Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
6-02-2023, 14:35
AAK – yaxından və uzaqdan


AAK – yaxından və uzaqdan


Elektron poçtuma gələn bildirişləri nəzərdən keçirərkən uzun illərdən bəri imzasına sayğı ilə yanaşdığım bir folklorşünas tanışımın “AzadMedia.az” saytının 03.02.2023-cü il tarixində yayımladığı və manşetə çıxardığı “Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur” adlı yazısını qeydsiz-şərhsiz paylaşdığına təsadüf etdim. Şübhəsiz ki, yazını mənə ünvanlayarkən tanışım dörd ildən çox AAK-ın rəsmi şəxslərindən olduğumu nəzərə alaraq bu mövzuda mövqeyimin açıq sərgilən-məsinin təmənnasındaydı.
Son illər Ali Attestasiya Komissiyasının və onun sədri, professor Famil Mustafayevin ünvanına bəzi mətbuat orqanlarında, saytlarda, sosial şəbəkələrdə yalan, şər dolu çoxsaylı yazılara, böhtan kampaniyasına, qərəzli hücumlara, basqılara təəssüf ki, tez-tez rast gəlinir. Səbəbləri haqqında düşünəndə ilk növbədə sədrin həyata keçirdiyi əsaslı islahatların (Təəssüf ki, AAK əleyhinə çirkab atan şərşünaslar həmişə islahatlar sözünü dırnaq arasında yazırlar-A.R.), mənfi meyillərə qarşı barışmazlığın, dürüstlüyün, şəffaflığın əks platpormasında dayanan zümrələrdə qıcıq doğurması göz önünə gəlir.
Qıcıqdoğuran məqamlardan bəziləri barədə söz açmaq yerinə düşərdi:
1. AAK Rəyasət Heyətinin qərarı ilə 2013-cü ilin yanvar ayından elmlər doktoru elmi dərəcə iddiaçılarından beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövrü elmi nəşrlərdə bir məqalə nəşr etdirmək tələb olunurdu. Doktorant və dissertantlar arasında əvvəllər “Thomsonreuters” adlanan “Web of Science” beynəlxalq sisteminə daxil olan elmi jurnallardan birində məqalə dərc etdirmək hər iddiaçıya nəsib olmurdu. Bakıda fəaliyyət göstərən bəzi mətbəələrdə yüksək vəsait müqabilində “Web of Science”a daxil olan bəzi jurnalların saxta nüsxələrini gizli “nəşr” edirdilər. Belə saxta jurnallar hesabına yəqin ki, 2018-ci ilin sentyabr ayına qədər elmlər doktoru elmi dərəcəsi alanlar da az olmamışdır...
2018-ci ilin sentyabr ayının əvvəllərindən Komissiyaya professor Famil Mustafayev rəhbər təyin edildikdən sonra AAK-ın şöbələri nüfuzlu beynəlxalq bazalara giriş üçün proqramlarla təmin edildi. Saxta jurnalları müəyyən etmək, elmi məqalənin beynəlxalq sistemdə indeksləşdirildiyini görmək asanlaşdı. Komissiya 2018-ci ilin sonlarından başlayaraq “saxta jurnal” mafiyasının fəaliyyətini “zərərsizləşdirməyə” nail olsa da, qarayaxan¬larının həyasız hücumlarından xilas ola bilmədi. Hətta ən yüksək qurumlara AAK-dan şikayətlər edilir, elmlər doktoru iddiaçısının mövzusu üzrə beynəlxalq sistemə daxil olan jurnalda məqalə nəşr etdirməyi əhəmiyyətsiz, gərəksiz tələb adlandırırdılar. Komissiya rəsmilərinin qəbulunda olan iddiaçılar bir nüsxə saxta jurnala 2-3 min manat verdiklərini hiddətlə, bəzən də ürək ağrısı ilə bildirirdilər… “Saxta jurnal” mafiyasını müdafiə edən bəzi yüksək çinli məmurların xahişləri və ya tapşırıqları nəzərə alınmadığı təqdirdə böhtançıların dairəsinin süni surətdə genişləndirilməsi gözlənilən idi.
