AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                        Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı .....                        Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı .....                        Gürcüstan azərbaycanlıları Şuşada - FOTO .....                       
29-07-2023, 12:23
Göygöldə iti güllələyənlə bağlı təhqiqat araşdırmaları davam edir


Göygöldə iti güllələyənlə bağlı təhqiqat araşdırmaları davam edir

Göygöldə küçə itinə xəsarət yetirən şəxslə bağlı təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət veriləcək.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki sahibsiz itə rəhimsiz rəftar edən və onu atasına məxsus ov silahı ilə atəş açaraq yaralayan şəxsin rayon sakini Yusif Bağırov olması müəyyən edilib.
29-07-2023, 12:10
Su-25 ML hücum təyyarələri "Laçın" adlanacaq


Su-25 ML hücum təyyarələri "Laçın" adlanacaq

Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi Su-25 ML hücum təyyarələri "Laçın" adlanacaq.
Bu barədə iyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib.
General-polkovnik İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Laçın") sinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.
Qeyd edək ki, iyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib. “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.
29-07-2023, 11:57
Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirildi


Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirildi

İyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
General-polkovnik Z.Həsənov Şuşada keçirilmiş Qlobal Media Forumunun açılış mərasimində və digər çıxışlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun əvvəlkindən daha güclü olması barədə səsləndirdiyi yüksək fikirlərin hər birimiz üçün qürur mənbəyi olduğunu və bizi növbəti böyük uğurlara ruhlandırdığını, eyni zamanda şəxsi heyətin məsuliyyətini daha da artırdığını xüsusi vurğulayıb.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
Nazir, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.
Hərbi qulluqçuların peşəkarlığının, praktiki vərdişlərinin və bölmələrin döyüş qabiliyyətinin daima yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların qarşılıqlı fəaliyyətdə keçirdiyi təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsi, əməliyyat planlarının mütəmadi olaraq dəqiqləşdirilməsi, habelə təlimlərin keyfiyyətinin daha da artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müşavirədə yeni tədris dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı, xüsusilə qışa hazırlıq məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar aidiyyəti üzrə qoşun növü komandanlarına çatdırılıb.
Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.
Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən cari ilin birinci yarımili ərzində Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.
Nazir, hərbi qulluqçuların yay mövsümündə günvurmadan qorunması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə tələblərini komandir heyətinə çatdırıb.
Hərbi qulluqçuların xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının onların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə, həmçinin şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasına dair əlavə göstərişlər verib.
Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin plana uyğun davam etdirilməsinə xüsusi diqqət yetirilməsi tapşırılıb.
Sonda general-polkovnik Z.Həsənov İstanbulda keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Laçın") hücum təyyarəsinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.
29-07-2023, 11:34
Müharibədən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib


Müharibədən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib

“İkinci Qarabağ müharibəsindən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib”.
Bu barədə Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında deyilir.
“10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib”, - bəyanatda qeyd olunur.
29-07-2023, 11:17
Füzulidə silah-sursat aşkarlandı


Füzulidə silah-sursat aşkarlandı

Füzuli rayonunda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
29-07-2023, 11:00
XİN Ermənistana xəbərdarlıq etdi


XİN Ermənistana xəbərdarlıq etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana xəbərdarlıq edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
XİN-in bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radioelektron müdaxilələr dözülməzdir və yolverilməzdir.
"Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür", - bəyanatda qeyd edilib.
29-07-2023, 10:39
XİN bəyanat yaydı


