İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
24-06-2022, 14:55
Baydendən 907-ci düzəlişlə bağlı qərar


Baydendən 907-ci düzəlişlə bağlı qərar

ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden müvafiq qərar imzalayıb.
Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib. O vaxt senator olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.
24-06-2022, 14:41
Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb


Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Azadə Novruzova “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif olunub.
Bu barədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə məlumat verib.
Şair-publisist Azadə Novruzovanın əsasən vətən mövzusundan, Qarabağ həqiqətlərindən, Xocalı faciəsindən bəhs edən bədii yaradıcılıq nümunələri rus, ingilis, türk, yapon, ərəb, fars dillərinə tərcümə edilərək Türkiyə, Rusiya, Ukrayna, İraq, İran, Misir və digər xarici ölkələrdə geniş yayılıb.
O, “Nəsimi”, “ЛИФФТ” Festivallar Festivalının və “Nizami Gəncəvi Forumu”nun iştirakçısı olub.
Avrasiya Ədəbiyyat Hərəkatının, 2021-ci ildə İstanbulda keçirilən “ЛИФФТ” Festivallar Festivalının TOP 10 nominasiyası üzrə və Festivalın diplomları ilə təltif edilib.

Azadə Novruzovanın 2020-ci ildə Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dünyaya çatdırmaqda, günahsız uşaqların qətlinə etiraz əlaməti olaraq yazdığı və ingilis, rus dillərinə tərcümə edilmiş “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında Ombudsman Aparatında videoçarx hazırlanıb. Videoçarx Ombudsman Aparatının sosial şəbəkələrində və respublikanın, xarici ölkələrin informasiya mənbələrində geniş yayılıb. Bu layihəyə görə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Layihəyə müvəkkilin 2020-ci il illik məruzəsində də yer verilib.
24-06-2022, 07:29
Rəna Əlyarın şəhid Ceyhuna ağısı

Nizami Məmmədov Tağısoy
Bakı Slavyan Universiteti
filologiya elmləri doktoru, professor


Rəna Əlyarın şəhid Ceyhuna ağısı

Üç onillikdən çox davam edən Ermənistan-Azərbaycan müharibəsi Ermənistan üçün istila, anneksiya, Azərbaycan üçün müstəqilliyinin tam bərpası uğrunda ölüm-dirim savaşı idi. Bu savaşda ermənilərin havadarları çox olsa da, Azərbaycan xalqının, onun qəhrəman oğullarının torpaq uğrunda döyüşü igid övladlarımızın yenilməz qələbəsi ilə başa çatdı. Maşallah, xalqımız elə bir şücaət göstərədi ki, erməni separatçıları və faşistləri bu triumf qarşısında diz çökdülər, boyun əydilər. Bu qələbə minlərcə Azərbaycan qəhrəmanının şəhidlik zirvəsinə yüksəlməsi ilə daşlaşdı. Mərd oğullarımız şəhidlik zirvəsinə ucaldılar.
Əlbəttə, şəhidi olmayan xalqın vətən məhəbbətindən, yurd sevgisindən danışmaq da olmaz. Şəhid verməyən xalqın kimliyi bilinməz, torpağının bərpasını qanı ilə həyata keçirməyənin başı uca olmaz, onun digər uca xalqlar sırasında adı çəkilməz. Odur ki, İkinci Qarabağ savaşının dünya hərb tarixinə şəhidlərimizin qanı ilə yeni səhifələr yazdığını gərəyincə dərk etməliyik. Axı bu zəfərin dəyəri ölçuyə gəlməz. Axı bu qələbənin dəyəri, Azərbaycan oğullarının triumfal qəhrəmanlığı ilə göz qamaşdırdı. Onların şan-şöhrəti bütün ölkələri, kontinentləri tutdu. Azərbaycanımız dillərdə dastan oldu. Şəhidlərimizlə bağlı neçə-neçə kitablar bağlandı. Bu kitablar şəhid analarının, şəhidlərin həyat yoldaşlarının dilləri ilə oxudu, ağı dedi, şəhidlərə yas saxladı. Bu dastanların əvvəlkilərdən fərqi isə onda idi ki, onların hamısının real tipi, yaxud prototipi, döyüş meydanları, onların şücaəti real hadisələrin gedişindən qaynaqlanırdı. Hamısında da realist təsvirlər o qədər canlı, o qədər inandırıcı idi ki, bu qələbənin yaradıcıları olan şəhidlərimiz sanki bizlərlə üz-üzə, göz-gözə mükalimə etməkdə, qələbədən söz salmaqdadırlar...
Mən bu yazıda Vətən uğrunda şəhid olmuş bir qəhrəmanımız və onunla bağlı qələmə alınmış bir əsər haqqında söhbət açacağam, bu əsərin müəllifindən, onun təhkiyə bacarığından bəhs edəcəyəm.

Bu müəllif Rəna Əlyardır. Odur ki, onun haqqında əvvəl müxtəsər məlumat vermək istəyirəm. Çünki Rəna Əlyarın (Rəna Əlyar qızı Məmmədovanın) elmi-pedaqoji fəaliyyəti neçə illərdir ki, gözlərim qarşısında inkişaf edib, formalaşıb, özünəməxsus bir mərtəbəyə çatıb. Müasir Azərbaycan və rus dili qrammatikasının, leksikologiyanın, leksikoqrafiyanın, frazeologiyanını çeşidli problemlərini əsaslı şəkildə izah etməyi bacarıb, bu sahədə qələm işlədən məsuliyyətli biri pedaqoq kimi Rəna xanım özünə reputasiya qazanmış dilçi mütəxəssislərdəndir. Buna görə də onun bu sahədəki səriştəsi bizdə daim rəğbət hissi yaratmışdır. Lakin Rəna xanım bu dəfə qarşımızda tamamilə fərqli ampluada özünü təsdiqləməyə çalışmışdır. Beləliklə, o, bir gün mənə zəng vurub deyəndə ki, Nizami müəllim, İkinci Qarabağ müharibəsində şəhid olmuş bacım oğlu, Vətənini canından artıq sevən Ceyhunla bağlı bir əsər yazmışam, fikrinizi bilmək isfərdim, düzü belə təklifə bir az şübhəli yanaşdım. Lakin söhbət şəhid adından getdiyindən bir – mənalı olaraq “Baş üstə” deyib, ondan kitabın mənə çatdırılmasını xahiş etdim.
Beləliklə, Rəna Əlyarın “Şəhid Ceyhunla bağlı yazdığı” povestini götürüb, onunla operativ tanış olmağa basladım. Buradaca onu da etiraf edim ki, əsərin ilk səhifələrı ilə tanış olduqda bir qədər yanıldığımı hiss etdim. Ona görə ki, Rəna xanım bu dəfə bizdə dilşünas alim, leksikoloq və frazeoloq kimi yox, sözün doğru mənasında bədii əsər müəllifi təsəvvürü yaratdı.
Əlbəttə, belə qənaətə gəlməyimizin səbəbi isə ilk növbədə aşağıdakılarla bağlı idi:
1. Məlum olduğu kimi, bədii əsər yazmaq üçün ilk növbədə qələmə aldığın mövzunun uğurlu maketini – süjet xəttini, fabulasını, kompozisiyasını bədii baxımdan yarada, qura bilmək bacarığına malik olmalısan;
2. Əsərin bədiiliyini təmin etmək üçün rəvan dil imkanlarından gərəyincə yararlanmalısan;
3. Bədii əsər mövzusuna çevirdiyin materialda obrazın əksər tərəflərinin ortaya qoyulmasına nail olmalısan;
4. Əsərdə yer almış aparıcı bədii obraza, baş qəhrəmana bu və ya digər cəhətdən bağlı olan personajların uğurla yerləşdirilmisini təmin edə bilməlisən;
5. Nəhayət əsərin dolğunluğuna yetişmək üçün obrazlı bədii-ifadə vasitələrindən yerli-yerində istifadə etməyə kifayət qədər müvəffəq olmalısan və s. və i.a.