2. Dövlət qulluğunda çalışanların (elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar istisna təşkil edir) Prezident Administrasiyası səviyyəsində elmi dərəcə və elmi ad verilməsi məqsədəuyğun hesab edilməsə də prof. F.Mustafayevin təyinatına qədər AAK-da istisnalar olmuşdur. Dövlət qulluğu sistemində elmi dərəcə və elmi ad iddiaçıları kifayət qədər çox olmasa da onlar geniş səlahiyyətlərə malik təzyiq və təsir resursları olan xüsusi şəbəkələrə malik idi. Onların sırasında güc və icra strukturlarının, məhkəmə və prokurorluq orqanlarının nümayəndələri az deyildi. Müxtəlif vaxtlarda dövlət qulluqçuları tərəfindən AAK məhkəmələrə verilsə də yekun qərarlarla razılaşmayan bəziləri narazılıqlarını sosial şəbəkə müstəvisində birbaşa və ya dolayısı ilə davam etdirməkdən çəkinməmişdilər. Sədrin konkret məsələlərdə prinsipial mövqeyi, yaratdığı şəffaf mühit, yuxarıdan və “aşağıdan” xüsusi “xahişlərə” dirəniş göstərməsi elmi ictimaiyyətə açıqlanmayan, eyni zamanda dəyərləndirməyə layiq xüsusiyyətlərin¬dəndir. Bu mövzuda iki epizodu təqdim etmək istərdim:
Birinci epizod: Administrasiya rəhbəri R. Mehdiyevin köməkçisi Universitetlərdən birinin vəsatəti ilə dosentlik sənədlərini AAK-a gətirmişdi. İşlə tanış olduqdan sonra dövlət qulluqçusu olduğu üçün sənədləri qəbul edə bilməyəcəyimi söylədim. Narahat oldu və dedi, bəlkə Ramiz müəllim sizin sədrə zəng etsin, tapşırsın?! “Bu, sizin öz işinizdir” – dedim və Ramiz müəllimin xırda bir iş üçün AAK-a zəng edəcəyinə isə inanmadım. Amma düşündüyümün əksinə oldu, həmin gün Administrasiya rəhbəri sədrə zəng etmişdi… Nəticə isə ondan ibarət oldu ki, köməkçi dövlət qulluğundan azad edildikdən bir müddət sonra onun dosentlik işinə Komissiyada baxılmışdır.
İkinci epizod: Administrasiyanın şöbə müdirinin xanımı (belə təqdimat qüsurlu olsa da…) elmlər doktoru elmi dərəcəsi almaq üçün müdafiə ərəfəsində idi. AAK-dan iddiaçıya bildirildi ki, dövlət qulluğundan azad edildikdən sonra dissertasiyasını müdafiə edə bilər. Düşünürdük ki, xanım ikincidən imtina edəcək, əksinə oldu. O elmi seçdi. Prezidentin sərəncamı ilə onun dövlət qulluğuna xitam verildi.
… Nümunələrin sayını artırmaq da olar… Həqiqət isə ondan ibarətdir ki, AAK sədrinin prinsipial vətəndaş mövqeyi, qanunvericiliyə sadiqliyi, mənəvi saflığa güvənli işgüzar kollektivə rəhbərlik etməsi kimlərisə çox ciddi narahat edir. Rahatsızlığın bariz əlamətlərindən biri də “AzadMedia.az” saytının 03.02.2023-cü il tarixində yayımladığı “Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur” adlı yazısıdır. Özünü “Araşdırmaçı-jurnalist” adlandıran S.Feyruzovun beş abzaslıq yazısı ilə tanışlıqdan belə qənaətə gəlmək olur ki, müəllif “elmi ad” ilə “elmi dərəcə”nin fərqi barədə adi təcəvvürə malik deyil, amma Komissiyanın fəaliyyətini öz səviyyəsində “dəyər”ləndirməyə cəhd edir. Sitat böyük olsa da onu zədələmədən təqdim etmək məcburiyyətindəyəm:
“Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur. Azadmedia az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov yazır. Araşdırmaçı-jurnalist qeyd edir ki, elmi adların satılması prosesində dövlət qəzetlərinin baş redaktorları və müxtəlif alimlər də iştirak edirlər. Bu şəxlsərin özləri də saxta yollarla alimlik dərəcəsi alıblar.
Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur.
2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər.
Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-na 5 milyon 160 min manat rüşvət daxil olub.
F.Mustafayev elmi adların verilməsi satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir.
Sən demə, F.Mustafayev həm də varlı ailələrin, məmurların övladlarının cehizlik məsələlərinin həllində də yaxından işitak edir. Belə ki, qızına cehizlik hədiyyə etmək istəyən şəxslər Ali Attestasiya Komissi¬yasına rüşvət verib alimlik diplomu alırlar.”