XİN bəyanat yaydı

Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə Ermənistanın hərbi təcavüzü, ərazilərimizin işğalı, qoca, qadın, uşaq demədən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsi ilə üzləşib, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqına çevrilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmasına və işğalçı qüvvələrin Azərbaycan ərazilərini dərhal tərk etməsinin tələb olunmasına baxmayaraq, Ermənistan bütün bu çağırışlara heç bir məhəl qoymayıb, əksinə işğala əsaslanan status kvonu daha da möhkəmləndirərək, işğal etdiyi ərazilərdə Azərbaycan xalqının tarixi və mədəni irsini qəsdən məhv edib, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı açıqlamalar verərək, Azərbaycanı “yeni ərazilər naminə yeni müharibə” ilə hədələyib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi zəfər qazanaraq torpaqlarımızın işğalına son qoyub. 30 illik işğala və məşəqqətlərə baxmayaraq, Azərbaycan tərəfi Vətən müharibəsindən qısa müddət sonra iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfinin Azərbaycanın sülh təşəbbüslərinə uzun müddət cavab verməməsinə və müxtəlif bəhanələrlə prosesi ləngitməsinə baxmayaraq, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib.
Bununla yanaşı, Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadə və idarəolunması istiqamətində bir sıra təmaslar və erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib. Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib.
10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib.
Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayaraq, bunun əksinə Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, onların Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşməsini davam etdirib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub.
Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.
Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir.
Bütün bunlar, xüsusilə də, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron müdaxilələr dözülməzdir və yolverilməzdir.
Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.
30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi qəbuledilməzdir. Həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə də etinasız yanaşıblar. Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik.
Azərbaycan özünün Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır.
29-07-2023, 10:15
Cüdoçularımız 3 qızıl medal qazandı


Cüdoçularımız 3 qızıl medal qazandı

Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.
Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub. Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.
Turnirin ilk günündə oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov və -55 kq. çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə -44 kq. çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.
Yarışın ikinci günündə qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında isə -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.
Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.
Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -90 kq. çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. +90 kq. çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb.
Qeyd edək ki, bu gün EYOF-un komanda yarışları keçiriləcək. Komanda yarışlarında Azərbaycan yığması 4 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq.
29-07-2023, 00:15
DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN

ARAZ YAQUBOĞLU – 50

Son illərdə yaxından tanıdığım, daim əyani və müasir texniki vasitələrlə ünsiyyətdə olduğum, ixtisasca mühəndis, eyni zamanda ədəbi-bədii ictimaiyyətə peşəkar jurnalist, publisist, şair, tədqiqatçı kimi yaxşı tanış olan Araz Yaquboğlunun 50 illik yubileyi ərəfəsində onun zəngin, çoxşaxəli yaradıcılıq məziyyətləri və insani keyfiyyətləri haqqında bir neçə söz demək istədim.
Türk dünyasına Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Dədə Ələsgər, Şair Məmmədhüseyn, Növrəs İman və b. kimi poetik dühalar bəxş etmiş, əsrlərlə qədim, zəngin tarixi olan Göyçə ədəbi məktəbinin bir çox tanınmış poeziya ocaqları mövcuddur ki, onların içərisində Daşkənd kəndində Həsən Xəyallı ocağı xüsusi yer tutur. Poetik gücünü sələflərindən götürən bu ocaq XX əsr Göyçə ədəbi mühitinin göstəricisi olaraq ədəbiyyatımıza onlarca istedadlı yazarlar yetişdirmişdir. Bu ocağın bünövrəsini qoymuş şair Həsən Xəyallı, onun istedadlı yazar övladları-Molla Əmirxan, Nəbi Həsənoğlu, Eldar Həsənli, xüsusilə ixtisasca riyaziyyatçı olan, ilhamlı qələmə, dərin poetik və publisistik yaradıcılığa malik, şifahi və yazılı ədəbiyyatımızı gözəl bilən görkəmli şair Sərraf Şiruyə, cavan yaşlarında dünyasını dəyişmiş, fitri istedad sahibi, şair Aqil İman Göyçə ədəbi irsinin, müasir milli ədəbiyyatımızın layiqli nümayəndələridir. Onların övladları, ədəbi varisləri bu gün uğurla yazıb-yaradan istedadlı şairlər-Aqşin Hacızadə, Qılman İman, Əli Məhərrəmov, haqqında bu yazını qələmə aldığım Araz Yaquboğlu və digər yazarlar bu nurlu ocağın qüdrətli davamçılarıdır.
Hər kəs həyatında müxtəlif xarakterli insanlarla rastlaşır, ünsiyyət qurur, yoldaşlıq edir. Onların arasında öz etibarı, vəfası, ali xüsusiyyətləri ilə seçilən üç, dörd, çox zaman ancaq bir nəfərlə dostluq əsl etalona çevrilər. Belə insanlar müqəddəsliyi, sədaqəti, fədakarlığı, qüdrəti, xoş rəftarı, təvazökarlığı, yüksək mədəniyyəti və s. ali keyfiyyətləri özündə cəm edər və əhatəsinə də təlqin etməyə müvəffəq olar. Araz Yaquboğlu kimi!
Araz Yaquboğlu yüksək mənəviyyatı, intellekti və mədəniyyəti olan əsl azərbaycanlıdır. O yorulmaq bilməyən çox zəhmətkeş, çalışqan, yaradıcı bir tədqiqatçıdır. Onun yaradıcılığı çoxşaxəlidir, həm folklorumuzu, klassik poeziyamızı, ədəbiyyatımızın tarixi şəxsiyyətlərinin yaradıcılığını tədqiq və təhlil edən, eyni zamanda innovativ sahədə uğurlar qazanan gözəl bir elm adamıdır, ziyalıdır. Daim öz işindən zövq alan, ancaq heç vaxt öyünməyən, həmişə öyrənməyə can atan təvazökar araşdırmaçıdır. Onun qələminin məhsulu oxunaqlı, mükəmməl, mövzu və məna baxımından geniş, dərin və zəngindir. Söylədiklərimi bir neçə misalla oxucuların nəzərinə çatdırmağa çalışacam.

