş, yoxuş, sərt dərə
Dünyada ən düzgün yol mərkəzisən.

Vətəninə, millətinə hörmətin,
Əvəzsizdir, budur sənin dövlətin,
Şərəfli oğlusan uca millətin,
Namərdə dedin ki, kul mərkəzisən.

Barmaqların gül tablolar yaratdı,
Məmmədəmin, Atatürkü oyatdı,
Mərkəz Kərəm çox layiqli övladdır,
Sinədə yaratdın tül mərkəzi sən.

Məhəbbətin zirvəsinə ucaldın,
Təfəkkürün zirvəsindən bac aldın,
Güllüyə güllərdən güllü tac aldın,
Güllü mərkəzisən gül mərkəzisən.

Mərkəz qardaş Sarıteli oynayaq,
Eldar deyər sellər təki qaynayaq,
Ah, yoruldum elə burda dayanaq,
Telli sazda ən uca tel Mərkəzsən.

Olaram

Mən Allahın bəndəsiyəm,
Allaha qulluq edirəm.
Sözlərimin mirzəsiyəm
Düz yolumla düz gedirəm
Mən necə şeytan olaram?!

Tülkü kimi tələ qursam,
Həccə gedib Hacı olsam,
Quyruğum tək şələ qursam,
Yaltaqlıq möhtacı olsam
Yalançı fərman olaram?!

Sarıteli oynamasam,
Coşub-daşıb, qaynamasam,
Kərəmi çalan olmasa,
Gözlərim yaşla dolmasa
Necə saz çalan olaram?!

Bir ismi-pünhan yolunda,
Qurbanlıq tapa bilməsəm.
Can alan canan yolunda,
Ağlamaram, mən gülməsəm,
Can verib qurban olaram.

Dərdinə olaram şərik,
Dərdi başa düşənəm mən.
Nə zamansa görüşərik,
Səndən niyə küsərəm mən?!
Yanında həyan olaram.

Bacarana qurbandı can,
Bacarmayan danışmasın.
Bacarana hamı heyran,
Heç kəs yanıb alışmasın!
Asan yol tapan olaram.

Özünü çox yorma qardaş,
Hər işin vardır öz yolu.
Fikirləşib qalma çaş-baş,
Başım boşsa cibim dolu
Sözsüz qəhrəman olaram.

Soltan olmaq deyil asan,
Qismət olsa mənə bu taxt.
Ağır yükü daşımasam,
Xalqı eyləməsəm xoşbəxt,
Yalançı soltan olaram.

Taleyim verərsə imkan,
Vallah, düşünməyə dəyər.
Çox asandı bu çox asan,
Məclis sədri olsam əgər
Naxçıvanda xan olaram.

Azad səma sorağında
Zirvələrə ucalmasam.
Bu sonsuzluq qucağında,
Ən yüksəkdə dayanmasam,
Mən necə tərlan olaram?!

Bu qırğınlar dünyasında,
Axan qanlar dəryasında,
İnsanların xilasında,
Yol tapa bilməsəm, necə
Sahibi zaman olaram?!

Rəiyyəti qoyun saysam,
Həm qırxıb, həm ətin alsam.
Allahın verdiyi haqqı,
Onun əlindən qoparsam
Mən necə başqan olaram?!

Həm Allaha, həm şeytana
Bir yerdə qulluq eyləsəm,
Tərs olaram düz imana,
Hamı gülər, mən söyləsəm
Ayətül islam olaram.

Mən Eldaram arzum budur,
Bir kasıba əl uzatsam,
Düşünürəm savab odur.
Onun harayına çatsam,
Bəxtəvər insan olaram.

*************
Qoru Allahım
Arısunun aydan arı suyunu,
Daşıb bulanmaqdan qoru Allahım.
Sən açırsan min kilidli düyünü
Düzü dolanmaqdan qoru Allahım.

Ala gözlər al yanaqla qoşadır,
İncə dişlər bal dodaqla qoşadır,
Saf məhəbbət saf soraqla qoşadır,
Onu usanmaqdan qoru Allahım.

Bu torpağın igid oglu, mərd qızı,
Qoy yaşasın şux gözəlin şux nazı.
Qəlbləri titrədən sədəfli sazı,
Sən haqqı nahaqdan qoru Allahım.

Qara saçlar nədən ağa fırlanır,
Millət nədən qul olmasa fırlanır,
Deyirlər ki, dünya sağa fırlanır,
Sola fırlanmaqdan qoru Allahım.

Nadanlar, sırtıqlar yarışa çıxıb,
Qananlar hər şeylə barışa çıxıb,
Qorxaq, zavallılar qaçışa çıxıb,
Ümidlər sənədir ulu Allahım.

Yaz açılıb, çiçəklərin qoxusu,
Xoş arzular, diləklərin qoxusu,
Mən Eldarın yoxa çıxa yuxusu,
Bizi utanmaqdan qoru Allahım.