Bax belə… Bu yazısı ilə S.Feyruzovun jurnalistlik təhsili alması haqqında da oxucuda əsaslı şübhə yaradır. Əgər o həqiqətən jurnalistlik təhsilinə yiyələnmiş olsaydı qərəzçilik ambisiyasını kənara qoyub həqiqətə xidmət edərdi, qələmə almaq istədiyi mövzu üzərində ciddi araşdırma aparardı. AAK-ın 17.01.2023-cü il tarixli Facebook səhifəsində verilmiş cədvələ “araşdırmaçı-jurnalist” təmkini ilə yanaşması doğru olardı. “Elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən” heç olmasa 2-3 nəfəri ilə görüşüb onlardan “20-30 min manat rüşvət istəyirlər”in konkret kim olduğunu, harada işlədiyini müəyyənləşdirərdi və bu gün də böhtandan, iftiradan yoğrulmuş qərəzli yazısına görə acınacaqlı duruma düşməzdi. Prof.F.Mustafayev Respublikamızda təmiz işləyən ləyaqətli, yüksəkçinli məmurlarımızdan biridir. O Komissiyaya rəhbər təyin ediləndən bəri minlərlə insana diplom və attestat vermiş və təqdimat mərasimlərində bildirmişdir: “Komissiyada gördüyünüz isti münasibəti, diqqəti, mənəvi saflığı sizə müraciət edənlərə qaytarın. Cəmiyyətimizdə qoy mənəvi iqlim daha da saflaşsın, çöhrələrdən təbəssüm əskik olmasın.”
AAK-ın Facebook səhifəsində elmi dərəcəyə və elmi ada görə yüzlərlə diplom və attestat alan iddiaçıların sevinc dolu müsahibələri yer alıb. Bu ürəkaçan faktlara necə göz yumub Komissiyaya çirkab yağdırmaq olar?
Ötən ilin on ayı ərzində AAK Kollegiyasının üzvü kimi elmi dərəcə alanlarla yanaşı 246 nəfərin elmi dərəcə verilməsindən imtina edilməsi təklifinə mən də səs vermişəm. Səbəblər sırasında dissertasiya işinin elmi-nəzəri səviyyəsinin əsasnamənin tələblərinə cavab verməməsi, işin digər şəxslər tərəfindən yazılması, plagiatlıqdan istifadə edilməsi, prosedur pozuntusu və s. qanunazidd məsələlər yer almışdır.
S.Feyruzovun obyektivlikdən, dəqiqlikdən uzaq, “elmi adların satılması prosesində dövlət qəzetlərinin baş redaktorları və müxtəlif alimlər də iştirak edirlər”, “qızına cehizlik hədiyyə etmək istəyən şəxslər Ali Attestasiya Komissiyasına rüşvət verib alimlik diplomu alırlar” kimi absurt düşüncələri elm yolunu seçən istedadlı gənc doktorantlarda mənəvi travma, inamsızlıq sindromu yarada bilər və müəllifin bu yazısı ictimai qınağa layiqdir.
P.S. Azərbaycan Mətbuat Şurasına. Ali Attestasiya Komissiyasının işgüzar nüfuzuna xələl gətirdiyinə görə Samir Feyruzovun “jurnalistlik” fəaliyyətinin araşdırılması və dəyərləndirilməsi məsələsini nəzərdən keçirməyinizi Sizdən xahiş edirəm.

Asif Rüstəmli
Filologiya elmləri doktoru, professor.
20-01-2023, 21:49
Doğum gününüz mübarək əziz müəllimlər!

11 və 21 Yanvar tarixlərində 32 nömrəli tam orta məktəbin sevimli iki müəlliminin doğum günüdür. Özəl gün münasibətilə hər iki müəllim- Selvina Mirzəyeva və Gülxumarə Aşurbəyovanı

həmin məktəbin 7c sinif rəhbəri Minarə Şahsuvarlı, müəllim kollektivi, 7c valideyinləri, şagirdlər:Muradov İsmayıl, Abdullazadə İbrahim, Əliyev Avtandil, Nasırlı Rəna, Nəsrullayev Zeyd, Adbullayev Yusif, Əliyev Əli, İsmayıllı Əli, Babayeva Əminə, Məmmədli Murad, Xanlarova Zümrüd, Hüseynzadə Nuray, İslamova Xədicə, Namazov Elton, Əliyeva Nəzrin, Balayeva Nigar, İsmayılzadə Südabə müəllimlərimizi səmimi qəlbdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirlər.
Doğum gününüz mübarək əziz müəllimlər!
11-01-2023, 17:05

Bir ömür var, o da müəllim ömrüdür.