Onun “Bütöv Azərbaycan” qəzetində dərc olunmuş “Analar anasını xatırlayarkən” yazısını insan ürəyinin dərin qatlarına təsir edən səmimi, nisgilli, nurlu, kədərli hisslərsiz oxumaq mümkün deyil. Bu yazını mən Göyçədə və Yeni Daşkənddə həyatın bütün gözəlliklərini və məşəqqətlərini görmüş, Vətən uğrunda şəhid və qəhrəman oğullar bəxş etmiş bir analar Anasının vəfatıyla bağlı Araz bəyin özünəməxsus istedadlı qələmiylə yazdığı tarixçəni “Qəriş xalanın hekayəti” adlandırardım. Onun Qəriş xala haqqında kədərli notlara köklənmiş bu fikirləri-“Daha mənim doğulduğum kənddə anamdan başqa kimim qaldı ki? Heç kimim. Heyif sizdən, ağsaqqallar, ağbirçəklər. Mən sizlə nəfəs alır, sizlə qürur duyur, sizə görə kəndə can atırdım”-insan qəlbini təlatümə salır, riqqətə gətirir. Araz Yaquboğlunun bu yazısı Göyçənin Daşkənd, Bərdənin Yeni Daşkənd əhalisinin, bütün insanlarının məhəbbətini və hörmətini qazanmış, hamının onu Qəriş ana, nənə, xala kimi çağırdığı Gülavatın Şükür qızı Məhərrəmova haqqında yazılmış bir essedir, vəfatının ağır təsirindən yaranmış, sevgi ilə xatirələrə bürünmüş rekviemdir. Araz bəy bu çox təsirli yazısında Molla Əmirxan–Qəriş ailəsinə mənsub olan “Qəriş xalanın çolpalı xəngəli”, “Əmirxan əminin qoç payı”ndan bəhs edən, onlara bənzər çoxsaylı mütəəssir olunacaq epizodlarda bu ailənin bütöv göyçəlilərə məxsus olan səxavətini və xeyirxah xasiyyətlərini açıb göstərə bilmişdir.
Araz Yaquboğlu Qəriş xalanın vəfatına həsr etdiyi yazısını bu sətirlərlə bitirir: “Dəfndən qayıdıb qapıya gələndən sonra gözlərim qarşısında sanki beş Qəriş xala gördüm. Onda dedim ki, bir daha Allah sənə rəhmət eləsin, Analar anası! Sən fani dünyanı tərk etsən də, yerində özün kimi beş ana qoyub getdin. Yerin cənnət olsun, Qəriş xala!” İstedadlı yazıçı-publisist qələmindən çıxmış bu hekayəti oxuyarkən mən Araz bəyin bu sözlərinə qoşularaq ona, mərhumun doğma və yaxınlarına, Yeni Daşkənd camaatına dərin hüznlə başsağlığı verir, Gülavatın Anaya -Qəriş xalaya Allahdan rəhmət diləyirəm!
Bu yaxınlarda Azərbaycanda olarkən Araz Yaquboğlunun bədii ifadə baxımından və tarix nöqteyi-nəzərdən maraqlı olan “Ömrün şəhidlik zirvəsi” adlı kitabını diqqətlə oxudum. Araz bəy əvəzolunmaz bir iş görüb. Kitab Göyçə mahalının Daşkəndli şəhidlərinə, ilk növbədə bu gün Bərdə rayonunda Yeni Daşkənd məktəbinin onun adını daşıyan qəhrəman şəhid Yasif Kərimova və məşhur el sərkərdəsi Daşkəndli Məşədi Qasımın xatirəsinə həsr olunub. Daşkəndin kitabda göstərilən qədər çoxsaylı şəhid verməsini təsəvvür etmirdim. Başqa müəlliflərin şəhidlərə həsr olunmuş səmimi, həqiqi ürək ağrısıyla qələmə aldıqları şeir və özgə səpkili yazılarının da kitaba salınması, real faktlara əsaslanan məlumat və hekayətlər onun əhəmiyyətini bir qədər də artırıb. Kitabın müəllifi tək adi bir kənd tarixinə yox, Göyçə mahalı, Qərbi Azərbaycan salnaməsinə dəyərli, minnətdarlıq hissi doğuran töhfə verib.
Yeri gəlmişkən, Azərbaycan radiosu kitaba xüsusi maraq göstərərək, onun əsasında uğurlu veriliş hazırlayıb və efirə buraxıb.
