İmtahana qeydiyyat elan edildi .....                        Azərbaycan Maldivi qarşılıqlı viza tələbindən azad etdi .....                        Məktəbli qız qızdırmadan öldü .....                        Göygöldə məktəbli bıçaqlandı: tutulan var - AÇIQLAMA .....                        Ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək .....                        Livanın yeni baş naziri seçildi .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı .....                        Valideynlər Səhiyyə Nazirliyi qarşısında etiraz etdi .....                        Ev sahibinə xəsarət yetirib, pulunu və telefonunu aldılar .....                       
26-01-2024, 23:14
Telejurnalist

Zaur RZAYEV


(Telejurnalistin həpəndlər seriyasından)

ŞƏXSİYYƏTSİZ
Günlərin bir günü televiziya sahəsində çalışan iki əməkdaş axşam çağı işdən çıxıb piyada, söhbət edərək evlərinə gedirlər. Yolda qərara gəlirlər ki, gedib Nefçilər metrosunun yaxınlığında yerləşən kafelərin birində adama bir pors xəngəl yeyələr, bir 200 qram da araq içələr. Nefçilər metrosunun ətrafında kafelər çox olduğundan bunlar xeyli çək-çevir etsələr də, dəqiq seçim edə bilmirlər. Biri deyir Faxralıya (kafenin adıdır) gedək, digəri- ora yaxşı deyil, Mübarizin(kafenin icarədarının adıdır) kafesinə gedək, deyə israr edir. Nəhayət kafe seçimilə bağlı aralarında mübahisə yaranır. Dostlar istirahətdən vaz keçib mübahisə edə-edə metronun girişinə yaxınlaşırlar. Başları o qədər qarışır ki, ictimai yerdə olduqlarını unudurlar...
Bu arada bir haşiyə edim ki, əməkdaşlardan biri ucaboy, enlikürək, təxminən 120 kq çəkidə, digərinin görünüşü isə az qala, dostunun yarısı boyda- arıq, çəlimsiz, çəkisi də uzaqbaşı 50 kilo ola-olmaya.
Əlqərəz mübahisə qızışdıqca səs ətrafa yayılır. Bu zaman metroda xidmət aparan polis serjantı mübahisə etdiklərini görüb onlara yaxınlaşır. Üzünü yekəpərə tutaraq müraciət edir:
Vətəndaş, ay yoldaş, ay qardaş bir dəqiqə sakit olun! Kənardan qadın keçir, uşaq keçir, bir az mədəni olun də... Polisin mədəni olun sözü yekəpərin xoşuna gəlmir. Yanındakından əl çəkib başlayır polislə mübahisəyə – Sən bilirsən mən kiməm? - Mən Filan Tv-nin redaktoruyam, bu yoldaş da həmin Tv-nin rejissorudur...
Balacaboy və bədən görnüşünə görədə çəlimsiz olan zavallı rejissor isə gözlərini döyə-döyə, həyəcanla bunlara baxır. Üzündən oxunur ki, ürəyində deyinir- mən nə qələt elədim, bununla yol- yoldaşı oldum. Qəzəblənən polis əsəbi şəkildə boydan uca olan redaktora üzünü tutaraq deyir-ay vətəndaş hələ bir şəxsiyyət vəsiqəni ver görüm sən kimsən axı?!. Bayaqdan od-alovlu danışan bu tv əməkdaşı işinin çətinə düşəcəyini anlayaraq məzlum görkəm alaraq deyir, rəis başına dönüm, gərək adamın şəxsiyyəti ola ki, şəxsiyyət vəsiqəsi də ola. Əsəbdən üzü pörtən polis bu sözü eşidən kimi başlayır şaqqanaq çəkib gülməyə:
Bax burasını düz deyirsən, boy-buxun olmaqla deyil, gərək adamın şəxsiyyəti ola . O da səndə yoxdur, keç get, ay ŞƏXSİYYƏTSİZ!
25-01-2024, 16:42
Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək


Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
21-01-2024, 07:52
Deyəsən yağış yağacaq axşama...


Deyəsən yağış yağacaq axşama...

Hərdən sözdən də küsürəm, sözün yiyəsindən də. Sadəcə küsürəm. Heçnəsiz, filansız. Sözün ağırlığını ruhumun çəkə bilmədiyi vaxtlar da az olmur. Çəkib aparır söz məni qaranlıq quyunun düz dibinə. "İndi hünərin var, çıx bu quyunun dibindən"- deyirəm öz-özümə. Onda da hardansa bir söz peyda olur, tutur ruhumun əlindən, cıxarır məni bu dar quyudan və dönürəm öz işıqlı hücrəmə. Özümə. O zaman əlimi haqqın dərgahına qaldırıb "Şükür sənə, ilahi"-deyirəm, nə yaxşı ki, söz var. Nə yaxşı ki, sözün yiyəsi, dünyanın sahibi var -deyirəm. Bax o vaxt o şükranlığımı da, bu bir ovuc ümid işartısını da o Sözə borclu qalıram. Dönüb qayıdıram öz mənimə.
Onu da deyim ki, məni heçnəylə heyrətləndirmək olmaz. Bircə Sözdən başqa. Söz də söz ola ha. Axı sözün əlindən tutub yeriyənlər də çox deyil. Sözün ucundan tutub ucuzluğa gedənlərsə o qədərdi ki...
Sözü urvatdan salanlar biz bildiyimizdən də çoxdu indiki zamanda. Sözdən boluq eləcə. Hər sözdən danışmıram ha. İlahi sözdən, sufi sözdən danışıram .
Sözüylə yaralayıb (yaxşı mənada) sözüylə məlhəm qoyanların duyğularının qonağı olduğum vaxtlar da az olmur. Elə gözəl doyururlar ki, adamı sözlə, "şükür varlığına" deməkdən başqa əlindən heç nə gəlmir. Varlığına şükr etdiklərim, əsl söz sahibləri elə də çox deyil. Bu gün Qəşəm Nəcəfzadədən söz açmaq istəyirəm. Dəliliyi, çılğınlığı, küsəyənliyi, hövsələsizliyi ilə birgə şairdi ki şair. Ayağı yer tutar deyə heç üzünə də vurmamışam bu vaxtacan düşündüklərimi.
Hərəmiz bir qaranlıqda işıq axtaranlardanıq. Amma dünyalarımız birdi. Fikir ayrılıqlarımız olsa da sözümüz eyni odda bişib. Bizi söz bir araya gətirir sözün həqiqi mənasında. Axı bütün şairlərin ruhu ürəkdən su içir. Hər nə qədər boyunlarına almasalar da bütün şairlər tənhadı, kimsəsizdi. Bunu mən deyirəm. Bütün şairlər ruhla cismin çəkişdiyi nöqtədə ruhuyla can çəkişdirir və bu xüsusiyyətdi hamımızı eyni havaya kökləyən, eyni ruhda birləşdirən, eyni küləklərdə, yağışlarda yol yoldaşı edən. Bəlkə bu çağacan Qəşəm haqda yüzlərlə məqalə, esse, hətta şeir də yazıblar. Bəlkə yox, elədi ki, var. Amma onu olduğu kimi tanıyan, tanıdan, ruhunun qapılarını ərklə açan, sözlə döyən, sonra da elə sözlə də sığal çəkən olmayıb bəlkə də. Bəlkə də olub. Bilmirəm.
Mən bu gün istədim bir ayrı pəncərədən baxım şairin söz dünyasına. Qorxmadan, çəkinmədən, bəzəksiz, düzəksiz, olduğu kimi. Çünki bilirəm ki, o da yorulub boğazdan yuxarı təriflərdən, yalançı alqışlardan. Səmimiyyət gəzir o da mənim kimi. Şeirləri kimi pafossuz, içdən, ərkyana yazı gözləyir, bilirəm. Axı mənim tanıdığım Qəşəm qocalığa can atan, atları baxışları ilə qamçılamaq istəyən, yerdə qalan ömrünü çəlik ayaqları ilə döyəcləmək arzusunda olan dəli yolçudu. Dəli şair demirəm, çünki şairlik elə dəlilikdi. Sözünü tutub gedir o da ruhunun uçduğu yerə. Elə başı da sözə bərk qarışıb. Nə bilmək olar, bir də gördün, arzuları çin oldu, saqqalında dən bitdi, əllərində əsa. Gözünü açıb yumacaq və görəcək ki, bir özüdü, bir sözü, bir də dünyası. Məncə, illərin yorğunluğudu Qəşəm Nəcəfzadəni qocalığın eşqinə salan. Əlini, ayağını uzadıb dincəlmək istəyir azacıq. Amma inanmağım gəlmir nəsə Qəşəmin nə vaxtsa dinc oturacağına. Təki sağlıq olsun.
Gözlərim eynək gətirsin,
Saqqalım qar.
Əllərim çəlik .
Yaşım qocalıq pulu