Ətrafına işıq saçan, nur saçan
Ömürlərə çığır salan, yol açan
Yaşlandıqca, qocaldıqca ucalan,
Bir ömür var, o müəllim ömrüdür.

Bu gün 32 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi, Radə müəllimin doğum günüdür. Sinif rəhbəri Minarə müəllim, müəllimlər, şagirdlər, Əliyev Avtandil, Abdullazadə İbrahim, Muradov İsmayıl, Əliyev Əli, İsmayıllı Əli, Abdullayev Yusif və valideyinlər adından Radə müəllimi təbrik edir, ona can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik.
Müəllim ömrünüz gözəl, təravətli, canınız sağlam olsun.
Doğum gününüz mübarək!
18-12-2022, 09:29
Imzamız sizin imzanızdır...


İmzamız sizin imzanızdır...

BDU-nun Jurnalistika fakültəsinin professoru,
filologiya üzrə fəlsəfə doktoru, çox dəyərli Akif müəllimin 83 illiyinə


Bir müəllim ömrü düşünün. Ömrünün 53 ilini qocaman təhsil ocağının inkişafında, tərəqqisində və təlim-tədris prossesində müstəsna xidmətə həsr etmiş bir müəllim ömrü... Tələbəni öz həmkarı kimi görmüş müəllim ömrü... Həyat səhifələrinin qızıl güşələrini tələbələrinə həsr etmiş bir müəllim ömrü... Bax budur şərəfli peşənin, ən şərəfli bayraqdarı.
Yazıma filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin fikirləri ilə başlamaq istərdim: “Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir. Müəllim sözünün ucalığı onun öyrətmək səviyyəsilə, tələbə sözünün ucalığı öyrənmək səviyyəsilə ölçülür”.
İlk gördüyüm andan fərqli bir düşüncə yarandı məndə. Bu həlim qəlbli, sakit təbiətli və nur üzlü şəxsin standart müəllim görkəmindən fərqli olduğunu gördüm. Yaxınlaşıb salamlaşdıqda onun necə də mənə yaxın olduğunu, mənə bir tələbə kimi yox, bir övlad, bir nəvə qayğısı ilə yanaşdığını gördüm. Bax, bu bizim Akif müəllimdir...
Ömrünün yarım əsrdən artıq hissəsini tələbələrə həsr etmiş Akif müəllim ənginliklərin havası qədər təmiz, şirinsulu bulaqlar qədər saf, isti yay günəşi qədər hərarətlidir. Məhz bunun üçün biz tələbələri özünəməxsusluğu ilə fərqlənən bu fakültəyə daxil olan zaman ilk cəlb edənin Akif müəllimin olması heç də təsadüfi deyil. "Mənim üçün ən böyük mükafat tələbələrin mənə olan hörmətidir. Tələbənin hörmətini və sevincini qazanmaqdan qiymətli nə ola bilər ki?..” - deyən müəllimimiz yeni qəbul olmuş tələbələri məzunlarından ayırmırdı. Bu mənim şəxsi qənaətimdir.
Bu bir neçə ayda Akif müəllimin sezdiyim gözəl xüsusiyyətləri var ki, düşünürəm bunlar mənim üçün bir həyat təcrübəsi elementləri sayılacaq qədər vacibdir:
Akif müəllim çox konkret insandır, sözü birbaşa adamın üzünə deyər. Əgər nə isə xoşuna gəlməyibsə, qarşıdakı şəxsin kimliyindən asılı olmayaraq bunu gizlətməyəcək. Hər zaman işinə məsuliyyət və dəqiqliklə yanaşır, məhz buna görə də o, kollektivdə hörmət və nüfuz sahibidir.
Kimlərsə mənə seçdiyim peşənin mürəkkəbliyindən söhbət açanda Akif müəllimin fikirlərini xatırlayıram: “Jurnalist unutmamalıdır ki, cəmiyyətə xidmət edir. Bu xidmət obyektiv, vicdanlı və qərəzsiz olmalıdır.”. Bunun üçün də düzgün yolda olduğumu onun dərslərində bir daha anlayır və daim vicdan ilə vətənimə edəcəyim xidməti gözümün önündə canlandırıram.
İndi isə bizim Akif müəllimin ömür hekayəsinə bir nəzər salmaq istəyirəm...Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ildə Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk dəfə "Uzaq sahillərdə" bədii filmi haqqında təəssüratını yazmışdır. 1964–1969 illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil almışdır.
Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda yeni media və kommunikasiya nəzəriyəsi kafedrasının professorudur.
