Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
9-05-2026, 07:23
Uzun yolun Yolçusu

Afət Möhbalı

Uzun yolun Yolçusu

Yolum uzun, yüküm ağır, amma mənzilim müqəddəsdir. Mən bu yola sadəcə addımlamaq üçün deyil, bir ideyanı yaşatmaq üçün çıxdım. Hər addımımda əcdadın ruhu, hər baxışımda Turanın işığı var.Bilirəm ki, Qızıl Almaya gedən bu yol tikanlıdır, enişli-yoxuşludur. Lakin bu yolda çəkilən hər əzab, hər yorğunluq mənim üçün qürurdur. Bu yolda mənimlə eyni düşüncədə, eyni əqidədə olanlarla bu yolu çiyin-çiyinə yürümək də bir qürurdu. Bu yolda hər kəs yürüyə bilməz, eyni yolun yolçuları ilə bu yolu yürüməyin şərəfini, qürurunu yaşamağın özü də bir ucalıqdır. Çünki bu yolda Bütöv Azərbaycan həqiqəti, bu zəhmətin sonunda isə Böyük Turanın möhtəşəm quruluşu dayanır.
8-05-2026, 19:40
Latviyadan son məktub…


Latviyadan son

məktub…


İkinci Dünya Müharibəsinin qan-qadası milyonlarla ananın oğluna yığdığı toy boxçasına qara bağlatdı, ər, nişanlı gözləyən 100 minlərlə qız-gəlinin gözü illərlə yollarda qaldı. Təəssüf ki, müharibəyə gedən 600 min Azərbaycan vətəndaşının yalnız yarısı Vətənə salamat döndü. Onların da kimisi yaralı, kimisi şikəst, kimisi kontuziyalı. Bir sözlə, millətimizin genefondu sağalmaz yara aldı. Ən acınacaqlısı isə odur ki, Qərbi Azərbaycandan müharibəyə gedən soydaşlarımız həm Ermənistan Sovet Sosialist Respublikasının tarixindən kənarda qaldılar, həm də Azərbaycan Sovet Sosialist Respublikasının hərb tarixindən ayrı düşdülər. Belə nakam, izsiz, soraqsız oğullarımızdan biri də Əsgər Kazımovdur.
Kazımov Əsgər Usub oğlu 1920-ci ildə Gığı kəndində anadan olub. 1928-ci ildə kənddə yenicə fəaliyyətə başlamış məktəbin birinci sinfinə daxil olub. 1936-cı ildə Gığı kənd yeddiillik məktəbini bitirib. Təhsilini davam etdirməyə, oxumağa çox həvəsli olduğu üçün 20 km aralıda olan Şəhərcik kənd orta məktəbinə getməyin əzab-əziyətinə qatlaşıb.
Onda çox çətin zamanlar idi. Maddi çətinlik bir yana, nəqliyyatın olmaması bu çətinliyi birə beş qat artırırdı. Bütün çətinliklərə baxmayaraq 1937-ci ildə Şəhərcik məktəbinə daxil olub. 1940- cı ildə orta təhsili yaxşı qiymətlərlə başa vuraraq attestat alıb. Həmin dövrlərdə Əsgər Gığı və ətraf kəndlərdən tam orta məktəbi bitirən tək-tək məzunlardan biri olub. 1940 - cı ildə imtahan verərək İrəvan Pedaqoji Texnikumuna qəbul olunub. Elə həmin ilin payızında hərbi xidmətə aparılıb.
Əsgər Usub oğlu Kazımov çox ailəcanlı övlad olub. Şəhərcikdə oxuduğu vaxtlarda valideynlərinə təsərrüfat işlərində kömək edə bilməməsinə görə nə qədər əzab çəkdiyinə, üzüldüyünə tay-tuşları şahid olublar. Əsgərlikdə olanda da valideynləri nigaran qalmasın, deyə mütəmadi məktublar yazıb göndərirdi, məndən nigaran qalmayın deyirdi.
Əsgərin son məktubu Latviyadan gəlib. Məktub “Ana südünü halal elə, bu gün mənə serjant rütbəsi verib müharibəyə yola salırlar” cümləsi ilə bitir. Məktubun içərisində əsgər yoldaşları ilə bir şəkil də göndərib. Məlum olduğu kimi 1941-ci ildə İkinci Dünya Müharibəsi başlayıb və faşistlərin ilk hücumlarından biri Baltikyanı ərazilərə olub. Bununla da Əsgər Kazımovun sonrakı taleyindən heç bir xəbər - ətər gəlməyib.
(Şəkil 1941-ci ildə müharibə başlamazdan əvvəl çəkilib. Şəkildə sağdan birinci Əsgər Kazımovdur)
8-05-2026, 18:13
Bu dəhşətləri yaxşı bilir Azərbaycan…


