28-05-2023, 12:00
Həmrəyliyimizin əbədi olmasını arzu edirik - Səlcuq Bayraktar“Həmrəyliyimizin əbədi olmasını arzu edirik”. Bu sözləri “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar twitter hesabında yazıb. Bayraktar Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qardaş ölkəmiz Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.
28-05-2023, 11:44
Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun - Cahit Bağçı“Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı twitter hesabında yazıb. Səfir Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.
28-05-2023, 11:13
Sentyabr ayına qədər Zabux kəndi tamamilə inşa ediləcək - PrezidentBiz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. Zabux və Sus kəndlərinin Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib ki, orada da fəal iş aparılır. “Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
28-05-2023, 11:03
Azərbaycanın müstəqillik gününü ürəkdən təbrik edirəm - Çavuşoğlu“Can Azərbaycanı təbrik edir, salamlarımı çatdırıram”. Bu sözləri Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün səsvermədə iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycan 105 il əvvəl müstəqilliyini əldə edib: “Azərbaycanın müstəqillik gününü ürəkdən təbrik edirəm. Bu gün bizim üçün vacib tarixdir”. Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir.
27-05-2023, 21:52
Laçının Şəlvə kəndinin təməli qoyulduMayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi. Bildirildi ki, rayonun şimalında, Şəlvəçayın sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək. Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək. Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərindən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib. Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır. Prezident İlham Əliyev kəndin təməlini qoydu.
27-05-2023, 21:10
Prezident “Qorçu” yarımstansiyasının açılışında iştirak etdiMayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfərə gəlib. Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerjisistemin idarə edilməsində siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir. Qeyd edildi ki, paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq. Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyanın ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır. “Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq. Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.
27-05-2023, 18:34
Suqovuşanda mina partladı - Şirkət əməkdaşı xəsarət aldıTərtər rayonunda partlayış hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib. Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib. Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.
27-05-2023, 18:34
İlham Əliyev Laçın rayonuna səfər etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfər edib. Dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub. Prezident İlham Əliyev, həmçinin 110/35/10 kv-luq “Laçın şəhər” yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.
27-05-2023, 18:26
Gürcüstanda qatar relsdən çıxaraq aşdı - Xəsarət alan azərbaycanlılar varBakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb. Ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir. Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib. Faktla əlaqədar cinayət işi açılıb.
27-05-2023, 18:15
Prezident “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib. Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib. Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub. “Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə salıb. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.