Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
21-02-2026, 10:48
Ana dilimizin qorunması milli kimliyimizin qarantıdır

Yeganə Qəhrəmanova

ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru

Ana dilimizin qorunması

milli kimliyimizin qarantıdır


Milli mənsubiyyətimizi, tarix və mədəniyyətimizi təmsil edən ana dilimiz tarixən öz inkişaf tempinə, milli köklərini qoruyub saxlamasına, ifadə imkanlarının genişliyinə və qədimliyinə görə seçilən dillər sırasındadır. Dilimizin qədimliyini ortaya qoyan çoxsaylı dəlillər və aparılan elmi araşdırmalar göstərir ki, xalqımızın tarixən zəngin və ahəngdar şifahi dili ilə yanaşı, özünəməxsus yazı sisteminə malik olan, əhatə dairəsinin genişliyi ilə fərqlənən dili olub. Qədim dövr tarixi araşdırmaçısı Bəxtiyar Aydın göstərir ki, “Dünyada ilk Turan imperiyası Azərbaycanda qurulmuşdur və böyük bir konfederasiya şəklində idi, quranlar da Saklar idi. Sak türk dövləti e.ə 665-ci illərdə Azərbaycanda qurulsa da, sərhədləri Tunaya, Anadoluya, Trakyaya, az qala Fələstinə və Misirə qədər uzanırdı. Herodotun yazdığına görə e.ə. 625-ci ilə qədər Saklar bütün Anadoluya hakim idi və bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı. Əlifbanı, yazını, pulu ilk istifadə edən türklər Saklar olub. İlk Türk əlifbası isə Sak əlifbasıdır.Törəni yazılı hala salan ilk türklər Saklar olub”.
Böyük türkoloq Firudin Ağasıoğlu yazır ki, "Bizim ən qüdrətli dövlətlərimizdən biri də Saka (İşquz) dövləti olub (e.ə VII-V əsrlər), amma heç kim bu barədə danışmaq istəmir. Halbuki Herodot yazırdı ki, bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı. "Kitabi-Dədə-Qorqud" dastanında belə yazılır ki, Dış Oğuzlularla İç Oğuzlular birləşib qalın (böyük) Oğuz Elini (Dövlətini) qurdular. Bu dövlət həmin dövlətdir. İşquz çarlığının ərazisi Güney Qafqazdan Urmiyə gölünə qədər uzanırdı".
Sözsüz ki, dilimizi qorumaq, ilk növbədə, onun qədim tarixinə, zəngin keçmişinə sahib çıxmaq deməkdir. Çünki ana dilinin qorunması milli kimliyin formalaşmasına birbaşa təsir göstərən amillərdəndir. Dil hər bir xalqın milli kimliyini xarakterizə edən, onu var edən, millət səviyyəsinə yüksəldən sütunlardan biri olduğu üçün hər bir millətin ruhu, dünyagörüşü, düşüncə tərzi, milli-mənəvi dəyərləri ana dili vasitəsilə ifadə olunur, ana dili vasitəsilə qorunur və nəsildən nəslə ötürülür. Bu mənada dil milli kimliyin, milli yaddaş və dövlətçiliyin qoruyucusudur. Dil xalqın tarixini özündə yaşadan, eyni milli kimlik daşıyıcılarını birləşdirən ən güclü milli-mənəvi dəyərdir. Unutmayaq ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 80 milyondan artıq Azərbaycan türkünü birləşdirən əsas amillərdən birincisi məhz ana dilimizdir. Ona görə ana dilimizi dövlət dili səviyyəsinə qaldıran, qılıncı və qələmi ilə bu dilin keşiyində duran Şah İsmayıl Xətayi, haqlı olaraq, yazırdı ki, “Ey türk övladları, bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin, onları qoruyun, sonrakı nəsillərə çatdırın!”