Bu il Göyçənin Daşkənd kəndinin insanlarının mənfur qonşular tərəfindən deportasiyasından 70 il ötür. Bildiyiniz kimi, illər boyu havadarlarının himayəsi altında “dənizdən-dənizə” siyasəti ilə sayıqlayan mənfur qonşularımız tərəfindən Qərbi Azərbaycanın başqa bölgələrində olduğu kimi bir neçə dəfə Göyçə camaatı da deportasiyaya məruz qalmışdır. 70 il əvvəl Göyçəsindən didərgin salınmış Daşkəndin 130 ailəsi Qarabağın Bərdəsində çöl-biyabanda 7 çinar ağacı ətrafında məskunlaşaraq, öz ağır zəhməti, səyi, fədakarlığı, əzm və iradəsi ilə öz orta məktəbinə, dövlət və sosial strukturlarına malik olan bu gün şahidi olduğumuz öz Göyçəsoylu adını daşıyan artıq 750 ailədən ibarət, 2768 nəfər əhalini birləşdirən gözəl məkan, kənd qura, yarada bilmişlər. Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Göyçənin zəngin tarixi-mədəni irsinin öyrənilməsi, təbliğ olunması, onların təbiətini, adət-ənənələrini, milli-mədəni dəyərlərini, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq etmək, gələcək nəsillərə çatdırmaq xüsusi əhəmiyyət kəsb edir və bu sahədə alimlərimiz, yaradıcı insanlarımız qarşısında mühüm vəzifələr qoyur. Bu zəmində Araz Yaquboğlunun Daşkəndin tarixi salnaməsini yaratmaq əzmində gördüyü böyük məna daşıyan çoxsaylı işləri, ilk növbədə bu mövzudan – 2023-cü ildə əsasının qoyulmasının, deportasiya olunmasının 70 ili tamam olan Yeni Daşkənd kəndinin tarixindən, əhalisindən, o cümlədən tanınmış ziyalılarından, qəhrəman övladlarından, qələm sahiblərindən bəhs edən irihəcmli (480 səh.) “Daşkənddən Yeni Daşkəndə” kitabı bir örnək kimi xüsusi minnətdarlıqla qeyd olunmalıdır.
Araz Yaquboğlu daim televiziya və radio verilişlərinin qonağı olmaqla, öz dəyərli araşdırmalarını tamaşaçılar və dinləyicilər ilə bölüşür. Onun Dünya TV-də “Ozan dünyası” verilişində Şair Məmmədhüseyn, İctimai TV-də “Ozan məclisi” verilişində Aşıq Nuriddin, 105 FM Radioda “El havası” verilişində məşhur zurnaçı Zamaxan Qəhrəmanov, “Vətən yaşasın” verilişində Yeni Daşkəndli şəhid Ziyafət Balıyev, “Yurd yeri” verilişində Göyçə aşıqları haqqında, “O kənd bizim kəndimizdi” verilişinin Daşkəndə həsr olunmuş üç sayında söylədiyi fikirlər, etdiyi dəyərli təkliflər və tövsiyələr olduqca önəmlidir. Onun uzun illər boyu apardığı araşdırmalar, tədqiqatlar əsasında tariximizi özümüzə qaytaran maraqlı faktların, məlumatların, toponimlərin, verilişlərdə müzakirə olunan insanların həyatından bəhs edən naməlum faktların üzə çıxarılması, yer-yurd yerlərinin coğrafiyasının, təbiətinin, ayrı-ayrı hadisələrin xatirələrinin geniş oxucu, seyrçi və dinləyici kütləsinin nəzərinə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Burada adı çəkilən “Yurd yeri” verilişinə mən böyük maraq hissilə qulaq asdım. Veriliş Göyçə ədəbi mühitinə, İnternetin, xüsusilə Vikipediyanın Qərbi Azərbaycanın toponimlərini, yer, yurd adlarının tarixi faktlarla araşdırması işində əhəmiyyətinə həsr olunmuşdu. Verilişə dəvət olunmuş Araz Yaquboğlu söhbətin mövzusunu dərindən bilmək bacarığı və yüksək professionallığı ilə Göyçə ədəbi tarixinin müəyyən örtülü məqamlarını faktlarla, ustalıqla açıqlamağa nail oldu. O Miskin Abdal, Şair Məmmədhüseyn, Aşıq Hacı Bayramov yaradıcılığından maraqlı, cəlbedici söhbətlər apardı. Bu verilişdə mən sanki yenə Göyçəyə gedib qayıtdım. Hətta aşıq musiqisinin pərəstişkarı olmağıma baxmayaraq, mən “Heydəri” aşıq havasının nə cür səsləndiyinə bu verilişdə qulaq asdım.