-deyən şair əslində qocalmaq yox, yaşamaq eşqindədi. Qocalınca, əlləri çəlik tutunca, saçı, saqqalı ağarınca, gözləri torana düşüncə yaşamaq həm də. Tanrı arzusuna çatdırsın.
Sükutun içində qərib hay-harayı var Qəşəm Nəcəfzadənin həm də. Ərkyana səsi-küyü ilə bir andaca götürər sükutu başına. Özü demiş, bütün yorğunluğunu düymə gözlərində gizlədərək bir gümrahlıq qatar səssizliyə. Heç kim hiss etməz içindəki təlatümü, ağrını. Yox, hiss edərik. Üzünə vurmarıq sadəcə. Qoşularıq hamımız ona. Ortalığa bir söz atar, hamı düşər o sözün dalınca. Dildən-dilə gəzər söz. Sözdən söz doğar və vaxtın keçməsindən heç kimin xəbəri olmaz.
Mənim də gümanım sözümə çatır,
Kənddən gətirdiyim hirsimə çatır.
Arzum dilə düşür, söz eləyirsiz,
Məni nişan verib göz eləyirsiz

-deyir Qəşəm Nəcəfzadə.
Amma əslində o qaş-göz edənlərin hamısı onu yaxşı mənada nişan alıb. Bəziləriyçün işıqdı, bəziləriyçün ümid, bəziləriyçün dəli şair, bəziləriyçün vətəndaş, bəziləriyçün adicə Qəşəm. Amma hamısının könlündə ona qarşı müqəddəs Qəşəm sevgisi var. Onu nişan verməyənlər, o olan tərəfə baxmayanlarsa sadəcə varlığından qorxub ürkənlərdi. Bəlkə də özü bilmir, bəlkə də bilir. Bəlkə də…
Qəşəmin kini, küdurəti də bircə saatlıq, bircə günlük, bircə həftəlik, bircə aylıq, uzaqbaşı bircə fəsillikdi. Elə küsməyi də. Unutqandı. İncikliyi, nifrəti ürəyinə yük eləməz. Uşaq kimidi. Bircə sözlə ovutmaq olar onu. Söz deyirəm haa.
Şeirlərindən tanıyıram Qəşəm Nəcəfzadəni. Nə yol yoldaşı olmuşam, nə illərin sınağından çıxmış dostluğumuz olub, nə hansısa layihələri bir yerdə işləmişik.Heç dünənəcən (müsəlmanın dünəni) üzünü də görməmişdim. Yazdıqlarından ürəyini oxuyurdum sadəcə. Elə indi də uzaqdan uzağa oxuyuram şairin fikrindən keçənləri. Necə olmasa həmkarıq. Arada bir söz körpümüz var.
Bəzən gülür, bəzən ağlayır, bəzən uşaq kimi atılıb düşür, bəzən küsür, bəzən barışır Qəşəm Nəcəfzadənin sözü. Amma neynirsə özü olmaqdan çıxa bilmir. Hər şeydə özüdü. Hərdən elə şeirlər yazır ki, gözümüzü döyə-döyə qalırıq. Qafiyəsiz, nizamsız, dağınıq, tör-töküntü. Bax belə:
Mən gözəl oğlanıydım, qəşəng qızlar,
Məni tanımadınız, məni görmədiniz.
Bir də məni nə vaxt görəcəksiniz,
Nə vaxt şeirimi oxuyacaqsınız,
Hansı minillikdə, hansı əsrdə.
Bilirik ki, ruhunu yazır. Bilirik ki, əhvalının yorğun, qərarsız, yuxusuz, ac, susuz vaxtıdı. Amma onu da bilirik ki, bu vaxtında da özüdü. Bu vaxtında da sözü yaddan çıxarmayıb. Yazıb. İş orasındadı ki, bu dağınıq, tör-töküntü şeirlərdə də bir nizam var və adamla dialoqa girməyi bacarır. Cansız deyil. Ruhu var. Doğmalaşır səninlə.Hərdən öz əhvalımızın korşalan vaxtında elə yazıyla çıxır ki, qarşına az qalırsan döyəsən bu şeiri. Özü də hönkürə-hönkürə, sızlaya -sızlaya. Deyəsən ki, axı hardan oxudum səni? Mənə lazım idi ağlamaq gecənin bu vədəsi? Bilirsiz niyə? Əslində o yazıda özünü, öz həyatını, hiss etdiklərini, yaşadıqlarını oxuyursan Qəşəm Nəcəfzadənin dili ilə. Axı yazı səni düşündürə, özündən qopara, özündən ala bilirsə, demək şair bacarıb. Demək, bu da uğurdu. Şairin uğuru. Elə bu misra kimi:
Əllərin bulud kimi kölgə salır
Saçlarımın işığına.
Deyəsən yağış yağacaq axşama,
Xəbərin varmı, bilmirəm.
Və ya:
Hecanı dodağınla ölçdüm,
Çiçəyi nəfəsinlə ölçdüm.
Küləyi saçınla ölçdüm,
Həsrəti küsməyinlə ölçdüm.
Əslində bütün sevənlərin, həsrət çəkənlərin hiss etdiyi , ancaq ifadə etməkdə çətinlik çəkdiyi duyğulardı şair ruhundan süzülüb gələnlər. Sevdanın, hicranın ən ali mərtəbəsində yaşananlardı bəlkə də, şair qələmə alıb. Hər misrada heca-heca özüdü şair.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər?

