8-02-2023, 18:32
İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdiİran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib: "Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir". İranlı diplomat daha sonra əlavə edib: “İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra diplomatik korpusun əməkdaşları Bakıya təxliyə edilib. Səfirliyə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirərək, olayın hərtərəfli araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.
8-02-2023, 18:24
Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayırFransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Avropa İttifaqı (Aİ) missiyasının tərkibində jandarmlar göndərəcək. Bu barədə fransalı deputat Natali Loiseau bildirib. Avropa Parlamentinin üzvünün sözlərinə görə, Avropa İttifaqı çox uzun müddət münaqişədən uzaq qaldı. “İndi Avropa İttifaqı daha çox iş görməlidir”. Qeyd edək ki, Avropa İttifaqı bir müddət öncə Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
8-02-2023, 18:20
Bəzi məhsullar gömrük rüsumundan azad edildiBəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilmişdir.
8-02-2023, 18:13
Prezident şəxsiyyət vəsiqələrinin verilməsiylə bağlı dəyişikliyi təsdiqlədiPrezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə olunur:“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir”.
8-02-2023, 18:10
“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik təsdiqləndiPrezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Sənədə əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 10.3-1-ci maddə əlavə edilir: “10.3-1. Müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.
8-02-2023, 17:44
Evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcəkTürkiyənin zəlzələ bölgəsində evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcək. Bunu Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Dövlət qurumları iş başındadır. İlk günlər bəzi çətinliklər yaşamışdıq, amma hazırda vəziyyət nəzarət altındadır. Antalya, Alanya, Mersindəki otellərlə danışıqlar aparılıb. İstəyən vətəndaşlarımızı ora yerləşdirəcəyik", - deyə Prezident vurğulayıb.
8-02-2023, 17:39
Zəlzələ qurbanı olan hər ailəyə 10 min lirə veriləcəkTürkiyədə zəlzələdən zərərçəkən hər ailəyə 10 min lirə veriləcək. Bunu Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zəlzələ zamanı əziyyət çəkən ailələrə ilkin olaraq 10 min lirə veriləcək. İnşallah, bu rəqəm onların təlabatını qarşılayacaq. Bu gün birlik olmaq vaxtıdır, provakasiyalara uymaq olmaz", - deyə Ərdoğan bildirib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 8574 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 49 133 nəfərdir.
8-02-2023, 17:24
Minimum əmək pensiyası 280 manat müəyyənləşdi
Prezident İlham Əliyev Azərbaycanda minimum əmək pensiyasının məbləğinin 280 manat olmasını təsdiqləyib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb. Belə ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb. Qanun fevralın 1-dən qüvvəyə minib. Qeyd edək ki, artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.
8-02-2023, 17:20
Moskva ilə münasibətlərdə böhran yoxdur - Mirzoyan"Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında müsbət rol oynaya bilər". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib. "Bütün problemləri həll etməyin bir yolu var - dinc danışıqlar", - deyə o bildirib. "Moskva ilə münasibətlərdə böhran yoxdur. Bunu böhran adlandırmaq, yəqin ki, çox şişirdilmişdir. Biz rusiyalı həmkarlarımızla daim təmasdayıq. Biz gündəliyimizdəki razılığın olub-olmadığı bütün məsələləri müzakirə edirik. Bəzi məsələlərdə, o cümlədən KTMT-nin fəaliyyəti və siyasi qiymətlərlə bağlı fikir ayrılıqları var, lakin onlar ictimai müstəvidə ifadə olunur", - deyə Mirzoyan əlavə edib.
8-02-2023, 17:16
Bakıyla bəzi məsələlərdə mövqeyimizi yaxınlaşdırmışıq - Mirzoyan"İrəvan və Bakı bəzi məsələlərdə mövqeləri yaxınlaşdıra bilib". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib. "Təxminən 10-15 gün əvvəl İrəvan Ermənistan tərəfinin təkliflərinə Azərbaycandan növbəti cavab alıb. Məzmununu açıqlamayacağam, çünki söhbət təfərrüatlardan gedir və siyasi nöqteyi-nəzərdən bunu etmək yersizdir. Ermənistan tərəfinin bu prosesdə özünün fundamental məsələləri var. Müzakirələr başa çatdıqdan sonra biz bunu açıqlayacağıq", - deyə Mirzoyan söyləyib. "Biz Moskva görüşünü ləğv etməmişik, təxirə salmışıq. Təxirə salınan görüş münasib vaxtda baş tutacaq", - deyə erməni nazir əlavə edib. Qeyd edək ki, dekabrın 22-də İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.