Araz Yaquboğlu eyni zamanda çoxsaylı şeirlər müəllifidir. O, öz şeirlərini “Ədəbi İrəvan” almanaxında, “Ekspress”, “Bütöv Azərbaycan” və digər qəzetlərdə, dərgilərdə dərc etdirmişdir. Bu şeirlərdə səmimilik, lirika, poetik fikirlər diqqəti cəlb edir.
Göyçə həsrəti Araz bəyin misralarında kədərli, nisgilli notlarla səslənir:

Ayrı düşüb saz mağardan,
Zurna səsi gələr hardan?
O, tər güllü yaylaqlardan,
Çiçək üzə bilmirəm mən.

Araz çəkər möhnətini,
Dilə salar söhbətini.
Yozum sənin həsrətini,
Hansı sözə, bilmirəm mən.


Şair, qəlbinə çox yaxın olan Molla Əmirxanı bu cür təsvir edir:

Hazır bir kitabdı, aç varaq-varaq,
Neçə qərinədən verəcək soraq.
Uzaqdan vüqarlı görünən bir dağ,
Alınmaz qalaydı Molla Əmirxan.


Əmisi şair Sərraf Şiruyəyə zəmanədən belə şikayətlənir:

Gözüm, könlüm olsa da tox,
Sevincim az, kədərim çox.
Nə adətdi, kef-damaq yox –
Yadda qalan pis gün olur.


