Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
26-03-2024, 14:10
Xeybər Göyyallı: "Onun xatirələrdə nurlu simasının işığı qaldı".


Xeybər Göyyallı: "Onun xatirələrdə nurlu simasının işığı qaldı."

Dostəli Abdullayevin ömür-gününün xatirələrə çevrildiyini dünən eşitdim.
Onun xatirələrdə nurlu simasının işığı qaldı. O həm zahirən, həm də daxilən işıqlı insan idi. Bu nur onun mənəvi dünyasının işığı idi. Bu nur hər kəsə nəsib olmur. İnsanoğlunda olan bütün nəsnələr-ruhi və mənəvi nə varsa Tanrı lütfüdür. Bu nuru, bu işığı Tanrı yalnız xeyirxah insanlara bəxş edir.Mən Dostəli müəllimin xeyirxahlığını gerçəkdən görənlərdənəm.
...Dostəli Abdullayev əhatəsində olduğum insan axını(toplum) içərisində seçilənlərdən idi.Əslində, o, bu axın içərisində özünü-mövqeyini bacardığı qədər qoruyub saxlamışdı. Elə buna görə də yaxşı ad qazanmışdı. Yaxşı deyilib ki, insan xatirəyə dönəndə ondan yalnız ad qalır.Baxır, o ad necə qalır... Dostəli müəllim şərəfli ömür yaşadı.Çünki əqidəli, milli məsləkli və təəssübkeş bir ziyalı idi. O, yaddaşlarda belə qalacaq.
Bu gün onun barəsində hamının müsbət fikirdə olduğuna əminəm. Mən bu gün yox, həmişə onun haqqında müsbət fikirdə olmuşam. Onun barəsində söhbət düşəndə də həmişə fikrimi bildirmişəm. O da yadımdadır ki, “Bərgüşad” qəzetinin 80 illiyi ilə bağlı hazırlanmış kitabdakı yazımda da onun xeyirxahlığını qeyd etmişəm. Onu ilk dəfə “Avanqard”dan tanımışam.Şəxsi tanışlıqdan əvvəl imzası ilə tanış olmuşam.Şəxsi tanışlığımızda elə “Avanqard”ın redaksiyasında olmuşdu.Doğrusu, tanışlığımızın təfərrüatı yadımda qalmayıb. Səksəninci illərin əvvəli idi.Yenidənqurma və aşkarlıq küləyi hələ hiss olunmurdu. Amma Dostəli Abdullayevin imzası qəzetə titrək nəfəs, yeni rəngin qatıldığından xəbər verirdi. İlk yazımı “Avanqard”a apardığım günü də unutmuşam.Onu bilirəm ki, Dostəli müəllim qəzetdə oxucu məktubları şöbəsinin müdiri idi.Mənim qəzetdə vaxtaşırı (bir müddət lap müntəzəm olaraq) müxtəlif mövzularda məqalələrlə çıxış etməyimə maraq və həvəs yaradan həm də O idi. Bir çox qələm-əhlidən fərqli olaraq Dostəli Abdullayev təmiz və saf bir ürəyə sahib idi.O, mənim “Avanqard” qəzetində işləməyim üçün çox çalışırdı...
Yaxşı insanlar bu işıqlı dünyanı tərk edəndə məndə o biri dünyanın varlığına inam bir qədər də artır.Tanrı sevdiklərini bu dünyadan tez aparır...
22-03-2024, 06:22
“...Alimlər dünyanın ÇIRAĞI,  axirətin NURUDURLAR”...


“...Alimlər dünyanın ÇIRAĞI,
axirətin NURUDURLAR”...


-----------------------------------
Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə...
----------------------------

“Alimləri eşidin, onlar dünyanın çırağı, axirətin nurudurlar” – deyib Peyğəmbərimiz.
Şirindil müəllimin alimliyindən, ədəbiyyat tariximizdəki xidmətlərindən həmkarları çox yazıblar. Bu gün də yazır¬lar... Ölü¬mündən sonra...
Xatirəsinə ehtiramla yazdığım bu yazı isə ona olan minnətdarlıq borcum-dur.
“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində direktorum, arxa-dayağım olub Şirindil Alışanlı. Böyük ehtiyac içində olan məcburi köçkün ailəsinin vəziyyətini bir az yüngülləşdirmək üçün halal çörək qazanmaq yolunda çarpışan bir kəndli qızına zamanında edilən yaxşılığı heç bir təşəkkür, minnətdarlıq ödəməz, təbii ki...
Şirindil müəllim “Köhnə kişilər”dən idi. Samballı, ağır çəkili, ciddi. Yaxından tanımayan üçünsə həm də “çox sərt”. Bu xarakterin zirvəsində isə onun XEYİRXAHLIĞI dayanırdı. Görənlər üçün, görmək istəyənlər üçün o belə biri idi. “Elm və həyat” jurnalının redaktor müavini, rəhmətlik Binnət Süleyman həmişə xoş sözlər deyərdi onun barəsində, - mən onu şəxsən tanımadığım illərdə... Deyilənlərə layiq olduğunun illər sonra özüm də şahidi oldum.
Bu yaxınlarda özü ilə telefonla danışanda ürəyimdə olan ən yaxşı sözlərimi ona dedim. Nə yaxşı ki, dedim. Bu tezlikdə itirəcəyimiz heç ağlıma da gəlməzdi. Mənə ən böyük təsəlli də elə budur... İnsana nə lazımdır ki... Adi bir xoş söz, gülər üz... Bütün inciklikləri, qəlb qırıqlıqlarını bir xoş sözlə əritmək olar, məncə, yetər ki, kindən, qərəzdən uzaq olasan... Ürəyimdəkiləri ona deməyə geciksəydim, bu ağır yük bir ömür çiyinlərimdən asılıb qalacaqdı... Məni diqqətlə dinlədikdən sonra gülərək: “Eh... Aliyə, çox sağ ol ki, sən bu sözləri deyirsən. Mən nələr etmişəm, bunu bir Allah bilir, bir də mən. İnsanlıq ölüb gedir artıq. Bilə-bilə ki, bu gün mən xəstəyəm, adi zəng edib hal-əhval tutmaq mədəniyyətləri belə qalmayıb çoxunun”. Ad da çəkdi... Tanıdıqlarım idi... Mən də şahidi olmuşdum onlara etdiklərinin... Təəssüf...