Bundan səmimi, saf şeir ? Yalvarış var bu misralarda sanki. Sevdiyini səsdən belə qorumaq, mühafizə etmək eşqi var həm də. Yenə sevginin ali Qəşəm Nəcəfzadə mərtəbəsi. Hiss edirsən ki, birnəfəsə qalxıb bu pillələri şair. Özü də ürəklə, sevə-sevə qalxıb.
Qol-qola,
Əl-ələ səndən keçərlər şeirlərim.
Bayraqları nidalar.
Demişdim, mən ölsəm
Tabutumu səndən aparsınlar.

Yenə ürəyin sufi sevdası İlahiyəcən yol alıb gedir şair düşüncələrində. Misralar kilidləyir duyğularını. Çıxa bilmirsən bu İlahi eşqin ağuşundan. Gözlərini yumub düşürsən bir dəli sevdanın qucağına. Sanki gözünü açsan əlindən uçub gedəcəkmiş kimi kirpiklərini çəpər edirsən bu eşqin dörd yanında. Özü də yorulmadan, usanmadan. Yenə şairin sözünə dua edirsən avaz-avaz. Elə sözün yiyəsinə də - Tanrıya da.
İcazə verin bu siqareti yandırım
Unutmağın eşqinə.
Böyük oğlan olsun unutmaq,
Yüz yaşını qeyd edək.
Sevgidən birinci olduğu üçün
Onun sağlığına siqaret çəkək -

-deyən şairin unutmağı da sevməyi kimi əzabdı. İndi bütün yarımçıq sevdaların şərəfinə yazılmış ən ağır unutmaq şeirini çəkə bilirsən çək sinənə.
Divarı siqaret tək çəkmək olar,
Həmişə belə eləyirəm,
Siqaret yerinə divarı çəkirəm.
Divara söykənmək adama səbr gətirir.

Bu da bir zəfəridi unudulanların məncə . Amma unudulurmu unudanlar? Bunu da şair bilər.
Əllərimin uçmaq səsi
Şeirlərimdi, dinlə.
Hərf-hərf, heca-heca sevgiyə sarı uçan barmaqların pıçıltısı gəlir qulağına bu misralardan. Özü də şeir-şeir.
Qəşəm Nəcəfzadə ruhunu şeirə qoyduğu üçün bəlkə də yorğun düşür. Yox! Nə qədər yazsa da ürəyindəkiləri deyib qurtara bilmir məncə. Bir tərəfdən bu da yorur şairi. Yaşadıqlarını, hiss etdiklərini olduğu kimi sözə çevirə bilməmək də yorur axı adamı. Demək, duyğuları sözün fövqündə dayanıb Qəşəm Nəcəfzadənin. Söz aciz qalanda duyğularının qarşısında susur şair. Elə susqunluğunun özü də şeirdi onun.
Heç fikir eləmə, qurbanın olum,
Adam başqasını gedib sevər də.
Adam sevdiyini ata bilər də,
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.

Bundan böyük sevgi, bundan acı həsrət, bundan möhtəşəm ayrlıq nəğməsi harda var? İncikliyi də, barışı da, bağışlamağı da mükəmməldi Qəşəm Nəcəfzadənin. Sevdiyini onsuzluğa uğurlamağı da, küsməyi də, getməyi də özünə bənzəyir şairin. Heç kimi təkrarlamır vüsalı da, hicranı da söz yolçusunun. Həmişə sözünə sarılır, həsrətin dar boğazından sözüylə keçir. Ruhunu qoruya-qoruya həm də.
Qəşəm Nəcəfzadənin sevgisi bütövdü, yarımçıq deyil. Övlad sevgisi, ata sevgisi, yar sevgisi, dost sevgisi, qələm, vərəq sevgisi - hamısı eyni şəkildədi. Günəşli havada da, sazaqda da bu sevgi dəyişməz. Bircə ürəyindən nigarandı. Özü kimi şıltaqdı ürəyi də. Bəlkə bu inamsızlıqdı onu gecə-gündüz rahat qoymayan. Onun yazılarını oxuduqca adama elə gəlir ki, şair yatmır. Ya da bir gözü açıq yatır. Qələmi də əlində. Barmaqları sözə keçib sanki. Özü də bərk-bərk. Bir ovucda gizlədib ürəyini şair. Kim qopara bilər sözdən bu əlləri?
Təndir çörəyini kökə elədik,
Torpağını seçdik, bölgə elədik.
Böldük səni tikə-tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!
- deyən şair torpağı bütöv görsə də keçmişin ağrısını yaşaya-yaşaya daddı bu möhtəşəm sevinci. Gedib müqəddəs Şuşa divarlarına dedi bu şeiri. Orda qoyub gəldiyi gəncliyini axtara-axtara dedi. Saçlarının dəninə dedi, üzünün qırışına, gözlərinin kədərinə dedi. Amma bir az ötkəm, bir az məğrur, bir az dəli, havalı dedi. Bu dəfə qalib idi Qəşəmin sözü. Başı dik idi sözünün. Utanmırdı dediklərindən. Amma hər şeyə rəğmən yenə göynərti vardı içində özü boyda. Olsun. Buna da şükür.
Bəzən özü də bilmədən ətrafdakıların xətrinə dəyir. Bəzən haqlı, bəzən haqsız. Bir az keçir, peşman olur. Bəlkə də boynuna almır. Amma bilirsən ki, peşmandı. Gözünün içindən bilirsən, səsindən bilirsən, sözündən bilirsən. Uşaqlaşır gözündə bir anın içində. Yaddan çıxır umun, küsün. O anda unudursan hər şeyi və bağışlayırsan olanları. Sözə bağışlayırsan, qoşmaya, gəraylıya bağışlayırsan. Axır ki, bağışlayırsan.
Öləndən sonra istəyirəm bir şəklim olsun,
O şəkli heç kəs oxuya bilməsin,
Ortasını qat kəssin-

-deməklə əslində hələ heç kəsin, elə bu dünyanın da onu yaxşı tanıya bilməməsi qənaətindədi şair. Amma mən səni yaxşı tanıyıram, Qəşəm Nəcəfzadə. Sözündən tanıyıram, səsindən tanıyıram, baxışından, yerişindən, duruşundan, tənhalığından tanıyıram. Ürəyini buz kimi saxla və o yana tələsmə hələ. Bu yanda o qədər deyilməyən sözün, verilməyən cavabların, açmadığın qapıların var ki. Hələ oxucular qapını çox çalacaq. Hazır ol. Onsuz da mesaj qutuların doludu. Məndən də incimə. Səni bir az fərqli yazdım. Bir az öyə- öyə, bir az küsdürə-küsdürə, bir az incidə-incidə, bir az sarıya-sarıya. Bəlkə sənin ürəyincə olmayacaq dediklərim. Amma mənim ürəyimcədi.
Bayaq bir şəklini gördüm instaqram səhifəndə, əziz dost, şeir adam.
Əllərində qar, başında qar, əynində sazaq, gözündə od. Şeir deyirdin qarın eşqinə qar altında:
Görəsən bu qar kimin göz yaşıdı,
Gözlərim dolunca yağsın,
Gözlərim doyunca yağsın.

Əlində qar sevinirdi, gözündə sevgi. Hardansa bir dəli Söz gəlirdi sənə sarı ağappaq qar rəngində.

Təranə DƏMİR,
AYB-nin üzvü, şairə publisist
.