Rəna Əlyarın bu yazısında İkinci Qarabağ müharibəsinin cəngavər döyüşçülərindən biri Ceyhunun olduqca görümlü, oxucu diqqətini cəlb edən, bir şəhidin həyat və döyüş yolunu ən incə detalları ilə izləyən, onun qəhrəmanlığa getdiyini, Vətəni özündən, anasından, qardaşından, qohum – əqrəbasından öndə görən bir əsgərin ömür və döyüş salnaməsi ortada dayanır.
Rəna xanımın əsərinin iki baş qəhrəmanı var onlardan biri ömrü nakam qırılmış, Vətən yolunda canından keçmiş cəngavər ürəkli Ceyhun Şalıyevdirsə, digəri şəhid Anası Sədaqət xanımdır. O ana ki, özünün də, Ceyhunun usaqlığı, orta məktəb dövrü Rusiyadakı Voronej səhərində keçsə də, Qarabağ bəlasını dərk etdiyi dövrlərdən daim fikri, zikri, düşüncəsi Vətənlə bağlı olmuşdur. Müəllimlərinin sevimlisi olsa da, Ceyhunun orta məktəbi orada qurtarmağa səbri də çatmamış, bütün varlığı ilə Azərbaycana can atmışdır. Paytaxtda orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, prestijli ixtisasa yiyələnmişdir. Böyük həvəslə hərbi xidmətə yollanmış, özünü yalnız müsbət tərəflərdən göstərmiş, xidmətini başa vurub adi həyat ritminə qayıtmışdır. Müxtəlif yerlərdə işləyib, ləyaqətli vətənoğlu kimi formalaşmışdır. Qeyrəti ilə, fəaliyyəti ilə Vətən və Xalq təəssübü çəkən vətəndaş kimi ortaya çıxmışdır.
2020-ci ilin sentyabrında Ermənistan hərbi birləşmələrinin yenidən Azərbaycana müharibə elan etməsi ilə əlaqədar təlimlərə qoşulub, erməni dığalarının burnunu əzmək, onlara qan uddurub, iti qovan kimi Vətəndən qovmaq haqqında düşünmüşdür. Rəna Əlyarın təqdim etdiyi yazıda Ceyhunun bütün həyatı oğul itirmiş Ananın dili ilə təsirli naxışlarla təsvir olunur. Əsərdə mükəmməl Ana və Vətənini hər şeydən uca tutan qəhrəman Ceyhunun obrazı bütün tərəfləri və keyfiyyətləri ilə təsvir obyektinə çevrilmişdir. Müəllifin yeri gəldikcə bayatılardan, ağılardan, ibarəli ifadələrdən uğurlu istifadə etməsi povestin bədii-estetik təsir gücünü artırmaqdadır. Ananın Şəhidlik zivəsinə ucalmış oğlu ilə mükalimələri, Voronejdə, Azərbaycanda, əsgərlikdə, təlimlərdə, şəhid olduğu məqamlarda, məzarıstanlıqda, şəhərdə, evdə yatanda, duranda, həyatla bağlı düşüncələrə dalanda, xəyalən Gəncədə olanda, barelyefinə, xatirə-bulaq kompleksinə baxanda, pandemiya dövründə oğlunu ziyarət etməkçün piyada Fəxri xiyabana üz tutanda, Ceyhunun əsgərlik gündəliyini “vərəqləyəndə”, oradakı yuxugörmələri dilə gətirəndə, Ceyhunun Puşkindən, Lermontovdan bəhs edən gündəliyinə yanğı ilə baxanda, cənnətdəki 26 yaşını “təbrik edəndə”, oğlunun yatdığı, üz qoyduğu soyuq məzardan qoxusunu alanda, Ceyhun həyatı tərk etsə də, Ananın daim onun nəfəsini yanında hiss etdiyi məqamlarda və s. Ana və Oğul obrazı bütün tərəfləri ilə oxucunun nəzərlərini dərindən məşğul etməkdədir.
Rəna Əlyarın əsərin bəzi yerlərində yadda qalan, məsələn, “Həsrətin səndən vəfalıymış” və s. kimi ibarələrdən istifadə etməsi, povestin birnəfəsə oxunulması ilə yanaşı, həm də oxucuda yetərincə ovunmayan açı, faciə, müsibət effekti buraxmaqdadır. Rəna Əlyarın adını çəkdiyimiz bu əsərinin bədii-sənədli məziyyətləri ilə bağlı çoxlu fikirlər dilə gətirmək olar. Eyni zamanda povestin gənclərimizin, gələcək nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında roluna inanmaqdayıq. Rəna xanımın bu əsəri İkinci Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş uğurlu bir nümunə kimi öz bədii-estetik təsir gücü ilə seçilməkdədir. Əsərdən gələn ən başlıca fikir “Şəhidlər ölməz! Vətən bölünməz!”dir idayasının dominant olaraq ortada dayanmasıdır.
Şəhid balamız, qəhrəman Ceyhun Şalıyevə və müsibət içində yanan Sədaqət Anaya həsr olunmuş bu əsərə görə Rəna Əlyarı ürəkdən təbrik edir, ona bu gərəkli təşəbbüsündə yeni yaradıcılıq uğurları diləyirik.

24-06-2022, 07:19
QƏZET - DAR DÜŞÜNCƏNİN, DUMANLI DÜNYANIN "DƏRMANI".

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi


QƏZET - DAR DÜŞÜNCƏNİN, DUMANLI DÜNYANIN "DƏRMANI".