Bir neçə nəfərin adını isə minnətdarlıqla çəkdi. Xüsusilə, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin və vaxtilə onun rəhbərlik etdiyi “Elm” nəşriyyatının hazırkı direktoru Cəbuhi Qəhrəmanovun adlarını.
Xalq şairi Nəriman Həsənzadə ilə ara-sıra görüşdüyünü dedi. Biri-birilərinin xətrini istəyirdilər. Bunları deməyi özümə borc bildim...
Martın 12-də professor Musa Quluzadənin xatirəsinə bir yazı yazmışdım. Orada dar günün dostları sırasında, təbii ki, Şirindil müəllimin adı da var idi. 2 gün sonra isə vəfat etməsi xəbərini eşitdim. Gec eşitdim... İnanmadım. Son danışığımızda demişdi ki, martda xarici ölkəyə müalicəyə gedəcək. Görüşməliydik. Telefonuma baxdım... 29 fevralda zəng etmiş¬dim. Götürməmişdi. Adətən götürməyəndə, sonra özü yığırdı. Bu dəfə zəng gəlmədi. Düşündüm ki, yəqin gedib müalicəyə, inşallah, qayıdar görüşərik.
Təəssüf... Bir dəyərli dostu da beləcə vaxtsız itirdim...
İllər öncə Xalq şairimiz Bəxtiyar Vahabzadənin ömrünün sonlarına yaxın bir müsahibəsinə qulaq asmışdım. Dostluqdan, xeyirxahlıqdan danışırdı...
Mir Cəlal Paşayevin, Nəsir İmanquliyevin, Aslan Aslanovun, Şıxəli Qurbanovun, Cəfər Xəndanın, Həmid Araslının, Muxtar Hüseynzadənin, Abbas Zamanovun, Qulu Xəlilovun, Famil Mehdinin, Nurəddin Babayevin, Nəriman Həsənzadənin adlarını çəkdi.
Belə bir söz dedi Bəxtiyar Vahabzadə: “Nurəddinin bir sözünü unutmuram. Dostlarımızı bir-bir itirib acısını çəkdikcə: “Vay arxaya qalanın halına...”, - deyirdi.
Yəqin Bəxtiyar Vahabzadə özünü nəzərdə tuturdu, dostlarının, xeyirxahlarının bir-bir “yoxa çıxması” onu qorxudurdu. Çox kövrək olmuşdu...
Ömrü yazan Allahdı, düzdü... Amma doğmaların, dostların itkisini kənardan müşahidə etmək həqiqətən çox ağırmış...
Vay axıra qalanın halına!
Sonda Şirindil müəllimin 3 gözəl, ağıllı-kamallı qız övladına üzümü tutub: “Belə bir atanın övladı olmaq səadəti hər kəsə nəsib olmur. Başınızı uca tutun, həyat davam edir! – deyirəm.

Ehtiramla,
Aliyə CAVANŞİR

20-03-2024, 11:08
İmana aparan yolun daim işıqlı olsun!


İmana aparan yolun daim işıqlı olsun!

Tamxil Ziyəddinoğlu barəsində çox da geniş məlumat verməyə lüzum duymuram ona görə ki, onu artıq bir insan ömrü qədərdi ki, tamaşacılar, oxucular, Azərbaycan ictimaiyyəti "Azərbaycan Televiziyası"ndan, hazırda isə başçılıq etdiyi "Bütöv Azərbaycan" qəzetindən yaxşı tanıyır. Özünü yaxşı tanıtmaq, çəkini, sanbalını qorumaq, olduğun kimi görünmək, sözün ilə əməlini bir etmək hər kişiyə nəsib olmayan cəhət olsa da bu,Tamxil müəllimin xarizmatik albomudur. Canında, qanında olan əsl ziyalılıq isə Tamxil Ziyəddin oğlu Hacıyevin həyat kredosu, hədəfi isə düzgunlük, dürüstlük, vətənpərvərlik, xəlqilikdir.
Əziz dostum, bu əlamətdar Bahar bayramında, Allahın müqəddəs Ramazan ayında dünyaya xoş gəlmisən. Qoy, bahar nəsimi, bahar təravəti könlündən heç zaman əskilməsin, imanın kamil, imana aparan yolun isə daim işıqlı, ruhun çesmə kimi aşıb-daşsın, ilhamın enerjisi yaradıcılıgından heç əskilməsin. Can sağlığı, can, sağlıgı, yenə də can sağlıgi arzulayıram!

Hörmətlə: Bəradər SƏMƏNDƏRLİ
18-03-2024, 08:33
Dostəli qardaşımızın ruhuna ehtiramla:


Dostəli qardaşımızın ruhuna ehtiramla:

Bu yaxınlarda "Zəngəzur Cəmiyyətləri" İctimai Birliyinin sədri, dostum Hacı Nərimanoğlu Dostəli müəllimə ürək sözlərini, arzularını bir şeirlə ifadə edib, təbrik üçün, "Bütöv Azərbaycan" qəzeti redaksiyasına göndərmişdi. Çap elədik, telefonla da danışdıq. Dostəli müəllimin xəstəliyinin Hacının ciyərini necə yandırdığını səsindən hiss edirdim. Dostumun qorxu içində gözlədiyi o gün gəldi. 30 il Zəngəzur həsrəti içində qıvrılan Dostəli Abdullayev dünyadan köçdü...
Bu acı xəbər səhərimizi üzüntü içində açdı.
DOSTƏLİ ABDULLAYEVİN vəfatı ilə əlaqədar "Hərbi Jurnalistlər Birliyi" İdarə Heyəti adından, "Bütöv Azərbaycan" qəzetinin yaradıcı kollektivi adından Hacı Nərimanoğluna, bütün Abdullayevlərə kədərləndiyimizi bildirir və dərin hüzünlə başsağlığı verir, başınız sağ olsun deyirik. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!
Dostəli qardaşımızın ruhuna dərin ehtiram və sayğılarla: Tamxil Ziyəddinoğlu
17-03-2024, 09:09
Zəngəzur mahalının Kirs- Kurud abidələri
Yunusov Yunus Hacı oğlu Kirs Kəndlisi