20-01-2024, 16:39
BİR ŞEİRİN TARİXÇƏSİ


BİR ŞEİRİN TARİXÇƏSİ

1967-ci ildə Aşıq Hüseyn Saraçlı Ağbaba mahalına səfər edir. Ustad Təpəköy kəndində konsert verərkən bir nəfər cavan oğlan ayağa durub, aşığa üz tutur:
- Ustad, olarmı sizə bir sual verim?
Aşıq Hüseyn Saraçlı:
- Buyur!
- Ustad, niyə bığınız qaradı, saçınız ağ.
Aşıq Hüseyn Saraçlı bığlarını eşib soruşur:
- Bala evlisənmi?
Oğlan:
Bəli, ustad ailəliyəm, iki uşağım var.
Aşıq Hüseyn Saraçlı:
- Onda de görüm, uşaq anadan olanda başında saç olurmu?
Oğlan:
- Bəli, ustad, olur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs bığı olurmu?
Oğlan:
- Xeyr, ustad, olmur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs neçə ildən sonra, insana bığ gəlir ?
Oğlan:
- Ustad, şübhəsiz ki, 18 ildən sonra.
Aşıq Hüseyn Saraçlı:
- Deməli, bığım saçımdan cavandı. Ona görə qaradır,18 ildən sonra da bığlarım ağaracaq.
Beləliklə, Hüseyn Saraçlı orada ikən “Bığlarım” şeirini qoşur.

Baş da, saç da bizə irsi-mirasdı,
Öz gücünü başdan alır bığlarım.
Başım kimi qeylü-qala düşməyib,
Ona görə cavan qalıb bığlarım.

Ərşi-gürşü, yeri-göyü baş bilər,
Bu dünyada hər bir şeyi baş bilər.
Qoca aşıq bığı saçdan baş bilər,
Çox bığsıza bir dərd olub bığlarım.

Dedilər ki, bel büküldü, ay haray,
Ay Saraçlı, diş töküldü, ay haray.
Elə bildim düşmən güldü, ay haray,
Sən deməynən, bir tük salıb bığlarım.

Alıntı Aşıq Nurəddin Qasımlının 2001-ci ildə lentə alınmış söyləməsindəndir.

Hazırladı: Rəşad SARAÇLI
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
19-01-2024, 06:45
Qərbi Azərbaycan müəllimləri rubrikasından


Qərbi Azərbaycan müəllimləri rubrikasından
Fatma Muradova


Muradova Fatma Cəfər qızı 8 fevral 1934-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvan şəhərində orta məktəbi bitirdikdən sonra Ermənistan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və həmin ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1960-cı ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda fizika və riyaziyyat fənni üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Fatma Muradova 1960-cı ildə İrəvan Şəhər Komitəsinin Marksizm- Leninizm Universitetinə daxil olmuş və tam kursu müvəffəqiyyətlə bitirmişdir.
Fatma Muradova 1961-ci ildə İrəvan şəhər Lenin rayonu üzrə VIII çağırışa deputat seçilmişdir. O, 1963-cü ildə isə İrəvan şəhər Orcenikidze rayonu üzrə IX çağırışa deputat seçilmişdir.
Fatma Muradova 1963-cü ildə Kurud kəndinə gəlin köçmüşdür. Fatma xanım ailə həyatı qurması ilə əlaqədar iş yerini Qafan rayonunun Kurud kənd 8 illik orta məktəbinə dəyişmiş, kənddə riyaziyyat müəllimi işləmişdir. O, 1969-cu ildə Bakı şəhər keçmiş Oktyabr indiki Yasamal rayonu 13 nömrəli məktəbinə fizika müəllimi kimi işə qəbul olunur.
1970-ci ildən 2 nömrəli Dəmiryol texniki- peşə məktəbinə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilir. O, əmək fəaliyyəti müddətində: 1979-cu ildə “Təşəkkürnamə”, 1986-cı ildə “Əmək veteranı” medalı ilə və 1988-ci ildə “Fəxri Fərman”la təltif edilmişdir.
Muradova Fatma Cəfər qızı Kərimov Bəndəli Əli oğlu ilə ailə həyatı qurmuşdur. Onların 3 övladı, 7 nəvəsi və 10 nəticəsi var. Övladları və nəvələri ali təhsillidir. Onların övladları hərbi həkim, kimyaçı və müəllimə peşələrinə yiyələnmişlər. Nəvələri hal-hazırda müxtəlif dövlət qurumlarında çalışırlar.
Muradova Fatma Cəfər qızı 2019-cu il yanvar ayının 4-də Bakı şəhərində vəfat etmişdir.
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
18-01-2024, 16:17
Təbrik edirik!


Təbrik edirik!


Qərbi Azərbaycanın sayılıb-seçilən ziyalılarından olan Eldar Qarayevin doğum günüdür. Onu bu münasibətlə ürəkdən təbrik edir və oxucularımızla tanış etmək istəyirik:
Eldar Səməd oğlu Qarayev 1956-cı ilin yanvarında Zəngəzur mahalının Qafan bölgəsində, füsunkar gözəlliyilə insanları heyran edən Gərd kəndində dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1978-ci ildə universiteti bitirərək təyinatla AMEA-nın Fizika İnstitutuna göndərilib. Bir müddət Biomərkəzdə işləyib. 1979-1981-ci illərdə Sovet Ordusu sıralarında, zabit kimi, həqiqi hərbi xidmət keçib. 1982-cı ilin əvvəlindən doğma universitetə qayıdaraq Fizika fakültəsində-Ümumi fizika kafedrasında çalışıb, elmi dərəcə qazanıb. Az qalıb 20 il ola ki, fizika fakültəsində dekan müavini işləyir, dosentdir.
Eldar müəllim əlliyə yaxın məqalə və tezisin, bir neçə dərs vəsaitinin müəllifidir. Ən əsası gözəl ailə başçısıdır, 3 övladı və sevimli tələbələri var.
Eldar müəllim, sizi bir daha doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərinizdə uğurlar arzulayırıq!
Dərin ehtiramla:
“Bütöv Azərbaycan” qəzetinin kollektivi və
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyəti adından
Tamxil Ziyəddinoğlu
15-01-2024, 16:52
Ramiz Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeniylə təltif olundu


Ramiz Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeniylə təltif olundu

Azərbaycanda ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov (Ramiz Əskər) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşını qeyd edən Ramiz Əskər Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvüdür.
25-12-2023, 07:14
Qaliblər Prezidentin ad günündə bəlli oldular...


Qaliblər Prezidentin ad günündə bəlli oldular...

“Uşaqların Gələcəyi Naminə" təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinin qaliblərinə sertifikat və digər həvəsləndirici mükafatlar təqdim edilib. Bu barədə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib. Təşkilat sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi. Biz də təşkilat olaraq hər il möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək və nəticələri cənab Prezidentin ad günündə açıqlamaq qərarına gəldik.

Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 05 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək təqdim edilib. Şagirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib, 5 ballıq sistemlə qiymətləndirilib".
Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur. Müsabiqənin yekunlarına əsasən 26 balla “Yeni dövrün Babəki” məqaləsi ilə Yasamal rayonu Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin 7 ğ sinif şagirdi Ağa Yusif Naeimi əsas qalib elan olunub. 24 balla qaliblər sırasında olan digər mükafatçılar isə Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin 6 c sinif şagirdi Vəkiloğlu Nərmin Mehdixan qızı “Vətən sağolsun” məqaləsi, Xətai rayonu 25 saylı tam orta məktəbin 7 b sinif şagirdi Rzayeva Xədicə Elnur qızı “Bizim zəfər yolumuz” məqaləsi ilə uğur qazanıblar.

