"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 7-09-2024, 09:47
Yeni nəşrlər

“Məni oxumağa vaxt tapılarmı?”

Yaxın vaxtlarda dil-ədəbiyyat müəllimi Vidadi Loğmanoğlunun “Məni oxumağa vaxt tapılarmı?” kitabı şapdan çıxıb. “Kəlbəcər harayı" qəzetinin baş redaktoru Zahid Muxtar kitaba ön sözü yazıb. Həmin ön sözü və şairin kitabda çap olunmuş şeirlərindən bir neçəsini oxucularımızın diqqətinə çatdırırıq.
Vidadi müəllim 1952-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1979-cu ildə Naxçıvan DPİ-nun dil-ədəbiyyat ixtisasını bitirib.
"Hələ bu dünyaya sözüm var mənim" kitabından sonra bu, Vidadi Loğmanoğlunun ikinci kitabıdır. "Tanrıya gedən yol" şeirində belə yazır Loğmanoğlu:
Üzü Tanrı dağınayam,
Həm Göytürkəm, Qara xanam,
Dədəm Qorqud, Oğuz xanam,
Oğul olan qandan keçir.

Çox-çox uzaqlara boylanır şeir müəllifi, keçmişi ilə nəinki fəxr edir, iftixar hissi ilə söz açır öz keçmişindən. Öz torpağına bağlı olanları, ölümün üzünə dik baxanları, qanını bu torpağa halal edənləri əsl oğul hesab edir. Elə bu niyyətlə də başqa bir şeirində erməni faşistlərinin təcavüzünə məruz qalmış xalqımıza belə səslənir:
Tanrı dözüm vermə mənə,
Bu halımdan məst olaram.
Qaytar məni öz donuma,
Qürurumdan qurd olaram.

Şair Vidadi Loğmanoğlu "Özündən güc alana bax" şeirində özgəsinin quyusuna su tökənləri ittiham edir:
Dərman gəzmə yad qapıda,
Səni, məni tapsa qada.
Gəl üzünü tutma yada,
Özündən güc alana bax!

Zaman-zaman sərhədləri kiçilən Vətənin bu gün azadlığa qovuşduğunu, nəhayət özünə gəldiyini "Sən ocaqsan Məmməd Araz" şeirində aşağıdakı kimi qələmə alır:
Yüzillərdir söndüyüm gün,
Çox bölündüm həmin o gün,
Gəl, özümə döndüyüm gün,
İndi gəlib Məmməd Araz.

Dərdi çox böyükdür Loğmanoğlunun; dünyada bütün xalqların birləşdiyi halda bu Vətənin hələ də ikiyə bölünməsi bir düyün kimi qalır. Açılmır bu düyün, ona görədir ki, "De bildinmi, de kiməm mən?!" şeirində belə yazır müəllif:

Bir bədəndə iki canam,
İki canda bir bədənəm,
Çoxu bilməz daha kiməm,
De, bildinmi, de kiməm mən?!


Qədim Naxçıvan torpağına bağlı olan Loğmanoğlu "Naxçıvanım" şeirində onun yetirdiyi dahi şəxsiyyətlərlə belə öyünür:
Ordubadi, Cavid oğlu,
Mirzə Cəlil qəlbə nurdu,
Məmməd Araz çələng qurdu,
Zirvələrdə zirvəm, tacım,
Heydər yurdu Naxçıvanım.

İmzası şeir-sənət pərəstişkarlarına çoxdan tanış olan Vidadi Loğmanoğlunun şeiriyyət aləmi çox zəngindir. Burada mövzu rəngarəngliyi ilə forma müxtəlifliyi vəhdət təşkil edir. Şeirin hansı formasında, hansı mövzuda bir şeir yazıbsa hamısı xoşagələndir, hamısı diqqəti cəlb eləyəndir, çünki burada bir əsl şair ürəyi döyünür, bir əsl şair qələmi tərənnüm eləyir. İnsan qəlbinin incə hissləri olan məhəbbət də, təbiət təsvirləri də, nəsihət- didaktika da, haqq-ədalət də, Vətən sevgisi də bu şeirlərdə çox məharətlə, kamil ustalıqla öz əksini tapır.
Azərbaycan xalqına çox görkəmli söz övliyaları, dahi şəxsiyyətlər bəxş eləyən Naxçıvan torpağının boya-başa yetirib ilham verdiyi Vidadi Loğmanoğlu poeziyası fəxrə, fəxarətə layiqdir. Çünki, əvvəlcədən də qeyd etdiyim kimi, burada əsl bir vətəndaş şair ürəyi çırpınır.
Dağımız, qanımız, canımız, dərdimiz, sevincimiz bir olan Naxçıvan torpağının od qoruyanı qüdrətli bir qələm sahibi şair qardaşım Vidadi Loğmanoğluna əzəmətli Kəlbəcər dağlarından, İstisu hərarətindən qucaq-qucaq sevgi dolu salamlar çatdırır, ona yeni-yeni yaradıcılıq uğurları, can sağlığı arzulayır və yeni bir şeir toplusu ilə onu oxucuları ilə baş-başa qoyuruq.
Zahid Muxtar,
"Kəlbəcər harayı" qəzetinin baş redaktoru,
Azərbaycan Mətbuat Şurasının üzvü.


ÖZÜNDƏN GÜC ALANA BAX..!

Zaman mənə dərs veribdi,
Qanı saxta olana bax,
Kimlərəsə tərs veribdi,
Ruhu yalan olana bax.

Tarixləri salsan yada,
Oda salar məni oda.
Yol birsə də bu arada,
Düyünləri salana bax.

Namərd olan yola gəlməz,
Girov düşən bir də gülməz,
Belə dərdi naşı bilməz,
Dön saçını yolana bax.

Uyma düşmən hiyləsinə
Qazsan quyu pilləsi nə?
Gəlsən tamah gülləsinə,
Söylədiyin yalana bax.

Dərman gəzmə yad qapıda,
Səni, məni tapsa qada,
Gəl üzünü tutma yada,
Özündən güc alana bax.

SAZ VƏ ONUN QARA KÖYNƏYİNƏ
Duydum niyə, duydum nədən,
Biçilib qara köynəyin,
Örtüyün özündən incə,
Tikilib qara köynəyin.

Sən tarixim, sən yaddaşım,
Sən əzəlim, sən yurddaşım,
Söylə, nələr çəkib başım,
Tikilib qara köynəyin.

Gülüşümü çəkdin dara,
Çeşid-çeşid dərdim ara,
Ürəyimə düşən yara,
Tikilib qara köynəyin.

Dərd bilənsən, dil bilənsən,
Çox ağlayıb, az gülənsən,
Hərdən məni öldürənsən,
Tikilib qara köynəyin.

Dərdlərimin yaşın saxlar,
Hamı dağılar, yox olar,
Sən qalarsan, tək saz qalar,
Tikilib qara köynəyin.

Dərdimlə əkiz doğuldun,
Əhdinə sadiq sən oldun,
Sən Nəsimi tək soyuldun,
Tikilib qara köynəyin.

Loğmanoğlu təbib olsun,
Bilsin ki, nəyin var, nəyin.
Səni duymayanım ölsün,
Tikilib qara köynəyin.
"Bütöv Azərbaycan" qəzeti
6 sentyabr 2024-cü il


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!