Zəngəzur mahalının Kirs- Kurud abidələri

Zəngəzur mahalının Qafan rayonunun Kurud -Kirs kəndlərində ulularımızın yaratdığı yüzlərlə abidələrimiz qaldı. Kurud -Kirs kəndinin maddi irsi haqqında yazarkən ilk növbədə kəndin relyefinə, coğrafi mövqeyinə də nəzər yetirməliyik. Kirs kəndi Qafan şəhərindən-rayon mərkəzindən 35 -km şimal qərbdə, Kurud çayının qolları olan Əyri çayı ilə Sarı dərə çayı arasında yerləşir. Cidalı dağ silsiləsinin düzənliyində dəniz səviyyəsindən 2300 metr hündürlükdədir. Kəndin evləri hər iki çayın sağ və sol sahilində 150-200 metr ara məsafəsi ilə tikilib, üçbucaq şəklində gündoğana baxır.


Kirs çox qədim kənd olaraq Oğuz türklərinin yaşayış yeri olub. Orada 1988-ci ilədək Azərbaycan türkləri yaşayıb.1960-cı ildə şəkildə gördüyünüz Yunusov Yunus Hacı oğlu ev tikərkən bünövrə üçün qazdığı yerin altından bir qoç, bir qoyun heykəl çıxmışdı. Qoçun boyun hissəsindən başlayan yazıda Cəlal paşanın adı yazılmışdı və əl-ələ tutan beş uşaq şəkli həkk olunmuşdu. Ermənilər xəbər tutan kimi gəlib, muzeyə vermək adı ilə, tapıntıları aparmaq istəyəndə Yunus babaya çox təzyiqlər etdilər. Carəsiz qalan kişi qoyunu torpağa basdırdı, qoçu isə Qafan rayon İcraiyyə Komitəsinin sədri Ovanesyan Qarnik milislərin təzyiqilə götürüb Qafana apardı. Digər abidəmizdən biri də Kirs kəndindəki Alban kilsəsidir ki, kilsənin mövcudluğu1605- ci ildə Türk qaynaqlarında qeyd olunub. Kilsə təqribən 8x10 metr ölçüdə, uzunsov formada çay daşlarından tikilmişdi. 0.50x0.50 m ölçüdə pəncərəsi və iki qapısı var idi. Bizim dövrə gəlib çatan vaxtı qapının biri hörülmüşdü. Hörülmüş qapı gündoğana digəri isə qabaqda geniş torpaq sahəsi olan sərqə açılırdı. Hər iki qapı arkalı aypara şəklində çay daşlarından hörülmüşdü. Şəkildə Kilsə və qabaq qapısı verilmişdir.
Üçüncü və müqəddəs ziyarətgah sayılan abidəmiz Cidalı Pirində yerləşirdi. Pirdə bir neçə qəbir var idi ki, onlar da diametri 8-10 metr olan güney daşlari ilə 80-90 sm hündürlükdə dairəvi hörülmüşdür.

Kirs dağlarında Cidalı ziyarətgahı

Tarixinə nəzər salsaq Osmanlı sülaləsi ilə əlaqəlidir. Belə ki, Osmanlı xanədanının qurucusu olan Osmanın atası Ərtoğrul 1289 -cu ildə öldükdən sonra türklər onun oğlu Osman Qazinin tapşırığı əsasında atasının Söyüdlüdə yerləşən qəbrinə hər il ziyarətə gələrək Türkmən bayramı kimi qeyd edirdilər. Ziyarət hazırlığına qurbanlıq qoç, pambıqdan quyruq yağında basdırma çıraq düzəldər, fəsəli bişirib 10 illər boyu Ərtoğrulu yad edərdilər. Eyni bu gün bizim keçirdiyimiz adətlər kimi. 1326 -cı ildə Osman Qazinin ölümündən sonra oğlu Orxanla qardaşı Dündar arasında, savaşa çevriləcək qədər, fikir ayrılığı yarandı. Savaşda Dündar məğlub oldu və tərəfdaş sərkərdələri ilə Çuxur Səddə (Göyçə gölü ətrafına) sürgün olundu.
Dündar yayı Dərələyəz, Şahbuz, Qarakilsə və Qafan dağlarında qışı isə Qubadlı və Cəbrayılda keçirərdi. İkinci döyüşdə Əmisi tərəfindən öldürüldü və tərəfdarları Qafan dağlarına qaçaraq oralarda məskən saldilar. Dündarın sərkərdələrindən Cidalı isə həmin Dündarlı obası dediyimiz yerdə oldü və ən hündür dağın başında-Cidalı piri adlanan yerdə dəfn olundu. Həmin tarixdən də orada qəbirlərin ətrafı türk adətinə uyğun hörüldü və ziyarətgaha çevrildi. Bizim də dilimizdə olan oda, peynir, sac, sancaq və s. sözlər əsas verir ki, deyək biz də həmin Oğuz türk tayfalarındanıq.

Kirs kəndindəki Alban kilsəsinin dağıntıları

Kirsdəki dağıdılmış Alban kilsəsinin daxili görünüşü
Mənbələrdən aldığımız məlumata görə, Kirs kəndində 1886-cı ildə 130 nəfər,1926-cı ildə 78 nəfər,1931-ci ildə 104 nəfər, 1988-ci ildə 328 nəfər əhali yaşamışdır.1918-1920-ci illərin qırğınından xilas olmaq üçün əhali Ordubad və Naxşıvana qaçmışdır. Sovet hakimiyyəti qurulub ara sakitləşəndən sonra- 1922-ci ildə qaçqınların bir qismi kəndə qayıtmlş, bir hissəsi isə Naxçıvanda qalmışdır.

