5-02-2023, 19:31
Qərb silahları Rusiya ərazisinə hücumlar üçün istifadə edilməyəcək -Şolts"Qərb silahları Rusiya Federasiyasının ərazisinə hücumlar üçün istifadə edilməyəcək". Bunu "Bild" nəşrinə müsahibəsində Almaniya kansleri Olaf Şolts bildirib. Onun sözlərinə görə, bu məsələdə Ukrayna prezidenti Volodimir Zelenski ilə konsensus var. "Müttəfiqlərimizlə birlikdə döyüş tanklarını Ukraynaya ötürürük ki, o, özünü müdafiə edə bilsin. Biz hər bir silah çatdırılmasını diqqətlə ölçüb-biçirdik, bunu müttəfiqlərimizlə, ilk növbədə ABŞ ilə sıx əlaqələndirdik. Bu ümumi yanaşma müharibənin genişlənməsinin qarşısını alır", - deyə o söyləyib. Kansler həmçinin Putinin guya Rusiyanın yenə alman tankları tərəfindən təhdid edildiyi barədə sözlərini də təkzib edib. Şolts Rusiya prezidenti ilə telefon danışıqları zamanı özünün və ölkəsinin hədə almadığını əlavə edib.
5-02-2023, 16:48
Serbiya prezidenti NATO-ya üzv olmaq istəmədiklərini bildirdiSerbiya Avropa İttifaqına üzvlük yolunda irəliləyir, lakin NATO-ya daxil olmaq istəmir. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib. Onun sözlərinə görə, Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək niyyətindədir. Vuçiç hesab edir ki, Avropaya inteqrasiya ilə Avro-Atlantik məkana inteqrasiyası arasında böyük fərq var. Bundan əlavə, Serbiya Prezidenti hakimiyyətdə qalmaq naminə Kosovo məsələsində heç vaxt danışıqlara getməyəcəyini diqqətə çatdırıb.
5-02-2023, 16:44
Kanadadan Ukraynaya “Leopard 2” tankı göndərildiKiyevə vəd edilən dörd ədəd “Leopard 2” tankından birincisi Kanadadan Ukraynaya göndərilib. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb. O qeyd edib ki, texnika Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə Halifaksdan (Yeni Şotlandiya əyaləti) havaya qalxıb. Kanada ordusunda 112 ədəd “Leopard” tankı var ki, onlardan 82-si döyüş maşını, qalanları isə təlim üçündür. Dörd döyüş tankını Ottava Kiyevə göndərəcək.
5-02-2023, 16:41
Güləşçimiz “Zaqreb Open” turniri qızıl medalla başa vurduXorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır. Yarışın 4-cü günündə - fevralın 4-də 3 güləşçimiz mübarizə aparıb. Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.
5-02-2023, 16:39
ABŞ Çinə məxsus hava şarını zərərsizləşdirdiABŞ Hərbi Hava Qüvvələri Çinə məxsus hava şarını zərərsizləşdirib. Bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, hava şarı insanlara təhdid yaratmayacaq ərazidə vurulub.
5-02-2023, 16:36
Rusiyada məhkum qadınlar hərbi əməliyyatlara cəlb olunacaqRusiya məhkum qadınları Ukraynada hərbi əməliyyatlara cəlb etməyə çalışır. Bu barədə Ukrayna Baş Qərargahının gündəlik məlumatında bildirilib. Qeyd olunub ki, ruslar bir həftə ərzində Donetsk vilayətinin işğal olunmuş ərazisindəki Snijne şəhərinin qadın islah koloniyasından təxminən 50 nəfəri öz sıralarına cəlb ediblər. Onların Rusiya Federasiyası ərazisinə təlim keçmək üçün göndərildiyi məlum olub.