27-04-2024, 15:57
Borçalıdan başlanan alim ömrü


Borçalıdan başlanan alim ömrü


Uşaqlıq illərindən tandığım, el-obamızın fəxri, görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqqında keçmiş zamanda söz demək həqiqətən çətindir.
Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə qədim Borçalının Darvaz kəndində dünyaya göz açmış, uşaqlıq və gənclik illərini orada yaşamışdır. O, 1960-cı ildə A.S.Puşkin adına TDPİ-nun tarix-filologiya fakültəsinin Azərbaycan bölməsini bitirərək, rus, gürcü və türk dillərini dəqiq öyrənmiş, bir müddət pedaqoji fəaliyyət göstərmiş, Bolnisi rayon partiya komitəsində müxtəlif məsul vəzifələrdə çalışmış, eyni zamanda, təhsilini qiyabi olaraq Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında davam etdirmiş, 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmlər namizədi elmi adı almış və elə həmin ildən başlayaraq, əmək fəaliyyətini vaxtı ilə ali təhsil aldığı ali məktəbdə davam etdirmişdir. O, uzun müddət, daha dəqiq dedək, düz 20 ildən artıq həmin institutda çalışmış, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, kafedra müdirinin müavini, kafedra müdiri və professor vəzifəsində fəaliyyət göstərmişdir.



Mədəd müəllim uzun illər apardığı elmi araşdırmalarının nəticəsi olaraq yazdığı doktorluq dissertasiyasını 1992-ci ilin fevralında Bakı Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru elmi adını almış, elə həmin ilin oktyabrında A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.Ş.Orbeliani adına Tbilis Dövlət Pedaqoji Universiteti, indi isə İlya Universiteti adlanan ali məktəbin) professoru seçilmişdir.
​Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstan Respublikası Ali Sovetinin sədri və Müstəqil Gürcüstanın 1-ci prezidenti olmuş Zviad Qamsaxurdiyanın mənfur siyasəti nəticəsində Borçalıda yaşayan soydaşlarımıza qarşı yönəlmiş güclü təqib və təzyiqlərdən sonra professor Mədəd Çobanov da minlərlə soydaşımız kimi, öz iş yerindən ayrılmış, Bakı şəhərinə köçməyə məcbur olmuş və ömrünün sonuna qədər Bakıda yaşayıb-yaratmışdır. O, Bakıda yaşasa da, doğma Borçalını heç vaxt unutmur, hər ildə bir neçə dəfə doğma el-obasına baş çəkir, soydaşlarımızın qayğı və problemləri ilə maraqlanırdı.
​Professor Mədəd Çobanov Bakıda yaşadığı illərdə Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan və uzun müddət H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə “Dillər” kafedrasıın müdiri vəzifəsində şərəflə çalışmış, eyni zamanda, elmi tədqiqat işlərini də uğurla davam etdirmiş, müxtəlif illərdə müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyət göstərmiş, o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində dərs demiş, elmi mühazirələr oxumuşdur.
Professor Mədəd Çobanov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının Ekspert Şurasının üzvü, 2000-ci ildə Türk Dil Qurumunun və 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində professor Mədəd Çobanovun böyük əməyi olub. Yetirmələrinin bir neçəsinin elmi rəhbəri, 40-dan artıq namizədlik və doktorluq dissertasiyasının məsləhətçisi, opponenti və ya rəyçisi olmuşdur.
Professor Mədəd Çobanov 1972-ci ildən bəri 8 dəfə Beynəlxalq, 14 dəfə keçmiş Ümumittifaq, 44 dəfə Respublika, 126 dəfə ali məktəblər arası elmi konfrans və simpoziumlarda iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir.
Mədəd müəllim yaşadığı illərdə çoxsahəli elmi tədqiqat işləri aparmışdır. O, ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də Azərbaycan dialektologiyası, Azərbaycan onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, mətnlərin dilinin təhlili, dil əlaqələri, ədəbi tənqid, ədəbi əlaqələr və publisistika, hərfi humanitar elmlər, təhsil məsələləri, lüğətçilik məsələləri, bir sözlə, filologiya-dilçilik, ədəbi tənqid və jurnalistika, pedaqogika və dillərin tədrisi metodikası, tarix-hərb tarixi və s. sahələrdə geniş elmi tədqiqat işləri aparmışdır.
Mədəd müəllim yenilikçi alimlərimizdən idi. O, həmişə bir tədqiqatçı kimi filologiyamızdakı boşluqları araşdıraraq, dövrün, zamanın tələblərinə uyğun xeyli əsərlər yazmışdır. Onun əsərləri müntəzəm olaraq Azərbaycan Respublikası “Elmi xəbərlər”ində, AMEA-nın, BDU-nun, ADPU-nun Elmi Əsərlərində və s. elmi nəşrlərdə daim yayınlanmış, həmçinin, Gürcüstanda, Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, Başqırdıstanda və digər yerlərdə, türk, rus, gürcü və başqa dillərdə nəşr olunmuşdur.
Professor Mədəd Çobanov "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı", "Ədəbi düşüncələr", "Dilçilik məsələləri" və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun əsərləri - Azərbaycan elminə verdiyi dəyərli töhfələr görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Prezident təqaüdünə layiq görülüb.
Mədəd müəllimin əsərləri yuxarıda da qeyd etdiyimiz kimi, qardaş Türkiyədə də geniş yayılmış, “Azərbaycan şəxs adları” kitabı, hələ 1992-ci ildə Çingiz Ayılmaz tərəfindən türkcəyə çevrilmiş və Ərzurumda çap olunmuşdur. Daha sonralar professor Mədəd Çobanov bir neçə dəfə Türk Dil Kurumunun və müxtəlif ali məktəblərin təşkil etdiyi beynəlxalq elmi konfrans və simpoziumlarda içtirak və elmi məruzələrlə çıxış etmişdir.
Mədəd müəllim ali və orta məktəblər üçün də xeyli dərslik və dərs vəsaiti hazırlamış, o cümlədən, orta məktəblər üçün 9, 10 və 11-ci siniflər üçün “Azərbaycan-Türk dili”, ali məktəblər üçün "Azərbaycan antroponimiyasının əsasları", “Azərbaycanşünaslığın əsasları”, “Mətnin linqvistik təhlili”, “Altay dilləri ailəsində Azərbaycan türk dilinin mövqeyi”, “Nitq mədəniyyəti”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” və s. adlı xüsusi kurslar, proqramlar, dərslik və dərs vəsaitləri hazırlayıb nəşr etdirmişdir.
Övladları indi onun yolunu uğurla davam etdirir, bu bizi sevindirir. Bir sözlə, istedadlı, bacarıqlı və zəhmətkeş alim, çox hörmətli professor Mədəd Çobanov bu gün cismən aramızda olmasa da, onun ruhu və əziz xatirəsi daim bizimlədir. O, görkəmli türkoloq, tanınmış dilçi-alim və xeyirxah insan kimi əbədi olaraq xatirələrdə yaşayacaq!