Bu dəhşətləri yaxşı

bilir Azərbaycan…



İkinci Dünya müharibəsi arxasında yalnız milyonlarla həlak olmuş insanı, dağıdılmış şəhərləri və sındırılmış insan talelərini qoymadı. O, ən əsas dərsi qoydu — təcavüzkarı sakitləşdirmək mümkün deyil və imperiya ambisiyaları heç vaxt öz-özünə dayanmaz. Məhz buna görə 8 may zəfər tarixi deyil, dərin xatirə və düşünmə günüdür.
Ukrayna İkinci Dünya müharibəsini ən böyük zərər çəkmiş ölkələrdən biri kimi yaşadı. Torpaqlarımız genişmiqyaslı döyüşlərin, işğalların, kütləvi repressiyaların və mülki əhalinin məhv edilməsinin meydanına çevrildi. O dəhşətli müharibənin faciələrini Azərbaycan xalqı da yaşadı. Ukraynalılar azərbaycanlılarla və digər xalqlarla birlikdə nasizmə qarşı vuruşdular, müqavimət hərəkatında iştirak etdilər, arxa cəbhədə çalışdılar, başqalarını öz həyatları bahasına xilas etdilər. Ukraynanın, Azərbaycanın və digər ölkələrin nasizm üzərində qələbəyə verdiyi töhfəni qiymətləndirmək mümkün deyil. Bizim ortaq mübarizəmiz olmasaydı, bu qələbə də olmazdı.
Müharibə başa çatdıqdan sonra ukraynalılar, təəssüf ki, azadlıq əldə etmədilər. Nasist işğalını sovet totalitar nəzarətinin bərpası, aclıq fəlakətləri, repressiyalar və Ukraynanın azad düşüncəsinin hər cür təzahürünə qarşı mübarizə əvəz etdi. Kreml onilliklər boyu miflər formalaşdıraraq onları öz hakimiyyətini və imperiya siyasətini legitimləşdirmək üçün istifadə etdi.
Müasir Rusiya bu yanaşmanı miras aldı və onu xeyli radikallaşdırdı. Nasizm üzərində qələbə yeni dövlət ideologiyasının əsasına çevrildi; burada tarixi yaddaş aqressiyanın, cəmiyyətin militarizasiyasının və qonşu dövlətlərin daxili işlərinə müdaxilənin bəraəti kimi istifadə olunur. Məhz beləliklə, raşizm formalaşdı — imperiya revanşizmini, müharibə kultunu, avtoritarizmi və digər xalqların öz yolunu seçmək hüququnun inkarını birləşdirən ideologiya.
Lakin Rusiyanın Ukraynaya qarşı artıq beşinci ildir davam edən və İkinci Dünya müharibəsindən bəri ən böyük hərbi münaqişəyə çevrilmiş müharibəsi Kreml üçün triumf deyil, onilliklər boyu Rusiya xarici siyasətinin üzərində qurulduğu bir çox miflərin dağılmasının başlanğıcıdır. Ukrayna yalnız tab gətirmədi, həm də resurs baxımından özündən qat-qat güclü olan təcavüzkara qarşı effektiv müqavimət göstərmək qabiliyyətini nümayiş etdirdi. Dünya gördü ki, Rusiya dövləti idarəetmə, hərbi logistika, texnoloji təminat və strateji planlaşdırma sahələrində sistemli problemlərə malikdir. Bütün bunlar Rusiyanın regional güc kimi təsirini tədricən zəiflədir.
Rusiya aqressiyası həmçinin Rusiya iqtisadiyyatının fundamental zəifliklərini üzə çıxardı. Uzun illər “texnoloji suverenlik” barədə səsləndirilən bəyanatlara baxmayaraq, Rusiya sənayesinin komponentlərdən, elektronika və proqram təminatından, eləcə də istehsal avadanlıqlarından nə dərəcədə kritik şəkildə digər ölkələrdən asılı olduğu aydın göründü. Hətta Kremlin “uğurlu idxalı əvəzləmə” nümunəsi kimi təqdim etdiyi Rusiya aqrar sektoru belə xarici toxum materialından, texnikadan və texnologiyalardan asılı olaraq qalır. Sənaye kompleksinin əhəmiyyətli hissəsinin köhnəlməsi və modernləşmə imkanlarının məhdudluğu Rusiyanın dünyadakı iqtisadi və siyasi mövqelərinə getdikcə daha çox təsir göstərir.
Bu fonunda Ukrayna nümunəsi son illərin ən mühüm beynəlxalq fenomenlərindən birinə çevrildi. Ukrayna göstərdi ki, dövlətin gücü yalnız silahların sayından və ya iqtisadiyyatın miqyasından asılı deyil. Həlledici rol cəmiyyətin birliyi, vətəndaşların məsuliyyəti üzərinə götürməyə hazır olması və dövlətin beynəlxalq koalisiyalar qurmaq qabiliyyətinə məxsusdur.
Məhz 24 fevral 2022-ci ildən sonra Ukrayna cəmiyyətinin konsolidasiyası müqavimətin əsas amillərindən birinə çevrildi. Könüllülük hərəkatı, qarşılıqlı yardım, ordunun dəstəklənməsi, yerli icmaların dayanıqlığı və effektiv diplomatik fəaliyyət XXI əsrdə milli səfərbərliyin unikal nümunəsini yaratdı.
Ukraynaya göstərilən güclü beynəlxalq dəstək də az əhəmiyyət kəsb etmədi. Dünya anladı ki, İkinci Dünya müharibəsi dövründə olduğu kimi, söhbət yalnız bir dövlətin digərinə qarşı apardığı müharibədən getmir, beynəlxalq nizamın zor gücü ilə dağıdılması cəhdindən gedir. Məhz buna görə Ukraynaya dəstək qlobal təhlükəsizlik məsələsinə çevrildi.
Azərbaycan Respublikasına bu yaxınlarda baş tutmuş tarixi səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müharibənin dəhşətlərini yaxşı bilən Azərbaycan xalqına Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən həmrəylik və ardıcıl mövqeyə görə səmimi təşəkkürünü bildirdi. Ukrayna dövlətinin başçısı Azərbaycanın Ukraynaya təqdim etdiyi 11 enerji paketi üçün minnətdarlığını ifadə etdi, həmçinin vurğuladı: “Ayrıca olaraq hörmətli cənab Prezidentə təşəkkür etmək istərdim ki, siz bizim uşaqlarımıza — sərhədyanı ərazilərdən olan, çox çətinliklər yaşamış və müharibədən zərər çəkmiş uşaqlara kömək etmisiniz. Bu cür dəstəyə görə təşəkkür edirəm. Siz 500-dən çox ukraynalı uşağımızı qəbul etdiniz. Bu humanitar dəstəyə görə təşəkkür edirəm.”
İkinci Dünya müharibəsinin tarixi öyrədir ki, təcavüzkara edilən güzəştlər heç vaxt uzunmüddətli sülh gətirmir. Əksinə, zəiflik və qətiyyətsizlik yalnız yeni cinayətləri təşviq edir. Bu gün Ukrayna bu dərsi dünyaya faktiki olaraq xatırladır və bunun üçün son dərəcə yüksək bədəl ödəyir.
Xatirə və Qələbə Günü yalnız keçmişlə bağlı deyil. Bu, müasir dünyanın gələcək qarşısında daşıdığı məsuliyyət haqqındadır. Tarixdən nəticə çıxarmaq və azadlığı təhlükə altına düşdüyü anda qorumaq bacarığı haqqındadır.
Bu gün Ukraynanın mübarizəsi yalnız öz ərazi bütövlüyü uğrunda müharibə deyil. Bu, həm də belə bir prinsip uğrunda mübarizədir ki, heç bir dövlətin güc yolu ilə sərhədləri yenidən müəyyənləşdirmək, digər xalqlara öz iradəsini sırımaq və ya cinayətləri “tarixi missiya” ilə əsaslandırmaq hüququ yoxdur.
Məhz buna görə Yaddaş və Qələbə Günü bizim üçün yalnız tarixi deyil, həm də müasir məna daşıyır. İkinci Dünya müharibəsi haqqında yaddaş dünyaya əsas həqiqəti öyrətməlidir: təcavüzkarı güzəştlər, laqeydlik və ya qorxu dayandırmır. Onu dayandıran birlik, qətiyyət və azadlığı müdafiə etməyə hazır olmaqdır.
Bu gün Ukrayna bu azadlıq uğrunda son dərəcə yüksək bədəl ödəyir. Lakin eyni zamanda məhz ukraynalılar dünyaya bəşəriyyətin 1945-ci ildən sonra artıq mənimsəməli olduğu dərsi xatırladır: ədalət olmadan sülh mümkün deyil, təcavüzkarın cəzasız qalması isə hər zaman yeni müharibəyə yol açır.