"Həbsxanada zibillikdə işləməyi sevirdim. Hərdən ordan qəzet səhifələri tapırdım. Həbsxanaya qəzet göndərmirdilər. Mən də o səhifələri təmizləyir, axşam otağımda oxuyurdum. Nə vaxtsa mətbuatı bu qədər qiymətləndirəcəyim ağlıma gəlməzdi" - Nelson Mandelanın bu fikirləri ona çox təsir etmişdi. Elə hey düşünürdü: "Azadlıqda olan biz, hər tərəfdə qəzet köşkü, əldə etmək qəpik-quruşa, oxumaq isə çox asan". Sonra yenə də öz-özünə deyinirdi: "Bəs bizim qəzetdən gen düşməyimizə səbəb olan nədir?"
Əlbəttə, bu, deyinməkdən başqa bir iş deyildi. Bunu cənab özü də gözəl anlayırdı. Cənab hər zaman olduğu kimi yenə də təlx ovqatla qəzet köşkünə yaxınlaşdı. Əlindəki qəpiyi satıcıya tərəf uzadaraq:
- Mənim qəzetimdən qalıb? - dedi.
- Əlbəttə, qalıb, saxlamışam - satıcı uca səslə cavab verdi. Sonra da arıq, uzun boğazını köşkün dar pəncərəsindən çölə çıxarıb:
- Cənab, indiki zamanda qəzet oxuyanmı var?! - deyərək, sanki kübar alıcını məzəmmət elədi.
O, sakit bir baxışla başını yellədi. Qəzeti əlinə alan kimi vərəqləməyə başladı. Adəti üzrə köşkün yanında qoyulan dəmir ayaqlı taxta oturacaqlı stula əyləşdi. Birdən köşk pəncərəsindən nazik iplə asılan qırmızı rəngli alışqan diqqətini çəkdi. Qısa bir zamanda sağa-sola rəqs edən, tez-tez alıcı əli dəyişən alışqan onlarla siqaret dənəsini odladıqca, bu mənzərə onun da qəlbinə köz ələyirdi.
Diqqətini çəkən digər bir məqam da vardı: bəzi siqaret dənələrinin qəzet qiymətindən baha olması. Gördükləri onun təlx ovqatını daha da korladı. Fikrə getdiyi, öz-özüylə dərdləşdiyi bir vaxtda böyürtü səsinə diksindi. Sanki mağara içində dərin qış yuxusuna gedən ayı gördüyü yuxudan qorxaraq nərilti çəkmişdi.
Ayının min oyunu bir armudun başında olduğu kimi, böyürən kişi də siqaretsiz qalacağından qorxaraq köşkün bağlanmasına bu cür etiraz etmişdi.
Köşk sahibi amiranə şəkildə: "Yoldaş, axı köşkü bağladım, zəhmət deyilsə siqareti qarşıdakı mağazadan alın. Anlayışlı olun. Qışqır-bağır salmağa nə hacət?" - desə də bu tərs adam iki ayağını bir başmağa dirədi.
Çox keçmədi ki, satıcı çətinliklə bağladığı köşkü açdı. Kişinin də ətrafa yayılan qorxunc və xırıltılı səsi xırp kəsildi.
Alıcı qulağını eşələmək üçün çeçələ barmağındakı quzğun caynağına oxşayan dırnağı ilə acgözlüklə siqaretin sellofan örtüyünü qopardı.
Yaxınlıqda zibil qutusu var idi. Ancaq o özündən əvvəlkilər kimi zibili yerə atdı.

Külək də siqaret kötüklərini sağa-sola qovur, sellofan torbaları göyə sovururdu. Əzilmiş plastik və metal içki qabları da küləyin dirijorluğu altında şəhərin musiqi ritmini tuturdu.
Yəqin ki, ömründə bir dəfə də olsa qəzet oxumayan alıcı polietilen torbaların ətrafa zərərli kimyəvi maddələr yaydığından, qida zəncirini çirkləndirdiyindən, heyvanların məhvinə yol açmasından, kanalizasiyaları tıxadığından xəbərsiz idi.
Əlbəttə, onu ümumi məsələ deyil, şəxsi məsələ maraqlandırırdı. Qutudan bir ədəd siqaret çıxarıb qalın və göyərmiş dodaqlarının arasına qoydu. Dərin nəfəs aldı, tüstünü ciyərlərinə çəkərək rahatlıq tapdı. Sanki həyatdakı bugünlük missiyası tamamlandı.
Cənab oturduğu stulda don vurmuş vəziyyət almışdı. Ona gördükləri Mandelanın fikirlərindən, siqaret dənələrinin qəzet qiymətindən baha olmasından daha çox təsir etdi. O, daxilən sarsılmışdı. Yenə də öz-özünə deyinir, beynində isə cavabsız tapmaca kimi bir sual var-gəl edirdi: insan daxilini cahillik dumanından təmizləyən qəzetmi, yoxsa insan bədənini zəhərli tüstüyə qərq edən siqaretmi?!



24-06-2022, 07:12
UNUTMAYIN TƏVƏKKÜL GORUSLUNU!


UNUTMAYIN TƏVƏKKÜL GORUSLUNU


Təvəkkül (Goruslu) Məmməd oğlu Məmmədov 1962- ci ildə, iyulun 1-də Zəngəzur bölgəsinin Gorus rayonunun Ağbulaq kəndində anadan olub. 1984- cü ildə Azərbaycan Neft Kimya institutunu mühəndis- mexanik ixtisası üzərə bitirib.
Təyinat müddətini indikı Sankt-peterburqda işləmiş, sonra vətənə dönmüşdür.
“Xaraba kəndim”, “Bu sevgi bir əbədiyyət”, “Gözlərinə qısılaydım” , “Məni misralarda qələm assa da” ,“Ömrüm, Çiçəyim”, “Qisas yağmuru”, “Kağıza şeirimin qanı tökülür” kitablarının müəllifidir. AYB üzvüdür, “Qızıl qələm” və “ARAZ” ədəbi-bədii media mükafatı laureatıdır.