Çox gənc ikən dünyasını dəyişmiş istedadlı şair Aqil İmanla bağlı kədərini bu sətirlərlə ifadə edir:

Sənsiz ürəklər üzgündü,
Neçə baхışlar süzgündü.
Qəlblər fələkdən küskündü,
İncə qananım, hardasan?


Rəqiyə nənəsini şair aşağıdakı səmimi misralarla yada salır:

Qəlbimin aynasıydı,
Anamın anasıydı.
Babamın parasıydı
Mənim Rəqiyə nənəm.

Sevindirici haldır ki, Araz bəy şeirlərində ona dogma, yaxın, yaxşı tanış olan mövzuların poetik təsvirini verməyə çalışır.
Araz Yaquboğlunun böyük məna kəsb edən elmi axtarışları xüsusi qeyd olunmalıdır. Onun “Filologiya məsələləri”, “Yeni nəsil Azərbaycan aşıqları–II” toplularında, “Elmi axtarışlar”, “Ozan dünyası”, “Xəzan” jurnallarında “Aşıq Abbasəli Nəzərov”, “Aşıq Əli Şairov”, “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Aşıq Orucun sazlı-sözlü dünyası”, “Dərdli Cavada cavab”, “El şairi Muxayıl Göyçəli”, “Hər sözü dillərdə bal olan şair”, “El şairi Qəmgin Fəzi” və s. adlı məqalələrdə haqlarında heç bir araşdırma, tədqiqat aparılmamış aşıqların, şairlərin həyat və yaradıcılığı tədqiq edilmiş, onlar haqqında olan səthi və yanlış məlumatlara əsaslı şəkildə, ciddi mənbələrlə aydınlıq gətirilmişdir. Zənnimcə, bu elmi məqalələr aşıq poeziyasının, el şairlərinin yaradıcılığının tədqiqi baxımından ədəbiyyatşünaslıqda özünəməxsus yer tutur.
Araz bəyin İkinci Dünya müharibəsində iştirak etmiş Göyçə aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş məqalələri də təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Araz Yaquboğlu Göyçənin 5 kəndinin – Daşkənd, Qoşabulaq, Nərimanlı, Kəsəmən, Bala Məzrə kəndlərinin Böyük Vətən müharibəsində həlak olan və itkin düşən sakinlərinin taleyini diqqət və həssaslıqla araşdırmış, onların nəticələrini “Azərbaycan Respublikası Xatirə Kitabı”nın müxtəlif cildlərində nəşr etdirmişdir. Onun uzun illər boyu nəsil şəcərələri ilə bağlı apardığı araşdırma işləri nəticəsində “Daşkənddən Yeni Daşkəndə” kitabında 52 nəsil şəcərəsi işıq üzü görmüşdür.
