Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstana səfər edib. Bu barədə o, "Twitter" hesabında bildirib. “Sofiyadayam. Bolqarıstan Baş nazir Nikolay Denkovla əsaslı danışıqlar aparacağam, Prezident Rumen Radev, hökumət rəsmiləri, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşəcəyəm. Müdafiə dəstəyi, Ukraynanın Avro-Atlantik məkana inteqrasiyası, NATO Sammiti, təhlükəsizlik zəmanətləri və Sülh Formulasının həyata keçirilməsini müzakirə edəcəyəm", - Zelenski vurğulayıb.
Azərbaycanda iyulun 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Dərman qıtlığının səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir
“Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”. Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.“Bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir. Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunverciliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”, - deyə nazir müavini vurğulayıb.
Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Sonda bəyanat qəbul edilib. Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər. Qeyd edək ki, toplantı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutub. Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rock Wamytan, Fransız Polineziyası Assambleyasının prezidenti Antony Geros, Fransa Milli Assambleyasının deputatı Jean-Victor Castor və digər şəxslər iştirak ediblər.
Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox qəliz iş olub - Deputat
“Bir neçə əsas şirkətin rəhbərləri ilə görüşmüşəm. Bildirilir ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox qəliz iş olub”. Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vahid Əhmədov bildirib. “Aylarla gözləyirlər və axırda da qərar verilir ki, satmaq olmaz. Niyə müddət bu qədər uzundur? Dərman qıtlığı nədən yaranıb? Ölkə apteklərində çox ciddi dərman qıtlığı var. Dərmanın keyfiyyəti də ciddi məsələdir. Dərman alırsan heç bir təsir göstəmir. Alman apteklərindən alınan dərmanlar isə keyfiyyətli olur, niyə? Qiymətlərin baha olması ilə əlaqədar neçə vaxtdır deyilir ki, layihə hazırlanır. Təqdim edin, görək, o nə layihədir”. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, bununla bağlı ciddi problem var: “Dərmanın keyfiyyət və qiymətləri ilə bağlı doğurdan da ciddi problemlər var. Bunun səbəbi ölkədə dərman istehsalının olmamasıdır. Dərmanların əksəriyyəti xaricdən gətirilir, bu da ciddi problemlər yaradır”.
Sertifikasiya imtahanında sualların çətinlik həddi dəyişəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan yüksək nəticə əldə etmiş müəllimlərlə görüşündə deyib. “Sertifikasiya imtahanlarının suallarının məzmunu getdikcə çətinləşdiriləcək. Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar", - nazir deyib.
"Yevgeni Priqojin Belarus ərazisində yoxdur". Bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib. "Priqojin hazırda Sankt-Peterburqdadır. Ola bilsin ki, bu səhər Moskvaya gedib. O ki qaldı "Vaqner"çilərə, məndə olan məlumata görə, onlar öz düşərgələrindədir. Həmin düşərgələr ki onlar cəbhədən qayıdanda orada dincəlirdilər", - prezident deyib. Lukaşenkonun sözlərinə görə, "Vaqner" qruplaşmasının Belarus ərazisinə köçürüləcəyi təqdirdə ölkə üçün heç bir risk yaranmaz.
İrəvan nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır - Paşinyan
"İrəvan çoxdan bərabərlik və suverenlik prinsipləri əsasında nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Biz bununla bağlı müvafiq sənədi dövriyyəyə buraxmışıq. O sənəd xüsusilə Ermənistan tərəfdən 3 keçid məntəqəsinin açılmasını nəzərdə tutur", - Paşinyan söyləyib.
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Bu barədə Paşinyan hökumətin iclasında bildirib. Onun sözlərinə görə, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq. Paşinyan çıxışı zamanı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil və bunun üçün şərait yetişməyib. “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”, - baş nazir əlavə edib.