"Biz daha zərrə qədər danışıq qabiliyyətinə malik tərəfdaş kimi Qərbə arxalanmayacağıq. Gəlin, buna hazır olan dünyanın qalan hissəsi ilə işləyək". Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib. "Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatında Qərbin payı artır. Qərb metodik şəkildə onlardan öz maraqlarına zidd addımlar atmamağı tələb edir. Baxmayaraq ki, əslində bu, yalnız daxili işlərə müdaxiləyə çevrilir. MDB-də iqtisadi əməkdaşlıq çərçivəsində mühüm əlaqələr qalmaqdadır, çünki MDB azad ticarət zonası fəaliyyət göstərir, müasir çağırış və təhdidlərlə - terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq - mübarizə sahəsində və humanitar sahədə. 2023-cü il üzrə təşkilatda millətlərarası ünsiyyət dili kimi rus dili ili elan edilib", - Lavrov söyləyib. "2001-ci ildən biz ilk növbədə Çin, Hindistan və ASEAN ölkələri ilə əlaqələrimizi qurmağa başladıq. İndi deyirlər ki, “Rusiya Qərbə üz çevirib”. Heç kim heç kimdən üz döndərmədi. Daha doğrusu, Qərbin özü üz çevirdi. Qərb öz seçimini edib və deyir ki, “Rusiya strateji məğlubiyyətə uğramalıdır”, “Krımdan əl çəkməlidir”, - deyə o bildirib.
Ermənistanın İstintaq Komitəsi və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) arasında memorandum imzalanıb. Bu barədə "Armenpress" agentliyi məlumat yayıb. Memorandum transmilli cinayətkarlıqla mübarizə üzrə birgə iş üçün nəzərdə tutulub. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, müqavilə əsasında əməkdaşlıq yeni səviyyəyə qalxacaq. “Sənəd kibercinayətkarlığa, adam oğurluğuna, mütəşəkkil cinayətkarlığa, iqtisadi, maliyyə və bank sektorunda qeyri-qanuni beynəlxalq fəaliyyətə, o cümlədən çirkli pulların yuyulmasına, qeyri-qanuni miqrasiyanın bütün formalarına, insan alverinə, eləcə də digər cinayət növlərinə qarşı mübarizəyə aiddir”, - açıqlamada bildirilir. Memorandumu Ermənistan İstintaq Komitəsinin sədr müavini Arsen Ayvazyan və ABŞ FTB-nin Ermənistan və Gürcüstandakı hüquq attaşesi Heder Berq imzalayıblar.
MHP sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri olacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində bildirib. O qeyd edib ki, Baxçalı təklifi qəbul edib.
İslandiya Respublikasının paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşünün açılış mərasimi keçirilir. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Ceyhun Bayramovun Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
İkinci tur seçkiləri üçün böyük mitinqlər keçirməyəcəyik - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14 may seçkilərindən sonra ilk dəfə müsahibə verib. Dövlət başçısı "CNN Türk" və "Kanal D" telekanallarına müsahibəsində seçki prosesi, eləcə də seçkidən sonrakı hadisələrlə bağlı sualları cavablandırıb. Ərdoğan ikinci tur seçkiləri üçün böyük mitinqlər keçirməyəcəyini bildirib. O, həftəsonu zəlzələ bölgəsinə gedəcəyini bildirib. "Bu həftənin sonunda zəlzələ bölgəsinin müəyyən bir hissəsini ziyarət edəcəyəm. Mitinq planlaşdırmıram, zəlzələ bölgəsində mitinq xarakterli toplantılar keçirə bilərik", - o qeyd edib. Türkiyə lideri onu da deyib ki, qarşıdakı 12 günü diqqələ qiymətləndirəcəklər və qətiyyən rahat davranmayacaqlar: "Artıq 28 may üçün işə başlamışıq. Bu gün bütün liderlərlə görüşlərim oldu. Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik".
Cəlilabadda yerləşən ziyarətgahda yanğın baş verdi
Bu gün Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Dələli kəndində qeydə alınıb. Belə ki, kənddəki ziyarətgahın ərazisində yerləşən məscidin dam örtüyü yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, məscidə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Erməni hərbiçilər Xocalıda döyüş atışları həyata keçirirlər - VİDEO
Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Bu barədə “Caliber”in hazırladığı süjetdə məlumat verilir. Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsiylə bağlı dəfələrlə bəyan edib. Təqdim olunan videoda Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntülər də öz əksini tapıb. Ətraflı süjetdə:
Ərdoğan “Cumhur İttifaqı”na daxil olan partiya liderləriylə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Cumhur İttifaqı"na daxil olan siyasi partiyaların liderləri ilə görüşüb. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, o, əvvəlcə MHP sədri Dövlət Baxçalı ilə görüşüb. Sonra Ərdoğan Demokratik Sol Partiyasının sədri Önder Aksakalı qəbul edib. AKP lideri daha sonra Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan, ardınca HÜDA PAR partiyasının sədri Zekeriya Yapıcıoğlu ilə görüş keçirib. Prezidentin ofisində baş tutan görüş mətbuata qapalı keçirilib. Detallar mətbuata açıqlanmayıb.
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu! Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb. O, öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoymuşdur. Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və bundan sonra da müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.
ABŞ Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizəsi üzrə Əməkdaşlıq İdarəsinin icraçı katibinin müavini vəzifəsini icra edən Ceyms Aplqeytin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Ceyms Aplqeyt səfər çərçivəsində Ermənistanın baş prokuroru Anna Vardapetyanla görüş keçirib. Məlumata görə, Vardapetyan ABŞ-dan olan həmsöhbəti ilə qarşılıqlı əlaqələrin hazırkı səviyyəsini, prokurorluğun ehtiyacları üzrə davam edən dialoqu dəyərləndirib. "Tərəflər əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi perspektivlərinə toxunublar", - deyə qeyd olunub.