Ləyaqətli ömür yolu ilə nümunəvilik rəmzinə çevrilmiş Akif Rüstəmov qayğıkeş, eyni zamanda sadə əqidəsi və məsləki olan, təbiətcə sakit və iddiasız ziyalı və nurlu bir sima kimi hamının hörmətini qazanmışdır. Əslində üç ay bir insanı tanımaq üçün kifayət deyil. Amma mən Akif müəllim haqqında eşitdiklərimlə müəllimlik adının şərəfli daşıyıcısı olduğuna bir daha əmin oldum. Akif Rüstəmov haqqında fakültəmizin müəllimi Mahmud Mahmudovun xatiratına gəlin birlikdə nəzər salaq:
“Akif müəllimin müsbət keyfiyyətlərindən biri onun haqsızlığa yol verməməsidir. Bunu təkcə bir faktın timsalında görmək olar. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində, ölkənin qarmaqarışıq dövründə universitetin keçmiş rəhbərliyinin iki ağsaqqal müəllimlərimizə - Nəsir İmanquliyevə və Seyfulla Əliyevə haradansa sərt münasibəti ortaya çıxmışdır. Rəsmi yığıncaqlarda Akif müəllimə dəfələrlə deyilmişdir.
- Onların hər ikisinin işdən azad olunması barədə təqdimat yaz!
Akif müəllim isə qəti etirazını bildirmişdi:
- “Nəsir İmanquliyev də, Seyfulla Əliyev də mənim müəllimlərim olub. Buna görə də tapşırığınız mənim üçün imkan xaricindədir. Yalnız özümün işdən azad olunmağım barədə ərizə yaza bilərəm.”
Qətiyyətini, inadını görüb keçmiş rəhbərlik daha təkid etməmiş, məsələdən hali olan həmin müəllimlər isə Akif müəllimə öz minnətdarlıqlarını bildirmişdilər”.
Elə bu bircə fakt Akif Rüstəmovun “müəllim” adına hörmət və diqqətini, qayğı və sevgisini təsəvvür etməyə yetər. Bizə “Jurnalistikaya giriş” fənnini tədris edən Akif müəllim IV hakimiyyət olan jurnalistikanın və Azərbaycan mətbuatının əsrlərin buxovlarından keçmə mərhələsini xüsusu maraq və sevgi ilə izah etməsi bizə bir mühazirədən daha çoxunu ifadə edir. Özü demiş: “Mən mühazirədə interaktivliyin tərəfdarıyam. İstəyirəm ki, tələbə ilə müzakirə şəraitində dərsi birlikdə öyrənək”. Bax bu da yeni media və kommunikasiyanın praktik nümunəsidir.
Təhsil aldığımız müddətdə və bitirdikdən sonra da sizin kimi bir müəllimi heç vaxt unutmayacağıq, Akif müəllim. Sonda filologiya elmləri doktoru, fakültəmizin professoru, mərhum Nəsir Əhmədlinin dediyi kimi: “70-i aşırdın 100-ə nə qaldı?!”. Əziz Akif müəllim sizi yeni yaşınız münasibətilə ürəkdən təbrik edirik! Həmişə necə görmüşüksə, bu gün də elə qalasınız. Arzu edirik ki, yüz yaşında da belə təravətli, işıqlı, sağlam və şən olasınız. Sizin mətbuatda yüzlərlə imzanız var. Bizim imzamız da sizin imzanızdır... Doğru bildiyi yola sadiq qalan sevimli müəllimimiz...


Nurlan CƏBRAYILZADƏ
BDU Jurnalistika fakültəsi, I kurs tələbəsi




5-12-2022, 18:52
"Narkomaniyaya və zərərli vərdişlərə qarşı" layihənin yekun tədbiri keçirildi


Xırdalanda "Narkomaniyaya və zərərli vərdişlərə qarşı" layihənin yekun tədbiri keçirildi.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi tərəfindən icra edilən layihənin yekun tədbiri Xırdalan şəhər 7 N-li orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, ölkəmizdə narkomaniya və zərərli vərdişlərə qarşı aparılan mübarizə və maarifləndirmə işlərindən, vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan və gənclərimizin elm, idman və başqa sahələrdə qazandıqları nailiyyətlərdən bəhs etdi və şagirdləri Azərbaycan Prezidenti İlham Əliyevin gənclərimizə verdiyi dəyərli tövsiyyələrə əməl etməyə və zərərli vərdişlərdən hər zaman uzaq qalmağa çağırdı. Tədbirdə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında ətraflı məlumat verdi və məktəbliləri maraqlandıran sualları cavablandırdı.

