20-02-2023, 23:19
Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonda danışdıAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin yalnız əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20-02-2023, 23:15
Baş vermiş zəlzələdə 8 nəfər xəsarət alıbBu gün Türkiyənin Hatay bölgəsində baş verən zəlzələ nəticəsində 8 nəfər yaralanıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib. O bildirib ki, bölgədən ilkin olaraq 28 müraciət daxil olub.
20-02-2023, 23:10
Türkiyənin vitse-prezidentindən zəlzələylə bağlı açıqlamaTürkiyənin vitse-prezidenti Fuat Oktay bu gün axşam saatlarında Hatayda baş verən zəlzələ barədə açıqlama verib. Bu barədə "TRT Haber" məlumat yayıb. "Hatay mərkəzli zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Vətəndaşlarımızdan zədəli binalardan uzaq durmalarını xahiş edirik", - deyə o qeyd edib. CNN-in məlumatına görə, zəlzələlərdən sonra bəzi binalarda dağıntıların olduğu, insanların dağıntılar altında qaldığı bildirilir. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib. Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal gücündə zəlzələ baş verib. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.
20-02-2023, 23:05
Türkiyənin Hatay bölgəsində güclü zəlzələ baş veribTürkiyənin Hatay bölgəsində yenidən güclü zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin 6.4 bal gücündə olduğu bildirilir. Məlumata görə, yeraltı təkanlar Adıyaman və Adanada da hiss olunub. Zəlzələ sakinlər arasında təşviş yaradıb. Yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşib. Bunun ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.
20-02-2023, 23:02
Avropa İttifaqı Ermənistanda möhkəmlənmək istəyir - ZaxarovaAvropa İttifaqı hər vasitə ilə Rusiyanın müttəfiqi Ermənistanda möhkəmlənmək istəyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Aİ-nin 100 nəfərlik missiyasının Ermənistanda yerləşdirilməsinə münasibət bildirərkən deyib. O söyləyib ki, Qərb təhlükəsizliyin əsas təminatçısı kimi Rusiyanın tarixi funksiyasını zəiflətmək istəyir. Zaxarova onu da qeyd edib ki, regionda təhlükəsizliyin əsas amili Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış razılaşmalardır. Xatırladaq ki, bu gün Avropa İttifaqının 100 nəfərlik missiyası Ermənistanda fəaliyyətə başlayıb. Missiyanın fəaliyyət müddəti 2 il nəzərdə tutulub.
20-02-2023, 22:59
Belarus Polşa diplomatlarını ölkədən çıxarmağa qərar veribBelarus Polşanın üç diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina məlumat verib. Onun sözlərinə görə, Polşa sərhəd xidmətinin zabiti fevralın 22-si axşam saatlarında Belarus ərazisini tərk edəcək. Bundan əlavə, Belarusun Qrodnodan iki Polşa konsulunu göndərəcəyi ehtimal edilir. Yasina bildirib ki, Polşa cavab tədbirləri görəcək.
20-02-2023, 22:54
Yaponiyadan Ukraynaya 5,5 milyard dollarlıq dəstəkYaponiya Ukraynaya 5,5 milyard dollar maliyyə dəstəyi verəcək. Bu barədə Yaponiyanın baş naziri Fumio Kişida məlumat verib. Qeyd olunub ki, Tokio artıq Kiyevə 600 milyon dollar maliyyə dəstəyi və yüz milyonlarla dollarlıq humanitar yardım verib. “Biz 5,5 milyard dollar məbləğində əlavə maliyyə dəstəyi vermək qərarına gəldik”, - deyə Kişida bildirib. O, həmçinin fevralın 24-də G7 liderlərinin videokonfransının keçirikəcəyini açıqlayıb. Konfransa Ukrayna prezidenti Volodimir Zelenski də dəvət ediləcək. Xatırladaq ki, Yaponiya bu il G7-yə sədrlik edir (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ).
20-02-2023, 22:50
Zəlzələ zonasında 751 min insan çadırlarda qalır - ƏrdoğanZəlzələ bölgəsində 751 min nəfər çadırlarda qalır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "1 milyon 684 min nəfər müxtəlif sığınacaqlarla təmin edilib. Ehtiyac yaranarsa, konteyner evlərin sayı 200 minə çatdırılacaq. Hazırda 114 min 834 nəfər dağıntı altından çıxarılıb. Prosess hələ də davam edir. Zəlzələdən sonra ümumi zərərin qiymətləndirilməsi işləri isə yekunlaşmaq üzrədir", - deyə Ərdoğan vurğulayıb.
20-02-2023, 22:43
ABŞ prezidentdi F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyirABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir. Bunu Türkiyəyə səfər edən ABŞ dövlət katibi Entoni Blinken NTV kanalına müsahibəsində deyib. O qeyd edib ki, Türkiyəyə döyüş təyyarələrinin verilməsi həm NATO, həm də ABŞ üçün vacibdir. “Konqresdə narazılıqlar var, biz Konqres liderləri ilə sıx təmasdayıq və bunun vacibliyini vurğulayırıq. F-16-ların gecikdirilməsinin nə İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü ilə, nə də Türkiyədəki seçkilərlə əlaqəsi var. Konqres liderlərinin bəzi narahatlıqları var və onların narahatlıqlarının aradan qaldırılması vacibdir”, - deyə Blinken bildirib.
20-02-2023, 22:13
Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçiribRusiya ordusu Ukraynada daha bir yaşayış
məntəqəsini ələ keçirdiyini iddia edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik brifinqində məlumat verilib. Nazirlik qeyd edib ki, Rusiya hərbçiləri Donetsk vilayətinin Paraskovyevka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Ukrayna tərəfi isə yaşayış məntəqəsinin ələ keçirilməsi barədə məlumata münasibət bildirməyib.