“Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Tacikistan Hökuməti yanında Gömrük Xidməti ilə hər iki ölkə arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol” təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Qeyd edək ki, protokol 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanıb.
Azərbaycanla Tacikistan arasında saziş təsdiqləndi
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, Saziş 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanıb.
Türkiyədə seçilən deputatların 20 faizini qadınlar təşkil edir
Türkiyədə 14 mayda keçirilmiş seçkilər nəticəsində 28-ci çağırış parlamentin tərkibində 121 qadın deputat mandatı qazanıb. Bununla da parlamentdə qadın deputatların nisbəti 1/5 təşkil edib. Cümhuriyyət tarixində qadın deputatların qanunverici orqanda təmsil olunması 28-ci çağırışda ən yüksək səviyyəyə çatıb. Qeyri-müəyyən nəticələrə görə, parlamentə daxil olan 600 deputatdan 121-i qadındır. Parlamentin ən gənc üzvləri də qadınlardan ibarətdir. Belə ki, AKP-nin Ankaradan seçilmiş namizədi Zehranur Aydemirin 25, İstanbulu təmsil edən Rümeysa Kadakın isə 27 yaşı var. Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.
Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışları keçiriləcək. Bu barədə "Hayeli" nəşri məlumat yayıb. Bildirilir ki, toplanış 2023 avqustun 1-dən oktyabrın 13-dək davam edəcək. Məlumata görə, ehtiyatda olan zabit və gizirlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, təlim-tərbiyə və hazırlıq səviyyəsinin yüksəldilməsi, ehtiyatda olan zabitlərin ehtiyac olduqda döyüş növbətçiliyinə cəlb edilməsi həyata keçiriləcək.
KTMT-dən çıxmaq gündəlikdə olan məsələ deyil - Ermənistan XİN
"KTMT-dən çıxmaq mümkünlüyü müzakirə olunub, amma indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur". Bu barədə Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məsələ 2022-ci ilin sentyabrında Təhlükəsizlik Şurasının iclasında qaldırılıb, amma belə bir addım atmamaq, İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb. "Daha sonra İrəvan görüşündə bəzi məsələlər müzakirə olundu, hazırda iş davam edir. Yaxın vaxtlarda təşkilatın Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanatı ilə bağlı müzakirələr davam etdiriləcək", - o əlavə edib. Diplomat qeyd edib ki, regionda vəziyyət ağırdır və Ermənistan KTMT-nin üzvü olmaqla üzərinə öhdəliklər götürərək müəyyən nəticələrə ümid etməkdə davam edir. "Ermənistanla Azərbaycan arasında dialoq üçün eyni vaxtda bir neçə platformadan, o cümlədən Rusiya platformasından istifadə olunur", - Mirzoyanın müavini deyib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Ermənistanın silahlanmasına kömək etməliyik - Fransız rəhbər
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələr bildiriblər ki, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etmək qərarına gəlib. Bu barədə İsrailin "İ24NEWS" nəşri məlumat yayıb. İddiaya görə Fransa yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyor təhvil verəcək. Həmçinin, gələcəkdə Fransa istehsalı olan "Minstrel" hava hücumundan müdafiə raketlərinin İrəvana tədarükü nəzərdən keçirilir. Nəşr qeyd edir ki, Paris Ermənistana silah ixracı üçün sistem qurmağa hazırlaşmağa başlayıb. Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz qarşıdan gələn silah tədarükü barədə açıqlama verib. “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik", - o bildirib.
“Zəngilan” tankerinin suya salınması mərasimi keçirildi
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin mayın 16-da suya salınması mərasimi keçirilib. Bu, Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev məlumat verib ki, gəminin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Zəngilan” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. Onun sözlərinə görə, yeni nəsil “Zəngilan” tankerinin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8009 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kW gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, naviqasiya cihazları və separator ilə təchiz edilib. Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq. Yeni nəsil "Zəngilan" tankerinin xarici sularda istismarı nəzərdə tutulur. Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. 2022-ci ilin sonunda istismara verilmiş ilk neft və kimyəvi məhsullar daşıyan tanker olan “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri üçrəngli bayrağımız altında xarici sularda istismar olunur.
Astarada su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən gün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib. Qeyd edək ki, suçəkmə işlərinə FHN-in Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarından ümumilikdə 41 nəfərdən ibarət şəxsi heyət, 9 texnika, 5 motopompa və 3 nasos cəlb olunub.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar AKP Kayseri vilayət təşkilatında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, "ATA İttifaqı"nın namizədi Sinan Oğanın ikinci turda "Cümhur İttifaqı" ilə əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı da danışıb. "Bunlar siyasətin aktor və faktorlarıdır. Bütün bu məsələlər siyasi tənlikdə hansısa şəkildə müzakirə edilər. Hər kəs öz yerini alar. Ağlabatan və məntiqli şəkildə. Bu mövzuda həm prezidentimiz, həm partiyamız lazımi təmasları və əlaqələri qurar, danışar, müzakirələr aparar, tədbirlər görər", - deyə o bildirib. Qeyd edək ki, Akar AKP-dən Kayseri üzrə deputat seçilib. Türkiyədəki seçkilərdə heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.