Yuri Qusev,
Ukraynanın Azərbaycandakı səfiri
8-05-2026, 18:05
Stansiyaların sayı 40-a çatdırılacaq

Stansiyaların sayı

40-a çatdırılacaq


“Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakıətrafı dəmir yolu nəqliyyatında genişmiqyaslı yenidənqurma və inkişaf layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Plana əsasən, 2030-cu ilədək Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı hazırkı 15-dən 40-a çatdırılacaq.
Layihə çərçivəsində Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası planlaşdırılır. Həmçinin bu istiqamətlər üzrə mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur.
Bundan əlavə, Bakı–Xırdalan–Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi planlaşdırılır.
Bakı–Pirşağı–Sumqayıt xəttində isə Kürdəxanı, Fatmayı və Saray dayanacaqlarının tikilməsi, həmçinin Nəriman Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, yaxın illərdə dayanacaqların sayı ilkin mərhələdə 22-yə, 2030-cu ilədək isə ümumilikdə 40-a çatdırılacaq.
8-05-2026, 12:02
Hər atəşə bir dollar


Hər atəşə bir dollar

Neft qiymətləri cümə günü Yaxın Şərqdəki münaqişənin yeni eskalasiyası fonunda yenidən artıb.
Bu vəziyyət ABŞ–İran atəşkəsinin pozulması riskini artırıb və Hörmüz boğazının tezliklə açılacağına dair ümidləri zəiflədib.
Brent neftinin fyuçersləri Londonun ICE Futures birjasında 1,29 dollar (1,29%) artaraq bir barel üçün 101,35 dollara yüksəlib. Cümə axşamı Brent 1,21 dollar (1,2%) ucuzlaşaraq 100,06 dollar olmuşdu.
WTI markalı neftin iyun fyuçersləri isə Nyu-York NYMEX birjasında elektron ticarətdə 1,05 dollar (1,1%) artaraq 95,86 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilə 0,27 dollar (0,28%) ucuzlaşaraq 94,81 dollara düşmüşdü.
Dünən neft qiymətləri ABŞ və İranın münaqişənin həlli istiqamətində irəlilədiyinə dair siqnallar fonunda bir barel 5 dollar ucuzlaşmışdı.
8-05-2026, 11:42
Həmədanlıların əmlakı müsadirə olundu


Həmədanlıların əmlakı müsadirə olundu

Müharibə ilə bağlı daha 40 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib. Bu barədə İran məhkəmə hakimiyyətinin "Mizan" saytı məlumat yayıb:
Onlar "düşmənlə əməkdaşlıq", "düşmən şəbəkələrlə əlaqə" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar. Kimliyi açıqlanmayan şəxslərin bütün daşınan və daşınmaz əmlakı, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub.
Xatırladaq ki, ötən ay eyni ittihamlara görə 61 həmədanlının əmlakı müsadirə olunub.
8-05-2026, 11:32
Zamanın Səsində Yaşayan Nahidə Həndəmova