Ümummilli lider H.Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyildiyi kimi, “Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur”. Təbii ki, yaranmış şəraitdən istifadə edərək indiyə qədər dilçiliyimizdə kök salmış bir sıra yanlış və təhrif olunmuş məsələlərin düzgün şəkildə araşdırılması, Azərbaycan dilinin mənşəyi, eləcə də türk dilləri içərisində rolu və mövqeyi məsələsinin aydınlaşdırılması kimi əhəmiyyətli mövzular hər birimizdən gərgin əmək, ciddi səy və milli ruh tələb edir.
Bu gün bir tədqiqatçı kimi qarşımızda duran əsas işlərdən biri də hələ neçə-neçə yüzillər bundan əvvəl Avropa alimlərinin tədqiqatlarında dilimizin qədimliyi, əhatə dairəsinin genişliyi haqqında fikirləri əks etdirən çoxsaylı mənbələrini üzə çıxarmaq, o mənbələrdə ifadə olunan həqiqətləri geniş kütlələrə və dünya elminə təqdim etməkdir.
Son vaxtlara ilk elmi qrammatikamızın banisi sayılan M.Kazımbəydən (XIX əsr) xeyli əvvəl türk-Azərbaycan dilinə dair tədqiqatlar aparmış F.Arcenti (1533), P.Ferraquto (1611), G.Miqiza (1612), eləcə də Pietro della Valle (1620) və onlarca digər Qərb dilçilərinin adlarının ortaya çıxarılması dilimizin uzun müddətdən bəri Avropa alimlərinin diqqətini cəlb etdiyini göstərir. Məşhur italyan səyyah və ədib Pietro della Vallenin 1620-ci ildə qələmə aldığı "Türk dilinin qrammatikası" (Azərbaycan dilinin orijinal qrammatikası) adlı əsəri bu araşdırmalar içərisində xüsusi yer tutur.
Dəyərli elmi tədqiqatları ilə diqqəti cəlb edən alim Zaur Əliyev 1882-ci ildə Vyanada nəşr edilən, Bavariya Dövlət Kitabxanasının Şərq kolleksiyasında saxlanılan, müəllifi Vyanada İmperator Elmlər Akademiyasının həqiqi üzvü və professor Fridrix Müller olan “Dilçilik Elminin Əsasları” adlı kitabını oxuculara təqdim edirək yazır: “Kitabın əhəmiyyəti ondadır ki, XIX əsrin sonlarında Avropa elmi artıq "Azərbaycanlı" və "Azərbaycan dili" anlayışlarını müstəqil bir etnik və linqvistik vahid kimi qəbul edirdi. Bəzi digər mənbələrin hamını "Tatar" adlandırdığı bir dövrdə, Müllerin bu cür dəqiq təsnifat verməsi elmi baxımdan böyük addım idi. Yəni o, xalqı ümumi "Tatar" dumanından çıxarıb, konkret Azərbaycanlı kimliyi ilə təqdim edir”.
Alim göstərir ki, “Fridrix Müller bu kitabda Azərbaycanı sadəcə bir coğrafi ad deyil, "mədəniyyətlərin kəsişmə nöqtəsi və dilin hakim olduğu bir mərkəz" kimi qələmə verir, eyni zamanda Azərbaycan türklərinin yaşadığı ərazilərin sadəcə indiki Azərbaycan Respublikası ilə məhdudlaşmadığı, həmçinin Cənubi Azərbaycan və Dağıstanın bəzi hissələrini əhatə etdiyi qeyd olunur. Onun fikrincə, Azərbaycanlılar daha çox oturaq, mədəni və şəhərli bir cəmiyyət quruluşuna malikdirlər, halbuki Mərkəzi Asiya türkləri o dövrdə hələ də daha çox köçəri həyat tərzini qoruyub saxlayırdılar.Ona görə bura yüksək dil mədəniyyətinə malik, böyük bir coğrafiyaya hökm edən və özünəməxsus etnik kimliyi olan bir ölkədir. Azərbaycan türkcəsi sadəcə bu xalqın öz daxilində danışdığı dil deyil, həm də Qafqazda və İranın şimalında müxtəlif xalqlar arasında ortaq ünsiyyət vasitəsidir”.
Göründüyü kimi, dilimiz həm də xalqımızın etnik kimliyini dünyaya təqdim etdirən, onu “mədəniyyətlərin kəsişmə nöqtəsi və dilin hakim olduğu bir mərkəz” kimi tanıtdıran milli varlığımızdır və bu milli-mənəvi dəyərimizi qorumaq bizim hər birimizin vicdan və vətəndaşlıq borcudur. Bu gün biz öz dilimizi, milli-mənəvi dəyərlərimizi qorumaqda daha məsuliyyətli və diqqətli olmalıyıq. Çünki qloballaşmanın gətirdiyi nailiyyətlərlə bərabər mədəniyyətlərin qarışması, milli dəyərlərin itməsi kimi təhlükələrinin də olduğu hamıya məlumdur. İnternet şəbəkəsinin genişləndiyi, rəqəmsal vasitələrin günbəgün inkişaf etdiyi şəraitdə, ilk növbədə, təsirə məruz qalan, təhlükə ilə üzləşən milli-mənəvi dəyərlərdir ki, bunların da başında dil dayanır. Başqa sözlə desək, mədəni eyniləşmə dövründə yerli xalqlar və milli dillər yox olma təhlükəsi ilə üz-üzə dura bilər. Çünki qloballaşma yad dillərin və mədəniyyətlərin təsirinə düşmək, milli yaddaşdan uzaqlaşmaq baxımından ciddi təhlükə mənbəyidir. Bu isə təkcə bir dilin deyil, onun təmsil etdiyi millətin və dövlətçiliyin də təhlükə altına düşməsi deməkdir. Ona görə də hər bir millətin qloballaşma dövründə öz milli dilini bu təhlükədən qorumaq üçün ciddi strateji dövlət proqramı olmalıdır. Bu baxımdan ölkəmiz müstəqillik əldə etdikdən sonra ana dilimizin qorunması uğrunda bir sıra mühüm addımların atılması təqdirəlayiqdir. Xüsusilə Ümummilli Liderimizin dövlət dilimizin qorunması və inkişafı istiqamətdə atdığı addımlar, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının bu yöndə ardıcıl siyasəti, qəbul olunmuş çoxsaylı fərmanlar, ölkəmizdə bu istiqamətdə vahid dövlət proqramının mövcud olması gözlənilən təhlükənin qarşısını almağa imkan yaradır. Elə Prezident İlham Əliyevin son çıxış və müsahibələrində bu məsələyə xüsusi yer ayrılması, qətiyyətli mövqe nümayiş etdirməsi də bu istiqamətdə görülən işlərin intensivliyindən xəbər verir. Bizim isə hər birimizin ziyalı və vətəndaş olaraq üzərimizə düşən vəzifələrdən biri dilimizi yad sözlərin təsirindən qorumaq, onu korlamasına imkan verməməkdir. Təbii ki, tarixən hər bir dilin digər dillərlə əlaqəsi olmuş, bir dil digərinə söz vermiş, digər dildən söz almışdır. Lakin bu proses o zaman əhəmiyyətli xarakter daşımış, dilin tənəzzülünə deyil, inkişafına təkan vermişdir ki, bu proses tamamilə təbii şəraitdə həyata keçirilmişdir. Yəni başqa dillərdən yalnız ehtiyac olduğu halda sözlər alınmış, zərurət ortaya çıxmadıqca dilin öz vahidləri fikrin ifadəsində əsas yer tutmuşdur. Təəssüflər olsun ki, müasir qloballaşma şəraitində dilimizə yad sözlərin lüzumsuz şəkildə daxil olmasına tez-tez rast gəlirik. Xüsusilə gənc nəslin dilində yersiz alınmalar, qeyri-normal ixtisar formaları, yad vahidlər tez-tez işlənilir ki, bu da bir ziyalı kimi şəxsən məni narahat edir. Məsələnin ciddiyyətini dərk edən cənab Prezidentimiz çox doğru vurğulayır ki, əcnəbi sözlərin lüzumsuz olaraq dilimizə gətirilməsi, qarışıq ifadələrin işlədilməsi dilin strukturunu zədələyir. Dilimizin qədim və zəngin dil olduğunu vurğulayan ustad Şəhriyar təsadüfi demirdi ki, “Türkün dilitək sevgili, istəkli dil olmaz, Özgə dilə qatsan, bu əsil dil əsil olmaz”.
Dilin inkişafı ilə onun saflığı arasında tarazlığı qorumaq üçün dilə göstərilən yad təsirlərin zərərsizləşdirilməsinə nail olmaq vacibdir. Azərbaycanın dövlət ideologiyası məhz dil, milli ənənə və tarixi köklər üzərində qurulduğundan milli dəyərlər sistemimizə sahib çıxmaq hər birimizdən ciddi məsuliyyət tələb edir. Bu gün Azərbaycan ailələri üçün ən mühüm məsələ övladlarının ana dilli məktəblərdə orta təhsil almasıdır. Hər bir uşağın milli-mənəvi dəyərlərə, millik kimliyinə, dilinə və dövlətinə bağlı şəxsiyyət kimi yetişdirilməsi üçün ibtidai və orta təhsili doğma dilində alması cox ciddi məsələdir. Təəssüflər olsun ki, hələ də bir çox ailələrimizdə övladlarımız rus və digər xarici dillərdə orta təhsil alır. Təbii ki, ölkə prezidentimizin qeyd etdiyi kimi, hər bir gəncin xarici dilləri bilməsi gələcək inkişaf baxımından strateji əhəmiyyətə malik məsələdir. Lakin xarici dilləri bilmək orta təhsilin yad dillərdə alınması hesabına olmamalı, hər bir şəxs ana dilini mükəmməl bilməklə xarici dilləri də öyrənməyə səy göstərilməlidir. Güman edirəm ki, ana dilinə ögey münasibətin qarşısını almaq üçün dövlət qulluğuna və digər müəssisələrə işə qəbul zamanı bu yöndə tələblər bir qədər də sərtləşdirilməli, hər bir vətəndaşın öz ana dilini mükəmməl şəkildə bilməsi prioritet məsələ hesab edilməlidir. Bu halda dövlətçiliyimizin əsasını təşkil edən “Güclü dövlət - milli ruh” ideologiyamız tam şəkildə reallaşmış olacaq.
13-02-2026, 14:59
Dərsdən kənarda formalaşan şəxsiyyətlər