Araz Yaquboğlunun Azərbaycan dilində olan Vikipediyanın, Vikikitabın, Vikisitatın və Vikimənbənin idarəçisi qismində ölkəmizin tarixinin, milli-mədəni dəyərlərinin, coğrafiyasının, təbii gözəlliklərinin, görkəmli şəxsiyyətlərinin, yaddan çıxmış, naməlum həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gördüyü bənzərsiz işləri minnətdarlığa layiq olmaqla xüsusi qeyd edilməlidir. 2023-cü ilə olan məlumata görə, Araz müəllim Azərbaycanca Vikipediyada 7000-dən çox səhifənin yaradıcısı, ümumi Vikimedia layihələrində isə 440 000-dən çox redaktəyə sahibdir. Hal-hazırda, o Azərbaycanca Vikipediyada 270 000 redaktə ilə birinci sıradadır.
Araz müəllim 2021-ci ildən Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar 2020-ci ildə yaradılmış 150 nəfərdən çox poeziya, saz-söz sənəti sevdalılarını birləşdirən “Dədə Ələsgər 200”, yubiley ilindən sonra isə “Dədə Ələsgər Ədəbi Məclisi”nə çevrilmiş vatsap qruplarının moderatoru, admini kimi hər gün yorulmadan uğurla fəaliyyət göstərir. Bu qruplarda Aşıq Ələsgər yaradıcılığının və bütövlükdə Dədə Qorquddan başlayaraq bu günə qədər folklorumuzun, aşıq poeziyasının məşhur və az tanınan simalarının həyat və yaradıcılığının öyrənilməsi, təhlil və tədqiqi, müzakirəsi işinin təşkilatçısı kimi onun aparıcı rolunu xüsusi qeyd etmək istərdim.
Yaşadığımız əsrin iti sürəti, informasiya və texnologiya axınının gücü Araz Yaquboğlunun yaradıcılıq və fəaliyyətində öz əksini göstərir. Bir Vikipediya idarəçisi kimi onun verdiyi töhfələr bir örnəkdir. Gördüyü təmənnasız işlər, onun necə bir şərəfli insan, qeyrətli vətəndaş olmağından xəbər verir. Həyatda hər kəs doğulub boya-başa çatdığı yurd-yuvasını, şəhərini-kəndini, onun təbiətini, havasını-suyunu, insanlarını çox sevir, onun bir qarışını belə qürbətin zənginliyinə dəyişməyə təhəmmül etmir. Əslən Göyçə mahalının, zəngin ədəbi mühiti, ədəbi şəxsiyyətləri ilə seçilən Daşkənd kəndindən olan Araz müəllim Bərdə rayonunun Yeni Daşkəndində tanınmış mühəndis Yaqub Hacıyevin ailəsində dünyaya göz açmışdır. Hələ uşaqkən Göyçəyə iki-üç dəfə qonaq kimi gedib gəlmişdir. Lakin bu qısa səfərlərdə o, bu doğma diyarın hər cığırını-yolunu, çayını-bulaqlarını, dağını-qayasını, saz-söz adamlarını xüsusi istedadla yaddaşına həkk etmişdir. Gələcək araşdırma – tədqiqatçılığın təməli də məhz bu dövrlərdən başlamışdır. Sonralar, o, qürbətdə qalan Göyçəmizin görünən tərəfi kimi, çox təəssübkeşliklə, təbii olaraq, bu mahalın tarixi şəxsiyyətləri, saz-söz adamları haqqında məqalələr yazmış, çıxışlar etmiş, kitablar çap etdirmişdir.