Kirs kəndində dəyirman yeri

Turş su deyilən ərazidə isə İbrahim Vəliyev atası Qulamalıdan miras aldığı dəyirmanı işlədirdi. Su dəyirmanı 1969 -cu il zəlzələsinə qədər işlədi. İbrahim dayı hər çuval dəni üyütmək müqabilində öz çanağı ilə bir şahad payı deyilən haqq alırdı. Suçu da oğlu Əmrah Vəliyev idi. Amma dəyirmanın yaşı, kim tərəfindən tikildiyi barədə məlumatımız yox idi. Bircə onu bilirdik ki, nəsildən- nəsilə miras qalıb.


Kurud kəndinin uşaq və gəncləri 1970-ci illərdə
Kirs kəndi ilə xeyir-şəri bir olan Kurud kəndi isə Qafan şəhərindən 32 km şimal-qərbdə Kurud çayının hər iki tərəfində, Pireyvət və Piralata dağlarının arasında çay qırağında yerləşir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdədir. Kurud kəndi qədim kənddir. Babalarimız Osmanlı dövləti ilə sıx bağlı olmuş, köçəri həyat sürərək Bursa -Biləcik, Çuxur Səd, Qarakilsə, Dundarlı, Cəbrayıl ərazilərində yaylaqlı-qışlaqlı həyat sürmüşlər. Məlümatlara əsaslanıb deyə bilərik ki, min illərlə sürən aranlı-dağlı həyat tərzindən daim məskunlaşmaya keçid 1700 -cü illərə təsadüf edir. Arxiv sənədlərindən aydın olur ki, 1832-ci ildə kənddə 18 ailə, kişi cinsindən 42 nəfər müsəlman yaşayıb.1774-cü ildə Allahyar Canı oğlunun,1797-ci ildə isə Abdulla Canı oğlunun Kurud kəndində doğulduğu haqqında əlimizdə arxiv sənədləri var. 1897-ci ildə 145 nəfər, 1922-ci ildə172 nəfər, 1926-cı ildə185 nəfər 1931-ci ildə 220 nəfər 1988 -ci ildə kənddə 800 nəfər yaşamışdır.
Kəndin abidələrindən Molla Əbdürrəhimin mədrəsə binası, qədim Alban kilsəsı, Alı Rzaqulu oğlunun dəyirmanı, Xudaverdinin dəyirmanı diqqət çəkir. İlk abidə Alban kilsəsidir ki, eni 6 metr uzunluğu 8 metr, bir tağlı pəncərəsi var idi. Pəncərənin eni təqribən 60 sm.hündürlüyü 100 sm.olardı. Kilsə təmiz çay daşlarından tikilmiş, üstü arkavari mailli olaraq kəsmə daşlarla bağlanmışdı. Kənddə ilk gündən Oğuz türkləri yaşamışdır. DİGƏR MİLLƏTLƏRDƏN BİR NƏFƏR DƏ OLSUN Kurud kəndində yaşamayıb.
[center]
Ermənilərin Kirs kəndindən oğurladıqları qoç-1565-ci ilin abidəsi

Oğurlanmış qoçun Kirsin köhnə qəbirsanlığındakı ilk görünüşü
Sovetləşmə dövründə əvvəlcə kilsədən Sovet idarəsi, sonra anbar kimi istifadə olunub. 1970-ci illərdən bəri isə kənd sakini Əlif babanın ailəsi orada yaşayırdı. İkinci abidə Molla Əbdürrəhimin mədrəsəsidir ki,1880-ci ildən 1930-cu ilədək fəaliyyət göstərib,1937 -ci ildə Molla həbs olunduqdan sonra sovetlər binanı da, mədrəsə ilə yan-yana tikilmiş məscidin bir hissəsini də dağıtmışdı. Sökülmüş binaların bir hissəsini Əbdürrəhimin ikinci oğlu, Ziyəddin əmimgil deportasiyaya qədər təndirəsər eləmişdi. Alı babanın Dəyirmanı 1965- ci ilədək kənd camaatına xidmət göstərmişdir. Hazırda erməni vandallar hamısını dağıdaraq yerlə yeksan etmişlər. Kənddə daş üstündə daş qalmayıb.

Səxavət HACIYEV,[
Tədqiqatçı-tarixçi,
Kurud-Kirs İcmasının sədri

"Bütöv Azərbaycan" qəzeti
15 dekabr 2024
14-03-2024, 20:24
Daha bir ləyaqətli elm xadimi itirdik...


Daha bir ləyaqətli elm xadimi itirdik...

Bu gün Azərbaycan xalqı özünün ən ləyaqətli oğullarından birini itirdi. Filologiya elmləri, doktoru, professor Şirindil Alışanlı haqqın dərgahına qovuşdu.
Müasir ədəbiyyatşünaslıq elmimizin ən parlaq simalarından biri, dərin savadı, geniş erudisiyası, yüksək intellekti ilə fərqlənən Şirindil Alışanlı yeri doldurulmayacaq tək-tük ziyalılarımızdan biri idi. Böyük tribunalarda səsi nə qədər gur, fikirləri nə qədər məntiqli, alim mövqeyi obyektiv idisə, sinəsində gəzdirdiyi ürəyi də bir o qədər yumşaq, dağ çiçəkləri kimi zərif idi.
Uca Tanrı ona hər şeyi bol-bol vermişdi. Alp ərənlər kimi boylu-buxunlu, müdrik filosoflar kimi İmran dilli, ensiklopedik yaddaşa malik, dostluqda sədaqətli, ailədə ailəcanlı bir Vətən oğluydu Şirindil müəllim.
Neçə-neçə aspirantına, dissertantına təmənnasız kömək göstərən, iş yoldaşlarının hər birinin ən kiçik qayğısını özünün böyük problemi hesab edən Şirindil müəllimin belə vaxtsız gedişi bütün xalqımız üçün böyük itkidir. Məkanın cənnət olsun, əziz Şirindil müəllim! Xalqımız, Ulu Sözümüz var olduqca sən də var olacaqsan!
P.S. Professor Şirindil Alışanlı ilə vida mərasimi sabah saat 10.00-dan 12.00-dək "Təzə Pir" məscidində olacaq. Allah rəhmət eləsin!
12-03-2024, 13:54
Pirəkəşkül - Çaylı kəndində görüş