Məktəbin görünməyən gücü:

Dərsdən kənarda

formalaşan şəxsiyyətlər


Məktəbdə hər şey dərs zamanı ilə ölçülmür. Bəzən şagirdin potensialı qiymət cədvəllərində yox, dərsdən sonrakı saatlarda üzə çıxır. Sinifdə arxa partada sakit oturan bir uşaq səhnədə özünü inamla ifadə edə, idman meydanında komandanı arxasınca apara, sosial layihədə məsuliyyət götürə bilər. Məhz bu anlarda biz şagirdi fərqli tərəfdən tanımağa başlayırıq.
Bu gün “məktəbdənkənar fəaliyyətlər” dediyimiz anlayış əslində daha geniş məna daşıyır. Bu, sadəcə dərnək və məşğələ deyil. Bu, sinifdənkənar inkişaf və özünüifadə mühitidir. İdmanla yanaşı incəsənət, musiqi, teatr və natiqlik klubları, elmi-tədqiqat və texnologiya yönümlü layihələr, sosial və ekoloji təşəbbüslər, intellektual oyunlar, icma ilə əməkdaşlıq proqramları– bütün bunlar şagirdin fərqli bacarıqlarını üzə çıxaran sahələrdir. Bu mühitlərdə uşaq yalnız öyrənmir, özünü tanıyır. Ünsiyyət qurmağı, komandada işləməyi, məsuliyyət daşımağı, liderlik etməyi, fikrini ifadə etməyi öyrənir. Bunlar nə testlə ölçülür, nə də bir dərsin içində tam formalaşır, amma həyat üçün ən vacib bacarıqlar məhz bunlardır.
Şagirdyönümlü yanaşma burada öz mahiyyətini göstərir. Hər uşaq eyni sahədə uğurlu ola bilməz, lakin hər uşağın güclü olduğu bir istiqamət vardır. Məktəbin vəzifəsi bu istiqamətləri təyin etmək, şagirdə seçim imkanı yaratmaqdır. Uşaq maraq göstərdiyi sahədə iştirak etdikdə, həmin fəaliyyət onun üçün məcburiyyət yox, inkişaf fürsətinə çevrilir. Bu prosesdə valideynlərin rolu isə çox vaxt yetərincə vurğulanmır. Valideynlər bəzən məktdənkənar inkişafı düzgün qiymətləndirmir, diqqəti yalnız akademik nəticələrə yönəldirlər. Halbuki bu fəaliyyətlər uşağın şəxsiyyət kimi formalaşmasının əsas mərhələlərindən biridir. Valideyn uşağın marağını görməli, onu dinləməli və bu seçimə hörmət etməlidir. Uşağı yalnız “faydalı görünən” sahələrə deyil, özünü rahat hiss etdiyi istiqamətlərə yönəltmək uzunmüddətli inkişaf üçün daha sağlam yanaşmadır. Təhsil müəssisələri və valideynlər bu məsələdə ayrı-ayrı tərəflər deyil. Müəssisə imkan yaradırsa, valideyn təşviq etməli, məktəb müşahidə edirsə, valideyn dəstəkləməlidir. Bu əməkdaşlıq olduqda şagird özünü tək hiss etmir, seçimini daha cəsarətlə edir.
Məktəbdənkənar inkişaf mühitinin gücü ondadır ki, burada uşaq səhv etməkdən qorxmur, çəkinmir. Burada o, nəticəyə yox, prosesə fokuslanır. Məhz bu proses onun özgüvənini artırır, məktəblə münasibətini möhkəmləndirir və gələcək seçimlərinə işıq tutur.
Bu gün məktəbin gücü yalnız akademik göstəricilərlə ölçülmür. Məktəbin gücü şagirdin sinifdən kənarda da inkişaf edə bilməsi, valideynin bu inkişafı anlaması və dəstəkləməsi ilə ölçülür.
Unutmayaq ki, şagirdi müstəqil şəxs kimi bir bütöv olaraq görən ailə və məktəb, cəmiyyət üçün daha faydalı, hazırlıqlı fərdlər yetişdirir.