AMEA- nın Ədəbiyyat İnstitutunun Müasir ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Yusifli yazır:
UNUTMAYIN TƏVƏKKÜL GORUSLUNU
Təvəkkül Goruslu Zəngəzur bölgəsinin Gorus rayonunun Ağbulaq kəndində dünyaya gəlib. Bu il onun 60 yaşı tamam olur. Amma o, bu yaşını öz doğma kəndində keçirəcəkmi?
Könlümüz, ruhumuz Ağbulaq deyir,
Gedib ocağına od alaq deyir,
Şurnuxu gözləyir, Qurddalaq deyir,
Şamsıza girmədik Gorus, ay Gorus,
Cismini sarmadıq, Gorus, ay Gorus!
O şairdir və «şair olan qəm də yeyir». Təvəkkül Goruslu da şeirlərində doğma kəndi Ağbulağı, Gorusu tez-tez xatırlayır.
HƏSRƏT ŞAİRDİR O!
Onun bundan əvvəl çap olunan yeddi şeirlər kitabında da Ağbulaq həsrətinin ifadəsini görürük. Hətta birinci kitabının adı «Xaraba kəndim» adlanır. Onun keçirdiyi hisslər təbiidir, insan doğulduğu, göz açdığı kəndindən, evindən-eşiyindən cavankən ayrılıb yaşı altmışa çatana qədər bu həsrətin alovunda yana-yana qovrulursa, onu dərk edək, anlayaq və bu həsrət təkcə Təvəkkül Goruslunun yox, həm də bizim içimizdən keçir.
Təvəkkül Goruslunun şeirləri mənə qəlbi Vətən məhəbbəti ilə çırpınan bir şairin duyğularını, bu duyğuların şeirlərə necə çevrildiyini bəyan etdi. Bizim hamımızın qəlbində o duyğular yaşayır, amma şairlər bunları poeziya dililə ifadə edir. Təvəkkül Goruslu son iyirmi ildə, ondan da əvvəl keçirdiyimiz, yaşadığımız hissləri şeirə gətirir. Hamı böyük intizar içindəydi, işğal olunmuş torpaqlarımız, şəhərlərimiz, kəndlərimiz bizi gözləyirdi. Və o gün gəldi, Azərbaycan oğulları Ali Baş Komandanın əmri ilə silaha sarıldılar və 44 günə düşmən işğalına son qoyuldu. Bir vaxt gələr Təvəkkül Goruslunun Ağbulaq kəndi də qovuşar ana Azərbaycana!
Hər 44 gecəni, 44 gündüzü,
Adlayıb dağları, meşəni, düzü,
İgidlər tutdular verilən sözü,
Bu gün yaddaş günü, anım günüdür!


Köksündən torpağa qarışan qanla,
Şəhidlər yüksəlib hər keçən anla,
Qovuşmuş, can olmuş Azərbaycanla,
Bu gün yaddaş günü, anım günüdür!

Bu poetik misralar bəyan edir ki, Vətənpərvər şairdir o! Mən Təvəkkülün şeirlərini mövzulara bölüb təhlil etmək fikrində deyiləm. Onun hər bir şeiri təbiilikdən, səmimiyyətdən və poeziyadan yoğrulub. O, bir şair ömrü yaşayır.
İllər ötüşdükcə dəyişir zaman,
Ömür qum saatı…quma yox güman!
Ruh da ki, bədəndə bir ilğım, duman,
Misrada qocalır bir şair ömrü!

Ürəyə yükləyib kədəri, qəmi,
Şeirdi əkdiyi, biçdiyi zəmi,
Vərəqi çevrilən kitablar kimi,
Gün-gündən azalır bir şair ömrü!

Xəyalı ulduzda, gündə, aydadı,
İlhamı dağlarda, düzdə, çaydadı,
Sevgisi bu cahan, dünya boydadı,
Eşqindən güc alır bir şair ömrü!

Təvəkkül Goruslu məhz belə bir şair ömrü yaşayır.. Onun şair ilhamı doğma kəndi üçün həsrət notlarından tutmuş Qarabağa, Vətən yolunda, azadlıq uğrunda şəhid olmuş oğullarımızın xatirəsinə, üçrəngli müqəddəs bayrağımızın vəsfinə qədər dönür, dolaşır. Öz ifadəsiylə desək, kağıza şeirinin qanı tökülür. Milli-mənəvi dəyərlərimiz uğrunda da döyüşür Təvəkkül Goruslu.
Onun şeirlərində payızın təsvirinə də tez-tez rast gəlirik. İnsan öz ömrünün «ekvator» xəttini keçəndə payızı daha çox sevir. Çünki onun ömrü də payıza oxşayır. Payız bütün fəsilləri özündə əks etdirir, əvvəli baharı xatırladır, sonra yayı, sonra öz payız ömrünü yaşayır və sonda qışa doğru yol alır. Təvəkkül Goruslu bir şeirində payızın rəsmini çəkir, onu sözlərinin rənginə boyayır payızı. Amma o, payızla insan ömrü arasında bir bənzəyiş görür:
Açılmış kitabdı, varaq-varaqdı,
Varaqda titrəyir payız özü də.
Dərdləri üst-üstə yarpaq-yarpaqdı,
Yarpaqda titrəyir payız özü də.
Şəhid anasıdı, baxışı nəmli,
Titrəyən kamandı, sədası bəmli,
Məhzun bir bulaqdı, gözləri nəmli,
Bulaqda titrəyir payız özü də.

Buludu səmada yellənən ələk,
Günəşi niqabla keçinən mələk,
Qanadın gərincə, əsincə külək,
Budaqda titrəyir payız özü də.

Bu şeir Təvəkkül Goruslunun ən seçimli təbiət şeirlərindən biridir, desəm, yanılmaram.
TƏBİƏT ŞAİRİDİR O!
Təvəkkül Goruslu yaşadığı həyatın, gerçəkliyin müxtəlif hadisələrinə də öz münasibətini bildirir və şairlərin ictimai-siyasi hadisələrə həssaslıqla yanaşdığını bir daha sübut edir. O, Qarabağ hadisələrindən söz açır, məkrli ermənizmi ifşa edir, dünyada baş verən hadisələrə də münasibətini bildirir, yaşadığı cəmiyyətdə və mühitdə haqsızlıq görürsə susmur. Bəzən nəsihətə də keçir, yaşının hökmü ilə gəncliyə tövsiyələrini də əsirgəmir. Amma onun əksər şeirlərində İnsan amili ön plandadır. Şeirlərinin lirik qəhrəmanı onun özüdür, desəm, yanılmaram. Özü də hər bir şeirində kövrəklik, həssaslıq notları ilə üzləşirik. Özü də bir şeirində deyir ki: «»Allahım, sən məni kövrək yaratdın!». Bəzən isə kövrəklik həddini aşır, haqsızlığa üsyan edir:
Yalançı dilində «Allah» kəlməsi,
Qardaşı qardaşdan edirsə xəbis,
Ürək bulandırır üzə gülməsi,
Yeganə adı var, o da ki İblis!

Nəhayət, onun sevgi şeirləri barədə bir neçə kəlmə. Sevgi elə bir duyğudur ki, o, insanı həmişə cavan saxlayır. İnsan yaşa dolanda bu sevgi hissləri heç də korşalmır rəngini itirmir müşahidə etmişəm ki, insan yaşa dolanda daha çox sevir, ya keçmiş sevgi dolu günləri bir işıqlı xatirə kimi qəlbinə dolur, ya da təzədən sevir. Təvəkkül Goruslunun bir sevgi şeirindən misal gətirəcəyəm:
Sevgidən, sevdadan bəhs etmə mənə,
Gözümün önündə sevgi rəsmi var.
Elə vurulmuşam, aşiqəm sənə,
Məcnunun, Kərəmin yalnız ismi var,
Bu kövrək, həzin poetik misralar pıçıldayır:
MƏHƏBBƏT ŞAİRİDİ O!
Onun ən yaxşı sevgi şeirlərindən biri «Öpsün ləçək ləçəyi»dir. Bu şeirdə də Təvəkkül Goruslu gözəl bənzətmələrlə diqqəti cəlb edir:
Sevgi bir kəpənəkmi,
Qondu qəlbim tacına.
Ürək gülmü, çiçəkmi
Əllə düşdü ovcuma.
Kəpənəkli budağın.
Olaq gülü, çiçəyi.
Qucsun yarpaq yarpağı
Öpsün ləçək ləçəyi.