Vaqif İSRAFİLOV

ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru


27-04-2024, 10:20
Sizi çox sevirik, İslam müəllim!…


İslam Qəribli-70


Sizi çox sevirik, İslam müəllim!…

Tanınmış ədəbiyyatşünas alim, tədqiqatçı, pedaqoq, şair, publisist, dəyərli ziyalı, filologiya elmləri doktoru, prof. İslam Qəriblinin bu günlərdə 70 yaşı tamam olur. 70 illik yubileyini AMEA-nin Nizami adına Ədəbiyyat İnstitunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi qarşılayan, sadə kənd müəllimliyindən alimliyə qədər şərəfli həyat yolu keçən İslam Qəriblinin pedaqoji, bədii, elmi, pulisistik fəaliyyəti əsl həyat məktəbidir, bu məktəbi araşdırmağa, bu məktəbdən öyrənməyə dəyər və ən əsası, şair Cabir Novruz demişkən: “Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin”…
İslam Qəriblinin şəxsiyyətini bir ifadəyə sığışdırmaq olar-gərəkli adam! Harda oxumasından, işləməsindən asılı olmayaraq daim seçilə, sevilə bilib, özünəməxsus iz qoymağı bacarıb İslam Qəribli. Niyə məhz müəllimlik peşəsinə könül vermişdi-bu seçimi kənd uşağının öz müəllimlərinə olan sevgisimi doğurmuşdu, müəllimlərinə olan hörmətdənmi qaynaqlanmışdı, bu peşəyə olan ehtiyacdanmı-nədənini, niyəsini İslam müəllimdən heç vaxt soruşmamışam, cavabını da bilmirəm. Amma bildiyim bir həqiqət var ki, həyatda təsadüfi heç nə yoxdur və İslam Qəriblinin müəllimlik peşəsini seçməsi taleyin xoş qisməti, uca yaradanın ona lütfüdür bəlkə... Həyat göstərdi ki, müəllimlik prof. İslam Qəribli üçün həyati ehtiyaclarını ödəyən peşə, “çörək ağacı”ndan çox, ruhən, qəlbən bağlandığı könül işi oldu, gəncliyindən ahıllıq çağlarına qədər cəmiyyətlə özü arasında hörmət, ehtiram, sevgi körpüsünə çevrildi. “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz” deyiminin məsuliyyətini sevimli müəllimim haqqında yazanda bir daha hiss etdiyimdən bu ağırlığı ürəkdən gələn saf, səmimi hisslərimin təmizliyində əritmək istəyirəm…
... ADPU-nun filologiya fakültəsinin fərqlənmə diplomlu məzunu pedaqoji fəaliyyətlə məşğul olduğu illər ərzində çalışdığı bütün pedaqoji kollektivlərdə sevilən, seçilən biri olmağı bacardı. Biləsuvar, Lerik rayonlarının ucqar kənd məktəblərində tədrisdə yeni öyrənmə metodlarını, şagirdlərə fərqli yanaşma tərzini ortaya qoymaqla, fənnini ürəkdən tədris etməklə yetirmələrinin yaddaşında əsl müəllim kimi iz qoymağı bacardı. Aylar, illər keçdikcə İslam müəllimin yetirmələrinə, ilahi seçimi olan müəllimliyə, ədəbiyyata-poeziyaya olan sonsuz sevgisi ürəkləri isitdi, öyrətmənə, öyrənməyə olan sevgiyə döndü, həyat yolunu nurlandırdı, onu cəmiyyətin nurlu ziyalısına çevirdi nur, işıq topası kimi özünə qayıtdı.
Bilmirəm, bu yanaşmamda nə qədər haqlıyam- İslam Qəriblinin 1990-cı ilin dekabrından AMEA-nın Nizami adına Ədəbiyyat İnstituna dəvət olunması ilə Azərbaycanda ədəbiyyatşünaslıq elmi nə qədər qazandısa, pedaqoji sahə bir o qədər itirdi…hər şeydən əvvəl, kənd uşaqları dərsə yeni nəfəs gətirən sevimli müəllimlərindən uzaq düşdülər. Düzdür, sonralar İslam müəllim bu boşluğu doldurmaq üçün orta məktəblər üçün dərsliklər yazdı, kitablar nəşr etdirdi, amma gedişindən yaranan boşluğu doldura bilmədi…Niyə? İllər öncə Lerikin dağ kəndlərində təhsilin problemləri ilə bağlı TV üçün araşdırma material hazırlayanda bu sualın cavabını aldım. Çəkiliş zamanı kənd sakinlərinin gileylə dedikləri indiki kimi yadımdadır, çünki bu gileyin konkret ünvanı vardı- İslam Qəribli kimi peşəkar pedaqoqların gedişi uşaqlarımız, kənd məktəbləri üçün böyük itkidir və belə nurlu insanları nəyin bahasına olursa olsun mütləq kənddə saxlamaq lazımdır! Vaxtı ilə çalışdığı kənddə sakinlərin illər sonra da İslam müəllimi hörmətlə xatırlamasına həsəd aparmışdım və ürəyimdə onu kənd üçün gərəkli hesab edən insanları qoyub getdiyinə görə qınamışdım da. Amma illər sonra, İslam müəllimin dissertantı olanda bu qınağımda haqlı olmadığımı gördüm. Tam səmimiliyi ilə deyirəm- bu gediş lazımlı idi, vacib idi, hələ bəlkə bir az da gecikmişdi! Çünki bu gün Azərbaycan ədəbiyyatşünaslığında prof. İslam Qəribli əvəzolunmaz imzadır, öz dəsti-xətti olan böyük araşdırmaçı alimdir, tələbələrin mühazirələrini sevə-sevə dinlədiyi gözəl müəllimdir!