Günay Qurbanova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri

22-10-2025, 17:48
Əcnəbi tələbələrlə   "Miqrasiya qaydaları"  mövzusunda tədbir keçirilib.


Əcnəbi tələbələrlə

"Miqrasiya qaydaları"

mövzusunda tədbir

keçirilib.



Azərbaycan Texniki Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsinin yekun tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Universitetin Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov tədbir iştirakçılarını rəhbərlik adından salamladı, dövlətimizin təhsilə qayğısından və Universitetdə tələbələr üçün yaradılan şəraitdən danışdı. Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ali məktəblərdə əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətini vurğuladı.

Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, layihənin məqsədi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və digər dövlət qurumlarının gördükləri işlər və ictimai təşkilatların bu sahədə dövlət qurumları ilə əməkdaşlığı barədə ətraflı danışdı. DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, mövcud miqrasiya qaydaları haqqında geniş məlumat verdi.
Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar, Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Tural Kərimov, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev tərəfindən ətraflı cavablandırıldı. Miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı maddələrinə dair izahatlar verildi.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Cavanşir Həsənov əcnəbi tələbələrin qeydiyyat, təhsil prosesləri və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan bəhs etdilər.
Çıxış edən iştirakçılar, tədbirin keçirilməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Miqrasiya Xidməti və Azərbaycan Texniki Universitetinin rəhbərliklərinə minnətdarlıqlarını bildirdilər.


17-10-2025, 11:30
Bərdədə maarifləndirici tədbir keçirilib


Bərdədə maarifləndirici

tədbir keçirilib
- FOTOLAR

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq növbəti tədbirini Bərdə Şəhər 3 saylı tam orta məktəbdə keçirib.

QHT sədri Könül Quliyeva əvvəlcə layihə mövzusu, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı tədbir iştirakçılarına qısa məlumat verib. O, qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. K.Quliyeva vurğulayıb ki, gənclərin sağlamlığının qorunmasına yalnız bədən tərbiyəsi və idmanın təbliğ edilməsi ilə deyil, həm də maarifləndirmə işinin təkmilləşdirilməsi ilə nail olmaq olar.

QHT sədri yeniyetmə və gənclərin pis vərdişlərini təkcə onlar üçün deyil, bütün cəmiyyət üçün böyük bəlaya çevrildiyini qeyd edərək onları sağlam həyata səsləyib:
"Bu gün narkomaniya gənclərimiz üçün bir bəlaya çevrilib. Rəsmi statistikaya görə, bu gün ölkədə 40 minə yaxın narkotik istifadəçisi var ki, onların da əksəriyyəti gənclərdir. Narkomaniya artıq məktəb və universitetlərə üz tutub, biz narkomanlarla hətta nəqliyyatda və digər xidmət sahələrində üzləşirik. Əlbəttə, kütləvi hal almış bu bəlanın qarşısını almaq çox çətindir. Amma mümkündür. Bu sahədə maarifləndirmə işini genişləndirməli və təkmilləşdirməliyik. Narkomaniyaya qarşı mübarizə yalnız xəbər formatlı televiziya proqramlarında bu mövzuda kriminal xəbərlər təqdim etməklə məhdudlaşmamalıdır. Layihənin məqsədi dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində daha təsirli üsullardan istifadə etmək, maarifləndirmə işini məzmunlu və mənalı təşkil etməkdir. Biz hamımız sağlam gəncliyin yetişməsində səylərimizi birləşdirməliyik".

QHT sədri onu da vurğulayıb ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Daha sonra Bərdə Şəhər 3 saylı tam orta məktəbin direktoru Elgün Qocamanov, Bərdə Şəhər İcra hakimiyyətin məsul əməkdaşı Leyla Mehdiyeva mövzu ilə bağlı çıxış edərək fikirlərini söyləyiblər.
Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova isə “Sağlam ailə-məktəb münasibətləri sağlam həyat tərzinin mühüm amili kimi” mövzusunda tədbir iştirakçılarını maarifləndirib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.