Zamanın Səsində Yaşayan

Nahidə Həndəmova


Bəzən bir səs insanı xəyal aləmində onilliklər əvvələ, ən təmiz, ən parlaq xatirələr dünyasına aparır. Bu, sadəcə musiqi deyil, ruhun keçmişlə görüşüdür. Son zamanlar dinləyicini sehrləyən, onu 80-ci illərin o məlahətli havasına qaytaran bir səs var. Bu səs bizə unudulmaz Şövkət Ələkbərovanın nəfəsini, onun sənətə olan sonsuz sevgisini xatırladır. Söhbət Azərbaycan musiqi sahəsində mədəniyyəti və istedadı ilə seçilən nümayəndələrdən biri olan Nahidə Həndəmovadan gedir.
Nahidə Həndəmova Goranboy rayonunda dünyaya göz açmış, musiqi sahəsində erkən yaşlarından özünü təsdiq etmiş Azərbaycanın gənc və istedadlı xanəndələrindən biridir. Onun yaradıcılıq yolu Goranboyun mədəni mühitindən başlayaraq peşəkar musiqi səhnələrinə qədər uzanmışdır.
Sevimli sənətçimiz Nahidə xanım hələ orta məktəb illərindən ictimai fəallığı və musiqi istedadı ilə seçilmişdir. Məktəblərarası tədbirlərdə iştirak edərək yüksək nəticələr qazanmış, hələ kiçik yaşlarında respublika səviyyəli uşaq müsabiqələrində uğurlu çıxışları ilə diqqəti cəlb etmişdir. Musiqiyə olan sonsuz marağı onu Azərbaycan Milli Konservatoriyasına gətirmişdir. O, burada peşəkar muğam və xalq musiqisi dərsləri alaraq öz ifaçılıq məharətini daha da təkmilləşdirmişdir.

Tələbəlik illəri Nahidə Həndəmova üçün olduqca məhsuldar keçmişdir. O, Azərbaycanın ən nüfuzlu musiqi yarışmalarından sayılan Cabbar Qaryağdıoğlu adına müsabiqənin və milli musiqi irsimizin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edən "Xarıbülbül" festivalının laureatı adını qazanmışdır.
Nahidə xanımı dinləyərkən göz önünə istər-istəməz Azərbaycan musiqisinin korifeyi Şövkət xanım Ələkbərova gəlir. Bu bənzərlik təsadüfi deyil. Üzeyir Hacıbəyov adına Konservatoriyanın məzunu olan Nahidə Həndəmova məhz Şövkət Ələkbərovanın sinfində sənətin sirlərinə yiyələnib. O, ustadından sadəcə ifa texnikasını deyil, həm də səhnə mədəniyyətini, tamaşaçıya olan hörməti və sənətin ali məsuliyyətini miras alıb.
Onun oxuduğu muğamlar, şikəstələr və təsniflər sanki ötən əsrin klassik sənət incilərinin müasir dövrdəki əks-sədasıdır. O, Sara Qədimova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Tükəzban İsmayılova kimi nəhənglərin yolunu davam etdirərək adını Mələkxanım Əyyubova, Səkinə İsmayılova və Könül Xasıyeva kimi sənət fədailərinin sırasına yazdırmağı bacarıb.
O, əsasən muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi tanınır. Səs tembrinin zənginliyi və milli musiqi ənənələrinə sadiqliyi onu öz həmyaşıdları arasında fərqləndirən əsas amillərdəndir. Deyirlər ki, istedad Tanrıdan gələn paydırsa, əxlaq və etika ailədən gələn tərbiyədir. Nahidə Həndəmovanın şəxsiyyətində bu iki cəhət mükəmməl şəkildə birləşir. Onun səhnə davranışı, təmkinli duruşu və tamaşaçı ilə qurduğu o görünməz, amma səmimi bağ müasir estradamızda nadir rast gəlinən hallardandır.

Nahidə xanım "ucuz populyarlıq" ardınca qaçmayan, sənətin ağırlığını çiyinlərində daşıyan bir ifaçıdır. Tamaşaçı onu sadəcə səsi ilə deyil, həm də ideal səhnə duruşu, xanımlığı və ağır təbiəti ilə xarakterizə edir.
Musiqi tənqidçiləri və sənətsevərlər bu fikirdədirlər ki, Nahidə Həndəmova sənəti yaşadacaq və sənətdə qalacaq səs sahiblərindəndir. Onun ifaları zamanın sınağından keçərək on illər sonra da eyni sevgi ilə dinləniləcək. Çünki o, kökü dərinlərə bağlı olan, lakin budaqları gələcəyə uzanan möhtəşəm çinar kimidir.
Nahidə xanımın səsi bizə təkcə keçmişi xatırlatmır, həm də milli musiqimizin gələcəyinin əmin əllərdə olduğuna ümid verir. Bu məlahətli səs hələ uzun illər qəlbləri riqqətə gətirəcək, Azərbaycan muğamının və mahnılarının saflığını qoruyub saxlayacaq.

Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB və AJB üzvü
8-05-2026, 11:27
Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir

Ərdəbil nümayəndə heyəti

Azərbaycana gəlir


Ərdəbil əyalətinin sərhəd imkanları və hökumət tərəfindən həvalə edilmiş səlahiyyətlər nəzərə alınmaqla, bu bölgədən olan tacirlər, iş adamları və müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərindən ibarət iqtisadi nümayəndə heyəti yaxın günlərdə Azərbaycan Respublikasına səfər edəcək və malların idxalı üçün lazımi məsləhətləşmələr aparılacaq. Bunu Ərdəbil əyalətinin valisi Məsud İmami Yeqanə deyib:
"İndiyə qədər 30 növ məhsul sifarişi qeydə alınıb və bu məhsulların idxalının bəziləri reallaşdırılıb və qalan məhsulların idxalı da əyalətin sərhəd potensialından istifadə etməklə ardıcıl olaraq davam etdirilir."
8-05-2026, 11:22
Təbiət abidəsi yenidən canlandı