Təşkilat sədri bütün qaliblər adından Prezidentimiz İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Sonda K. Quliyeva müsabiqənin reallaşmasına göstərdikləri maddi dəstəyə görə savab əməl sahiblərinə - “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə dərin minnətdarlığını bildirib.
Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!"
17-12-2023, 19:32
Nekroloq


Nekroloq
Rəşid Təhməzoğlu (Quliyev)

Azərbaycanın elm ictimaiyyətinə, Zəngəzur mahalına ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq institutunun əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) haqqa qovuşub.
Quliyev Rəşid Təhməz oğlu 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş, “Əhməd Cəmilin yaradıcılıq yolu” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi almışdır. Onun 82 elmi əsərindən 35-i xaricdə çap olunub. “Nazim Hikmətin yaradıcılığında Şərq” və “Zəngəzur folkloru antologiyası” elmi əsərləri də alimin gərgin tədqiqatları nəticəsində ərsəyə gəlib.
Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biridir. O, Azərbaycan poeziyasının incəliklərini yaxşı bilən, aktual mövzu seçimində öz dəsti-xətti ilə olan, müasir həyat həqiqətlərinin təsvirini bacarıqla qələmə alan, orijinal ifadə vasitələri, şeiriyyəti ilə seçilən istedadlı nüfuz sahibi idi. O, həm elm sahəsində, həm də poetik yaradıcılıqda yorulmaq bilməyən, aktual mövzular sahəsində çox səmərəli araşdırmalar aparan, maraqlı fikirləri ilə fərqlənən elm adamı və şair kimi hər kəsin diqqətini cəlb etməyi bacarmışdır.
R.Təhməzoğlunun qələmindən çıxan bütün sözlər ürəkdən gəlir və həmişə də xalqımız üçün müqəddəs hissləri tərənnüm edirdi. Müasirləri Rəşid Təhməzoğlunu yeni strukturlu şeirlərin müəllifi, bədii təsvir və ifadə vasitələrinin ustası, bənzərsiz poetik düşüncələrin bilicisi kimi dəyərləndirmiş, bu keyfiyyətləri onun bir ədib kimi üstünlüyü və özünəməxsusluğu hesab etmişlər.
Rəşid Təhməzoğlu lirik təfəkkürlə epik təfəkkürü bir arada sığışdırıb, ayrı-ayrılıqda minillik Azərbaycan şeirinin bu iki qolunu yüksək sənət nümunəsi kimi yaşada bilib. Onun qələmi, amalı, niyyəti, arzusu saf, təmiz olduğu kimi qələmə aldığı şeirlər də oxuculara eyni saflığı, ülviliyi, digər nəcib hiss və duyğuları aşlayır.
Rəşid müəllimin 2004-cü ildə nəşr olunan, Zəngəzur mahalının Qafan bölgəsindən olan tanınmışlar ça həsr olunmuş “Ucalıq yurdu” kitabı böyük rəğbətlə qarşılanmışdı.
R.Təhməzoğlunun poeziyasında vətən sevgisi, vətən məhəbbəti xüsusi önəm kəsb edir. Şair uşaqlıq illərində gəzib dolaşdığı yerləri, böyük məhəbbətlə sevdiyi ana yurdun dağlarını, meşələrini, yamaclarını, çaylarını, bulaqlarını həsrətlə xatırlayar, xəyalən doğma ellərin seyrinə çıxar, o ulu torpağın dünyada belə tayı-bərabəri olmadığını vurğulayardı və bir gün dogma ocağa qayıdacağına çox inanırdı.
Təəssüfki əcəl ona bu müqəddəs arzusuna çatmağa macal vermədi. Rəşid Təhməzoğlu cismən aramızdan getsə də, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ruhu şad olsun!

Qafan Rayon İcması adından:
Eldar Abbasov,
İcmanın sədri
16-12-2023, 14:27
Kolanı elinin həkim-şair oğlu


Kolanı elinin həkim-şair oğlu
və yaxud,
ürəklərdə göyərçin yuvası quran şair: Zakir Ağdamlı - 77


“Şuşa bü günümdü, Şuşa yaddaşım,
Şuşa balam, atam, Şuşa yaddaşım,
Şuşa ürəyimin şah damarıdı,
Şuşa sevincimdi, Şuşa göz yaşım...”

Bu misraların müəllifi Zakir Ağdamlı (Əliyev Zakir Hüseyn oğlu) - 1946-cı ildə, 19 oktyabrda Ağdam bölgəsinin Kolanı mahalının Papravənd kəndində dünyaya göz açıbdır. Şeirində doğulduğu kəndi belə təqdim edir:
İlk addımı atdım səndə,
Böyüdükcə döndün qəndə,
Ürəyimi saldın bəndə,
Sənsən mənim balım, qəndim,
Doğma diyar, Papravəndim!
Düzlərində gəzəndə də,
Ğüllərindən üzəndə də,
Dərd qəlbimi əzəndə də,
Sənə baxıb qürrələndim,
Doğma diyar, Papravəndim!

Tanınmış bir ailənin övladıdr. Qardaşı Həmzə Əliyev Ağdam rayonunda məsul vəzifələrdə işləyibdir, Azərbaycan Ali Soveinin deputatı olubdur, Ağdamın sayılan-seçilən ağsaqqallarındandır. Qardaşı oğlu Bəxtiyar Əliyev Həmzə oğlu tanınmış psixoloq-alimdir, elmilər doktoru, professor, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Məclisinin Elm və təhsil komitəsinin sədridir... Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir.
“Ağdamlı” imzasına görə onun şeirlərini oxumuşam, ilk dəfə bu gözəl insan, hörmətli ziyalını şeirlərindən tanımışam. Sonra bizi şəxsən tanış edən istedadlı, mərhum şairimiz, jurnalist, nasir-publisist rəhmətlik Qələndər Xaçınçaylı olubdur... Onda bilmişəm ki, hələ Ağdamlı günlərimizdə qardaşım Əhliman həkim Bayramovla yaxın olublar, Ağdamın baş həkimi əmim Soltan Bayramov ona hörmət bəsləyibdir... İxtisasca həkimdir, Azərbaycan Tibb İnstitutunu həkim-terapevt (müalicə-proflaktika ) ixtisası üzrə bitirib (1972), uzun müddət (19 il Ağdam Mərkəzi xəstəxanaında terapiya şöbəsinin müdiri vəzifəsində, sonra Bakıda ixtisası üzrə fəaliyyət göstəribdir, həkim-şairdir...
Beləliklə, biz də yaxın ünsiyyətdə olduq, şeir kitablarını oxudum, dərc etdirdiyi şeirləri müntəzəm izlədim, gördüm ki, şəxsiyyəti, ürəyi, istəyi şeirləri ilə tən gələn ziyalıdır, qələm əhlidir... Onun Azəbaycan Yazıçılar Birliyinə üzv seçilməsi üşün zəmanət verənlərdən biri də mən oldum və özü də coşğun yaradıcılığı ilə sübut elədi ki, buna layiqdir...
Zakir Əliyev xeyirdən-şərdən qalmayan, Yazıçılar Birliyinin, qələm dostlarının, demək olar ki, bütün tədbirlərində iştirak edən çox ünsiyyətcil ziyalıdır... Bu barədə onu yalnız ədəbi mühitin sevimlisi olan rəhmətlik Oqtay Rza ilə müqayisə etmək olar, torpağı sanı yaşasın...
Zakir Əliyev “Ağdamlı” təxəssünü götürübdür, “Zakir Ağdamlıyam”, deyərək, adı-sanı ilə fəxr edir, Ağdam onun üçün yer üzünün ən müqəddəs şəhəridir, “şöhrət tacıdır”, “əbədi ehtiyacıdır”, “qibləgahıdır”, “səcdəgahıdır”, “Məkkəsidir, Mədinəsidir”:
Ağdam çox qiymətli şöhrət tacımdır,
Mərdlər diyarımdır, dərd əlacımdır.
O mənim əbədi ehtiyacımdır,
Gəzər söhbətimdə, sözümdə mənim!