16-10-2025, 19:33
Odlar Yurdu Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları"adlı tədbir keçirilib

Odlar Yurdu Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları"adlı tədbir keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı,"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin təşkilatçılığı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları,tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində keçirilən tədbirdə ilk çıxış edən Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor Fəxrəddin Məmmədov, tədbir iştirakçılarını universitet rəhbərliyi adından salamladı, universitetdə tələbələr üçün yaradılan şəraitdən danışdı və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğunu qeyd etdi.

Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, universitetlərimizdə təhsil almaq üçün gələn xarici ölkə vətəndaşlarının sayının ildən-ilə artdığını dedi, bu sahədə ali məktəblərin və aidiyyatı dövlət qurumlarının birgə atdıqları addımlardan,əcnəbi tələbələrin ölkəmizdə tibbi xidmətlərdən istifadə imkanlarından ətraflı bəhs etdi və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Odlar Yurdu Universitetinin rəhbərliklərinə minnətdarlıqlarını bildirdi.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, mövcud miqrasiya qaydaları və hüquqpozmalar barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar, Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin inspektoru Müşfiq Ramazanov və Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev tərəfindən ətraflı cavablandırıldı və izahatlar verildi.

Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri
8-10-2025, 21:30
Hüquqşünas Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb


Hüquqşünas Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb.

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı işıq üzü görmüşdür.
QHT.az xəbər verir ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktor, dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorlar Cəsarət Hüseynzadə, Telman İbrahimov, rəyçilər ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Calalova, həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.
Kitab Prezident kitabxanasının saytında yer alıb (https://www.ebooks.az/az/book/GlqonhT) bu barədə hüquqşünas Səməd Vəkilov məlumat verib.
Qeyd edək ki, “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabında 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya tarixi və hüquqi kontekstdə dəyərləndirilmişdir. O, cümlədən deportasiyaya məruz qalmış əhali qrupunun Salyan ərazisində Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolustü və.s. kəndlərdə məskunlaşdırılması ilə bağlı yaşanan ağır şərait, sürgün aktına məruz qalmış icmanın şəxsi hekayələri və bioqrafik məlumatları da yer almışdır.
19-09-2025, 18:54
SƏNİN TƏK MÜƏLLİMLƏR AZDI DÜNYADA


SƏNİN TƏK MÜƏLLİMLƏR AZDI DÜNYADA

Sənsən can sirdaşı, könül həmdəmi,
Yox etdin ürəkdən kədəri, qəmi.
Dolan bu dünyanı, gəz bu aləmi,
Böyük hörmətin var eldə, obada,
Sənin tək müəllimlər azdı dünyada.


- Səftər müəllimi tanıyırsınız?
- Bu sualla müraciət edən kimi çoxlarının qəlbində mürgülü xatirələr oyandı. Həmin adamlar ötən günləri, məktəb illərini, həyata açılan pəncərədən baxdıqları çağları xatırladılar. Bütün bunların əvəzində isə eşitdiyim bu sözlər oldu: " Yaxşı müəllim, xeyirxah insandır."
Müəllimi çox zaman yanıb gilə- gilə əriyən şama bənzədirlər və düz də bənzədirlər. Milli mətbuatımızın banisi, böyük Azərbaycanlı Həsən bəy Zərdabi də bu yanğını görmüş, duymuş, insan qəlbinə ehtiram, məhəbbət əlaməti olaraq yazmışdır:
"Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: "Müəllimlik". Dostumuz Səftər Dadaşov da bu peşəni seçib. "Seçmək" sözü nədənsə mənə çox asan, ucuz gəlir. Əslində isə Səftər müəllimə bu sənət alın yazısı ilə qismət olub. Gözəgörünməz bir qüvvə onu V. İ. Lenin adına APİ-nin filologiya fakültəsinə gətirib. Doğrudur, o bu yolda çox əziyyətlər görmüşdü. Lakin bir dəfə də olsun alnını qırışdırmamış, qismətindən gileylənməmişdi. Ömrü boyu öyünüb, sevinib, başı uca gəzərək, "mən müəlliməm "- deyib. Elə inndi də bu sözlər onun dilinin əzbəridir.
Səftər müəllimin fikrincə, "müəllim aynadır, şagird ona baxıb özünü düzəldir və həmişə müəllimi ilə öyünür. "Səftər müəllimin belə düşünməyə, bu qənaətə gəlməsinə həm mənəvi, həm də hüquqi ixtiyarı var, niyə? Çünki əlinə jurnal alıb sinfə girən gündən bir dəfə də olsun könülsüz, həvəssiz olmayıb. Ən böyük amalı, arzusu bu olub ki, gələcəyimiz olan gənclər hərtərəfli, mükəmməl bilik alsınlar, dünya görüşləri geniş, zəngin olsun. Şagirdləri Səftər müəllimi görəndə sanırlar ki, sinifləri işıqlanır, istiləşir. Böyük diqqətlə ona qulaq asırlar, dediklərini eşidir, tapşırıqlarını həvəslə, maraqla yerinə yetirirlər...
Səftər Dadaşov 1961-ci ildə Yardımlı rayonunun Ərsilə kəndində qulluqçu ailəsində dünyaya göz açıb. Həmin kənddə də orta məktəbi bitirib. Sonra iki il Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurub qayıdan Səftər ali təhsil almaq məqsədilə Bakı şəhərinə gəlib. Sənədlərini indiki ADPU-nin filologiya fakültəsinə verib və həmin il (1983) tələbə adını qazanıb. Beləliklə, Səftər müəllim çoxdan arzusunda olduğu Azərbaycan dili və ədəbiyyat müəllimi kimi 1988-ci ildə Ərsilə kənd məktəbində əmək fəaliyyətinə başlayıb. Artıq 42 ildir ki, uşaqların əhatəsindədir, onlara atalıq qayğısı göstərir.
Rayon rəhbərliyi və təhsil şöbəsi Səftər müəllimin işgüzarlığını və təşkilatçılığını nəzərə alaraq onu çalışdığı məktəbə direktor təyin etmişlər. Artıq 21 ildir ki, o kollektivə rəhbərlik edir. Axı, Səftər müəllim Mürsəl Həkimov, Nizami Xudiyev, Həsən Mirzəyev, Qəzənfər Kazımov, İsmayıl Şıxlı, Xeyrulla Məmmədov kimi məşhur professorlardan dərs alıb.
Səftər müəllimin necə tələbkar, obyektiv, büllur kimi saf olduğunu onu tanıyanlar, dərs dediyi şagirdlər hörmətlə xatırlayır, onun insanlığını yüksək qiymətləndirirlər.
Əliyev Güloğlan, Keçmiş məktəb direktoru:
- Səftər müəllim mən direktor işləyəndə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirdi. O, Mirzə Fətəlini, Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri elə həvəslə, elə maraqla tədris və təbliğ edirdi ki, ömrümün bu çağında, dönüb arxaya baxanda özümdən asılı olmayaraq o müqəddəs insanın fədakarlığına minnətdar, borclu olduğumu dönə - dönə xatırlayıram. Səftər müəllimi el-obada sevdirən, əsas cəhətlərdən ən başlıcası bu idi ki, o şagirdlərin sinifdə yüksək hazırlıqlı olmasına çalışırdı. Deyirdi ki, başdansovdu özül üstündə bərqərar olan bina dövrünün qasırğasına dözüm gətirə bilmədiyi kimi, ilk bazası olmayan şagirddən də gələcəkdə fərdi bir əməl gözləmək mənasızdır. Fəxr edirəm ki, Səftər müəllim kimi uşaqlarımıza elm öyrədən, təlim-tərbiyə verən müəllim yoldaşım var.