Təbiət abidəsi

yenidən canlandı


Təbriz yaxınlığında yerləşən və Şərqi Azərbaycan əyalətinin təbiət abidələrindən biri sayılan Qurugöldə su miqdarı artıb. Bu barədə Bostanabad rayonunun (Ocan) Ətraf Mühitin Mühafizəsi İdarəsinin direktoru Şahrox Sadiqpur bildirib. Onun sözlərinə görə, cari yağıntı mövsümündə göldə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 santimetr qalxıb və bu, təbiət abidəsinin yenidən canlanması barədə ümidləri artırıb. Ekoloqlar, hökumətin bərpa işləri aparmamasına baxmayaraq, gölün canlanmasının əsas səbəbinin son həftələr intensiv yağan yağışlarla bağlı olduğunu bildiriblər.
Qeyd edək ki, Təbrizin 40 kilometr cənub şərqində yerləşən və 16 kvadrat kilometr sahəsi olan Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir. 200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

8-05-2026, 10:46
Mühacirlik həyatının real mənzərələri


Mühacirlik həyatının

real mənzərələri


Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, tədqiqatçı-jurnalist Rəhman Salmanlı (Həsənov) iyirminci əsrin 20-30-cu illərində repressiya dövrünə bağlı bir sıra dəyərli əsərlərin müəllifi kimi də tanınır. Onun “Mühacir komissarın həyat dramı” (Memuar) kitabı da (Bakı, “ÇapArt”, 2025) bu silsilədən olan əsərdir. Burada Şəmkir rayon Zəyəm qəsəbə sakini olmuş Həbib Həsən oğlu Seyidovun keşməkeşli həyat yolundan bəhs açılır. Elinə-obasına, xalqına, torpağına – vətəninə sədaqətlə xidmət edən Mirhəbib Seyidov ona tapşırılan bütün işlərin – vəzifələrin öhdəsindən layiqincə gəlsə də, o dövrün qaragüruhçu qüvvələri onu da şərləyib – böhtana salmaqla aradan götürmək istəyirlər. Məlum repressiya maşınının məngənəsindən xilas olmaq üçün Həbib Həsən oğlu haqsız yerə saxlandığı həbsxanadan və ölüm gözləyən kabusdan xilas olmaq üçün qaçıb canını qurtarmaq, mühacir həyatı yaşamaq yolunu seçir. Müəllif əsərin lap başlanğıcından hadisələrin hansı zəmində qurulub inkişaf etdiriləcəyini belə təqdim edir:
“Həbib Seyidov Gəncə qəzasının Şəmkir nahiyəsində gənclərin hərbi xidmətə çağırışı, həbelə qaçaqların yerinin öyrənilməsi, onlarla gizli alaqəsi olanların aşkar edilməsi ilə məşğul olurdu. Sovet quruluşunun ilk on ili idi. Böyük səlahiyyətlər sahibi Həbib camaatla səmimi rəftar edər, haqsız işə heç vaxt qol qoymazdı. Tanınmış qaçaq, özünün dediyi kimi, "aldanaraq bolşeviklərə qoşulan" Samuxun Çobanabdallı kəndindən olan Mansurun iştirakı ilə Qaçaqlarla Mübarizə Dəstəsinin sıralarında dəfələrlə Kürqırağı ormanlarda olmuşdu. Axtarışında olduğu Şəmkir qaçaqlarının başçısı Ramazan oğlu Rüstəmlə, onun qardaşı, məşhur qaçaq Təhməzlə 1918-ci il "Eşelon davası"ndan, erməni hücumlarının qarşısını almaq məqsədilə yaradılan özünümüdafiə dəstələrinin işi, ən nəhayət, Gəncə üsyanındakı fəaliyyətləri ilə yaxşı tanış idi. Quruluş dəyişsə də, onların istəyi dəyişməmiş, əksinə, daha sədaqətli əqidə dostluğuna çevrilmişdi ... Yeni quruluşun adamları ilə işləsə də, daxilən əvvəlki quruluşun, Milli hökumət qurucularının tərəfində idi.
