Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşə təşəkkür edib. Bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Belarus prezidenti davamlı inkişaf məqsədləri üzrə sammitə dəvətə görə baş katibə minnətdarlığını bildirib və Belarusun bu sammitdə iştirak edəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, Belarusda keçirilmiş sonuncu prezident seçkilərindən sonra əksər Qərb ölkələri və beynəlxalq təşkilatlar Lukaşenko hakimiyyətini tanımır və digər namizəd Svetlana Tixanovskayanı legitim prezident hesab edir.
Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. İslamabad Ali Məhkəməsi İmran Xanı girov qarşılığında zaminə buraxıb. Qeyd edək ki, ötən günlərdə Pakistanın sabiq baş naziri İmran Xan İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. İnsident nəticəsində yüzlərlə şəxsin həbs edildiyi bildirilib. Məlumata görə, gecə saatlarından başlayan toqquşmalarda bir nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb. Pakistanın Ali Məhkəməsi ölkədə davam edən kütləvi etirazlardan sonra keçmiş Baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib. Bu gün isə yenidən məhkəmədə onun zaminə buraxılması məsələsinə baxılıb və azadlığa buraxılıb.
"Rusiya öz maraqlarını qoruyacaq". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bir sıra aktual mövzular barədə sualları cavablandırıb. "Kremldə hələlik taxıl müqaviləsinin uzadılmasının mümkünlüyü barədə məlumat yoxdur, bu məsələ ilə bağlı təmaslar davam edəcək. Taxıl müqaviləsinin uzadılması üçün Putinlə Ərdoğan arasında söhbət yox, müqavilənin Rusiya Federasiyasına aid hissəsinin yerinə yetirilməsi lazımdır. Kreml həbsdə olan ABŞ vətəndaşlarının azadlığa buraxılması ilə bağlı sanksiyaların yumşaldılması mövzusunu şərh etmir. “Storm Shadow” raketlərinin Kiyevə çatdırılmasına gəlincə, Rusiya Qərbin Ukraynaya silah nəqlini davam etdirməsinə hazırdır. Xaricdə Rusiyanın əmlakına müdaxilə yolverilməzdir. Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur. Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdırlar. Putinlə Ərdoğan arasında telefon danışığı hələ qrafikdə deyil, lazım gələrsə, təşkil edilə bilər. Rusiya Federasiyası digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır. Sanksiyaların səmərəsizliyi ilə bağlı Qərb mediası nəşrlərinə gəlincə, Qərbdə insanlar bilməlidirlər ki, onlar öz liderlərinin səhvlərinin əvəzini ödəyirlər. Kremldə Vatikanın Ukraynadakı “sülh missiyası” barədə hələ də məlumat yoxdur. Putinin Çinin xüsusi nümayəndəsi Li Hui ilə onun qrafiki üzrə görüşü hələ yoxdur", - Peskov bildirib. "Mayın 12-də Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - Peskov əlavə edib.
Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
Milli Məclis Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair sazişi ratifikasiya edib. “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq, birinci oxunuşda qəbul edilib.
Müddəti mayın 18-də bitəcək taxıl sazişi daha 60 gün uzadıla bilər. TASS agentliyi bu barədə danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirəcəyi gözlənilir. “Taxıl sazişi 60 gün uzadıla bilər. Rusiya ola bilsin ki, buna sonuncu dəfə razılıq verir. Müqavilənin uzadılmasını ənənəvi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə telefon danışığından sonra səsləndirəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb.
ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir - Süleyman Soylu
ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN türk”ə müsahibəsində deyib. “ABŞ seçkilərə müdaxilə edir. Bunu hər kəs bilir və ABŞ prezidenti özü deyir. Muharrem İncəyə hücum... Bunun haradan gəldiyi, haradan koordinasiya edildiyi aydındır. ABŞ-nin işidir. Bayden son günlər öz adamlarını Türkiyədə aktivləşdirib”, - deyə Soylu bildirib. Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.
Erməni təxribatı nəticəsində şəhid olan hərbiçimiz dəfn edildi
Ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilib. Mərasimdən sonra şəhid qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Su-25 hücum təyyarəsinə quraşdırılan raketin sınaq atışı nümayiş etdirildi
“Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə modernizasiya nəticəsində Su-25 hücum təyyarəsinə quraşdırılan yeni raketin sınaq atışı nümayiş etdirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Atış zamanı təyin olunan hədəf 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv edilib. Raketin effektivliyi yüksək qiymətləndirilib.
Ceyhun Bayramov Qazaxıstanın ölkəmizə təyin olunan səfiriylə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Azərbaycandakı yeni səfiri Alim Bayel ilə görüşüb. Görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib. C.Bayramov səfir Alim Bayeli təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir ortaq etnik, mədəni və tarixi köklərə əsaslanan Azərbaycan və Qazaxıstan arasında genişmiqyaslı ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini məmnunluqla qeyd edib. Öz növbəsində, səfir Alim Bayel diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Qazaxıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu bildirən səfir Alim Bayel, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə edib. Görüş zamanı habelə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının vacib olduğu vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.