Yaxud:

O göy gurultusu mənim ahımdı,
Hər an “şimşək çaxır” üzümdə, mənim!
Ağdam qibləgahım, səcdəgahımdı,
Məkkəm, Mədinəmdi gözümdə mənim!

Yaxud:

Zakir Ağdamlıyam, Ağdama gəlim,
Yenidən düzəldim, ağ dama gəlim,
Satqınlar gözünə ağ dama, gəlim,
Qaçqın, köçkün olduq axı nahaqdan,
Haydı, igidlərim, haydı, silahlan!

Yaxud:

Düşmən yaxşı tanıyır ki, ölkəmi,
Tab gətirməz qəti hökmə, tələbə.
Dərdlərimin son əlacı, məlhəmi
Qələbədir, Qələbədir, Qələbə!


Və şairin bu “QƏLƏBƏ!” arzusunu Azərbaycan ordusunun Ali Baş komandanı həyata keçirdi, qaçqın-köçgün adını üstümüzdən götürdü, Bütöv Qarabağ azadlığa qovuşdu, şairin ilham “Sazı” qələbə müjdəli Misri havasına kökləndi, Cıdır düzü Üzeyir bəyin simfoniyası ilə qəhqəhə çəkdi, Şuşa Cabbarın, Seyidin avazına qovuşdu:
Qarabağ torpağın ovcunda sıxsan,
Cabbarın, Seyidin avazı gələr.
Çıxıb Kirs dağından aşağı baxsan,
Ruhuna bir yaylaq havası gələr...

...Dola Cıdırdüzü gülüş səsiylə,
Qocanın, cavanın qəhqəsiylə.
Qələbə müjdəli açıla yazım,
"Misri" havasına köklənə sazım.


Zakir Ağdamlı müasir dövrün poeziya aləmində, “həkimlərin söz dünyası”ında yeri olan tanınmış şairdir... Həkim olduğundan şeirlərində mərhəmət hissi, humanistlik, həssaslıq, sağlam mənəviyyat, duru ruh daha ardıcıl vəsf edilir, az qala, konseptual bədii model səviyyəsin qalxır... “Ədalət ğəzirəm, qəlbi buz insan!” – deyir!..
Onun yardıcılığının əsasında vətənpərvərlik və məhəbbət, şəxsiyyətə yeni baxış hisslərini ifadə edən düşündürücü və lirik şeirlər, milli və bəşəri duyğyları özündə yaşadan nümunələrlə, insan taleyini, təbiət duyğularını əks etdirən, düşündürən mövzular diqqəti cəlb edir. Yaxşı cəhət budur ki, onun şeirlərinin pis-yaxşı, zəif-güclü öz ahəngi, öz ritmi, obrazlar və rənglər aləmi vardır...
Zakir Ağdamlının ziyalı həyatının bir mühüm faktını da təqdim edək: “Əbədi Birlik” Gənclər İctimai Birliyinin idarə heyətinin yekdil qərarı ilə Akademik Baha Ahmet Yılmaz Türkiyə nümayəndəliyi üzrə sədr, fəxri elmlər doktoru Zakir Ağdamlı isə təşkilatın fəxri üzvü seçilib. Qeyd edək ki, dünya çapında tanınmış, məhşur alim Baha Yılmaz bəy, eyni zamanda, baş iqamətgahı Türkiyədə yerləşən Beynəlxalq BZT Akademinin təsisçisi və sədridir... İctimai xadim və xalqın görkəmli şairi kimi təqdim edilən Zakir Ağdamlı isə, Fəxri elmlər doktoru, Ümumdünya türk xalqları konqresinin vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ukrayna Yazıçılar və Jurnalistlər Akademiyasının üzvü, Qızıl medal laureatıdır.”
Hamıya öz doğma ocağı istidir, şirindir. Ömrünün qədərindən asılı olmayaraq düşüncəli adam kökə, doğulub böyüdüyü yurda bağlı olan adamdır... Otuz il çəkdiyimiz Qarabağ dərdi, Qarabağ olayları onun şeirlərinin ana xəttini təşkil edir və yurda bağlılıq burada daha qüvvətlə təzahür edir. Çünki İnsanın xarakteri ilə onu əhatə edən və yaşadan təbiət arasında gözəgörünməz bir bağlılıq var və bu bağlılıq onun lirik “Mən”inin xarakterində qabarıq görsənir. Vətəni sevmək ona fəda olmaqdan, qayğıdan, sevməkdən başlayır. Zakirin şeirlərindəki lirik xarakter elə bu cürə Vətəni – Qarabağı sevən kəsdir. Elə bu vətən sevgisinin səmimiyyətinə görə onu oxucuları, ədəbiyyat mütəxəssisləri, həmkarları dəyərincə qiymətləndirirlər:
Musa Ələkbərli (şair – publisist): "Öz dərdlərini dünyanın dərdlərinə qarışdırıb yazır Zakir Ağdamlı, bir fərdin kədərini, qüssəsini hamınınkı eləməyə çalışır və çox zaman da buna nail ola bilir"(2011).
Eldar İsmayıl (şair-publisist) : "Zakir Ağdamlının şeirləri həsrət, nisgil üstə köklənmiş... və ...şairin poetik düşüncələri təbiidir, yadda qalandır." (2011).
Səlim Əzimov (Azərbaycan Respublikasının Əməkdar müəllimi) : “Qarabağ mövzusu Zakir
yaradıcılığının əsasını təşkil edir. ...Zakir Ağdamlının yeni kitabında (“İlahi, dağlara qovuşdur məni” – 2011, nəzərdə tutulur – Q.B.) ermənilərin işğalı altında olan rayonlar,dağıdılmış, viranəyə çevrilən
yurd yerlərinə, enişli-yoxuşlu həyat hadisələrinə, ömürdən keçən illərə, dost-tanışlara, alimlərə,
şair-yazıçılara, muğam ustadlarına, xeyirxah insanlara, təzə ailə quran gənclərə, nahaqqa qucaq
açan dünyaya həsr edilmiş çoxlu şeirləri yer alıb. Şairin kitabda toplanmış şeirləri ahəngdardır, oxunaqlıdır, əsasən heca vəznindədir, həyatı, varlığı obrazlı şəkildə əks etdirir.” (2012).