Və İslam müəllimin həyat yolu bir daha göstərdi ki, peşəsinə qəlbən bağlanan, işini bilən, əqidəsi, amalı gözəl olan insan olduğu hər yeri gözəlləşdirir, hər yerdə gərəkli olmağı bacarır. Elə təkcə buna görə İslam Qəriblinin doğulduğu, çalışdığı dağ kəndlərini qoyub paytaxta gəlişini itki kimi yox, uğur kimi dəyərləndirmək lazımdır. Bu zəhmətkeş alimin elmə gəlişi Azərbaycanın ədəbiyyatşünaslıq elmində xüsusi səhifə açdı-mübaliğəsiz, filansız! İslam Qəribli 35 ildən çoxdur ki, yorulmadan, usanmadan ədəbiyyat tarximizə baş vurur, o taylı, bu taylı Azərbaycan ədəbiyyatının açılmayan səhifələrini tədqiq edir, ədəbi qaynaqları səbrlə araşdırır, yeni fikirlərini ortaya qoyur, heç kimi təkrarlamır, öz yolu, öz cığırı ilə ədəbiyyatşünaslıq elminin zirvələrinə doğru yol alır. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Məhəmməd Hadinin həyatının, elmi, bədii irsinin köklü araşdırılması professor Əziz Mirəhmədovdan sonra İslam Qəriblinin adı ilə bağlıdır. İslam müəllim bütün yaradıcılıq gücünü sərf edərək Azərbaycan ədəbiyyatının ən talesiz şairi Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunu ilmə-ilmə çözərək “M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik (1990), “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövrü mətbuatında (1905-1920)” mövzusunda (2013) doktorluq dissertasiyalarını müdafiə edib. Akademik Bəkir Nəbiyevin İslam Qəriblinin “Məhəmməd Hadi və mətbuat (1905-1920)” monoqrafiyasını “Hadişünaslığa yeni töhfə” adlandırması təqdiqatçının böyük zəhmətinə verilən dəyərdir. Prof. İ. Qəribli M. Hadi ilə bağlı araşdırmalarını bu gün də eyni həvəs və bu nakam ədibin ruhuna məhəbbətlə davam etdirir. Onun “Məhəmməd Hadi: Həyatı və yaradıcılığı” adlı son monoqrafiyası XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə dair ən sanballı tədqiqat hesab olunur. Tədqiqatda M.Hadinin ömür yolu, 1905-1920-ci illərdəki Azərbaycan və Türkiyə dövri mətbuatı ilə əlaqələri, “Həyat” qəzetindən başlayaraq “Azərbaycan” qəzetinə qədər müxtəlif təmayüllü iyirmidən yuxarı mətbuat orqanında , sağlığında və ölümündən sonra kitablarında çıxan 400-dən yuxarı bədii ,elmi, publisistik və tərcümə əsərləri sistemli şəkildə araşdırılaraq onların elmi-filoloji təhlili aparılır. Geniş oxucu kütləsinin əsasən şair kimi tanıdığı M.Hadi yaradıcılığından yeni monoqrafiyada həm də nasir, alim,publisist,tərcüməçi kimi bəhs olunur, əsərlərinin mövzu, forma,məzmun,ideya və sənətkarlıq məsələləri ətraflı şəkildə şərh olunur. Professor İslam Qəribli həm də M.Hadinin yeni çapdan çıxmış II cildlik “Seçilmiş əsərləri” nin də tərtibatçısı, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifidir. Xatırladaq ki, 2020-ci ildəki elmi araşdırmalarına, tədqiqatlarına görə prof. İ. Qəribli "İlin alimi" seçilib.
...Bu günlərdə feyzbuk sosial şəbəkəsində bir sorğu-paylaşım diqqətimi çəkdi-ali məktəb tələbələri ən çox sevdikləri müəllimlərlə bağlı müzakirədə yaddsaşlarında iz qoymuş sevimli müəllimlərini xatırlayır, barələrində yazırdılar. Və tələbələrin sevdikləri, seçdikləri müəllimlərin içində prof. İslam Qəriblinin adı ön sıralarda idi. Vaxtı ilə dərs dediyi ali təhsil ocaqlarında tələbə və magistrantların onun haqında yazdıqları səmimi, xoş sözləri oxumaq istər-istəməz insanda gözəl ovqat, əhval-ruhiyyə yaradır, müəllimlik peşəsinin necə uca olduğunu bir daha sübut edir. Qeyd edim ki, prof. İ. Qəribli Lənkəran Dövlət Universitetinin də sevilən müəllimlərdən olub. Son illərdə İslam müəllim AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunda çalışdığı şöbədə işinin çoxluğundan LDU-da mühazirələrini davam etdirə bilməsə də bu ali təhsil ocağında gənc alim kadrlarının, mütəxəssislərin hazırlanmasında köməyini əsirgəmir, elmi rəhbəri olduğu dissertant və doktorantlara elmi araşdırmalarında dəstək olur.
Sözsüz ki,70 illk yubileyi ilə bağlı filologiya elmləri doktoru, prof. İslam Qəribli haqqında çoxsaylı yazılar yazılacaq, elmi, publisistik, ədəbi, pedaqoji fəaliyyəti çox rakurslardan araşdırılacaq, tədqiq ediləcək. Mənim baxış bucağımdan sevimli müəllimim, dəyərli tədqiqatçı alim İslam Qəribli həm də gözəl şairdir, həssas, kövrək, ürəkdən gələn saf, səmimi hisslərini bəzək- düzəksiz əks etdirən , öz deyim tərzi olan lirik şair. Elə şair ki, illər öncə yazdıqları bu gün də əvvəlki təravətindədir, oxunur, sevilir. Baxmayaraq ki, İslam müəllim heç vaxt şairlik iddiasında olmayıb və yazdıqlarını da uzun müddətdən sonra ədəbiyyatşünas dostlarının məsləhəti ilə “Gecimiş görüş” adı ilə 2012-ci ildə çap etdirib:
O ötən günlərim bir iztirabdır,
Saçıma ələnən qırovdur, qardır.
O qədər intizar çəkmişəm ki, mən,