Həbib Seyidov rayon milis şöbəsinin rəisi təyin olunmamışdan əvvəl də eşitmişdi ki, Dövlət Siyasi İdarəsi Şamxor rayon şöbəsinin əməkdaşı Xocayev erməni əsillidir, maskalanaraq bəzi adamlara özünü bolşeviklərin düşməni kimi tanıtdırır, yeni quruluşu qəbul etməyənlərə Milli Hökumət tərəfdarlarını dəstəklədiyini bildirir, bununla da müəyyən qrup dəstə başçılarının, bəzi el-oba ağsaqqallarının etibarından sui-istifadə edərək onları gizli şəkildə etirazlara, üsyana, terrora istiqamətləndirir. Yerli müsəlman əhalini məqsədli şəkildə qırğına, sürgünə, həbsxanalara sürükləyərək, onların var-dövlətini ermənilərlə birgə talan edir. Ən nəhayət, Azərbaycan Cümhuriyyətinin parlaman üzvü olmuş məşhur əksinqilabçı Hacı Əhmədi aldadaraq ona yeni quruluşun əleyhinə "Allahlılar partiyası" yaratmasında, onları üsyana təhrik etməsində və s. bu kimi işlərdə böyük rolu var.
Gizli işlər qəhrəmanı Xocayevin fəaliyyətindən Həbib Seyidovun məlumatlı olduğunu onunla düz yola getməyən, azərbaycanlıların qatı düşməni Siyasi İdarənin rəisi Vasiliy Yakofidi yaxşı bilirdi. Odur ki, məxfi əməllərinin üzə çıxacağından ehtiyat edən V.Yakofidinin təşəbbüsü ilə rayon polis şöbəsinin 32 yaşlı rəisi Həbib Seyidov, "xalq düşməni" damğası vurulmaqla, respublika Xalq Daxili İşlər Komissarlığı (XDİK; rusca -NKVD) Dövlət Siyasi İdarəsinin (DSİ; rusca - QPU) Şamxor rayon şöbəsi tərəfindən 4 iyun 1933-cü ildə həbs edilir. Lakin Həbib Seyidov beş gün sonra, 9 iyun 1933-cü ildə güllələnmək üçün qatarla Bakıya yatab ediləcəyi axşamı həbsxanadan qaçmağı bacarır.” (səh. 3-4)
Əslində bu cür başlanğıc hissə müəllifin əsərin ümumi məzmununu bəri başdan oxuculara xülasə şəklində çatdırması xarakteri daşımaqla oxunulacaq əsərlə mühüm tanışlıq yaradır. Belə ki, əsərin əsas qəhrəmanı olan Mühacir komissarın – Həbib Seyidovun ölkədə hansı mürəkkəb ictimai-siyasi şəraitdə işləməsini və daxili düşmənlərin ona necə tor qurduqlarını diqqət mərkəzinə çəkən tədqiqatçı-jurnalist Rəhman Salmanlı bununla yazacağı memuar tipli əsərin ümumi ekspozisiyasını vermiş olur. Hadisələrin sonrakı inkişafı məhz bu məcrada cərəyan edir.
Kitabı həyəcansız oxumaq mümkün deyil. Xüsusən də, bilirsən ki, baş verən hadisələr tarixi xronikaya əsaslanır, canlı insan həyatından, təkcə bir insan yox, bir nəslin – XX əsrin əvvəllərində yaşamış nəslin həyatından söhbət gedir. Başqa sözlə, bədii təxəyyüldə yazıçının fantastik olaraq yaratdığı romantik insanların yox, real dünyamızın insanlarının həyatının ustalıqla təsvirə gətirildiyi bu əsərdə soydaşlarımızın üzləşdikləri müsibətli illər kitabın vərəqləri arasından boy göstərir, oxucunu hədsiz dərəcədə mütəəssir edir.
Müxtəlif vəzifələrdə ləyaqətlə işləmiş, camaat arasında komissar kimi tanınan Həbib Seyidovun yaxşılığı keçmiş, köməkliyi dəymiş insanların sayəsində türmədən qaçması və ətrafında daldalanacaqlar tapıb gizlənməsi, onu tapmaq üçün axtarış aparmaları və s. kimi epizodları həyəcansız oxumaq mümkün deyil. Bir oxucu kimi həmin səhnələri oxuyanda çox təsirləndim, 1993-cü ilin qanlı-faciəli günləri təkrar beynimdə canlandı. Bir hərbçi kimi ermənilərin caynağından qaçıb qurtararkən eynilə həmin vəziyyətlərə düşdüyümü və buna bənzər anları yaşadığımı xatırladım. Eyni zamanda özlüyümdə belə bir qənaətə gəldim ki, görünür, xüsusi seçilmiş insanlar var ki, çətin və təhlükəli anlarda Uca Tanrı onlardan nəzərlərini çəkmir, onlara qurtuluş yolları açıb xilas edir. Məhz seyid Mirhəbib Həsən oğlu Seyidov da əsərin səhifələrindən öyrəndiyimiz kimi, həbsxanadan qaçıb Türkiyə ərazisinə adlayana kimi uzun və məşəqqətli zillətlər ayaqlayır. Dəfələrlə tutulma və ölüm təhlükələri ilə üzləşsə də, Ulu Yaradan ona yardımçı olur, sağ-salamat sərhədi keçməyə nail olur.