İllər ötüb keçdi. Vaxt, zaman göstərdi ki, Səftər müəllim möhkəm ailə bünövrəsi qurub. Xalq üçün, vətən üçün xeyirxah övladlar tərbiyə edib.
Qarayev Zakir- Ərslə tam orta məktəbinin kimya müəllimi:
- Hər bir xalqın, millətin, elin, obanın mərd, xeyirxah, hörmətli oğulları olub. O, hörmətli adamlar, mərd oğullar, kimlərəsə əl uzadır, maddi və mənəvi dayaq olurlar. Elinin - obasının sevimlisinə çevrilir. Mən də bir müəllim yoldaş kimi, fəxrlə deyirəm ki, elimizdə - obamızda hörmət qazanmış və mənim xatirəmdə, yaddaşımda əbədi yaşayacaq insanlardan biri də məktəbimizin direktoru Səftər müəllimdir. O, bir ziyalı kimi vətənini də, doğma yurdunu da, ailəsini də dostlarını da... dünyalar qədər sevir. Onun həyat fəaliyyəti bu gün hər birimiz üçün, xüsusilə də gənclər üçün örnəkdir.
Zakir müəllim onu da qeyd etdi ki, Səftər müəllimin rəhbərlik etdiyi müəllim kollektivi arasında möhkəm nizam -intizam, sağlam ab - hava, müəllim - şagird, məktəb - valideyin - şagird münasibətləri yüksək səviyyədədir.
Quliyeva Səbinə- Ərsilə kənd tam orta məktəbinin ingilis dili müəllimi:
- Mən bu kəndə bir neçə aydır ki, gəlmişəm. Məktəbin direktoru Səftər müəllimdən həmişə ata qayğısı görmüşəm. Çox gözəl insandı. Məktəbin olduqca gözəl kollektivi var.
Səftər müəllim gözlərim önündə canlananda fikirləşirəm: o, təbiəti etibarilə dünyaya müəllim biçimində gəlib. Gəncliyə sevgi, kollektivə hörmət, mənəvi saflıq, təvazökarlıq onun elə bil tale yazısıdır...
Səftər müəllim xoşbəxt taleli müəllimdir. Ürəyi, könlü Azərbaycan sevgisi ilə doludur. Sevinirəm ki, nə yaxşı belə bir kollektivlə çalışıram.
Səftər müəllim işıqlı, nurlu ziyalılarımızdan biridir.
…Bəli, Səftər Dadaşovun işinə və şagirdlərinə olan məhəbbəti özündə birləşdirən müəllimdir deməli, kamillik və ucalıq mərtəbəsinə yüksələn müəllimdir. Məhz onun kimi müəllimlər, onun kimi yaxşı adamlar, onun kimi işıqlı, nurlu ziyalılar Günəşdən, Aydan və ulduzlardan əzəmətli görünürlər.