Ürəyim həsrətdən qabar-qabardır. Və bu həsrət şairi dağlara, daşlara da doğmalaşdırıb:
Mən səni o qədər səsləmişəm ki,
Dağlar da öyrəşib bu səsə indi...

İslam Qəriblinin gəldiyi ilahi məntiq budur-məhəbbət, sevgi heç vaxt unudulmur, insanı bir ömür boyu səssiz-səmirsiz,izsiz təqib edir, son nəfəsinədək ruhuna hopur:
Ulu Tanrı, bəlkə, məni eşidə bir gün,
Dünya böyük, bu dünyada nə yaxşı varsan.
Unutmasan, əgər sənin yadında varsa,
Mənim sözüm: “Sən arzumun arzularısan!
İnsanı yaşadan ümidlərdir, ümidin qırıldığı nöqtədə insan da yox olur, cismani olmasa da mənən, ruhən dağılır, qırılır:
Bir içim sevinc ver, bir qətrə ümid,
Həkk edim mən onu bəbəklərimə.
Sən ümid ver mənə, bir ovuc ümid,
Bir ovuc ömrümə bir ümman olsun.
Bağlayım bir dəstə gül çələngitək,
Asım yatağımın baş tərəfindən.
Qoy həmin çələngdən yuxularıma
Gülüş çilənsin,
Ümidsiz günümə ümid ələnsin!

İslam Qəribli olduqca məhsuldar alim, tədqiqatçı olduğundan müəllifi olduğu, redaktə etdiyi kitabların, məqalələrin dəqiq sayını yazmaqda çətinlik çəkirəm. Təqribi də olsa deyə bilərəm ki, çapdan çıxmış elmi əsərlərinin sayı 200-dən artıqdır, 20-dən artıq kitabın müəllifidir, onlarla kitabın redaktoru olub və zəhmətkeş alim bu gün də qələmini yerə qoymur, daim yazır, yaradır, yeni araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirir.
Nə qədər böyükmüş səndəki ürək,
Sən elə arxasan, millətə gərək,
Yanmısan odlara sinə gərərək,
Belə tanımışam, belə mən səni!

Bu sətirlər İslam Qəriblinin müəlliminə həsr etdiyi şeirdəndir. Biz də sizi belə tanıdıq, sevdik, İslam müəllim! Yaxşı müəllim tanrının bəndəsinə lütfüdür. Müəllimə olan sevgi yaradana olan sevgi qədər möhtəşəmdir, alidir. Siz də bu sevgini haqq edən gözəl müəllim, ziyalı, alimsiniz. Doğum günündə-70 illik yubleyində sizə nə arzu edə bilərik? Uzun, sağlıqlı, mənalı ömür. Millətə gərəkli, dürüst, səmimi insan-Sizi çox sevirik, öyünürük, qürur duyuruq!70 illik yubileyiniz mübarək!

Esmira İSMAYILOVA,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri
22-04-2024, 08:01
ZƏNGƏZUR XATİRƏLƏRİ -başıma gələnlər


Xıdır İBRAHİMOV,
Texnika üzrə fəlsəfə doktoru, dosent


ZƏNGƏZUR XATİRƏLƏRİ (Başıma gələnlər)

