Binəqədidə Novruz şənliyi keçirildi - FOTOMartın 18-də Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon Novruz şənliyi keçirilib.
Suveren Azərbaycanımızda xalqımızın ən əziz və sevimli bayramı olan Novruz bayramı hər il olduğu kimi böyük coşqu ilə qeyd edilir.
Bu münasibətlə ölkəmizin hər bir tərəfində bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bayram günlərindəki şənliklər öz kütləviliyi ilə seçilir. Hər bir məkanda olduğu kimi Novruz ərəfəsində Binəqədi rayonunun bütün ərazilərində parklar bayramsayağı bəzədilib, səmənilər quraşdırılıb.
Binəqədi rayonunda bu il Novruz şənliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonunun Həmzə Babaşov-16 küçəsində “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə qeyd edilib.
Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi qonaqlar və rayon ictimaiyyətin nümayəndələri, məhəllə sakinləri iştirak edirdilər. Tədbirdə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş etdirildi, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə insanları şənləndiriblər.
Elxan Allahverdiyev əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək, hər kəsə xoş bayram ovqatı arzulayıb.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda müğənnilərin ifasında müxtəlif şən mahnılar səslənib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirdi və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar.
Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə səslədi. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış etdilər. Cəngi sədaları altında kəndirbaz və gənc idmançılar öz məharətlərini göstərdilər. Şənlikdə həmçinin ictimai-iaşə xidməti göstərilmiş, yerli müəssisələrin istehsal etdikləri məhsullar sakinlərə təqdim edildi. Hazırlanan müxtəlif növ milli yeməklər, bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunub.
Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.