Pirəkəşkül - Çaylı kəndində görüş

12 Mart 2024-cü il tarixində Abşeron rayonunun Pirəkəşkül - Çaylı kəndində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi "Əməkdar Müəllim" Bilman Vəliyev orada məskunlaşmış ziyalılarla görüş keçirib. Görüşdə İcmanın yaranma zəruriliyi, İcma üzrvlərinin siyahıya alınması və "Qayıdış Konsepsiyasının" siyasi əhəmiyyəti barədə ətraflı söhbət aparılıb. Çıxış edənlər İcmanın işinə uğur diləyib, dinc yolla, ləyaqətli şəkildə doğma ocaqlarına qayıtmaq arzularını bildiriblər.
9-03-2024, 15:37
Aynur Familqızı Yazır: Əyilməz vicdanın uca heykəli…


Aynur Familqızı Yazır: Əyilməz vicdanın uca heykəli…

Dağ kimi uca, vüqarlı, məğrur, əyilməz, əsl kişilik simvolu - mənim ATAM! Bu gün xatirələrdə yaşasan da, hər zaman səninlə qürur duymuşam, fəxr etmişəm ki, sənin kimi Kişinin qızıyam. Bir qız üçün Ata tam başqa dünyadır. Güvəndiyin, inandığın, məsləhət yerin, çətinə düşəndə arxan-dayağın, çiynində hüzur tapdığın, saçını tumarladıqca dünyanın ən xoşbəxti olduğun, səni bütün təhlükələrdən qoruyan himayədarın… Yadıma bir əhvalat düşdü. Deyirlər ki, körpünün üstü ilə gedəndə bir qızcığaz atasına deyir ki, ata, qorxuram, əlimi bərk tut. Ata deyir ki, qızım sən mənim əlimi bərk tut, qorxma. Qızcığaz deyir ki, yox ata, sən mənim əlimi tut ki, nə təhlükə də olsa, heç vaxt əlimi buraxmazsan, amma mən buraxaram. Atalar canı bahasına da olsa, heç vaxt övladlarını buraxıb getməzlər…
Atam, sən də belə idin! Üç övladınla fəxr edirdin, sanki bir bağban kimi becərdiyin ağacların meyvəsini daddıqca dünyanın ən xoşbəxt atası olurdun, bizimlə söhbətdən doymazdın... O qəfil gecə (09.03.2013) səni yuxuda bizdən aldı… 11 il keçsə də, qəlbim için-için sızlar, gözüm hər yerdə səni gəzər, yoxluğunla barışa bilmirəm… Ömrünün 61-ci baharında özün də bilmədən ani gedişinin geriyə dönüşü olmadı, ürəyimdə sənə deyiləsi o qədər sözlərim qaldı. Bu da bir tale, qismətiymiş…Neynəmək olar?! Sən sağlığında rəhmət qazanmışdın. Adına layiq övlad böyütdüyün üçün, Sənin qızın olduğum üçün sonsuza qədər Tanrıya şükür edirəm. Rahat uyu, canım Atam! Amma yaman ağır imiş ATASIZ DÜNYA!
Atası olanlar qədirini bilin...
Yaman ağır imiş atasız dünya...
Ona səcdə qılın ona baş əyin...
Yaman ağır imiş atasız dünya...

Qapıya baxıram qapını açmır...
Şəklinə baxıram dinmir danışmır...
Könlüm yas saxlayır könlüm barışmır...
Yaman ağır imiş atasız dünya...

Yerini heç kim verə bilməz🖤 Səni sonsuzadək bütün varlığı ilə sevən qızın - Aynur FAMİLQIZI
28-02-2024, 05:42
VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI...


Məşədixanım Nemət – 100

VƏTƏNİN TARİXİNDƏ
ƏBƏDİ İZİ QALDI...


Var idim İZİM qaldı,
Od idim KÖZÜM qaldı.
Əsrin DAŞ YADDAŞINDA
Mənim də SÖZÜM qaldı...
(Məşədixanım Nemət)