Fəxrədin Meydanlı (çair-publisist): “Zakir Ağdamlının şeirləri başdan-başa səmimi sevgi hopmuş sətirlərdən ibarətdir. Bu sevgi-ana sevgisi, Vətən sevgisi, yurd sevgisi, insana sevgi, təbiətə sevgi, qadın sevgisi, ən başlıcası isə İrfani sevgidən ibarətdir. ... Məndə yaranan təəssürata görə, şair Zakir Ağdamlının şeirlərində hiss olunan bu böyük sevgi, onun Ulu Yaradana olan Ali sevgisinin tərkib hissəsidir.” (2016).
Əli Əkbər Şahrili: “Zakir müəllim, Siz əsl azərbaycanlı və tanıdığım ən işıqlı ziyalılarımızdansınız. Allah sizi var eləsin!” (20 Oktyabr 2022.)
Nizami Kolanılı: “Hörmətli dostum, qardaşım İçtimai xadim, fəxri elmləri doktoru şair Zakir Ağdamlıya.
“Dərdə düçar olan gözüm ağlayır,
Möhtacam sənin tək loğmana Zakir,
Qəlbimdən süzülən sözüm ağlayır
Möhtacam sənin tək, loğmana Zakir.”

(23 Oktyabr 2021.)

Dirili Qurbani Məclisi: “Zakir Ağdamlı. Bu imzanı çətin ki, ədəbi mühitdə tanımayan olsun. … Bir şair olaraq poeziyasındakı fərqli məziyyətləri, şeirlərinin səmimliyi, ürəyəyatımlığı, yaxşı mənada çevrəsindəki insanlara sevgi aşılamaq eşqi nəyə desən dəyər şair Zakir Ağdamlının.” (YUSİF DİRİLİ, Dirili Qurbani Məclisinin sədri, şair-publisist. 21 Oktyabr 2021.)

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun şairin 77 yaşına yazdığı təbrik: “Zakir Ağdamlı bir şeirində dediyi kimi, köhnə kişilərdəndir:

“Əzəmət hökm edib ruhunda, canda,
Mərhəmət dövr edib hər zaman qanda.
Saf bir ağsaqqallıq olub cahanda,
Haqq sevən, hürr olub, köhnə kişilər!”


Həmişə həssaslığı, vətənsevərliyi, məhəbbət dolu lirikası ilə ürəklərdə göyərçin yuvası quran şair qardaşımız ZAKR AĞDAMLININ 77 YAŞI MÜBRƏK, 100 YAŞASIN, ÇOX YAŞASIN!!” (20 Oktyabr 2023).

Zakir Ağdamlı 1966-ci ildən ədəbi yaradıcılığa başlayıb. Görkəmli xalq şairimiz əbədiyaşar Məmməd Arazın xeyir-duası ilə dövri mətbuata ayaq açıb: "Zakir
Ağdamlı həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır... Həkim də
insan qəlbinə "boylanır", şair də! Poetik söz dərman olur, qeyri-poetik həkim
məsləhəti də. Zakir Ağdamlının, necə deyərlər, avazı xoşuma gəlir". Zakir Ağdamlı böyük şairimizin bu inamını bütün yaradıcılığı boyu doğrultdu, poeziyasının “xoş avazını” qorudu, saxladı, gücləndirdi, qüvvətləndirdi...
Həmin dövrdən bir çox qəzet və jurnallarda şeirləri mütamadi çap edilib. 2005-ci ildən AYB-nin üzvüdür. “Qəlbimin aynası” adlanan ilk kitabı 1999-cu ildə nəşr olunub. “İlahi, dağlara qovuşdur məni” (2011) şairin öz oxucularıyla ikinci görüşüdür.
Kitab "Əzəldən mənimçün sirdi bu dünya", "Qəlbi bağlı bülbülüyəm o dağların, bu dağların", "Nəğməli bülbüldün, ətirli güldün", "Rəsul Allahından istəsə əgər, daşın üstündə də çiçək bitirər", "Adlı-ünvanlı şeirlər", "Torpaq nisgilli, yurd həsrətli", "Gələcəyəm, Qarabağım" - bölmələrdən ibarətdir. Bu başlıqların özü kitbın məzmunundan, ideya-esttik qayəsindən qədərincə infornasiya ötürür…
Həmin kitabda gedən şeirlərdən biri “Yaşa, Ana Vətən, yaşa” adlanır. Şeiri oxuduqca Azərbaycan xəritəsi gözüm önündə canlandı… Bu şeirdə ulu şairimiz Səməd Vurğun ənənəsinin cövhərini gördüm və şeiri sındırmadan, bütöv şəkildə təqdim etmək məcburiyyətindəyəm:

Göy-göl göllərin tacıdır,
Maral göl ona bacıdır.
Zəli göl suyu acıdır,
Hər biridir bir tamaşa,
Yaşa, Ana Vətən, yaşa!

Ocaq Perəmbeldən keçək,
Lerik bulağından içək.
Lənkərana da baş çəkək,
Böyük Bazardan birbaşa,
Yaşa, Ana Vətən, yaşa!

Astara hər yanı çiçək,
Talış dağlarından keçək.
Durnagöz bulaqdan içək.
Coşan könül dönsün quşa,
Yaşa, Ana Vətən, yaşa!

Masallı can deyər bizə,
Cəlilabadda enək düzə.
Bir baş çəkək Mübarizə,
Can qurban o ər savaşa,
Yaşa, Ana Vətən, yaşa!

Dəlidağda məclis quraq,
Murovdağdan dövrə vuraq.
Hacıkənddə bığı buraq,
Adımı da yazım daşa,
Yaşa, Ana Vətən, yaşa!

Cıdır düzündən aşaq,
Zabuxda qucaqlaşaq,
Çilgəzdə gədik aşaq,
Buludlarla duraq qoşa,
Yaşa, Ana Vətən, yaşa!

Göyəzəndən Aya baxaq,
Damcılıdan çaya baxaq.
Şəmkir qalasına çıxaq,
Qırat, Dür at durub qoşa,
Yaşa, Ana Vətən, yaşa!

Qaxda çıxaq Sarı yala,
Qoy görünsün Zaqatala.
Biz qonaq olaq Marxala,
Ver təbiətlə baş-başa,
Yaşa, Ana Vətən, yaşa!

Pis nə var ki, yurdumuzda,
Qiymətlidi qar da, duz da.
Lap get qonaq qal Buynuzda,
Musa Yaqub gəlsin cuşa,
Yaşa, Ana Vətən, yaşa!

Ucarımda şamama var,
Ağdaş heyvası bal dadar,
Göyçayımda matahdı nar,
Şirvanda baş çək sirdaşa,
Yaşa, Ana Vətən, yaşa!

Bu Qubadı, bu Qusardı,
Baba dağım Şah Vüqardı.
Dəli könlüm Qusarçaydı,
Çırpılacaq dağa-daşa,
Yaşa, Ana Vətən, yaşa!

Obaşdan Xaçmazı keçsən,
Beşbarmağı güman seçsən,
Qalaaltı sudan içsən,
Qum böyrəkdə dönməz daşa,
Yaşa, Ana Vətən, yaşa!

Qarpız yurdu Sabirabad,
İmişlidə qəndimi dad.
Beyləqanda Cərcisə çat,
Ruhum Boz Qurdtək ulaşa,
Yaşa, Ana Vətən, yaşa!