Mən Təvəkkül Gorusluya yeni yaradıcılıq uğurları arzulayıram.
Redaksiyadan: İyulun 1-də qəzetimizin təəssübkeşi və daimi oxucusu, şair Təvəkkül Goruslunun 60 yaşı tamam olur. Biz də şair qardaşımzı yubileyi münasibətilə təbrik edir, ona sağlam ömür və yeni yaradıcılıq uğurları arzulayır, bir neçə şeirini oxucularımızın diqqətinə çatdırırıq. Redaksiya heyəti adından hörmətlə: Tamxil Ziyəddinoğlu

CAN SƏNƏ TÜRK BAYRAĞI
Ax, necə qürurluyam, görüncə səni gendən,
Azərbaycan vətənsə, Anadolu da vətən.
Türkün başı üstündə əbədi dalğalan sən,
Sinən üstdə al rəngin, azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Ax, necə də parlaqdı üstündə ay, yıldızın,
Sənlə fəxarət duyur hər oğulun, hər qızın,
İstiqlal, istiqbaldır Tanrıdan tale yazın,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Ax, necə zövq alıram bayraqlar yarışından,
Köksüm körük kimidi vüqarlı duruşundan,
Ellər dastanlar qoşdu vuruşdan, barışından,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Sən türkün simvolusan, öndə dalğalan, dayan,
Bütün türk bayraqları yanında, sənə həyan,
Göydə "Türk yıldızları" olsun daim parlayan,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Mən sənlə vüqarlıyam, mən sənlə qürurluyam,
Bir Allahım bilir ki, necə də onurluyam,
Mən mənən Sibiriya Kiprlə sınırlıyam,
Sinən üstdə al rəngin azadlıq, uğur rəmzi,
Can sənə Türk bayrağı, can sənə qürur rəmzi!

Burda üçrəngli bayraq göy qurşağı, göy üzü,
Orda sənlə tikildi göylərə türkün üzü,
Şəninə qurban dedim hər sətiri, hər sözü,
Sinən üstdə al rəngin azadlıq, qürur rəmzi,
Can sənə Türk bayrağı, can sənə türkün rəmzi!


NURU ALTMIŞIN

İndi də altmışın qapısındayam,
Əlim tutqacında, özüm müntəzir.
Dindirmə, urfani havasındayam,
Ruhumu şeirə etmişəm nəzir!

Qədərim himindən, kökündən ağır,
Bir kimsə çəkəmməz mən çəkənləri.
Keçmişdən yaddaşa ümmanlar sığır,
Sahilin çığnayır lal təkanları.

Tərifin deyimmi, ömür nə demək?
Olumla ölümün etdiyi vuruş!
Cisminlə ruhuna verdikcə əmək,
Ruhun da cismində gətirər duruş.

Adamı yaşadar iman dediyin,
Günahlar ömürün sərt dolanbacı.
İnsansan, halalsa tapıb yediyin,
Canına nuş olar, olsa da acı...

Goruslu demə ki, yalın eyləyib,
Saçına əl çəkib qoru altmışın.
Bax illər kölgəni qalın eyləyib,
Üzündə, gözündə nuru altmışın!

TOY DA ÇALDIRSAN
Yüzlə ötüşürdü keçən illərim,
İndisə radarlar altmışdı deyir.
Şükür ki, sükanı tutur əllərim,
İn şə Allah, yoluma çıxacaq xeyir.
Deyirlər çətindi yetmişlə getmək,
Ağrısı, azarı cərimə istər.
Qəti qadağandır başqasın ötmək,
Çarığın deşilər, olarsan müstər.
Sən hələ səksəndən, doxsandan danış,
Sükanın yerini əsa doldurur.
Çəkilir əqrəba, həm də dost- tanış,
Yol-iriz gözlərin nurun soldurur.
Ayağın dirəyib həyat gedişin
Oğulsan Goruslu yüzə qaldırsan.
Bu dünya vallahi pozmaz gərdişin,
Yasında lap belə toy da çaldırsan.

MƏZAR ALAR
Baxıb-baxıb dünyaya,
Güzgüsün əyri gördüm.
Gözümə ləl göründü,
Yerində şeiri gördüm.
Kasıbın qarnı acdı,
Varlının şüuru ac.
Heç biri doyan deyil,
İstərsən yüz qapı aç.
Sən də doydur beynini,
Nəfsin tox olsun, amma,
Gözdən salma əynini,
O yetirər tamama.
Qədəri nur olanın,
Gözü, könlü tox olar.
Qədəri gor olanı,
Sərvətsiz məzar ALAR!


TANIMADINMI
Sən kimsən söyləyib soranım mənim,
Eşqiylə könlümü saranım mənim,
Qəlb olub köksümdə vuranım mənim,
Sevdanın qulunu tanımadınmı?
Sevgidən biçmisən misranı, sözü,
Manqal ürəyimin alışdı közü,
Yuxusuz, " yol çəkən " dolanan, gözü
Yollarda qalanı tanımadınmı?
Ay mənim sevdalım, vücudu zərif,
Sözlər də gücsüzdü, eyləsin tərif,
Hüsnünü bilibən qurani- şərif,
İtaət qılanı tanımadınmı?
Könlün yuvasından düşüncə pərən,
Ömür çiçəyimi mən oldum dərən.
Əlimi götürüb əlinə verən,
Tanrının qolunu tanımadınmı?

BƏŞƏR
Nəhəng ağacdı dünya,
Buludlar yarpaqları.
Ulduz-ulduz çiçəklər
Bəzəyir budaqların.
Qürub edincə günəş,
Buludları saraldır.
Yetişən qaranlıqlar,
Göy üzünü daraldır.
Sıxılınca üfüqlər,
Toparlanır ulduzlar.
Durna kimi səmada,
Qaratlanır ulduzlar.
Saymaq olmur, sayı yox,
Ölçüləri müxtəlif.
Gözəllikdə tayı yox,
Çiçəklərə müxalif.
Tanrı tale saatın
Qurunca yerə düşər.
İlahi bir ağacın,
Meyvəsimi bu bəşər?