Tanınmış tarixçi-alimimiz Firdovsiyyə Əhmədova deyəndə ki, Məşədixanım Nemətin 100 illiyidir, istər-istəməz 25 il əvvələ qayıtdım, gözlərim önündə xoş xatirələr canlandı. Yüksək mövqeyinə baxmayaraq, seçdiyi peşəsi, sadəliyi, mehribanlığı, bir az da zarafatcıllığı ilə qəlbimdə özünə əbədiyyət qazanan “Şöhrət” ordenli AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli epiqrafçı alim Məşədixanım Sədulla qızı Nemətlə bağlı xoş təəssüratlar onun haqqında yazı yazmaq istəyi yaratdı məndə. Lakin əvvəl tərəddüd etdim. Zərif çiyinlərində yüz illər boyunca haqsızlıqlar içində boğulan xalqının ağır yükünü daşıyan alimlərimizdən biri haqda yazmaq çox məsuliyyət tələb edir axı...
Azərbaycanımızın Amazonkası adlandırılan, “Əsrin daş yaddaşında mənim də sözüm qaldı...” deyən Məşədixanım Nemət öz dəyərini çox gözəl bilirdi... Bilirdi ki, qızmar yay günəşi altında ilanmələyən çöllərdə, qışın sərt soyuğunun insanın iliyinə işləyən çağlarında Vətənini qarış-qarış dolaşıb min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, hələliksə öz layiqli dəyərini almayan tapınt ıları nə zamansa xalqının, Dövlətinin əlində ən “kəskin silaha” çevrilib düşmənin və onun havadarlarının sinəsinə tuşlanacaq və əsrlər boyu zülm, zillət çəkən xalqı nəhayət ki, rahat nəfəs alacaq...
Və o gün gəldi... Bir az gec oldu, təəssüf... Bu günün gələcəyini səbirsizliklə gözləyən yurd həsrətli valideynlərim kimi, cəfakeş alimimiz də bu şərəfli, tarixi günlərin cismən şahidi ola bilmədi. Ruhlarınınsa azad Qarabağımızı bizdən də artıq sevincək ziyarət etdiklərinə əminəm...
Məşədixanım Nemətə Qarabağ xanlığının banisi Pənahəli Xan Cavanşir nəslinin kiçik bir nümayəndəsi kimi də mənim ayrıca təşəkkür borcum var. Və bu, məni daha da ürəkləndirdi yazı yazmağa. Bugünkü Böyük Qələbəmizin qazanılmasında məhz onun fundamental axtarışlarının, tapıntılarının rolu əvəzsizdir. Qarabağın, Zəngəzurun və zaman-zaman “qonşu¬lara” pay-püş edilən digər ərazilərin Azərbaycana məxsus olduğunu, azərbaycanlıların isə ta əzəldən bu ərazilərin qədim-qayım sakinləri olduğunu sübut edən məhz bu cür dəlillər Dövlətimizin başçısına bütün dünyaya nəinki Qarabağın, indiki Ermənistanın belə Azərbaycanın qədim tarixi əraziləri olduğunu cəsarətlə söyləməsinə təkan verdi...
Bu təkzibolunmaz faktlar qarşısında erməni və onun havadarlarının susmaqdan başqa çarəsi qalmadı...
Yaxşı xatirimdədir... 1997-ci ildə tale mənə respublikamızın ən populyar elmi nəşri olan “Elm və həyat’’jurnalı redaksiyasında işləməyi nəsib etdi. Əvvəl yazıçı Cəmil Əlibəyovun direktoru olduğu “Elm və həyat” nəşriyyatında, sonradan isə “Elm və həyat” jurnalında. Ağır illər idi, xalqımız üçün də, elmimiz, təhsilimiz üçün də. Milli Elmlər Akademiyasının elmi nəşrləri siyahısında olmasına baxmayaraq, maddi məhrumiyyətlər içində olan jurnalın cəfakeş kiçik kollektivi - Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova, Binnət Süleyman öz hesablarına bu jurnalı tərtib edir, ədəbiyyatşünas alimimiz Şirindil Alışanovun rəhbəri olduğu “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya mərkəzində nəşr etdirirdilər. Bu cəfakeşliyin nəticəsidir ki, jurnal bu gün də fəaliyyətini davam etdirir.
Bu elm ocağının mənim həyatımda, bir vətəndaş kimi formalaşmağımda böyük rolu oldu. Demək olar ki, Azərbaycanın necə deyərlər, “qaymaqları” - tanınmış şairlər, yazıçılar, alimlər, bir sözlə, böyük bir ziyalı ordusu bu kollektivə gəlir, Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, bu ocağın istisinə yığışırdılar.
Mən məcburi köçkünlük səbəbindən təhsilimi axıradək davam etdirib yüksək təhsil ala bilməsəm də, burada böyük bir akademiya təhsili aldım. Həyatımda böyük rolu olan şəxsiyyətlərə yazılarımda dəfələrlə minnətdarlığımı bildirmişəm...
...Bir gün əməkdaşlarla birgə kompüter otağına zərif, çöhrəsindən nur yağan, gözləri gülən bir xanım daxil oldu. O dəqiqə tanıdım. Dedim ki, mən sizi tanıyıram. Ona xoş olsa da, dinmədi.
Bilirsiz sizi hardan tanıyıram? - soruşdum. Gülümsədi, - hardan?
Dedim Zəngəzurda aşkar etdiyiniz Urud abidələri haqqında 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qarşısında çıxış edəndə televiziyada görmüşəm sizi... Atamla birgə sonadək izləmişəm verilişi.
Əlavə etdim ki, o zaman üçün böyük siyasi əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi ilə bağlı Heydər Əliyevin üzünü tarixçilərə tutub həyəcanla dediyi: “...Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin...” - sözlərindən sonra siz tribunaya qalxıb Zəngəzurdakı Urud abidələri haqqında çıxış edərkən Heydər Əliyevin əlini çənəsinə dayayıb Sizə necə maraqla və fəxrlə baxdığının canlı şahidiyəm...
Bu sözlərim alimimizə çox xoş oldu. Xeyli danışdı o barədə. Ürəyi dolu idi...
Səmimi münasibətimiz yarandı. Sonra bizdə 85 illiyi ilə bağlı qızı - görkəmli tarixçimiz Vəfa Quliyevanın tərtibçiliyi ilə “Daşlaşan sirlərin sirdaşı” adlı kitabı capa hazırlandı. Onda daha da doğma münasibət yarandı. Kitab çap olunanda məni də unutmadı. Öz xətti ilə kitaba təşəkkür avtoqrafı yazıb göndərdi...
Ulu babalarım Cavanşirlərlə bağlı yazılarım qəzetlərdə, jurnalda dərc olunanda Vəfa xanım telefonla məni təbrik etdi, bildirdi ki, yazını oxuyub kövrəldim. Anam da, mən də təbrik edirik səni, uğurlar olsun.
* * *
Urud abidələrinin aşkar edilməsinin Dövlətçilik tariximizə necə böyük töhfə verdiyinin illər sonra şahidi olduq.
Zəngəzurda aşkarlanmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində 1961-1963-cü illərdə apardığı tədqiqatların nəticəsi olan bu tapıntılar Məşədixanım Nemətin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının zirvəsi hesab edilir. Onun bu tapıntısı Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoydu.
...Tarixi dədə-baba torpaqlarımız olan İrəvan xanlığının ərazisinin ermənilərə məxsuz olmasını sayıqlayan erməni alimi Papazyana cavab məktubunda alimimiz əsaslı olaraq soruşur: “...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, o qəbiristanlığı nəyə görə dağıtdınız, viranə qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb bütün dünyanı gəzdirərdiniz ki, bu, bizim tariximizdir. Sübut edə bilmədiyiniz üçün dağıtdınız!”
Bu məntiqli cavabın özü bir dəlil, bir əsaslı sübut deyilmi?!
Məhz bu cür fundamental dəlillərin nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük savaşla Dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.
Bu gün Zəngəzurun, Qarabağın, Təbrizin və digər tarixi torpaqlarımızın göyləri üzərindən gülümsər bir çöhrə məmnunluqla bizə baxır:

“Müqəddəs bir torpaq olan,
Haqqı, səadəti anan
Zəngəzur, Mehri, Qarabağ,
Təbriz, Şuşa, can Dilican,
Qalxmış artıq Azərbaycan!