Əbəs deyil ki, Rəhman Salmanlı əsəri “Mühacir Komissarın həyat dramı” adı ilə təqdim edir və 4 hissədən ibarət bu tarixi romanın ilk hissəsini də elə əsərlə eyni adda verir. Bu adda bir neçə incə məqama işarə var. Seyid, Mirhəbib, eləcə də vəzifəsilə bağlı həm də komissar adı ilə tanınıb adlandırılan Həbib Seyidov ilk vaxtlar komissarlıqda işlədiyindən, camaat arasında bu vəzifəyə müvafiq olaraq komissar kimi də tanınır. Buna görə də müəllif kitabın adını baş qəhrəmanın el-oba arasında komissar kimi tanınması ilə bağlı belə qoyub. İkincisi, burdakı “həyat dramı” ifadəsi də tamamilə məntiqəuyğun səslənir. Belə ki, Həbibi qəsdən vəzifədən vurdurmaq üçün daxildəki düşmənlər onu o vəzifədən bu vəzifəyə, bu vəzifədən digər vəzifəyə keçirdirlər ki, romanın 1-ci hissəsində bunlar xırda təfərrüatlarına kimi əksini tapıb. Yəni dram əsərində aktyorlar müxtəlif rolları oynadıqları kimi, Həbibin də həyatı bir drama – tamaşaya bənzəyir, rol oynayırmış kimi ona tez-tez ayrı-ayrı vəzifələr tapşırılır. Ancaq bütün bunlara rəğmən Həbib Seyidov ona həvalə olunan bütün işlərin öhdəsindən layiqincə gəlir, ona tapşırılan dramatik vəzifələrin hamısını vicdanla yerinə yetirir. Lakin canlı həyatı bir drama bənzəyən ”komissar” – Həbib Seyidov erməni-rus fitvasının güdazına gedir, bu səbəbdən də o, qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır.
“Milis rəisinin Hacı Əhmədlə görüşü” adı ilə təqdim olunan hissədən bir parçaya diqqət etmək kifayətdir ki, Həbib Seyidovun bacarıqlı və öz işini sədaqətlə icra edən birisi olduğu, ancaq daxili düşmənlərin ona tor qurmaq üçün necə hiylə işlətdikləri görünsün:
“Hacı Əhməd Nuruzadə hətta Xocayevin məsləhəti ilə bölgədə çox böyük nüfuza və tərəfdaşa malik "Allahlılar partiyası" yaratmışdı. Xocayev Hacı Əhmədi tam əmin etmişdi ki, xalqı qələbəyə doğru aparan mübarizə yolunda "Allahlılar partiyası"nı ən böyük dövlətlər dəstəkləyir. Məqamında Rusiyadan da bir çox hərbçilər, generallar bu qələbəyə qatılacaq, bununla da bütün millətlər, ilk növbədə azərbaycanlılar hürriyyətə qovuşacaqlar, ən başlıcası Kommunist Partiyası birdəfəlik məhv ediləcək. Odur ki, azərbaycanlıların soyqırımına dövlətin əli ilə bu formada zəmin hazırlayan erməni Xocayev Azərbaycan Dövlət Siyasi İdarəsi Şamxor rayon şöbəsinin rəisi, ermənipərəst, azəri türklərinin bir nömrəli düşməni Vasili Yakofidi ilə məsləhətləşərək tez-tez bu kəndə gizli gedir, Hacı Əhmədlə görüşüb onu və partiya üzvlərini yeni quruluşa qarşı daha qətiyyətli olmağa səsləyir, kolxoz quruculuğunun əleyhinə getmək, bolşevik rejimi rəhbərlərinə terror və cinayətlər törətmək üçün təlimatlandırırdı.
Rayon milis şöbəsinin yeni rəisi Həbib Seyidov bütün bunları və digər bu kimi məsələləri dəqiq bildiyindən, vəziyyətin məmləkət və əhali üçün çox faciəvi olacağı gözlənildiyindən Hacı Əhmədlə görüşməyi lazım bilir. Buna görə əvvəlcədən təşəbbüs edir. Yaxınlarına söyləyirmiş ki, şərtləşdiyimiz kimi, görüş gizlin sövdələşmədən sonra, iyulun 25-də onun yaxın tanışı vasitəsilə baş tutdu. Zəyəm stansiyasından atla Düyərli kəndinə Hacının evinə getdim. Gecə saat 11-ə yaxın idi. Hacı Əhməd əmi məni çox səmimi və gülərüzlə qarşıladı. Əvvəl təzə dəmlənmiş samovar çayı içdik, olub-keçənlərdən söhbət etdik.” (s. 54-55).
Göründüyü kimi, Həbib Seyidov gənc olsa da, el-oba arasında öz nüfuzu, fərasəti ilə seçilən – fərqlənən şəxs olub. Dövlət işində olsa belə, hökumətdən qaçaq düşənlərlə də görüşüb dil tapmağı bacarır. Ancaq belə bir bacarıqlı və qabiliyyətli insanın qədrini bilmirlər, onu ölkədən qaçaq salırlar və “Azadlığın ilk günü” adı ilə verilən kitabın 2-ci hissəsində də biz Həbib Seyidovun – mühacir komissarın Türkiyə ərazisinə keçdikdən sonra da dramatik bir həyata uğraşdığını görürük. Bu vilayət sənin, o vilayət mənim – sanki burdan ora, ordan bura, yəni demək olar ki, Türkiyənin hər yerini gəzdirirlər, ona “kommunist”, casus damğası vurdurmaq istəyirlər. Görünür, nacins adam harda olmasından, istər vətənində olsun, istər qürbətdə – asılı olmayaraq, hər yerdə öz nacinsliyini göstərməlidir. Türkiyədə, Qarsda da ona vətəndən Həbib kimi qaçqın düşüb gələn öz həmyerliləri tor qurmaq istəyirlər, yalandan onun kommunist olması haqda ifadə verirlər. Bu şər-böhtanla da mühacir komissarı süründürürlər, aylarla yersiz sorğu-suallara çəkirlər və Azərbaycanda olduğu kimi Türkiyədə də dramatik həyat keçirməyə məcbur olur. Məhz bu nöqteyi-nəzərdən də kitabın adındakı “həyat dramı” ifadəsi öz yerini alır. Bir sözlə, Həbib Seyidovun bütün həyatı elə doğrudan da dram janrındakı kimi daim dramatik bir durumda keçir, istər Azərbaycanda, istərsə də Türkiyədəki mühacir həyatında daim gərgin iş rejimi ilə müşayiət olunan dramatik bir ömür