VAR
Dünyanın əzəldən iki rəngi var,
Gündüzü bəyazdır, gecəsi qara.
Amma ki, işığın yüz ahəngi var,
Nuruyla aləmə biçir zərxara.
Dünyanın əzəldən iki halı var,
Biri xeyirdirsə, biri də şərdi.
Amma ki, hər kəsin öz amalı var,
Birində çöplükdü, birində zərdi.
Dünyanın əzəldən iki yönü var,
Gələnlər ağlayar, gedəni gülməz.
Arxası ləpirli, izsiz önü var,
Arxa xatirədi, önünü bilməz.
Dünyanın əzəldən iki cinsi var,
Biri kişidirsə, biri də qadın.
Əməllə bilinər içdə hansı var,
Həm hörmət qazanar qorusa adın.
Dünyanın əzəldən iki sayı var,
Biri mənfidirsə, biri də müsbət.
Həm onun, həm bunun özcə tayı var,
Ortada qalmaqsa başqa müsibət!
Dünyanın əzəldən iki dadı var,
Biri nifrətdirsə, biri məhəbbət.
Nifrət səmum kimi ömrü qurudar,
Məhəbbət həyatda ən böyük sərvət.
Dünyanın əzəldən iki anı var,
Biri bədbəxtlikdi, biri xoşbəxtlik.
Anlar ötərisə sərbəst yanı var,
Desinlər insandı köçən rəhmətlik.
Dünyanın əzəldən iki üzü var,
Göy üzü, yer üzü - bütöv kainat.
Ruhumuz göylərə, cismimiz yerə,
Bax burdan başlayıb bitir bu həyat.

BU BOZ DÜNYADA
Tutub ətəyindən boz xəyalların,
Bozarıb yaşadıq bu boz dünyada.
Dalınca qaçdıqca cah- cəlalların,
Kar olduq, kor olduq bu toz dünyada.
Duymadıq varlığın səssizliyini,
Görmədik əbədi var olanları.
Dünya da dərd etməz sənsizliyini,
Köçüncə unudar kar olanları.
Pəncərə önündən baxdığın dünya,
Əbədi dünyana pəncərə qoymaz.
Ləllərin üstünə taxdığın dünya,
Ləlli də, ləlsiz də aparar, doymaz.
Goruslu deyildir sözün hakimi,
Söyləmir Tanrıdan vəkil seçilib.
Bəs onda çalışmaq ölümsüz kimi,
Zehniyyət quluna hardan biçilib?

DAMCI İZİ VAR
Təbrikim mərmərə döşənən çiçək,
Əksinə yapışan nəmli dodaqlar!
Qol açıb nisgildən üşənən çiçək,
Göylərdən sallanan ruhun qucaqlar!
Səma da uzadıb matəm çadırın,
Analar gününə sədəqəsimi?
Kimsəyə əyilməz haqqı Qadirin,
Üfüqlər imanın hədəqəsimi?
Yanında yer etsə ayağın ucun,
Bu canım əbədi rahatlıq tapar.
Ruhumu özüylə aparıb köçün,
Cismimdə həsrətdən tutanlar qopar!
Oğlundu, ay ana, yanına gələn,
Tanrıdan görüşün geci, tezi var.
Əzizim, ay anam, göz yaşım silən,
İndi sinən üstdə damcı izi var!

QUYLAMASINMI
Baxırlar, görürlər qapqara rəngdə,
İmanlı əmələ saxta deyirlər.
Qarpızı çıxardıb bürünc səhəngdən,
Hövsələn basginən, toxta deyirlər.
Başları koldadı, quyruqlarını,
Gizlədə bilmirlər, aylbdan- ayıb.
Əli qalınların buyruqlarını ,
Anında edirlər, aylbdan-ayıb!
Dondurub ilhamın heyrətdən ruhum,
Bağrının üstünə daş etməsinmi?
Donunu geyməsin nifrətdən ruhum,
Qələmi bunlara tuş etməsinmi?
Yazsınmı kağlza təəssüflərin,
Qələmi qəzaya hoylamasınmı?
Çəkib də saxtakar təbəssümlərin,
Bir qara dördlüyə quylamasınmı?…



NİGARANDI
Düşünmə ki, ürəyinin səhrası,
Məcnunsuzdur, gəzəni yox sərgərdan.
Nə olsun ki, gülümsəyir çöhrəsi,
Şair eşqdən nigarandı nigaran!
Siyah həsrət məskən edib ürəyi,
Axşam əsir, səhər susur küləyi.
Qarğıdıqca dara çəkir fələyi,
Şair eşqdən nigarandı nigaran!
Fəqət doğru, barxanları qum deyil,
Qanla çağlar, altı üstü nəm deyil,
Qəmi yüksək, elə belə qəm deyil,
Şair eşqdən nigarandı nigaran!
Məcnun xəyal gəzər xəyal səhralar,
Diqqət çəkməz Aişələr, Zəhralar,
Göz yaşından xəyal səhra nəhr olar,
Şair eşqdən nigarandı nigaran!

ƏTİR SAÇILDI
Nə gözəl açılıb puçurun ağzı,
Bir dodaq bahardı, bir dodaq yazdı.
Həm ordan duyulur həyatın məğzi,
Bir dodaq oğlandı, bir dodaq qızdı.
Yaradan yaratmış nə gözəl dəhan,
Boyasın təbiət əliylə çəkmiş.
Budağa qonubdu ufacıq cahan,
Cahanlar içində hər biri təkmiş.
Baxdıqca, duyduqca gözüdolusu,
Könlümün budağı göz- göz açıldı.
Goruslu gözəllik, həyat dəlisi,
Ruhuna bir başqa ətir saçıldı.

DARIXMAĞIN
Qapıdasa qışdan ötə yaz darıxır,
Darıxmaqdan həm də alır həzz darıxır,
Goruslu da elə bilmə az darıxır,
Aşiqidi indi həm də darıxmağın.
Darıxmaqsa dərdə salan hər yazarı,
O fərqlidir, həm də sevir intizarı,
Dəyişibdi həm baxışı, həm nəzəri,
Aşiqidi indi həm də darıxmağın.
Üzülməyə, darıxmağa könül verib,
Çiçəyindən çələng hörüb, dəstə dərib,
Yağış yuyub, yel qurudub, günə sərib,
Aşiqidi indi həm də darıxmağın.


VARMI

Elə bir yerdəyəm dörd yanım bomboş,
Zamanmı keyflidir, dövranmı sərxoş,
Cismim qov kimidi, ruhum əliboş,
Həyatın ortası, mərkəzi varmı?
Düşüncə özümün, bir qədər də yad,
Əski xatirələr lent kimi bərbad,
Hissim, duyğularım eyləmir fəryad,
Hiss ölçən, ruh çəkən tərəzi varmı?
Bu nə həyatdır ki, ətalət içrə,
Bu cana, bu ruha olubdu hücrə,
Simurq qanadında eyləyib hicrət,
Getməli bir behişt ərazi varmı?

DƏYMƏ
Elə bil manqalam, közlə pörtmüşəm,
Dünəndən yüz məzar üstü örtmüşəm.
Tanrımı yanılıb...deyir dördmüşəm,
Üçüm sənin olsun, birimə dəymə!
Üfləyib o yandan azar- bezarı,.
Əzrayil salmasın burdan güzarı,
Allahım, itibdi sayı məzarın,
Seçim sənin olsun, dirimə dəymə!
Bəlkə düşünürsən, qışda güləm mən,
Ocağım sönübdü, daşda küləm mən?
Ay canım, Goruslu Təvəkküləm mən,
Özümə toxunma, şeirimə dəymə!)