Xırdalan şəhər 7 saylı tam orta məktəbin direktoru Zenfira Orucova, məktəb psixoloqu Xanım İsmayılova və digər çıxış edənlər, ölkə
rəhbərliyinə, gənclərə göstərilən qayğı və etimada görə minnətdarlıqlarını ifadə etdilər.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin sonunda iştirakçılar, NMDK İşçi Qrupu, QHT-lərə
Dövlət Dəstəyi Agentliyi və Elm və Təhsil Nazirliyinin Sumqayıt Regional İdarəsinin rəhbərliklərinə təşəkkürlərini bildirdilər.

Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
4-12-2022, 09:56
"Odlar Yurdu" "narkomaniya və zərərli vərdişlərə" yox deyir!

Odlar Yurdu universiteti tələbələri "narkomaniya və zərərli vərdişlərə" yox deyir!

Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən keçirilən maarifləndirici tədbirdə layihə rəhbəri Vidadi Fətullayev, vətəndaşların sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlardan, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından danışıb.O, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə işinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini vurğulayıb və gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun (NMDK) məsul əməkdaşı Vasif Quliyev, narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlər barədə danışıb, slaydlarla narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə ətraflı məlumatlar verib, 802 və 102 qaynar xətlərinin bu istiqamətdə əhəmiyyətini qeyd edib və tələbələrin bu mövzuda səsləndirdikləri sualları cavablandırıb.
Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən iştirakçılar, Prezident İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin onlar üçün bir şüar olduğunu vurğulayıblar və tədbirin təşkilinə dəstək göstərən bütün qurumlara minnətdarlıqlarını çatdırıblar.


Butov.az
26-11-2022, 14:07
Bu gün Leyla Vəkillinin anım günüdür


Butov.az Ordum.az-a istinad edərək bildirir ki,bu gün dünyaşöhrətli, Azərbaycan əsilli jurnalist, Leyla Vəkillinin anım günüdür.
Vəkilovlar nəslinin nümayəndəsi olan Leyla xanım jurnalistlik fəaliyyəti dövründə hərbi mövzulara daha çox yer ayırıb. Odur ki onu həm də hərbi jurnalist kimi tanımaları üşün oxucularımıza təqdim edirik:
Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub. Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evlənib. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub. Sonra Həsənalısultan bəy Vəkilov Fransanın paytaxtı Paris şəhərinə köçüb. 1932-ci ildə Leyla Həsanalısultan qızı Vəkilli Parisdə dünyaya gəlib. Sonra yenidən Türkiyəyə İstanbul şəhərinə köçüblər. Leyla Vəkkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sorbon Universitetinin sosiologiya fakultəsini bitirib. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb. Jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində olub. O, cümlədən Afrika, Latın Amerikası, Fələstin, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Film Festivalının qurucularından olub.

Leyla Vəkkilli Fransada cap olunan DEFİ jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə, Bodrumun Muğla şəhərinin Türkbükü bölgəsinə köçüb. 26 noyabr 2017-ci il tarixdə- 85 yaşında dünyasını dəyişib.
Leyla Vəkilli məşhur Vəkilovlar nəsilindəndir. İqtisаdçı və dövlət хаdimi, iqtisаd еlmləri namizədi, dоsеnt İlyas Vəkilovun qardaşı qızıdır.

23-11-2022, 18:23

Bərdəli fermerlərə ekoloji təmiz məhsul istehsal etməyin faydaları təşviq olunub

Bərdəli fermerlərə ekoloji təmiz məhsul istehsal etməyin faydaları təşviq olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Bərdə rayonunun fermerləri üçün seminar təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Layihə rəhbəri Musa Muradlı bildirib ki, layihə çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Layihənin əhəmiyyətindən danışan M.Muradlı qeyd edib ki, qida təhlükəsizliyinin təmin olunmasında fermerlərin böyük rolu var. Ekoloji təmiz məhsul istehsalı günün ən aktual tələblərinə çevrildiyindən fermerlər keyfiyyətli, kimyəvi maddələrdən uzaq məhsulların yetişdirilməsinə daha çox önəm verməlidir.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul haqqında əhatəli çıxış edib. Bildirib ki, sağlamlığın qorunması baxımından ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı genişləndirilməlidir. İstehsalçı istehlakçıların ekoloji təmiz məhsullarla təmin olunmasında özündə məsuliyyət hiss etməli, kimyəvi mineral gübrələrlə yetişdirilmiş məhsulları bazara çıxarmaqdan çəkinməlidir. Belə bir məsuliyyət fermerin vətəndaşlıq mövqeyində, vətənpərvərlik hissində özünü göstərməlidir.

