27-02-2023, 16:18
Belarusiyanın hərbi aerodromunda partlayış baş veribBelarusun paytaxtı Minsk şəhəri yaxınlığındakı Maçulişçi hərbi aerodromunda partlayış törədilib. Bu barədə Belarus hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının yaratdığı "Bypol" kanalı məlumat yayıb. Bildirilir ki, partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib. "Reuters" agentliyi hücumun Belarus partizanları tərəfindən törədildiyini açıqlayıb. Məlumata görə, iki partlayış nəticəsində təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib. Maçulişçi aerodromunda törədilən partlayış barədə məlumatlar Belarus və Rusiyanın hərbi kanallarında da yayılıb. "Bypol"un rəhbəri Aleksandr Azarovun sözlərinə görə, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. "Partlayışı törədənlər artıq ölkədən kənara çıxıb", - deyə o qeyd edib. Bildirib ki, bir neçə aydır hücuma hazırlıq gedirdi. "Bypol" 2020-ci ilin sonunda Belarusda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etirazlar fonunda ölkənin hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təsis edilib. Belarus Ali Məhkəməsi onu terror təşkilatı kimi tanıyıb.
27-02-2023, 16:15
Krım yarımadası Rusiyanın ayrılmaz hissəsidir - PeskovKrımın Ukraynaya qaytarılması mümkün deyil. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Krım yarımadası Rusiyanın ayrılmaz hissəsidir", - deyə Kreml rəsmisi iddia edib. Peskov, həmçinin vurğulayıb ki, Rusiya Dnestryanı regiondakı vəziyyətdən narahatdır və prosesləri diqqətlə izləyir.
27-02-2023, 16:10
Rusiyanın neft şirkəti Polşaya nəqlini dayandırdıRusiyanın “Transneft” şirkəti Polşaya neft nəqlini dayandırıb. Bu barədə TASS agentliyinə “Transneft”in rəsmi nümayəndəsi İqor Demin bildirib. O qeyd edib ki, şirkət fevralın sonunda Polşanın neft emalı zavodlarına neft göndərməli idi, ancaq sifarişlər verilməyib və vəsaitlər ödənilməyib.“Drujba” boru kəmərinin operatorlarından biri “Transneft” Rusiya Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş ixrac cədvəli əsasında xaricə neft nəql edir.
27-02-2023, 16:08
İranın XİN başçısı erməni həmkarı ilə görüşübİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Görüş İsveçrənin Cenevrə şəhərində baş tutub. Danışıqların detalları hələlik bəlli deyil. Qeyd edək ki, tərəflər Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak edir.
27-02-2023, 16:05
İran əlil olan ermənilərin reabilitasiyasına yardım edəcəkİran 44 günlük Qarabağ müharibəsində əlil olan Ermənistan vətəndaşlarının reabilitasiyası ilə bağlı addımlar atacaq. Bu barədə İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi açıqlama verib. Bildirilib ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində İrəvanda bu ölkənin əmək naziri Narek Mkrtçyan ilə görüşüb. "Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır", - deyə o söyləyib.
27-02-2023, 15:50
Avropa İttifaqı Çinin “sülh planı”nı tənqid etdi"Çinin "sülh planı" qurbanı və təcavüzkarı eyni səviyyəyə qoyur". Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. "Əslində bu, sülh planı deyil və Çinin məlum mövqeyinin təkrarlanmasından ibarətdir. Bəzi hissəsini bölüşürük, bir neçə vacib məqam isə əskikdir. Əlbəttə, biz bunu təhlil edəcəyik, lakin məsələ artıq aydındır. Əsas problem odur ki, Çinin "sülh planı" təcavüzkarı qurbandan ayırmır, tərəfləri eyni səviyyəyə qoyur”, - Borrel əlavə edib. Qeyd edək ki, Çinin sülh təklifi rəsmi Kiyev tərəfindən də tənqid olunmuşdu.
27-02-2023, 15:46
Sabahın hava proqnozu Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.
27-02-2023, 15:44
ABŞ-ın İraqda yerləşən hərbi bazası partladılıbİraqın Əl-Divaniyə bölgəsində ABŞ hərbçilərinin avtomobil karvanı partladılıb. ABŞ-ın İraqda yerləşən hərbi bazasına silah-sursat, ərzaq və tibbi ləvazimat daşıyan hərbi avtomobil karvanı partladılıb. Hadisə nəticəsində canlı qüvvə itkisi barədə məlumat yoxdur. Lakin avtomobil karvanındakı 5 hərbi avtomobil məhv edilib. Qeyd edək ki, İraq hökuməti ABŞ hərbi bazalarının çıxarılması haqqında Ağ ev qarşısında dəfələrlə məsələ qaldırsa da, rəsmi Vaşinqton hərbi bazasını ölkə ərazisindən çıxarmağa tələsmir. İraq parlamenti 2021-ci ildə geniş müzakirələr keçirib və nəticədə ölkə ərazisində kənar dövlətlərin hərbi baza saxlamasını qadağan edən qanun qəbul edib. Buna baxmayaraq, İraq ərazisində hələ də ABŞ-nin hərbi bazaları mövcuddur.
27-02-2023, 15:38
ABŞ-ın Rusiya və Çinə söz demək haqqı yoxdur - Pekin"ABŞ-ın Rusiya və Çinə ikitərəfli münasibətləri necə inkişaf etdirəcəklərini söyləmək hüququ yoxdur". Bu, Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, rəsmi Pekin təzyiqlərə "dözmək" niyyətində deyil və Çin tərəfindən işinə qarışılmasına adekvat reaksiya verilə bilər. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan etmişdi ki, Çin Rusiyaya kömək edəcəyi halda üzləşəcəyi real nəticələri nəzərə alaraq, Ukrayna müharibəsi ilə bağlı necə davranmaq barədə özü qərar verməlidir.
27-02-2023, 15:21
Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyasından danışdıRusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyasından danışıb. Lavrov bu barədə Rusiya Xarici İşlər Nazirliyinin federasiya subyektlərindəki təmsilçiliklərinin rəhbərləri ilə görüşdə söz açıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiya Federasiyasının xarici siyasət konsepsiyasının yenilənmiş variantı ölkə prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir. Lavrov Rusiyanın müstəqil xarici siyasət kursunu həyata keçirməyə davam edəcəyini vurğulayıb.