SANIR
Dərya, dəniz dalğalarla qovrulsa,
Dərddaşımdı, təlatümlə oyanır.
Baxın dağa, zirvəsində qar varsa,
Qardaşımdı, əzəmətlə dayanır.
Bu dünyanı tərk eylədi neçəsi,
Çoxu bundan sonra hələ köçəsi,
Gün keçincə gəlir yenə gecəsi,
Sirdaşımdı, siyah rəngə boyanır.
Görürsənmi gün gətirən günəşi,
Həyat verir kainata atəşi.
O olmasa sürüyəmməz yer nəşin,
Od daşımdı, qayğı ilə hey yanır.
İnsan oğlu ömr eyləyir cəbr ilə,
Mütləqdir ki, sonu gəlir qəbr ilə,
Yükü ağır, yolun yortur səbr ilə,
Adaşımdı, dərddən, qəmdən usanır.
Tanrıyasa insanların sevgisi,
Vecə gəlməz dərdin, qəmin təpgisi.
Təvəkkülün varsa şair yetkisi,
Yaddaşımdı, bütün bunu eşq sanır.

NƏDƏN
Ayazmı gətirir saçın bəyazı,
Qışamı dönübdü ömrünün yazı,
Unutdun qəmzəni, unutdun nazı,
Təbəssüm üzünə yad gəlir , nədən?
İçində ağrı var , üzün buz kimi,
Elə bil seyr edir məhkum hakimi.
Qul olsan dəyişməz talenin hökmü,
Təbəssüm üzünə yad gəlir, nədən?
Dilbərdi, mələkdi qadın deyilən,
Nə güclər önündə oldu əyilən.
Kipriklər nəm çəkmiş, qaşlar düyülən,
Təbəssüm üzünə yad gəlir, nədən?
Bəşərin gözüdü qadın əzəldən,
Hüsnünə don geymiş şeir, qəzəldən,
De, şair nə üzlə yazsın gözəldən,
Təbəssüm üzünə yad gəlir , nədən?

GƏTİRSİN
Qarşıdan yeni gün, yeni il gəlir,
Hər şeyin yenisi könlü dindirir.
Köhnə il təqvimdən adını silir,
Masadan, divardan alıb endirir.
Xəstəlik qayğılar köhnədə qalsın,
Təzə könüllərə sevinc gətirsin.
Toy- büsat, şadlıqlar səhnədə qalsın,
Qəm, kədır nəhayət izin itirsin.
Yarasın sarısın yaralı Vətən,
Xaraba yurd yerim cənnətə dönsün.
Birləşsin hələ də paralı vətən,
Yanan ürəklərin atəşi sönsün.
Xocalı, Xankəndi altına girsin,
Kölgəsin sallasın üçrəngli bayraq.
Dostlar da, düşmən də hər yandan görsün,
Asılmış müzəffər çələngli bayraq.
Var olsun millətim, Azərbaycanın,
Xalqları qardaşlar çiyin- çlyinə.
Hər biri uğrunda verincə canın,
Qələbə kiteli geydi əyninə.
Uğurlar gətirsin gələn yeni il,
Ölkəmdə asayiş bərqərar olsun.
Komando qalxınca, vurunca təbil,
Terrorçu çətəsi cəm firar olsun.
Şəhidlər qanına hopan torpağım,
Hər daşda, qayada güllər bitirsin.
Küləklər əyməsin zərif yarpağın,
Ruhlara təravət, qeyrət gətirsin.
Ədalət keşiyi çəkən Turanım,
Birləşib zülümə versin nəhayət.
Qürurla, onurla keçsin hər anım,
Təzə il gətirsin yeni fəxarət!

QAR YAĞIŞI
Kəpənək- kəpənək fırlanan qarın,
Sonucda, torpaqdır, yerdir hədəfi.
Torpağın sinəsi istidir hələ,
Soyucaq bərq vurar bəyaz, sədəfi.
Pəncərə önündən qarın yağmasın,
Seyr etmək bir başqa əhval yaradır.
Düşüncə anidən ərisə belə,
Göy otlar yolüstdə bax, sırsıradır.
Elə bil bir sürü kəpənək uçur,
Külək də çalışır yerə qonmasın.
Torpaq da minlərcə ağzını açır,
Nəfəslə isidir, üzü donmasın.
Əlimi uzatdım, əlimə düşən,
Dənəcik can verdi, əlimə hopub.
Yoxsa tələsirdi yerlə görüşə,
Bəlkə də sevindi əlimi tapıb.
24-06-2022, 07:00
RUHUMUN QONAĞI