Araz Yaquboğlu bir çox istedada malik olan ziyalılarımızdandır. 10-cu sinifdə oxuyarkən Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuş, respublika olimpiadasında iştirak etmək hüququ qazanmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, onun “Sənaye və mülki tikinti” ixtisasını əla qiymətlərlə bitirmişdir.
O, hələ tələbə ikən universitet üzrə keçirilən “Materiallar müqaviməti” fənni üzrə olimpiadada I yeri tutmuş, haqqında “İnşaatçı kadrlar uğrunda” qəzetində “Nümunəvi tələbə” başlıqlı məqalə dərc olunmuşdur. Qeyd etmək yerinə düşərdi ki, Texniki Universitetlərdə “Materiallar müqaviməti” fənni ən çətin fənlərdən biri hesab olunur. Buna görə Araz bəyin bu fənn üzrə l yer qazanması nailiyyəti yüksək dəyərə malikdir!
Araz Yaquboğlu çox məhsuldar yazardır. “Elin yaddaşında yaşayan ömür” (2006), “Bir kökün budaqları” (2006), “Daşkənd aşıqları və şairləri” (2008), “Tələbə dünyası” (2011), “Ömrün şəhidlik zirvəsi” (2012), “Bitməyən ömür” (2013), “Elin Şiruyəsi, sözün sərrafı” (2016), “Daşkənddən Yeni Daşkəndə” (2023) və “Sazın-sözün sorağında” (2023) adlı kitabların müəllifi, onlarla kitabın redaktorudur.
Qəzet və jurnal səhifələrində, internet resurslarında mütəmadi olaraq maraqlı elmi, publisistik, araşdırma, xatirə yazılarına, o cümlədən tədqiqatı aparılmamış çoxsaylı aşıq və el şairlərinin həyat və yaradıcılığı haqqında xüsusi əhəmiyyət kəsb edən məqalələrinə görə Araz Yaquboğlu Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü seçilmişdir. O, “Laçın yurdu” jurnalında baş redaktorun müavini, “Dədə Ələsgər ocağı” İctimai Birliyi idarə heyətinin üzvü, “Dədə Ələsgər Ədəbi Məclisi”nin adminidir. Aşıq Ələsgər veb-saytının fəal yaradıcılarındandır.
Zəngin və maraqlı yaradıcılığına, faydalı ictimai fəaliyyətinə görə Araz Yaquboğlu “Qızıl qələm” media mükafatı, “Laçın” döş nişanı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Fəxri fərmanı və “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Araz müəllim eyni zamanda nümunəvi, qayğıkeş ailə başçısıdır. Bir oğlu, bir qızı var. Oğlu Təhmasib Azərbaycan Dövlət İqtisad Universitetini və onun magistraturasını, qızı Firuzə isə Bakı Dövlət Universitetini və onun magistraturasını fərqlənmə diplomları ilə bitirmişlər. Maraqlı bir haşiyə. Bir neçə il qabaq Vikipediyada cəlbedici bir hal baş vermişdi. Belə ki, Vikipediyada keçirilən “Mövzulu ay”da (“Olimpiya oyunları ayı”) ilk üçlüyü bir ailənin üzvləri tutmuşdular. Diqqət çəkən hal isə bu olmuşdur ki, Azərbaycanca Vikipediyanın 13 idarəçisindən biri olan Araz Yaquboğlunu Vikipediya istifadəçiləri olan oğlu və qızı qabaqlayaraq 1-ci və 2-ci yerləri bölüşmüşdülər (Vikipediyada idarəçi statusu, istifadəçi statusundan yuxarı pillədir). Ataya isə 3-cü yer nəsib olmuşdu. Əminliklə deyərdim, Araz Yaquboğlunun ailəsi “Vikipediyaçılar ailəsi” hesab edilə bilər. Araz bəyin övladlarından əlavə kiçik qardaşı Elməddin Hacıyev də fəal Vikipediya istifadəçilərindən biridir.
Araz Yaquboğlu yaradıcı şəxsdir, onu bu gördüyü yaradıcı işlərə nə məcbur edən var, nə də sifarişlə yazandır. O sərbəst düşüncəli jurnalist, əvəzsiz tədqiqatları və araşdırmaları ilə mənəvi dəyərlərimizə çoxsaylı töhfələr verən, milli Vikipediyamızın zənginləşməsində xüsusi xidmətləri olan, geniş dünyagörüşlü, prinsipial, ətrafda baş verən proseslərə özünəməxsus fikri olan ziyalılarımızdandır. Araz müəllim qayğıkeş ailə başçısı, yüksək daxili mədəniyyətə, dəyərli insani keyfiyyətlərə, kövrək, olduqca xeyirxah ürəyə malik, mənəvi dünyası ruhuma çox yaxın olan gözəl, bənzərsiz insandır! Onun içindəki “MƏN”, vicdanının səsinin, düşüncələrinin, ruhunun təsiri, diktəsiylə qələmə sarılaraq gerçəkləşir. Bu şərəfli, yaradıcı yolda bizlər – dostları və həmkarları, çox yaradıb, az danışan, səmimi, təvazökar və alicənab, sözündə, amalında və əməlində məsuliyyətli, dürüst, daim axtarışda olan, nəcib, yaradıcı insan Araz Yaquboğlunu 50 illik yubileyi münasibətilə təbrik edir, doğma və yaxınlarının, onu sevən dostlarının əhatəsində ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirik!

Ələddin Allahverdiyev,
Professor, Moskva.
Redaksiyadan: Yaradıcı kollektivimiz qəzetimizin təəssübkeşi və fəal əməkdaşı Araz Yaquboğlunu 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatının bütün sahələrində uğur arzulayır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!