Xosrov Musayev bildirib ki, Qarabağ bölgəsi işğaldan azad olunandan sonra Prezidentimizin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işlərinə başlanılıb. İri infrastruktur layihələri həyata keçirilir, yollar, hava limanları inşa olunur. Gələcəkdə turizmin inkişafı üçün hərtərəfli işlər görülür. Qarabağın tezliklə yerli əhali ilə yanaşı, xarici qonaqlar üçün də cazibəli məkana çevrilməsi uzaqda deyil. Bütün bunlar bölgəyə gələn qonaqların təmiz ekoloji məhsullarla təminatını aktual edib. Fermerlərimiz ekoloji təmiz məhsulların istehsalını genişləndirməklə həm sağlamlığa töhfə vermiş olar, həm də iqtisadi gəlirlərini artıra bilərlər.

Müzakirələrlə davam edən tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb.

21-11-2022, 18:37
Müvəkkil Hüquq Mərkəzi daha bir layihəyə yekun vurdu

Müvəkkil Hüquq Mərkəzi daha bir layihəyə yekun vurdu

“Şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsi” layihəsinin yekun tədbiri keçirilib. Butov.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində keçirilən tədbirdə ziyalılar, QHT rəhbərləri iştirak ediblər. Müvəkkil Hüquq Mərkəzinin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə barədə Müvəkkil Hüquq Mərkəzinin Sosial Psixoloji Dəstək Departamentinin rəhbəri, psixoloq Vüsalə Vəkiloğlu ümumi məlumat verib.

layihənin icrası ilə bağlı təşkilatın sədri, layihə rəhbəri, hüquqşünas Səməd Vəkilov geniş məlumat verib. Bildirib ki, layihə çərçivəsində Tovuz, Şirvan, Siyəzən, Şabran rayonlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib və bu qrupdan olan şəxslərə hüquqi yardımlar edilib. Eyni zamanda şəhid adlarının əbədiləşdirilməsi, müharibə iştirakçılarının hüquqları ilə bağlı SƏS.TV -də 4 veriliş hazırlanıb. O, cümlədən şəhid ailələri və qazilərin hüquqlarının çap olunduğu bukletlər tədbirdən faydalanan şəxslərə təqdim olunub.

Sonra Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi, ehtiyatda olan polkovnik leytenant, Qarabağ müharibəsi iştirakçısı Mürsəl Qurbanov tədbir iştirakçılarına Qarabağ müharibəsi zamanı təhsil işçilərinin müharibədə iştirakı ilə bağlı məlumat verib:
“Qarbağ müharibəsində ümumilikdə 600 nəfərdən artıq müəllim iştirak edib və onlardan 17 nəfəri şəhid olub. Təkcə bu ay 22 nəfər müharibə iştirakçısı orta ümumitəhsil məktəblərində hərbi rəhbər vəzifələrinə qəbul edilib. Ümumilikdə Bakı şəhərindəki orta məktəblərdə 200 nəfərdən artıq müharibə iştirakçısı hərbi rəhbər vəzifəsində çalışır. Bu şəxslər daim bizim diqqət mərkəzimizdədir. Bu yaxınlarda Təhsil idarəsi tərəfindən “Qazi müəllimlər” adlı kitab da nəşr edilib”.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının əməkdaşı Rasim Mirzəyev layihənin əhəmiyyətini və aktuallığını qeyd edərək onun uğurla həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib. O, şəhid ailələrinin, qazilərin, veteranların il boyu təmənnasız xidmət göstərən Müvəkkil Hüquq Mərkəzinin çəkinmədən üz tuta biləcəyi ünvan olduğunu qeyd edib. R.Mirzəyev həmçinin layihə ilə bağlı aidiyyəti qurumlarla yaradılmış sıx əməkdaşlıq və informasiya mübadiləsinin də yüksək səviyyədə təşkil olunmasına diqqət çəkib. Yüksək vətənpərvərlik ruhunun gənc nəslə ötürülməsi üçün belə layihələrin davamlı və ardıcıl şəkildə aparılmasını dəstəkləyən Müvəkkil Hüquq Mərkəzinin hər zaman vətənpərvər insanlara diqqət göstərməsini alqışlayaraq gələcək işlərdə də qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu cür layihələri maliyələşdirməsini təqdirəlayiq hal hesab etdiyini, Müvəkkil Hüquq Mərkəzinin həsas sosial təbəqədən olan bu cür insanlara daimi qayğı göstərməsini alqışladığını vurğulayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Tamxil Ziyəddinoğlu layihə rəhbəri Səməd Vəkilovun məruzəsindən çox maraqlı informasiyalar aldığını, cəmiyyətdə mövcud olan, lakin qanunvericilikdə necə həll olunması nəzərdə tutulmayan məsələlərin müəyyən problemlər yaratdığını bildirib. Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə layihələri dəstəklədiyinə görə təşəkkür edib.
“Şəhid ailələri və qazilərlə bağlı bu cür layihələrin həyata keçirilməsi dövlətin sosial təbəqəyə olan qayğısının təzahürüdür”.