Leyla Yaşar


RUHUMUN QONAĞI
Budur həyət darvazası açıldı. Boylanıram. Gecədi demək olar ki… Hərdən sərin hava üzümə dəyib geri qayıdır. Bir az külək var. Küləyin gətirdiyi cücülər dişləməmiş getmirlər. Onları qova – qova bir gözüm qapıda yerimdə qurcuxuram.
Aha, telefonun işigı yanır. Odu deyəsən. Axsam olanda Kürün qıragına gəzməyə gedir. Bir az hava alıb gəlir. Get gedə yaxınlaşır. Əlində çantası yavaş-yavaş yellənir.
– Ay qızım, niyə yatmamısan, tək burda neynirsən?
Maman hanı bəs?
Çagır gəlsin dondurma almışam .
– Ay ata, indiyə mama qalar, çoxdan yatıb. Deyirəm gülürük.
Gəlib əynini dəyişib oturur .
Bir az nəfəs alıb, bir iki dittili öldürüb, uzanır divana.
Nə dondurması almısan, ay ata?
– Togruldan aldım, mamanın xoşu gələndəndi, şokaladlı.
Hə, onun payın qoyum soyuducuya, biz yeyək.
Arada pəncərədən mamamın səsi gəlir, Leyla kimlə danışırsan?
Dilim tutulur, cavab verə bilmirəm.
Üstündən bir az keçir. Oturub həmişəki kimi ata-bala dərdləşirik .
Mən suallar verirəm. O cavabarın: geniş, izahlı…
İnformasıya bazamız doludu bu gün. Çoxdandı görüşmürük axı .
Heç soruşmuram uşaqlar hanı ?
– yatıblar .
Bir az Yusifin diliylə danışırıq.
Deyirəm Yusif denən maşın, deyir ənn … deyib bərkdən gülür.
Səni yaman axtarır, ay ata. Deyirəm gələcək. Deyir o gələ bilmir. İnanmır gələsən .
Ortaya sükut çökür .
44 günlük müharibənin müzakirəsinə başlayıram. Fikirləri mənə çox maraqlıdı. Sosial, siyasi, mədəni məsələlərin müzakirəsi bitmirki, bitmir.
Arada dayanıb, a qızım neysən, sən qarışma belə məsələlərə deyir.
Ay ata, elə bil ağrımırsan ta?
Başın yelliyir.
Bir az keçir.
Çay içirsən? Təzə suyumuzdan qaynatmışam, bəlkə kampot içəsən? Dil bogaza qoymuram. Yox heç nə lazım deyil. Bir az uzanım burda deyib planşeti əlinə alır. Bir az səhfələri çevirib, gözlərini qaranlıga zilləyir. İlqargil yatıb yəqin. Hə. İndiyə adam qalar?
Saat mürgü vurur. Əqrəbin neçənin üstündə dayandıgın seçə bilmirəm.
Bir az meh gəldi deyəsən. Dittili olmasa adam burda yatardı deyib gözünü yenidən planşetə yönəldir. O qapının işıgı niyə helə yanır a qızım?
– Nolub ki ay ata? Xarab olmuşdu Azad gəlib düzəltdi. Xarab olanda o gəlsə yaxşıdı.
Sükutu pozuram yenə – ay ata, Yusif səni yuxuda görür. Deyir dədə məni dindirmədi. Gülür yenə, denən nadinclik edirsən, səndən küsüb. Elə deyirəm, pis olur. Cıqa neynir ey? ( Aylin) Yusifi döymür? Yusiflə işiniz yoxdu ha! Yusif yaxşı oglandı! Bilsə gəlmisən sevindiyindən bilməz neynəsin. Bəlkə durquzum? Cavab vermir…
Sevdiyi sarı köynəyin geyib. Uzun uzadı üzünə baxıram. Ay ata, onu qoy o tərəfə gəlmişkən bir iki sual verim sənə. Ver, qulagım səndədi. Dayan ey, özün necəsən? – babatam ay ata. Sən yaxşı ol.
Hə saualını ver görək…
Hardaydın ay ata, hara getmişdin?
Elə bildik ölmüsən, sənə yas saxladlq. 10 ay keçib ay ata… bilirdik gələcən, inanmırdıq ölmüsən. Sən gedəndən hər şey qarış quruşdu. Hər gün sənlə dərdləşirəm. Gizlində aglayıram. Amma gəlmirsən. Yaxşı ki, gəldin. Sənlə bərabər çox şeylər getdi. Heç nə demədən, danışmadan qəfil getdin. Gecənin qaranlıgına bürünüb gözünü yumdun. Aparıb qoyduq torpagın altına gəldik. Tez- tez ziyarətinə gedirik. Aglayıb, şəklinlə danışıb gəlirik. Yenə də səssizliq. Mən danışıram, o susur… Gecdi çıx yuxarı yat yerində, otaq sərin olar. Kondisioneri işlədirsiniz? Necədi soyudur? Yaxşıdı ay ata, yerin məlum.
Elza xalan necədi? Salam deyərsən? Haqqı çoxdu üstümdə. Bir ara ona da əziyyət verdim. Denən haqqın halal etsin.
Bibin necədi? Gəlib gedir? Yoxluyur sizi?
Mamanın toyuqları necədi? Yumurtlayır? Bişir Yusif yesin. Təzə çolpalar da alıb, ay ata. Bu arvad xoşu gəlir də əziyyət çəkməkdən, denən bax neynirsən.
Bəs ay qızım, maman kimlə qalır?
Gözüm dolur bu suala, indi mən səssiz qalmışam .
Ta gəlmisən ay ata, tək qalmaz. Tək niyə olur ki? Siz varsız. Bizlə sən birsən ay ata, elə söz danışırsanki?
Bir az fikirə gedir. Düşünürəm, aha deyəsən təsir etdi. Qalacaq.
Gözüm yenə saatdadı. Saatın əqrəbi mürgülüyə – mürgülüyə 05 – in üstünə birtəhər gedib çatıb.
Sükutu o pozur. Qonşular necədi? Gəlib yoxluyan var sizi? – Hə ay ata, sağolsunlar.
Orxan necədi? İşləri necədi?
Yaxşıdı. Sualdan yayınıram.
Mənə niyə verirsən bu sualları ay ata, sabah görəcən də hamını…
Dur çıxaq yuxarı mənim də yuxum gəldi ay ata, deyib özümü yuxulamış kimi göstərirəm. Bəlkə çıxa evə .
Şəhla xalan necədi?
– Yaxşıdı. Sənin yoxluguna çox pis olur, deyir sayan, axtaran o idi. Arxam dayagım getdi…
Bir iki sual da verir… cavablarım onu bir az hirsləndirsə də təmkinlə, dalıyca gedin ay bala, haqqımı yedirtmiyin deyir. Pis oluram, büruzə vermirəm.
Yaxşı mən gedim. Hara, ay ata? – deyib sanki hayqırıram…
Getməliyəm qızım. İşlərim var ..
Susur , soyuq gözlərində kədərlə ayaga qalxıb sagollaşır. Mamandan mugayat olun, Orxanla mehriban olun, Yusifi incitmə. Yusif yaxşı oglandı!
Son sözün deyib yox olur. Oturub key- key baxıram. Divana. Saata, stola stula… yoxdu getdi… niyə saxlaya bilmədim deyib hönkürürəm. Niyə getdin ay ata?
Gözlərimi silib, yanımda mənə yuxulu- yuxulu baxan mamamla, Yusifi görürəm.
Ay mama, atam gəlmişdi, Yusif dədə gəlmişdi. Yazıqlar üzümə baxa baxa qalıb. Özümü topalayıb, üzümə su vurub, bayaqdan atamı keçirdə bilmədiyim evə keçirəm…
23-06-2022, 21:51
"Gələcəyimiz naminə narkomaniyaya yox deyək!"

"Gələcəyimiz naminə narkomaniyaya yox deyək!"

Nizami rayonunda "Gələcəyimiz naminə narkomaniyaya yox deyək!" adlı Qol güləşi idman növü üzrə açıq turnir keçirilib
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Gələcəyimiz naminə narkomaniyaya yox deyək!" adlı Qol güləşi idman növü üzrə açıq turnir keçirilib.
[/center]

Tədbir iştirakçıları öncə Mərkəzin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış guşəni ziyarət ediblər.
Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri Rufiz Qonaqov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Elnur Orucov, Nizami RİH Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sədr müavini, Narkomanlığa qarşı mübarizə üzrə Nizami rayon komissiyasının məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis baş leytenantı Elvin Əliyev, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov və başqaları bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb.

[/center]

Tədbirlər Planı çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Heç şübhəsiz ki, bütün bu görülən işlərdə əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclərdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.[/center]

Çıxışlardan sonra turnirə start verilib.Turnirdə 5 çəki dərəcəsi üzrə 150 idmançı mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən turnirdə qaliblərə pul mükafatları, diplomlar, medallar və “İronMaxx – Azərbaycan” şirkətinin hədiyyələri təqdim edilib.[center]



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!