Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 27-08-2021, 10:23
Şərqşünaslığımızın sönməyən ulduzu


Ümumislam mədəniyyətinin yaradıcılarından olan Azərbaycan xalqının mütəfəkkir və alimləri əsrlər boyu bu mədəniyyətə qiymətli töhfələr verərək onu zənginləşdiriblər. Bu zəka və ziya sahiblərinin yaratdığı əsərlər onların adlarını İslam mədəniyyəti tarixinə, eləcə də Azərbaycan xalqının tarixinə əbədi həkk edib. Akademik Vasim Məmmədəliyev məhz belə alimlərdəndir. Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalı və şəxsiyyətə xas səciyyəvi xüsusiyyətləri onu fenomen şəxsiyyətlər sırasına daxil edib. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti ilə yetişən akademik Vasim Məmmədəliyev həm elmi ictimaiyyət və xalq arasında, həm də Vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.

Bu fikirlər AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Şərqşünaslığımızın sönməyən ulduzu” sərlövhəli məqaləsində yer alıb.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1959-cu ildə Bakının 113 saylı orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olub, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub. 1964-1967-ci illərdə BDU-nun sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı orada akademik G.Seretelinin rəhbərliyi altında bitirib. Alim 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1979-cu ildə BDU-nun Ərəb filologiyası kafedrasının professoru olub, 1981-1991-ci illərdə isə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə isə həmin ali məktəbin humanitar fakültələr üzrə prorektoru vəzifəsində çalışıb. Vasim Məmmədəliyev 1991-ci ildən ömrünün sonuna qədər BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlığı Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü olub. Elm və təhsildə səmərəli fəaliyyətinə görə “Şöhrət” və “Şərəf” ordenləri, “Yusif Məmmədəliyev” və İran İslam Respublikasının “Şəhriyar” qızıl medalı ilə təltif edilib, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb.

Alimin işıq üzü görmüş son biblioqrafiyasında onun 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, elmi və publisistik məqalələrinin sayı 650-yə yaxındır. Akademik V.Məmmədəliyev “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. Onun elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına əsaslı zəmin yaradır. Alimin bu əsərlərində bir sıra məsələlər müxtəlif sami dilləri ilə müqayisəli şəkildə araşdırılıb, klassik ərəb dilinin materiallarına müraciət olunub, həmçinin Azərbaycan, rus, ingilis, fars, tacik və sair dillərin faktlarından müqayisəli şəkildə istifadə olunub. Eyni zamanda, ərəb dilçilik elminin təşəkkülü haqqında yeni mülahizələr irəli sürülüb, müasir dilçiliyin bir sıra cərəyanlarının mövzu ətrafında fikir və mülahizələri geniş təhlil olunub.

V.Məmmədəliyev kökləri orta əsrin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısı idi. Əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində Şərq filologiyası və poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq olunub və o, bu sahələrdə də qiymətli əsərlərin müəllifidir. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi SSRİ-də yüksək səviyyəli şərqşünas mütəxəssislər hazırlayan məktəb imicini qazanıb. Dünyanın hər yerində Ələsgər Məmmədov kimi ərəbşünas alim-pedaqoqun məktəbinin məzunları seçilib-sayılan ərəbşünaslar hesab edilirdi. Bu məktəbin nümayəndəsi, sonralar isə akademik G.Seretelinin nəzəri məktəbini keçmiş Vasim müəllim universal biliklərə sahib ərəbşünas kimi formalaşmışdı. Klassik və müasir dilçiliyin bir çox nümayəndələrinin əsərlərinə dərindən vaqif olan və onlara yaradıcı şəkildə şərh verməyi bacaran, dilin ruhunu və məna dünyasını dərk edən Vasim müəllim məhz bu istiqamətdə araşdırmalar aparmağa üstünlük verib.

Görkəmli akademik ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlüs, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib.

Vasim Məmmədəliyev özünün “Ərəb dilçiliyi” fundamental əsərində ilk dəfə olaraq “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübuta yetirib. Ümumiyyətlə, akademikin “Ərəb dilçiliyi” monoqrafiyası nəinki müvafiq sahənin ən ümdə məsələlərinin mükəmməl tədqiqi, həmçinin ümumi dilçilik elminin inkişafına təkan verən mühüm bir hadisə kimi dəyərləndirilməlidir. Ərəb qrammatika elminin təşəkkülü və onun məktəblərinin öyrənilməsinə həsr olunmuş bu fundamental əsər Vasim müəllimin dünya şərqşünaslığına layiqli töhfəsidir. Təsadüfi deyil ki, akademikin bir sıra beynəlxalq elmi konfrans və yığıncaqlardakı məruzələri həmişə sanballı elmi nəticələri ilə ərəb dili mütəxəssislərinin böyük marağına səbəb olub.