1987- ci il oktyabr ayının 17-si idi. Qədim Azərbaycan torpağı olan doğulduğum Zəngəzur mahalının Kirs kəndindən Qafan şəhərinə gəlmişdim. Şəhərdə bəzi sənədləşmə işləri ilə əlaqədar olaraq Gığı dərəsi istiqamətinə gedən avtobusa çata bilmədim. Avtobus gündə bir dəfə saat 1500-da 9 mərtəbə deyilən dayanacaqdan yola düşürdü. Mən isə dayanacağa saat 15 40 -da çatmışdım. Ətrafa göz gəzdirdim ki, tanıdığım adamlardan kimsə varsa, onunla birlikdə taksi sifariş edib kəndə gedək. Bu zaman kəndimizin ağsaqqalı və çox dəyərli insan Ziyəddin dayını gördüm. Görüşdük və qərara gəldik ki, taksi tutub kəndə gedək.
Ümumiyyətlə Qafandan Kirs-Kuruda taksilər 25 rubla, qış aylarında və yollarda çox qar olduqda 30 rubla gedirdilər. Nə isə biz hansı taksiyə yaxınlaşırdıqsa bizi kəndə aparmaqdan imtina edirdilər. Əvvəllər kəndə getmək üçün “yalvaran” erməni taksi sürücüləri indi qəti imtina edirdilər. Biz çox danışıqlar apardıqdan sonra biri 40 rubla aparmağa razılaşdı. Amma Ziyəddin dayı mənə dedi ki, burda nəsə bir sirr var. Ziyəddin dayı çox sosial və ünsiyyətcil adam olduğundan, həmçinin erməni dilini bildiyindən bir neçə dəfə müxtəlif suallarla sürücü ermənidən kəndə getməmələrinin səbəbini soruşsa da, heç bir məlumat ala bilmədik. Gedib Gülxac deyilən sərt döngəli dağ yoluna çatanda erməni sürücü birdən Azərbaycan dilində dedi ki, “ara mən elə pis adamam, səhv elədim gəldim”. Ziyəddin dayı dərhal yeni suallar verməklə bunun səbəbini öyrənməyə çalışdı. Nəhayət sürücü izah etməyə başladı ki, bu gün azərbaycanlıların dayağı və SSRİ “Politbüro”sunun üzvü Heydər Əliyevin Mixail Qorbaçovun təklifi ilə siyasi rəhbərlikdən uzaqlaşdırılması ilə əlaqədar olaraq bütün Ermənistan ərazisində “toy-bayram” olacaq, bütün restoranlar pulsuz “yeyib-içmək” verəcək. Mən isə tamahım ucbatından bu tədbirdən kənarda qaldım, sizi gətirdim.
Ziyəddin dayı sual verdi ki, Heydər Əliyevdən niyə bu qədər qorxursunuz? Erməni sürücü bildirdi ki, bizim böyük “planlarımız” var. Heydər Əliyev bu “planların” reallaşmasına mane olur.
Mənim o vaxt cəmi 20 yaşım vardı. Hərbi xidmətdən yenicə gəlmişdim. Nə siyasət bilirdim, nə “plan”. Heç Heydər Əliyevin şəklini də görməmişdim. O vaxtlar yalnız Sovet ideologiyası var idi. O Sovetlər İttifaqı ki, ermənilərin əlində siyasi girova çevrilmişdi. Nə isə biz taksi ilə kəndə çatdıqdan 4 gün sonra yenidən Ziyəddin dayı ilə Kirs kəndində görüşdük. Mən ondan soruşdum ki, taksi sürücüsü nə demək istəyirdi. Ziyəddin dayı mənə izah etdi ki, bu gavurlar 1918- ci ildə kəndimizə silahlı hücum ediblər. Bizimkilər bu xəyanətkarların burnunu əməllicə ovmuşdular. Onlar da fürsət düşən kimi bizə qarşı “plan”larını işə salırlar. Heydər Əliyev bunların qarşısını çox ustalıqla və cəsarətlə alırdı. Yəqin ki, nə isə pis fikirləri var. Allah insanlarımızı və millətimizi qorusun.