Didərgindir ocağından,
Dədə-baba torpağından,
Xan, Bülbülün oylağından.
Müntəzirdir Göyçə, Qafan,
Qalxmış artıq Azərbaycan!” —

deyib sevincimizə şərik olduğunu bildirir... Bizi daha böyük qələbələrə səsləyir!..

Ruhunuz şad olsun! Böyük Xanım! Məşədixanım!
Qalxmış artıq Azərbaycan!


Aliyə CAVANŞİR,
tədqiqatçı
25.02.2024

27-01-2024, 23:23
Zəngəzur mahalında Kurud mədrəsəsi

Səxavət HACIYEV
Tarixçi


Zəngəzur mahalında Kurud mədrəsəsi

Məlumat üçün qeyd edim ki, hələ XIX əsrin sonlarında Zəngəzur mahalının Kurud kəndində mədrəsə fəaliyyət göstərmişdir.
Mətləbə keçməzdən əvvəl oxucularımızın yaddaşını təzələmək naminə mədrəsə barədə qısaca xatırlatma:
Mədrəsə - ərəb sözü olub “dərs oxumaq, dərs deyilən yer” deməkdir. İslamın yayıldığı ilk dövrlərdə ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcədə böyük məscidlərdə daima məktəb və ya mühazirə kursları mövcud idi ki, burada da dini və dünyəvi elmlər tədris olunurdu. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər tarixinə nəzər saldıqda görərik ki, Zəngəzur mahalının Kurud kəndində 1880-ci ildə Molla Əbdurrəhimin açdığı mədrəsə bu tip tədris mərkəzi idi.
1038-ci ildə Nişapurda öz dövlətlərini qurmuş Səlcuqlar tərəfindən yaradılmış mədrəsə təhsil sistemi daha sonra Nişapurda, Mərvdə, Xorasanda və oradan da dovlətin qərb vilayətlərinə yayılmışdır. Mədrəsələr yalnız inzibati idarəetmə sistemi üçün kadrlar hazırlanması məqsədi ilə yaradılmışdır. Lakin gələcək inzibatçılar öz fəaliyyətləri üçün vacib olan elmləri də öyrənirdilər. Bəzi tətqiqatçıların fikrincə, mədrəsədə Qazı vəzifəsi hazırlanırdı ki, bu da dini xarakter daşıyırdı və məhkəmələrdə şəriət qanunlarına istinad edərək fətvalar verib hakimlik edirdilər. C.Maqdisi və K.Klauzer kimi alimlər hesab edirdilər ki, mədrəsədə təhsil almış şəxslər fiqhdə yəni qanunvericilik və hüquqşünaslıqda mükəmməl məlumatlı olan şəxs hesab olunurdu. O məhkəmədə Qazı vəzifəsində çalışa bilər, mədrəsədə müdərris kimi işləyə bilər və tədris hissəsində başçılıq edə bilərdi. Bu baxımdan bütün müsəlman dünyasının tədris mərkəzi sayılan Bağdad Nizamiyə mədrəsəsi dövrün tələbi idi. Səlcuq sultanı Alp Arslanın hakimiyyəti illərində onun vəziri olmuş Nizamülmülkün təşəbbüsü ilə 1067-ci ildə açılmış Bağdad Nizamiyyə mədrəsəsi əslində orta əsrin ilk universiteti sayılır. Mədrəsə elmi inkişaf etdirmək üçün açılmışdır ki, sonralar bütün islam alimlərini özündə birləşdirmiş bu mədrəsədə ildə 6000 tələbə təhsil alırdı.
Bu tələbələrdən biri də 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmış Molla Hacıbaba oğlu Əbdürrəhim olub. Qeyd etmək yerinə düşər ki, Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar. Molla Əbdürrəhim də 1880-ci ildə Bağdad da Ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq orada mədrəsə açıb. (Mənbə: S.Qarayev “ Qazangöl həsrəti səh.201 Bakı-2002-ci il)
Molla Əbdürrəhimin mədrəsəsində təhsil almış tələbələrin bizə məlum olan qisminin siyahısını təqdim edirik:

Kurud kəndi 1988-ci ildə

1) Molla Əbdülsəlam (qardaşı) – Kurud kəndi;
2) Molla Ziyad – Kurud kəndi;
3) Molla Həsənxan – Kirs kəndi;
4) Molla Dosdu – Çiriş kəndi;
5) Molla Alı Rzaqulu oğlu- Kurud kəndi;
6) Molla Hacı Hacıyev-Kurud kəndi;
7) Ziyəddin Hacıyev-Kurud kəndi;
8) Canıbaba Hacıyev- Kurud kəndi;
9) Əminə Hacıyeva-Kurud kəndi;
10) Maral Hacıyeva-Kurud kəndi;
11) Molla Pəpiş (əsl adı Həsənov İsrafil Hacı Səməd oğlu)-Qubadlı rayonunun Qiyaslı kəndi.
12) İbiş Nəzərəliyev(Sovet dövründə Naxçıvan Muxtar Respublikasının Prokuroru olub)-Qubadlı rayonunun Göyyal kəndi.

