8-07-2023, 15:53
Gürcüstanda etiraz aksiyası keçirildiGürcüstanın paytaxtında etiraz aksiyası keçirilir. Aksiya LGBT festivalına qarşı təşkil olunub. Milli dəyərləri müdafiə edənlərin yürüşünə yüzlərlə insan qatılıb. Onlar Tbilisinin mərkəzində, Vaja Pşavelanın abidəsi önünə toplaşıb. Aksiyaçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb. Polis etirazçılardan bir neçə nəfəri saxlayıb.
8-07-2023, 15:21
Xızı meşələrində güclü yanğınİyulun 8-i günorta saatlarında Xızı rayonu ərazisində meşədə və biçilmiş əkin sahələrində yanğın başlayıb. Meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Yanğının söndürülməsinə FHN-lə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. Hazırda yanğının nəzarətə götürüldüyü bildirilir. Yanğın Xızı rayon mərkəzinə və Tıxlı kəndinə yaxın ərazidə qeydə alınıb.
8-07-2023, 14:40
Rusiya və Ermənistan nümayəndələri sülh müqaviləsini müzakirə etdiRusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ermənistanlı həmkarı Vahe Gevorkyan arasında telefon danışığı olub. Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Onlar, həmçinin tərəflər arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatı barədə fikir mübadiləsi aparıblar.
8-07-2023, 14:06
Bayden Ukraynanın NATO-ya üzv olmasıyla bağlı danışdıABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya üzv olması məsələsinə aydınlıq gətirib. Bayden bildirib ki, Ukrayna müharibə şəraitində NATO-ya daxil olmağa hazır deyil. Amerika lideri bu məsələyə yalnız sülhün bərqərar olmasından sonra baxılacağını deyib. Bayden eyni zamanda onu da qeyd edib ki, NATO ölkələri hazırda Ukraynanın üzvlük perspektivləri ilə bağlı fikir ayrılığına malikdirlər.
8-07-2023, 13:56
İranda polis məntəqəsinə silahlı basqınİranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər polis məntəqəsinə hücum ediblər. Hücum nəticəsində azı bir polis əməkdaşı həlak olub. İnsidentin yerli vaxtla saat 7:15-də əyalətin administrativ mərkəzi olan Zahedan şəhərində baş verdiyi bildirilir. Şəhər prokurorluğunun məlumatına görə, əvvəlcə polis məntəqəsi yaxınlığında partlayış törədilib, bundan sonra bir neçə naməlum şəxs binaya daxil olaraq atəş açmağa başlayıb.
8-07-2023, 13:11
XİN Başçısı və müavinlərinə səlahiyyətli səfir rütbəsi verildiAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Eyni zamanda xarici işlər nazirinin müavinləri Elnur Məmmədov və Fariz Rzayevə də fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
8-07-2023, 12:17
Peskovdan açıqlama: Putinlə Ərdoğanın görüşü olacaq“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil.
Qeyd edək ki, daha əvvəl liderlərin avqust ayında görüşəcəkləri bildirilmişdi.
8-07-2023, 11:44
Taekvondoçularımız Ankarada keçirilən çempionatda 4 medal qazandıAzərbaycanın gənc taekvondoçuları Ankarada keçirilən açıq Türkiyə çempionatında 4 medal qazanıblar. Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, yarışın ikinci günündə mübarizəyə qoşulan yığmamız aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırıb. Millimizin üzvü Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medalla kifayətlənib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə G-2 kateqoriyalı çempionatı bürünc mükafatla başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmə taekvondoçuları 4 qızıl və 4 bürünc medal əldə ediblər.
8-07-2023, 10:29
Türkiyə Ukrayna xalqı ilə həmrəydir - ƏrdoğanTürkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitməsini arzu edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, son bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib. Ərdoğan sazişin uzadılmasına ümid etdiyini bildirib. Türkiyə lideri, həmçinin Ukraynanın NATO üzvlüyünə layiq olduğunu qeyd edib. “Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”, - Prezident vurğulayıb. Ərdoğan onu da diqqətə çatdırıb ki, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir.
8-07-2023, 10:11
Gəncədə bədbəxt hadisə: Beton metal yığan şəxsin üzərinə düşdüGəncədə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb. Hadisə şəhərin "çay qırağı" deyilən ərazidə baş verib. Belə ki, satmaq məqsədi ilə metal yığan 33 yaşlı R.Heydərov dəmir parçasını götürmək istəyən zaman beton parçası onun üzərinə aşıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.