Mən də həmin vaxtdan Heydər Əliyev və onun şəxsiyyəti haqqında təsəvvür yarandı və maraq oyandı. Dərhal o vaxt kənd sovetinin katibi işləyən İslam əmimgilə getdim və ondan bir çox məlumat ala bildim. Həmin vaxt İslam əmim kənd sovetinin katibi vəzifəsində işləyirdi. Mən əmimdən xahiş etdim ki, mənə Heydər Əliyevin şəklini tapsın. Bir neçə gündən sonra əmim Qafandan mənə Heydər Əliyevin şəklini gətirdi və bildirdi ki, bu şəkil SSRİ “Politbüro” üzvlərinin Qafan Rayon Partiya Komitəsinin binasında olan şəkildir.
Əmim həmin şəkli gizlicə alıb gətirmişdi.
Bir aydan sonra-1987-ci ilin dekabrında mən işləmək üçün Bakıya gələsi oldum. Onda Heydər Əliyevin həmin şəklini özümlə gətirmişdim və hazırda həmin şəkil qorunub saxlanılır.
Mən Bakıya gəldikdən sonra, 1988-ci ilin fevral ayının 26-da, taksi sürücüsünün dörd ay qabaq dediyi gizli “planlar” qabardılaraq reallaşmağa başladı. Qafan rayonundan Azərbaycan türklərinin qanlı qırğınlarla deportasiyası başladı və artıq 1988-ci ilin dekabr ayına kimi Qafanda və indiki Ermənistan deyilən qədim Türk torpağında bir nəfər də olsun azərbaycanlı qalmadı. Ermənilərin bu vəhşi hərəkətlərinin qarşısını almaq üçün paytaxt Bakıda Xalq Cəbhəsi yarandı. O zaman biz ümid edirdik ki, tezliklə doğma el-obamıza qayıdacağıq. Amma çox təssüf ki, böyük güclərin məkrli siyasəti nəticəsində hələ də öz ata-baba torpaqlarımıza qayıda bilməmişik. Lakin biz inanırıq ki, gec-tez öz doğma yurd yerlərımizə qayıdacağıq.
Artıq yarı yaşa çatmışam. Özümü ata yurdumun şirin xatirələri ilə ovuda-ovuda kəndimizə qayıdacağım günü gözləyirəm. Bu dəfə o xatirələrdən biri də yadıma düşdü. Elə o da Ziyəddin dayı ilə ikinci yol yoldaşlığımızın xatirəsidir. Belə ki, 1988-ci ilin iyul ayının əvvəllərində dağda bizim, Salman əminin, Ziyəddin dayının və Nəriman dayının atını erməniləri oğurlayıb aparmışdı. Çox axtarışdan sonra məlum oldu ki, atlar Gorus rayonunun Tativ kəndindədir. Ziyəddin dayı, İsmayıl müəllim, Süleyman əmioğlu və mən hazırlaşıb getdik atları gətirməyə. Ziyəddin dayıdan başqa heç birimiz özümüzlə heç bir sənəd (pasport), hətta yemək belə götürməmişdik.
Səbətkeçməz deyilən dağdan aşaraq Goruş rayonuna keçdik. Burada 50 nəfərə qədər erməni ot biçirdi. Onlar bizim azərbaycanlı olduğumuzu bildikdə bizə qarşı çox oqressivləşdilər, hətta söyüş söydülər. Çünki özlərinin təşkil etdiyi və törətdikləri “Sumqayıt” hadisələri baş vermişdi.

