22-02-2023, 23:59
XİN Mirzoyanın çıxışına cavab verdiFevralın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyirik. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Qeyd edilib ki, Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir: "Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil. Ermənistan tərəfinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina etməsi bir daha göstərir ki, Ermənistan tərəfinin əsl niyyəti etiraz aksiyalarının “blokada” və “gərgin humanitar vəziyyət” yaratdığı barədə iddialarını təkrarlamaqla yoldan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata zidd olan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirməkdir. Bu bir daha sübut edir ki, əslində Laçın yolunda aksiyaların “humanitar vəziyyət” yaratdığı iddialarının heç bir əsası yoxdur və Ermənistan bu iddiadan yalnız siyasi məqsədləri üçün istifadə edir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizm, habelə erməni sakinlərlə dialoq məsələsi barədə Ermənistanın iddialarına gəldikdə qeyd etmək istərdik ki, Münxen danışıqlarında açıq-aydın qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir. Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır. Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik".
22-02-2023, 23:54
Ermənistandan gələn yük maşınları keçid məntəqəsində qalıbErmənistandan gələn 2000-dən çox yük maşını Kazbek-Yuxarı Lars gömrük keçid məntəqəsində qalıb. Bu barədə Ermənistanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstan və Rusiya sərhədində toplanan yük maşınları hər iki istiqamətdə keçid gözləyir. Rusiya mətbuatının yaydığı xəbərə görə, bundan əvvəl Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun bir hissəsi olan Qudauri-Kobidə mümkün qar uçqunları səbəbindən hərəkət qadağan edilib.
22-02-2023, 23:51
XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirdiAzərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib. XİN-in açıqlamasında deyilir: "Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq. Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək. Azərbaycan, həmçinin Ermənistanın Azərbaycandan etirazların “təşkil edilməsini və dəstəklənməsini” dayandırmasını və Qarabağa “təbii qazın və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməyi” tələb edən Ermənistanın tələb etdiyi tədbirləri Məhkəmənin rədd etməsini alqışlayır. Məhkəmə qərarında Azərbaycanın Laçın yolunda təhlükəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri və əmrləri ilə bütün tədbirləri gördüyü və bundan sonra da görməyi öhdəsinə götürdüyü barədə Azərbaycanın bəyanatını və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin şərtlərini nəzərə alıb. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün insanların hüquqlarını qorumağa davam edəcək və Ermənistanı davam edən insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edəcək".
22-02-2023, 23:47
İsrailin Suriyaya endirdiyi raket zərbələri nəticəsində iranlı məmur ölübÖtən həftənin bazar günü İsrail ordusu Suriyaya raket zərbələri endirib. Zərbələr İranın Suriyadakı pilotsuz uçuş aparatları və raket istehsalı edilən obyektinə dəyib. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, zərbələr suriyalı və iranlı texniki ekspertlərin bir araya gəldiyi obyektə endirilib. Zərbə nəticəsində suriyalı mühəndis və bir iranlı məmur ölüb. Suriya dövlət mediasının məlumatına görə, zərbələr zamanı ümumilikdə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
22-02-2023, 23:31
İspaniyadan Ukraynaya tank yardımıİspaniya Ukraynaya hazırda təmirdə olan 6 ədəd "Leopard-2A4" tankı göndərəcək. Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib. "Ehtiyac olarsa və müttəfiqlərimiz tələb etsələr, bu rəqəm artacaq", - deyə nazir əlavə edib. Ekspertlərin sözlərinə görə, İspaniya ordusunda ümumilikdə 108 ədəd "Leopard-2A4" tankı var. Onların təxminən yarısı Şimali Afrikada, daha 53-ü isə Saraqosa yaxınlığındakı hərbi bazada saxlanılır.
22-02-2023, 23:28
Bayden moldovalı həmkarıyla görüşübABŞ Prezidenti Co Bayden moldovalı həmkarı Maya Sandu ilə görüşüb. Görüş Polşanın paytaxtı Varşavada baş tutub. Görüş zamanı liderlər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Sandu Baydeni ölkəsinə səfərə dəvət edib.
22-02-2023, 16:27
İlham Əliyev Anlaşma Memorandumunu təsdiq etdi
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” 2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanıb.
22-02-2023, 16:23
Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdiRusiya Prezidenti Vladimir Putin Çinin baş diplomatı Vanq Yi ilə görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məluamt yayıb. Görüş zamanı Vanq Yi Rusiya-Çin münasibətlərinin Qərbin təzyiqlərinə tab gətirdiyini və durmadan inkişaf etdiyini bildirib. Putin Çin lideri Si Cinpinin Moskvada gözlədiyini deyib. "Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib", - deyə çinli diplomat bildirib. Putinin sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilə qədər 200 milyard dollara çatacaq. 2022-ci ilin sonunda dövriyyə 190 milyard dollar təşkil edib.
22-02-2023, 16:19
Ermənistanın danışıqlar masasına geri qayıtması zəruridir - Ceyhun Bayramov"Ermənistanın destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına geri qayıtması zəruridir". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşündə deyib. Bununla yanaşı, ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə qarşı tərəf məlumatlandırılıb. C.Bayramov və L.Dokerti sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar. Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandıran nazir, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə ətraflı məlumat verərək həyata keçirilən etirazların Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı olduğunu, həmçinin blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfə məlumat verilib. Sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyi diqqətə çatdırılıb.
22-02-2023, 16:12
Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaqTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da ölkədə seçkilərin keçirilməsi ilə bağlı qərarını açıqlayacaq. Bunu eksklüziv açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım bildirib. “Hesab edirəm ki, Türkiyədə prezident seçkiləri əvvəlcədən açıqladığımız tarixdə baş tutacaq. Biz AKP olaraq seçkilərin keçirilməsinin tərəfdarıyıq. Qismət olarsa, seçkilərin həmin vaxtda keçirilməsini dəstəkləyirik”,- deyə deputat bildirib. Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib. Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.