Mingəcevir bir gülüstan,
Hər tərəf bağça, bağ, bostan.
Xaldanda dur, Maşanı an,
Qoyma yaddaşı yaddaşa,
Yaşa, Ana Vətən, yaşa!

Bu Şahbuzdu, bu Ordubad,
Bu Naxçıvan – qaynar həyat.
Sədərəkdə səngərə yat,
Culfada qonaq ol aşa,
Yaşa, Ana Vətən, yaşa!

Şuşanın yolları duman,
Yox, Ağdamsız vermərəm can.
Səfərbərdir hər bir zaman,
Zakir Ağdamlı savaşa,
Yaşa, Ana Vətən, yaşa!



Bu 16 bəndlik şeir bir poema təsiri bağışlayır və Azərbaycan xəritəsinin poetik mozaikasıdır, sevinc, fərəh, qürur, tolerantlıq, millətlərin birliyi, hamının məhəbbət və doğmalıq içində, vahid vətən məkanında, vəhtəd modelində yaşam tərzi və nələr, nələr...
Onun şeirlərində poetik duyğuların əksəriyyəti Vətənə köklənib, Vətəni təsvir, tərənnüm edir. Şairin Vətən məhəbbətindən, yurd sevgisindən, əsrarəngiz təbiətin ecazkar möcüzələrindən güc alan poeziyası bu gözəllik önündə səcdə qılan insanın daxili hiss və düşüncələrinin harmoniyasından rişələnmişdir. Ana vətənə, onun ecazkar təbiətinə vurğunluq Zakir Ağdamlının poeziyasının hər misrasında bütün çalarları ilə duyulur və oxucunu öz fikir karvanının arxasınca aparır. Bu silsilədən olan poeziya nümunələri oxucunu qeyri-adi bir gözəlliklə, sirli-sehirli aləmlə qarşılaşdırır, onu daxili dünyası ilə baş-başa qoyur:

“İçdim bir nəfəsə, coşqun ilhamdan,
İlham pərisinin verdiyi camdan.
Bir xoş ifadədən, şirin kəlamdan,
Şərbəttək süzülür söz ürəyimə!”


Şairin ana yurdun hər qarışını göz bəbəyi kimi qorumaq istəyi, zərif duyğuların tərcümanına çevrilən sevgi nəğmələrinin səmimi etirafı, onun ağrı-acıları, həsrəti, nisgili, vüsalı qəlbindən süzülüb gələn misraların istisində qızınır, soyuğunda şaxta vurmuş çiçək kimi donur...
Zakir Ağdamlının vətən çiçəklərinin ətrilə süslənmiş peyzajları, həssas şair qəlbindən süzülüb gələn bənzərsiz təbiət lövhələri misraların ritmində və ahəngində şair düşüncələrinin orijinal tablolarını yaradır və oxucunun könlünü ovsunlayır, zövqünü oxşayır. Həssas oxucu gözləri qarşısında canlanan bu gözəlliyin sehrindən ayrıla bilmir...

“Səslə nəğmə “toxuyursan”,
Qaratikan qoxuyursan.
Yaman qəmli oxuyursan,
Didərginsən sən də, Bülbül?

...Dağlar duman sıralanma,
Vaxt-vədəsiz uralanma,
Məhv olarsan aralanma,
Bu dumanda, çəndə, Bülbül!”


Şairin yüksək şeiriyyətlə, həssaslıq və uzaqgörənliklə qələmə aldığı istək və arzuları təbii ki, Azərbaycan xalqının əzəli və əbədi Qarabağ yurduna, gözəllik tacı Şuşaya qayıdışı ilə reallaşdı:

“...Ağdam mənə bir döyünən ürəkdir,
Ağdam mənə hava, su tək gərəkduir.
Ağdam mənə qəndir, duzdur, çörəkdir.
Şuşam məmim, qədim şəhər, qalam, oy,
Həsrətinlə neçə ildi lalam, oy!”


Bütün bu təbii yaşantılar, real həyat səhnələri insana paradoksallıqlarla süslənmiş gerçəkliyin özü kimi təqdim olunur. Şairin lirik qəhrəmanı həyatın, qədərin, dünyanın hər çətinliyinə mərdliklə sinə gərən, vətənpərvər, dözümlü, mübariz, yenilməz, elinə-obasına qəlbən bağlı olan humanist bir insandır...
Ümumiyyətlə, Zakir Ağdamlının poeziyası üçün bir bütövlük, varlığa küll halında yanaşma mövcuddur. Bu bütövlük və kamillik təbiətdən, kainatdan, onu əhatə edən mühitdən başlamış, incə, zərif duyğuların daşıyıcısı olan insan və onun ali hisslərinin tərcümanına çevrilən kövrək məhəbbət hisslərinin tərənnümünə qədər bənövşə zəriliyində böyük və müqəddəs bir yol keçir:

Zəfər donlu avazına gəlmişəm,
Ümid ilə bu yazına gəlmişəm.
Od ürəklə pişvazına gəlmişəm,
Qəlbdə inam, əldə “Quran”, Bənövşə!

... Yaz könlümdə çiçəklə gül qarışar,
Novruzgülü Qızılgüllə yarışar.
İlk Baharda kol dibində sayarışar,
Nərgiz ilə qoşa duran Bənövşə!

Zakir Ağdamlının şeirlərində sevgi, məhəbbət insan təbiətinin ayrılmaz bir parçası kimi poetikləşdirilir. Bu şeirlərdə saf məhəbbət, vüsal, həsrət, hicran, ayrılıq, vəfa, sədaqət və s. hisslərin yaratdığı duyğular ətraf aləmin polifonikliyi ilə cilalanaraq təbiətlə insan ruhunun harmoniyasını yaradır. Gözəlliyin sehrinə düşən insanın daxili yaşantıları, sevgi hissləri bu ecazkar dünyanın təmizliyində arınır, durulur, saflaşır. Vətənin göz oxşayan gözəl mənzərələri insanı xoş ovqata kökləyir, zərif və incə duyğuların, kövrək hisslərin yaşantısına çevrilir.
Müəllif hər poetik parçasında məzmun və mündəricənin fikir yükünü, çəkisini artırmaqla yanaşı, epitet, təkrir, metafora, metonimiya kimi bədii təsvir və ifadə vasitələrinin zənginliyindən yerli-yerində, məqamında istifadə etməklə şeirlərin orijinal və mükəmməl poetikasını da yaratmağa müvəffəq olmuşdur.
Zakir Ağdamlının yaradıcılığında bu cür sərrast deyimlərin, maraqlı və yaddaqalan lövhələrin təsviri çoxdur. Şairin poetik dünyasında insan qəlbinin kövrək, həzin, ilıq, sirayətedici hiss və duyğuları olduqca real və inandırıcı boyalarla təqdim edilir. Şair xalqdan gələn ifadələrə yeni ruh, yeni forma və məna çaları verməklə lirik qəhrəmanın təbii yaşantılarının canlı tablosunu yaradır...
Qəlbi Vətən eşqilə döyünən, ürəklərdə Vətən adlı göyərçin yuvası quran şairin – Zakir Ağdamlının 77 yaşını təbrik edir, ona uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq...



Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!