Hüseyn İSAOĞLU,
AYB-nin və AJB-nin üzvü
15-09-2025, 16:28
“Uşaqların Gələcəyi Naminə”


“Uşaqların Gələcəyi Naminə”

“Uşaqlara diqqət və qayğımız gələcəyə ümidimiz qədər böyük olmalıdır” - QHT sədri
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva Bilik Günü münasibətilə paylaşım edərək uşaqlara göstərilən diqqət və qayğının milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, gələcəyimiz olan uşaqların müdafiəsi, onların problemlərinə həssas yanaşılması dövlət siyasətinin təməl prinsiplərindəndir:
“Onların sağlam və gümrah, savadlı və vətənpərvər böyümələri üçün bacardığımız şəraiti yaratmalıyıq. Uşaqlar həyatda ən böyük ümid bəslədiyimiz, ən çox sevdiyimiz varlıqlardır. Onların azad və müstəqil ölkədə xoşbəxt gələcəyini təmin etmək, sağlam və ağıllı, nəcib və ləyaqətli övlad, xalqına və dövlətinə sadiq vətəndaş kimi yetişdirmək hər birimizin borcudur.”
Könül Quliyeva uşaqlara olan diqqət və sevginin gələcəyimizə inamla birbaşa bağlı olduğunu qeyd edib:
“Uşaqlara diqqət və qayğımız gələcəyə ümidimiz qədər böyük, onlara sevgimiz qədər tükənməz olmalıdır. Bilik Gününüz mübarək olsun, əziz balalar!”

Pərvanə Fərhadqızı
29-08-2025, 12:06
Molla Əsgərdən qalma dini ədəbiyyat və əlyazmalar

Molla Əsgərdən qalma dini

ədəbiyyat və əlyazmalar


Dərləyəzin elmi-ədəbi mühitinin formalaşmasında ruhani institunun rolu danılmazdır. Sovetləşmə dönəmindən sonra bu təsisata qarşı aparılan repressiya mənəvi irsimizə böyük zərbə oldu. İnsanları din əlehinə təbliğata məcbur etməklə fundamental insan hüquqlarından olan vicdan azadlığı hüququnu tapdaq altına atdılar. Lakin bu repressiyadan dönməzliyi, möhkəm əqidəsi ilə çıxan bir çox din xadimlərimiz oldu. Bu gün belə şəxsiyyətlərdən biri haqqında Molla Əsgər haqqında söhbət açacağıq. Uşaqlıq yaddaşımda hazırcavablığı, məzəli zarafatları ilə qalan (haqqında İmirli kəndində məzəli əhvalatlar dolaşır) Molla Əsgər taleyin hökmü ilə bir müddət Bərdə rayonun İmirli kəndində yaşayıb və öz ruhani fəaliyyətini davam etdirib. Sovetlər dönəmində kənd məclislərində mollaları dolaşdırıb çətin duruma salmaq üçün onlara müxtəlif səpkili suallar verirdilər. Sonra isə mollaları savadsız yerinə qoyub gülürdülər. Dinsizlik mühitindən çıxmış insanlara bu çox adi gəlirdi. Belə məclislərdən birində Molla Əsgərə istehza ilə sual verən cavan oğlan söyləyir: “Əsgər baba Əzrayıl kişidi ya qadın?”. Molla Əsgər halını pozmadan deyir: “Darıxma bala yanına gələndə görəcəksən!”.
İki dəfə həbs edilməsinə baxmayaraq sarsılmaz əqidə sahibi, iman əhli olan Molla Əsgər öz dininə sadiq qalıb.

Dönməz əqidə sahibi olan Molla Əsgər kimdir? Əliyеv Əsgər Əli оğlu 1894-cü ildə Şərur-Dərləyəz qəzasının Cağazir kəndində аnаdаn оlub. Təqribən 1930-cu illərdə Şərur rаyоnunun Yuхаrı Yаycı kəndində mаğаzаsını işlədib. О illərdə həmin kənddə Mihəsən аdlı din adamından Qurаn dərsləri öyrənməyə bаşlаyıb. Bu müddət ərzində həm ərəb, həm də fаrs dillərini öyrənib və yахın ətrаf kəndlərdə mоllаlıq еtməyə bаşlаyıb. Dövrün şаhidlərinin bildirdiklərinə görə hər iki dili mükəmməl bilib və «Qurаn»ı cümlə-cümlə охumаqlа tərcümə еdib.