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov isə qeyd edib ki, bu cür layihələri icra etməklə şəhid ailələri və müharibə iştirakçılarına dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. M.Qəribovun eyni sinifdə təhsil alan 3 şəhidin tale yolundan bəhs edən “Üç dost, üç tale” adlı sənədli filimin çəklişi haqqında səsləndirdiyi fikirlər tədbir iştirakçılarının marağına səbəb olub.

Qazi adının Azərbaycan dilinin leksikonunda müxtəlif mənaları ifadə etməsi ilə bağlı fikir mübadiləsinə münasibət bildirən Qarabağ Qaziləri İctimai Birliyinin əməkdaşı, Qarabağ qazisi Rey Kərimoğlu Qazi sözünün eyni adlı təşkilatın adı ilə dövriyyəyə daxil olduğunu və bu anlayışın daha dolğun şəkildə qanunda təsbit olunmasını zəruri hesab etdiyini bildirdi.
Qazi sözünün etimologiyası ilə bağlı polemikaya qoşulan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, müharibə iştirakçısı Mobil Vəkiloğlu sözün Azərbaycan Cümhuriyyəti dönəmində bir çox müraciətlərdə öz əksini tapdığını söyləyib. Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı şəhid ailələrinə qarşı məmurları diqqətli olmağa çağırıb.

Aprel döyüşlərinin iştirakçısı Zaman Hüseynovun dayısı, şair-folklor araşdırmaçısı İlham Qəhrəman tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.
Tədbirdə Cəmiyyət və Medianın İnkişafı İctimai Birliyinin həmtəsisçisi, tanınmış jurnalist Nicat Sadıxlı, hüquqşünas Adil Gözəlov, Uşaqların Gələcəyi Naminə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva, Vikipediya hərakatının aparıcı siması Elnur Eltürk, şəhid ailə üzvü Fərizə Hacıyeva (şəhid Famil Hacıyevin qardaşı qızı), Nilufər Həsənli, Səlim Qədirov, Ayşən Hüseynzadə, Bakir Babayev, şair Elşad Bayramov, Azər Xudiyev, Hacı Möhübbət Dərələyəzli, "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov, hazırda Hollandiyada yaşayan Zeynəb Dilbazi, Müvəkkil Hüquq Mərkəzinin İnformasiya Texnologiyaları üzrə Departament rəhbəri tanınmış fotoqraf Rahim Qədimov da iştirak ediblər.

Butov.az

16-11-2022, 20:21

Tərtərdə ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar təşkil edilib
Tərtərdə ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar təşkil edilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda 25 fermer üçün seminar təşkil edilib.
Butov.az xəbər verir ki, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri Musa Muradlı layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, Ekoloji İnformasiya İctimai Birliyinin həyata keçirdiyi “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda - Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Musa Muradlı qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyac böyükdür. Buna görə də həyata keçirilən layihənin ideyasına önəm verilib.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib. Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib. Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışan ekoloq Xosrov Musayev bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı, torpağın da mikroorqanizmilərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatının tətbiqi ilə isə ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyatlarını qorumaq, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Arif Behbudov çıxışında layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Fermerlərin maarifləndirilməsi baxımından belə seminarların keçirilməsinə ehtiyac duyulduğunu vurğulayıb. Layihənin komanda heyətinə uğurlar arzulayıb.
Tərtərli fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehsalı barədə müzakirələrdə fəallıq nümayiş etdiriblər.
Çıxışlardan sonra seminarın gündəliyinə uyğun olaraq çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!