Atam və əmilərim bizə söyləyirdi ki, babanız Molla Hacıbaba Pirdavdan kəndində bacısı Səlbigildə qonaq olarkən bir gün mal növbəsinə getməli olur və çöldə kənd uşaqları ilə savaşıb döyülür. Bacısı Səlbi nənə qardaşını Qazının yanına aparıb şikayət edir ki, qardaşımı kənd uşaqları döyüblər.
Qazı babamdan soruşur:
-Bala kimin oğlusan?
-Cavab: Molla Allahyarın.
Cavabı eşidən Qazı Hacıbabaya bir şapalaq vurub deyir: Gərək səni elə vurardılar ki, gözün çıxardı. Molla Allahyar ölüb deyə,- çoban olacaqsan? Niyə Dədə-babalarının təhsil yolunu yarımçıq qoymusan?!
Rəhmətlik Səlbi nənə bu sözdən sınaraq pul-para toplayıb qardaşını Təbrizə oxumağa göndərir. Qeyd etmək yerinə düşər ki, Səlbi nənənin övladları 1918-1920-ci illərdə Pirdavdan kəndi ermənilər tərəfindən dağıdılıb əhalisi qırılanda, Mustafa kimi igidin köməkliyi ilə, Ordubada-Qoruqlar, Kələki, Bis, Əbrəqunus kəndlərinə pənah aparıblar.
Mən 1971-ci ildə Culfa rayonunda yaşayan bibimoğlu Məhəmməd İmaməliyev ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunda yüksək vəzifə tutan İbiş Nəzərəliyevin evinə getdik. Cay süfrəsində tanışlıqdan sonra biləndə ki, mən Hacının oğluyam, dedi- sənin atanın adı Hacıbabadır. Əbdürrəhim baba öz atasının adını oğluna qoymuşdu. İbiş müəliim qohumluq və kimliyimiz haqqında xeyli söhbət eləyəndən sonra dedi ki, Molla Əbdürrəhim- sizin babanız bizə həftədə 3 dəfə dərs keçirdi. Hacıbaba, Canıbaba, Ziyəddin, Əminə, Maral, Alı, Əsəd, Davud, Pəpiş, Həsənxan və.s yadımdan çıxan tələbələr də vardı. Hər cümə namazından sonra yarış keçirərdi. Molla Pəpiş ilə Alı hamımızdan əzbərçi və savadlı idilər. Hər ikinci gün bizim dərsimiz hədrə-cavablıq yəni hazır cavablıq dərsi idi. Mərhum Molla Əbdürrəhim mütəmadi olaraq Gığıdan Molla Fərzalını, Molla Gəncalını Kuruda-mədrəsəyə dəvət edib bizi imtahana çəkərdi...
Əslində sizin soyadınız da Hacıyev yox, Əfəndiyev olmalıdır. Çünkü siz Əfəndi uşağı gedirsiniz. Canılı tayfası-Əfəndilər yəni oxumuş, təhsilli adamlar.
Bu məqamda hörmətli oxucuların diqqətini Əfəndi sözünün mahiyyətinə yönəltmək istərdim;
Əfəndi-Sünnü din alimlərinə verilmiş xüsusi tituldur. Əfəndi fiqh elmini mükəmməl bilən, Qazı rütbəsi almış, şəriət məhkəmələrini aparan ilahiyyat alimlərinə deyilir. İslami fətvaların verilməsində səlahiyyəti olan sünnü alimlərinə Əfəndi titulu verilirdi ki, bizim babalarımız bu titula laiq olduğu üçün el-oba arasında bizlərə Əfəndilər, Əfəndi uşağı deyə,- müraciət edirdilər.

Ermənilərin viran qoyduğu Kurud kəndi

Arxiv sənədlərinə əsasən 1853-cü ildə Kurud kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan MTN-nin iyun 1993-cü il tarixli 11/14-H631 saylı arayışında babamızın soyadı Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Höküməti əleyhinə fəaliyyətdə ittiham olunaraq üçlüyün qərarı ilə güllələnmiş, məscidi mədrəsəsi isə sökülüb dağıdılmışdır.
Beləliklə sənədlərə baxdıqda görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin tətbiqi ilə keçirilmiş siyahıyaalma zamanı babalarımızın adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları da, o cümlədən Zəngəzur Rusiyanın tərkibinə qatıldı. 1801-ci ildən Gürcüstanı işğal etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi sistemini həyata keçirməyə başladı. Belə ki, Zəngəzurda da yeni iqdisadi layihə 1826-1828 Rusiya-İran müharibəsi başa çatdıqdan sonra maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən həyata keçirildi. 1830-cu ildən Zəngəzur mahalında komeral təsvir aparılır.
Kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Zəngəzur mahalının komeral təsviri” 1832-1833 -cü illər kitabında Kurud mədrəsəsinin qurucuları haqqında məlumata rast gəlirik. Belə ki, kitabın 277-ci səhifəsində Gığılı obası haqda yazılır. 3978 nomrəli arxiv işində Abdulla Canı oğlu 35 yaşında, 1797-ci il doğumlu, oğlu Allahverdi 6 yaşında, 3979 nömrəli arxiv vərəqində yazılmışdır-Molla Allahyar Canı oğlu 58 yaşında-1774-cü il doğumlu. Hər ikisi gümüş pulla 2 rubl və məhsulun 1/5 hissəsini mal-cahat olaraq ödəyiblər. Babalarımın demiyyə yararlı torpağı və dəyirmanı var idi. Həmin müəllifin kitabının 403-ü səhifəsində qeyd olunur ki, Kurud kəndi elmin inkişafı və fəaliyyətində dövlətə xidmətində mollaların xüsusi rolu olmuşdur. 54 nömrəli arxiv işində göstərilir ki, Molla Hacıbaba Molla Allahyar oğlu- 1834-cü il təvəllüdlü. Qeyd edək ki, yoxlamanı həyata keçirtdi Zəngəzur qəza rəisi Artunov. (bax N.Əhmədli Zəngəzur mahalının komeral təsviri səhifə 277. Bakı 2021 )
Arxiv materiallarından aydın olur ki, Nəcəf və Bağdad şəhərləində təhsil almaqlarına baxmayaraq babalarımız Zəngəzur mahalı Kurud kəndinin daim yaşayan sakinləri olaraq kənddə hökumətə vergi vermiş, Mədrəsə açmış, ilahiyyatçı alimlər kimi özlərinə sünnü alimlərinə verilən Əfəndilər titulunu qazanmışlar.
Bu faktlar bir daha sübut edir ki, Zəngəzur mahalında XIX əsrin 80-ci illərindən ilk təhsil ocaqlarından biri kimi Kurud mədrəsəsi fəaliyyət göstərmişdir.
19.01.2024
"Bütöv Azərbaycan" qəzeti
26 Yanvar 2024
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!