içində yaşayıb¬ – fəaliyyət göstərir. O ki qaldı Azərbaycanda komissar deyə çağırılan Həbibin adının əvvəlinə “mühacir” ifadəsinin əlavə olunmasına, bu da onun öz ölkəsindən başqa ölkəyə – Türkiyəyə köçməsi – mühacirət etməsi faktını özündə əks etdirir. Hətta mühacir sözü ilə bağlı bir faktı da deyim ki, mənim yaşadığım Cəbrayıl rayonunun Dağtumas kəndində bir Həsən kişi vardı ki, onun atası da vaxtilə Türkiyəyə köçdüyündən – mühacirət etdiyindən, camaat arasında ona Mühacir oğlu Həsən deyirdilər. Yəni atasının adını birbaşa mühacir sözü ilə dəyişdirib əvəz etmişdilər el arasında. Bu məntiqdən yanaşdıqda “Mühacir komissarın həyat dramı” adı çox uğurlu və məntiqəuyğun bir ad olub, əsərin əsas qəhrəmanının və eləcə də əsərin əsas ruhunun ifadəçisi kimi özünü büsbütün təsdiqləyir. Bir sözlə, biz əsər boyu yurdundan-yuvasından perik düşmüş mühacirət etmiş bir komissarın həyatını dramatik mənzərələr fonunda izləyirik.
Yazıçı – tədqiqatçı Rəhman Salmanlı kitabın 3-cü hissəsi kimi təqdim etdiyi “Mühacir komissar pensiyada” bölümündə də Həbib Seyidovun həyat yolunu işıqlandırır, onun ölümündən bir neçə il əvvəl iki dəfə Türkiyədən doğma Azərbaycana qonaq gəldiyini də həzin, kövrək duyğular işığında nəql edir. Çox acı həyat dramı deyilmi: özünün doğulub-böyüdüyün el-obana, ölkənə yaşının ixtiyar çağlarında qonaq qismində gəlib ziyarət edib sonra da geriyə qayıdasan?!. İki adla – soyadla tanınasan – yaşayasan və bir-birindən ayrı düşmüş bir insanın iki parçası – bir canın ikiyə bölünmüş ayrı-ayrı hissələri kimi də həyatdan nisgilli köçüb gedəsən. Bu sonluğu müəllif kitabda qara şriftlə xüsusi şəkildə aşağıdakı kimi oxuculara təqdim edir:
“Azərbaycanda Həbib Seyidov, Türkiyədə Həbib Gǝncəl kimi tanınan mühacir komissar, xalqımızın, elimizin-obamızın vətənpərvər oğlu, millət təəssübkeşi oğlu Zahidi Bakıya yola salandan sonra qəfildən səhhətində problemlər yaşanır, bir gün ağrıyır, bir gün yaxşılaşır, bir gün yatır, bir gün gəzir. Nəhayət, dekabrın ortalarında İstanbuldakı Cərrahpaşa xəstəxanasında 10 gün müalicədən sonra, 11 dekabr 1979-cu ildə dünyasını dəyişir. Mühacir komissar Həbib Seyidov "Güngörən" qəbiristanlığında dəfn edilir. Qızları və yaxınları Şəmkirdən torpaq gətirib qəbrinin üstünə tökmüşlər.” (səh. 171)
İstər-istəməz ürəyimdən kitabın müəllifinə qarşı bu sızıltılı ricətlər gəlib-keçir ki, Rəhman müəllim, bu ağrılı-acılı həyat dramının giziltilərini necə yaza bildiniz ki, ürəyiniz partlamadı?!. Bir oxucu kimi mən bu kitabı çox üzücü təsirlənmələr yaşayaraq başa çatdıra bildim. Hələ üstəlik də kitabı “Bizim ellər yerindəmi?” adlı 4-cü hissə ilə də kövrək duyğular altında yekunlaşdırmısınız... Bu hissə poeziyamızdakı şairlərimizin “Durnalar” rədifli şerilərilə göydə uçan durnalardan yurdu – vətəni poetik bir dillə xəbər-soraq almaları müraciətinə bənzəyir. Siz bu bölümlə qayıdıb Həbibin gözləri – düşüncələri ilə vətən torpağına üz tutursunuz, Həbib Seyidovun Azərbaycanda qoyub getdiyi doğmalarının – əzizlərinin sorağına düşürsünüz. Axı o, vətənində – doğma Azərbaycanında iki həyat yoldaşını və onlardan doğulan balalarını, eləcə də digər əzizlərini qoyub getmişdi. Ancaq çox təəssüf ki, həyat yoldaşı Vəzuhə Məşədi Piri qızından olan Fəttah və Şamil adlı iki oğlunun ikisi də Böyük Vətən müharibəsində həlak olmuşlar: Əlbəttə, bütün bu kimi faktlar canlı və qanlı faciəli həyat hekayətləridir ki, bunları araşdırmaq – qələmə almaq yazıçıdan çox böyük zəhmət və təmkin tələb edir. Rəhman müəllim çox böyük fədakarlıq, cəsarət və mətin iradə sahibi olmaq sayəsində ölkəsindən mühacir düşmüş bir komissarın həyatının – konfliktoloji dram səciyyəli həyatının bütün səhnələrini – tərəflərini öyrənmiş və kinolenti şəklində reallıqları ilə əsərində təsvir etməyə nail olmuşdur. Bu kitab həm Mühacir Komissarın – Həbib Həsən oğlu Seyidovun özünün şəxsi həyat dramını sənədləşdirib yazıya almaqla onun xatirəsi işığında bir mənəvi abidə ucaltmaq missiyasını yerinə yetirməkdir, həm də Həbib Seyidovun timsalında XX əsrin 20-30-cu illərində repressiyalara məruz qalmış, mühacir həyatı yaşamağa məcbur qalanlarının hamısının ümumiləşmiş obrazını canlandırmaq məharətidir. Mühacir həyatı yaşamaq heç kəsin öz xoşu ilə olmur, üzüdönük zəmanənin insanları öz isti yuvasından perik salıb qaçmağa vadar etməsi nəticəsində ağla gəlməyən işlərin başa gəlməsi kimi ağrılı-acılı müsibətlərə yol açılır. R.Salmanlı yazıçı ustalığı ilə məhz bu kimi acı həyati gerçəklikləri təsvir edib oxuculara göstərmişdir. Yazıçı – tədqiqatçı Rəhman Salmanlıya bundan sonra da möhkəm iradə, cansağlığı və yazıb-yaratmaq uğurları arzulayıram!

Şakir Albalıyev
filologiya elmləri doktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!