Onların bu aqressiyasına Ziyəddin dayı mərdcəsinə cavab verdi. Dedi:- Sumqayıtdan gəlib Qarabağa gedirik. Nə demək istəyirsiniz, bizim atlar hardadır yerini deyin, yoxsa sizin üçün pis olacaq. Ermənilərin sayca çox olmasına baxmayaraq biz onlardan atların yerini demələrini tələb edirdik. Onlardan biri bildirdi ki, atlar Tativ kəndindədir. Biz istiqaməti Tativ kəndinə götürüb getdik və nəhayət gəlib kəndə çatar-çatmaz bir erməni gördük. Ziyəddin dayı ondan ermənicə soruşdu ki, 3 atımız və 1 qatırımız itib görməmisiniz. Erməni bildirdi ki, 100 metr qabaqda sola dönün orada bir qara at və bir qatır var. Biz getdik həqiqətən də İsmayıl müəllimgilin atını və Ziyəddin dayının qatırını orada uzun kəndirlə bağlamışdılar. İsmayıl müəllim və Süleyman, əmioğlu kəndiri kəsib atı və qatırı götürdülər. Bu zaman bizdən 200-300 metr yuxarı dağda Tativ kəndinin erməniləri ot biçirdilər. Onlardan biri təmiz Azərbaycan dilində qışqırdı ki, “ata toxunmayın, at və qatır bizimdir”.
Yalan danışan erməniyə fikir vermədən atı və qatırı açıb götürüb kəndin mərkəzinə getdik. Bu zaman dağda ot biçən ermənilər maşınla gəlib bizi girov götürmək istədilər və Süleyman əmioğlunun atını maşınla vurdular. At yıxıldı, Süleyman da atdan yıxıldı. Ermənilərdən biri qışqırdı ki, bunlar kəşfiyyatçılardır dərhal bunları həbs etmək lazımdır. Bu zaman Ziyəddin dayı öz müdrik və uzaqgörənliyindən istifadə edərək kənd sovetinin sədrini çağırmağı tələb etdi və özünün hərbi biletini, pasportunu, partiya biletini göstərərək, Böyük vətən müharibəsi iştirakçısı (1941-1945) olduğunu bildirərək ermənilərə psixoloji təsir edib, kənd sovetinin sədrinin gəlməsini tələb etdi.
Sanki uca Allah bizi qoruyurmuş kimi bayaqdan olan dava-dalaşa kənd sovetinin sədri də gəlib çatmışdı. Bütün mübahisələr erməni dilində gedirdi. Kənd sovetinin sədri yaşlı və bəlkə də Böyük vətən müharibəsi iştirakçısı olan bir kişi idi. O üzünü aqressivləşən kənd camaatına tutaraq sakitləşməyi və bizə toxunmamağı tapşırdı. Aqressiv ermənilər kənd sovetinin sədrinə hücuma keçəndə Ziyəddin dayı bizə təcili aradan çıxmağı məsləhət gördü. Biz atları qamçılayaraq 2 kilometrə qədər torpaq yolu çaparaq, dağ yolu ilə əsas yoldan uzaqlaşdıq. Ziyəddin dayı bildirdi ki, ermənilər maşınla arxamızca gələ bilərlər ona görə yoldan çıxmağımız lazımdır. Həqiqətən də biz yoldan çıxıb dağ yolu ilə uzaqlaşandan sonra qatı bir duman çökdü. Doğrudan da sanki uca yaradan bizi qoruyurdu. Biz Səbətkeçməz dağına qalxdıqca duman seyrəkləşir, yavaş-yavaş yolumuzdan çəkilirdi. Biz Səbətkeçməz dağına çatanda orada mal otaran bir erməni də var idi. Bu erməni atamı tanıyırdı və bizim atımızın harada olduğunu bilirmiş. Ona görə mənə bildirdi ki, atana deyərsən mənimlə görüşsün. Bu başqa bir mövzunun söhbətidir.
Qeyd edim ki, Ziyəddin dayı cəsarəti və uzaqgörənliyi sayəsində bizi girovluqdan qurtara bildi və 2 gün sonra İsmayıl müəllimin atını və qatırı gətirib Səbətkeçməz dağına buraxmışdılar. Bunuda dağa çıxan Rövşən qohum və Hətəmalı qohum atı görmüş və gətirib sahiblərinə təhvil vermişdilər.
Atam İbrahimov Mənsum və Salman əminin Tativə getmələri barədə növbəti yazımda...

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!