5-02-2023, 16:33
Gərginləşən ABŞ-Çin münasibətləri yeni dövrə qədəm qoyurBir neçə gündür ki, dünya mətbuatının manşetlərində Çinə məxsus hava şarının (dirijabl) ABŞ-da hərbi obyektlər üzərində uçuş həyata keçirməsi barədə xəbərlər dərc edilir. ABŞ hava şarının kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulduğunu bildirir. Çin isə şarın elmi və meteoroloji məqsədlər üçün istifadə edildiyini və səhvən ABŞ hava məkanına daxil olduğunu açıqlayıb. Pentaqon hələlik şarı yerə düşürməyib və ya havada zərərsizləşdirməyib. Bunun mülki şəxslər üçün təhlükəli ola biləcəyi qeyd edilir. Məlumat üçün bildirək ki, yüksək hündürlükdən uçan hava şarları ötən əsrin ortalarından istifadə edilir. İkinci Dünya müharibəsi zamanı Yaponiya bu şarlara yandırıcı bombalar quraşdıraraq ABŞ hərbçilərinin üzərinə göndərirdi. 50-ci illərdə Amerika şarlardan Varşava blokuna daxil olan ölkələrin strateji obyektlərinin fotolarını çəkmək üçün istifadə etməyə başlayıb. Hava şarlarının bir sıra üstünlükləri var. Birincisi, onlar 24-37 kilometr yüksəklikdə uça bilirlər, bu da daha geniş ərazini müşahidə etməyə imkan verir. Müqayisə üçün deyək ki, adi sərnişin təyyarələri adətən 12 kilometrdən yuxarı qalxmırlar, döyüş təyyarələrinin isə maksimum 19 kilometrdən yuxarı uçması tövsiyə olunmur. İkincisi, hava şarları digər kəşfiyyat məqsədilə istifadə edilən vasitələrdən qat-qat ucuzdur. Amma onları idarə etmək bir qədər çətindir. Adətən hava cərəyanlarının istiqaməti təxmin edilərək havaya buraxılır. Məlum insidentə gəlincə, ABŞ dövlət katibi Entoni Blinken Çinə uzun müddətdir gözlənilən səfərini təxirə salıb. Mətbuatda yayılan məlumatlara görə, səfər birdəfəlik ləğv edilməyib, sadəcə səfər zamanı danışıqların gündəmində hava şarı ilə bağlı insidentin olması istənilmir. Ötən il Balidə G-20 liderlərinin görüşü zamanı ABŞ-Çin liderlərinin görüşündə münasibətlərdə gərginliyin azaldılması və Blinkenin səfəri barədə razılıq əldə olunmuşdu. Çinə səfərin məhz tərəflər arasındakı razılıq əsasında həyata keçirilməsi planlaşdırılırdı, lakin son anda şar qalmaqalı səbəbindən qeyri-müəyyən vaxta təxirə salındı. Qeyd edək ki, ekspertlər Blinkenin səfərinə bir neçə gün qalmış bu cür hadisənin baş verməsini təsadüfi hesab etmirlər. Onların fikrincə, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra həddindən artıq gərginləşən ABŞ-Çin münasibətləri artıq yeni dövrə qədəm qoyur.
5-02-2023, 16:28
Azərbaycan cüdoçusu qızıl medal qazandıFevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb. Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib. Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub. Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.
5-02-2023, 16:24
Latviya-Belarus sərhədində hasar tikilib 2022-ci ilin avqustundan 2023-cü ilin yanvar ayının sonuna kimi Latviya-Belarus sərhədində 36,1 kilometr uzunluğunda hasar tikilib. Bu barədə "Delfi" agentliyi məlumat yayıb. Latviya Belarusla sərhəddə 149 kilometrlik hasarın tikintisini 2024-cü ildə tamamlamağı planlaşdırır. Nəşr bildirir ki, artıq 82 km uzunluğunda olan sərhəd zonasında ağaclar kəsilib və tikinti davam edəcək.
5-02-2023, 15:43
Türk dünyasının birləşməsinə səy göstəririk - ÇavuşoğluTürk dünyasının birləşməsi üçün önəmli addımlar atırıq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, Ukraynadakı müharibəyə görə Orta dəhlizin əhəmiyyəti artıb. “Biz nə etdik? Azərbaycanla birlikdə Qazaxıstanı Bakıya dəvət etdik, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz Türkiyədə olacaq”, - Çavuşoğlu bildirib..