Bu fəаliyyəti Sоvеt hökumətinin yеrli nümаyəndələrinin nаrаhаtçılığınа səbəb оlur və оnа dəfələrlə хəbərdаrlıq еdirlər ki, Qurаn охumаqdаn və dini fəаliyyətdən əl çəksin. Mоllа Əsgər inаdındаn dönmür və nəhаyət həbs еdilir. 1942-ci ildə həbs еdilən Mоllа Əsgər Rusiyаnın Kuybışеv şəhərində yerləşən həbsxanaya göndərilir. 4 illdən sоnrа аmnistiyаyа düşən Molla Əsgər yenidən Cağazir kəndinə qаyıdır və yеnidən dini fəаliyyətlə məşğul оlmаğа bаşlаyır. 1947-ci-1948-ci illərdə ikinci dəfə həbs еdilir. Bu həbs zаmаnı isə əlində оlаn dini kitаblаrın çох hissəsi tоnqаldа yаndırılır. Kitаblаrın аz bir hissəsi gizlədmək mükün olur və övladları tərəfindən mühafizə edilərk bu günə kimi ailə arxivində saxlanılır.
İkinci həbsin аdını isə «Yеrli hökuməti sаymаmаq» аdı ilə «vətən dəyişikliyi» еdilir və 2,5 il müddətinə Çivə kəndinə gеdir və оrаdа (bаcаnаğı İbrаhimin yаnınа) аz müddət yаşаmаğа bаşlаyır. Növbəti хəbərdаrlıqdаn sоnrа Аğdаm rаyоnunun Mirəşelli kəndinə gеdir. Оrаdа əkinçiliklə, kоtаn sürməklə, bənnа işləməklə çörək pulu qаzаnmаğа çаlışır.1951-ci ildə аzərbаycаnlılаr Еrmənistаndаn dеpоrtаsiyа оlunаndа Çivə kənd cаmааtı dа yеrindən didərgin sаlınаrаq Bərdə rаyоnunun İmirli kəndinə köçürülürlər. Həmin vахtı Mоllа Əsgərin bаcаnаğı İbrаhim kişi Əsgərin qızı Püstəni və оğlu Məhəmmədi də özlərilə İmirli kəndinə gətirirlər.1951-1952-ci ildə Mоllа Əsgər də İmirliyə köçməklə оrаdа yаşаmаğа bаşlаyır. Sоnrаkı ildə isə аilənin digər üzvləri də (yоldаşı Kübrа, оğlu Qəşəm, qızı Fаtmа və Səkinə) İmirli kəndinə köçürlər və 1964-cü ilə qədər оrаdа yаşаyırlаr. Həmin müddət ərzində mоllа Əsgər öz pеşəsi üzrə dinlə məşğu оlmаğа bаşlаyır. Böyük оğlu Məhəmmədin də gözəl səsi оlduğu üçün İmirli kənd məscidində mərsiyə dеyirmiş. (Sоnrаdаn həkimlik sənətini sеçib). Molla Əsgər 1964-cü ildə, Mоskvаyа, SSRİ-nin Ədliyyə Nаzirliyinə mürаciət еdir ki, mən həbsdə оlmаqlа cəzаmı çəkmişəm, аmmа öz kəndimizdə yаşаmаğа imkаn vеrmirlər. Mоskvаdаn vеrilən cаvаbdа bildirilir ki, sən artıq cəzanı çəkmisən hаrаdа istəsən, yаşаyа bilərsən. 1964-cü ildə yеnidən Şərur rаyоnunun Cаğazir kəndinə qаyıdаn Mоllа Əsgər ömrünün sоnunаdək (1982-ci ilin mаy аyınаdək) оrаdа yаşаyır. Ömrünün sоnunаdək əlində оlаn dini kitаblаrı qоruyub sахlаyır. Övlаdlаrının və kənd cаmааtının bildirdiyinə görə hər zаmаn Qurаnın təbliğаtını vicdаnlа yеrinə yеtirib, hеç bir kаsıbın dəfnindən və yаsındаn pul ummаyıb və bildirib ki, bu Аllаh-təаlаnın bizim qаrşımızdа qоyduğu vəzifədir. Hər zаmаn kənd və qоnşu kəndlərin ziyаlılаrı, cаmааtı оndаn Qurаn охunmаsı və din haqqında öyrənmək üçün оnun еvinə yığışırlаrmış.

Оnu digər «mоllа»lаrdаn fərqləndirən digər bir хüsusiyyətidə İran dini rejimi haqqında tənqidi fikirləri olub. İranda din pərdəsi altında həyata keçirilən siyasətin İslama heç bir adiyyatı olmaması fikrini bildirirmiş.
Molla Əsgərin ocağında qorunub saxlanan kitabların və özünün əlyazmalarının mütəxəssis tədqiqatına ehtiyacı var. Bu həm Şərur-Dərələyəz elmi-ədəbi mühitinin öyrənilməsi həm də o dövrün ictimayi-siyasi hadisələrinə daha dolğun qiymət verilməsi baxımından çox zəruridir.

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov
4-08-2025, 18:18
Xalqın kisəsindən getmək...

Elçin Əfəndiyev xalqın kisəsindən getdi. İndi mən "...Elçin Əfəndiyevin itkisi bütöv bir millətin kədər faktıdır", deyən Ustad müəllimimin acısını çox yaxşı anlayıram. Prof. Cahangir Məmmədli bizlərə altmışıncılar nəsrindən doğan əxlaqı, insani keyfiyyətləri, bəşəri duyğuları, millət sevgisini, Vətənə bağlılığı aşılayır, sevdirir və öyrədirdi. Bu məqam kənardan bəsit görünsə də, fəqət kompüter dövrünün gənclərinə müasir klassiklərimizi, onların nəsrini, nəzmini tanıtdırmaq heç də asan iş deyildi. Deyərdim, yüksək ləyaqət məsələsi idi.

Xalqın kisəsindən getmək...

Bir də bu gün ədəbiyyatımızın Qorqud Atası - Anarın kədərinin izharına çevrilən fikirlərinə dərindən sarsıldım: "...Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim".

Tələbəykən mütamadi olaraq Ustad müəllimimgilə baş çəkər, o xudmani hücrəsində yaratdığı kiçik və səliqəli kitab rəfinin ən başındaca Elçin Əfəndiyevin cild-cild, Yazıçı Anarın bir-birindən qiymətli əsərlərini görürdüm. Ötən aylarda müəllimlərimizlə birgə Ustad müəllimimiz Cahangir Məmmədlinin kənddəki kiçik bağına yığışdıq. O əsnada müəllimim məni özünün yazı otağına dəvət elədi. Burada da Elçin Əfəndiyevin, Anarın kitabları ən yuxarıdaca dayanmışdı. Həmin kitablardan aşağıda Cahangir Məmmədlinin bu yaxınlarda çapdan çıxan "Altmışıncılar nəsrinin poetikası" adlı monoqrafiyasında yaradıcılıqlarının parlaq dönəmlərini yaşayan altmışıncılar birlikdə xoşbəxt və diri görünürdülər...

Əsgər İsmayılov
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!