Görkəmli şərqşünas alim Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarından olub. Akademikin vaxtilə rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayıb. Respublikamızda islamla bağlı mövhumat xarakterli ədəbiyyatın yayılmasının qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın yaradılması çox önəmli hadisə idi. Təsadüfi deyil ki, belə bir mötəbər şuraya məhz Vasim müəllim rəhbərlik edirdi.

1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim” mərhum akademiklərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. Tərcümənin nəşri ölkəmizdə islama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdi və “Qurani-Kərim”in dəqiq məzmunu barədə təsəvvür əldə etməyə imkan yaratdı. Qeyd etmək lazımdır ki, bu müqəddəs kitabın Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən cəhd olunsa da, bu iş yalnız 1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən həyata keçirildi. Üç cilddən ibarət tərcümə-təfsirin işıq üzü görməsində Azərbaycan xalqının fədakar oğlu Hacı Zeynalabdin Tağıyevin xidməti danılmazdır. 1908-ci ildə isə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisidə “Qurani-Kərim”in 2 cildlik tərcümə-təfsirini nəşr etdirib. “Qurani-Kərim” çox bəlağətli, fəsahətli bir dildə nazil olmuşdu. Əsrlərdən bəri Şərqin ensiklopedik biliklərə malik nüfuzlu alimləri Qurana şərhlər yazıblar, lakin müqəddəs kitabın bir çox ayələri öz əsrarəngizliyini qoruyub saxlamaqdadır. “Qurani-Kərim”in nazil olduğu ərəb dili öz leksik fonduna görə dünyanın ən zəngin dillərindən biridir. Qeyd olunan bu faktlar “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə prosesinin mürəkkəbliyinə dəlalət edir. Vasim müəllim akademik Ziya Bünyadovla birgə bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlib və Azərbaycan oxucusuna Allah kəlamını ən yüksək səviyyədə çatdıra bilib. Vasim müəllimin bu tərcüməyə yazdığı “Ön söz” və şərhlər öz elmi siqlətinə, nəzəri əhəmiyyətinə görə son dərəcə maraqlı bir əsərdir. “Ön söz”də əksini tapmış metodiki ideyalar “Qurani-Kərim”in tərcüməsində tam mənada gerçəkləşib. Məhz bunun sayəsində tərcümə oxucuların rəğbətini qazanıb və bir neçə dəfə nəşr olunub. Qeyd etmək yerinə düşər ki, müqəddəs kitabımızın bu tərcüməsi artıq 17 dəfə yenidən nəşr edilib.

Vasim müəllimin ərəb, fars, türk və bir sıra digər dilləri gözəl bilməsi, Şərq mədəniyyətinin nümunələri ilə yaxından tanış olması, İslam dünyasının böyük alimlərinin, mütəfəkkirlərinin, ədib və şairlərinin əsərlərini dərindən mənimsəməsi onun universal ensiklopedist alim kimi formalaşmağında mühüm rol oynayıb. Ərəb və fars dillərini mükəmməl bilməsi ona klassik şərq poeziyasının, xüsusilə Azərbaycan klassiklərinin poetik irsinin gözəl bilicisi kimi şöhrət gətirib. Onun təsəvvüf və irfanla bağlı fikirləri Şərq xalqlarının ədəbiyyatındakı mühüm problemlərin öyrənilməsini xeyli asanlaşdırır. Alimin Yaxın və Orta Şərqin korifeylərinin əsərlərini təhlil edən fikir və mülahizələri bir çox mübahisəli məqamlara aydınlıq gətirib. Əruz vəznini mükəmməl bilən V.Məmmədəliyev Azərbaycan divan ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini səlis şəkildə şərh edib. Akademik Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisi olub. O, dəfələrlə muğam gecələrində aparıcı olub, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış edib. Vasim müəllim Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmlərində görkəmli yer tutan, milli şərqşünaslıq elmimizə böyük töhfələr verən, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük alim olub.

O, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edib. İnstitutun Dissertasiya şurasının təşkil etdiyi müdafiələrdə böyük məmnuniyyətlə iştirak edən hörmətli akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəmirdi. Bu gün Vasim müəllim aramızda yoxdur. Şərəfli ömür yaşamış görkəmli akademik Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.


Paylaş



Bölmə: Təhsil / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!