12-02-2023, 19:08
Hatay hava limanındakı fəsadlar aradan qaldırıldıTürkiyənin Antakya vilayətində yerləşən Hatay hava limanında zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılıb. Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılan təmir-bərpa işləri ilə aeroport uçuşlar üçün tam hazırdır və işlək vəziyyətə gətirilib. Qeyd edək ki, Hatay hava limanının zəlzələ nəticəsində uçuş-enmə zolağı tamamilə dağılmışdı. Bu, bölgəyə hava yolu ilə yardımların daşınmasında və xilasedicilərin cəlb olunmasında çətinliklər yaradırdı.
12-02-2023, 19:01
Zəlzələ qurbanlarının sayı 30 minə çatırTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Həmçinin 147 934 nəfərin təxliyə edildiyi bildirilib.
12-02-2023, 18:58
Türkiyədə 18 nəfərin yaralanmasıyla nəticələnən partlayış baş veribTürkiyənin Balıkesir vilayətində partlayış baş verib. Hadisə vilayətin Susurluk rayonunda qeydə alınıb. Belə ki, ərazidə yerləşən istehsal müəssisələrindən birində qaz sızması nəticəsində partlayış olub. Nəticədə 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.
12-02-2023, 18:54
Ceyhun Bayramov qətərli həmkarı ilə bir sıra məsələləri müzakirə etdiAzərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib. Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb. Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
12-02-2023, 18:49
Zəlzələylə bağlı 134 şübhəli şəxslə bağlı tədbir görülüb"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində134 şübhəli şəxs barəsində tədbir görülüb". Bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib. Nazirin sözlərinə görə, onlardan 3-ü həbs edilib, 7-si saxlanılıb, daha 114 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam edir. "Zəlzələ zonasında məhkəmə prosesləri 2 ay müddətinə dayandırılıb", - deyə Bozdağ bildirib.
12-02-2023, 18:44
Türkiyə prezidenti Qətər əmiri ilə görüşdüPrezident Rəcəb Tayyib Ərdoğan "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbi ilə Türkiyəyə gələn Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Sani ilə görüşüb. Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.
12-02-2023, 18:41
Zəlzələ bölgəsindəki məktəblər marta qədər bağlanıbTürkiyənin 10 vilayətində orta məktəblər 1 mart tarixinə qədər bağlanıb. Bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer məlumat verib. "Başqa regionlarda isə 20 fevraldan dərslər başlayacaq", - deyə o əlavə edib.
12-02-2023, 16:13
Zəlzələdən əziyyət çəkmiş vətəndaşımıza sığınacaq verildiTürkiyədə zəlzələdən əziyyət çəkən Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib. O, hadisə zamanı Adanada olub. R.Rüstəmov Azərbaycan Kültür və Həmrəylik Dərnəyinə müraciət edib. Bundan sonra o, Akasya Tələbə Yataqxanasına yerləşdirilib.
12-02-2023, 16:09
Sabahın hava proqnozuAzərbaycanda fevralın 13-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
12-02-2023, 15:49
FHN-dən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olubAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub. Humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20000 ədəd corab, 8000 ədəd geyim dəsti, 650 ədəd masa, 2000 ədəd oturacaq, 7000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib. Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.