Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 14-07-2024, 16:28
DÜNƏNİN, BUGÜNÜN, SABAHIN QƏZETİ


DÜNƏNİN, BUGÜNÜN, SABAHIN QƏZETİ

“Vedibasar” qəzetilə, onun təsisçisi və baş redaktoru Sərtib İslamoğluyla tanış olduğum gündən düz 14 il keçir. Bu xoş təsadüf Azərbaycanımızın Müstəqillik Günü ərəfəsində olduğuna görə yaşadığım o xoş xatirələri hər il bu ərəfədə xəyalımda bir daha yaşayır, xoşhal oluram. Yaxınlarımla bölüşürəm. Məmnunluğumu gizlətmirəm.
Amma bu dəfə borc bildim ki, bir-birini tamamlayan bu ideoloji-sosial tandem barədə təəssüratımı, fikirlərimi daha geniş auditoriyada oxucularla bölüşüm, vətən həsrətiylə yaşayan niskilli yurddaşlarımın 20 ildən artıq müddətdə ürəyinə su çiləməyi, dərdlərinə şərik olmağı, nikbinlik ruhunu saxlamağı, hər birimizin qəlbindən doğma yurdlarımıza körpü salmağı bacaran “Vedibasar”ın əməyindən, əzəmətindən danışım. Bəli, cürətlə deyə bilərəm ki, “Vedibasar” sadəcə bir qəzet deyil, o, 20 ildən artıq müddətdə dövlətimizin siyasi-ideologiyasına, milli-mənəvi, tarixi və maddi-mədəni dəyərlərin qorunmasına xidmət edən ideoloji baza və aparıcı təbliğat maşınıdır.
Dahi Heydər Əliyevin tez-tez müxtəlif kürsülərdən öz çıxışlarında olduqca nikbin və kəsərli tərzdə “Qərbi Azərbaycan ərazilərindəki əzəli torpaqlarımıza qayıdacağıq” mesajının eskiz-layihəsinin həyata keçirilməsinin davamı olaraq Ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışla bağlı Qərbi Azərbaycan İcmasındakı məlum 24 dekabr 2022-ci il tarixli proqram xarakterli tarixi çıxışı və ondan sonra verilən əməli start da göstərdi ki, “Vedibasar” öz fəaliyyətini olduqca nikbin ictimai-siyasi notlar üzərində qurub, indiyədək dövlətinin və xalqının mənafeyi üçün ləyaqətlə xidmət edib.
***
2010-cu ilin bu günlərində tanınmış ziyalı, professor Əsgər Zeynalovla Azərbaycan nəşriyyatına getmişdik. 6-cı mərtəbənin dəhlizinə çatanda birdən o, qolumdan çəkib üzərində “Vedibasar” lövhəciyi yazılmış bir qapıya tərəf yönəltdi məni. “Gəl bura, səni bir qeyrətli oğulla tanış edəcəyəm” dedi. Daxil olduq otağa. Otaqdakı üzü nurlu insan indi artıq çox yaxşı tanıdığım Sərtib müəllim idi. Əsgər müəllim bizi tanış etdikdən sonra bir az dərdləşdik. Söhbətimizin qayəsi şəxsi həyat problemləri deyil, milli dəyərlər, elm, mədəniyyət, işğal olunmuş torpaqlarımız, vətən, yurd həsrəti barədə oldu. Təxminən 20 dəqiqəlik söhbətdən və Sərtib İslamoğluyla tanışlıqdan çox məmnun qaldım. “Vedibasar” qəzeti barədə əvvəllər geniş məlumatım olmasa da bu görüş, bu təbii, doğma münasibət məni ovsunladı. Yavaş-yavaş mən bu qəzetə, kollektivə bağlanmağa başladım. Etiraf edim ki, “Vedibasar”la, onun təsisçisi və baş redaktoru Sərtib İslamoğluyla tanış olduqdan sonra sanki üzümə bir ümid qapısı açıldı. Əvvəl vaxtlarda bura dərc edilmək üçün məqalələr aparırdımsa, daha sonra vətən həsrətiylə dolan ürəyimi boşaltmaq üçün də getməyə başladım. Sanki təsəlli almaq üçün özümə bir isti ocaq, qibləgah tapdım. Çünki “Vedibasar” redaksiyasında Sərtib müəllim başda olmaqla kiçik kollektiv tərəfindən o qədər gözəl, doğma, milli-dəyərlərlə dolu atmosfer yaradılıb ki, adam bura gələndə getmək belə istəmir. Bir stəkan çaylarını içib, pozitiv əhval alana kimi heç səni buraxmırlar da. Bura nə qədər “qanıqara” gəlsən də gedəndə pozitiv əhvalla, sanki vətən qoxusunu almış kimi, o isti ocaq qırağında bir stəkan çay içmiş kimi gedirsən burdan. Güman edirəm ki, “Vedibasar” bu minvalla özü yaşamaqla bərabər yüzlərlə, minlərlə, on minlərlə yurd həsrətli insanı mənəvi olaraq yaşadır.
Görünür, məhz qeyd etdiyim bu isti münasibətlərə görə bu gün informasiya məkanında yazılı mətbuatın rəqabətdə bir qədər geri qalmasına baxmayaraq ayda iki sayı çap olunan “Vedibasar” hələ də öz oxucu auditoriyasını saxlamaqda davam edir. Düşünürəm ki, köhnə mətbu yayım ənənəsindən çıxmadan sürətli informasiya dövründə rəqabətə davam gətirməsi və ciddi maliyyə çətinliklərini dəf edə-edə bu günədək oxucularının xidmətində olması, yalnız abunəçilərin hesabına özünü maliyyələşdirən, ayaqüstə qalan “Vedibasar”ın kimlik vəsiqəsidir. Yəqin ki, bu qəzet sevilməsə, oxucunu təmin edə bilməsə idi iyirmi ildən artıq müddəti belə şərəflə gəlib bu gün də bir yazılı mətbu orqan olaraq ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək qüdrətinə, qabiliyyətinə malik ola bilməzdi.
“Vedibasar” üzərində olduqca məsuliyyətli və şərəfli bir missiyanı daşıyır. Müstəqil ictimai-siyasi qəzet olaraq ölkədə baş verən ictimai-siyasi hadisələrdən, ölkə rəhbərliyinin uğurlu siyasi, diplomatik addımlarından tutmuş, son illərin ən aktual məsələlərindən olan Qərbi Azərbaycan İcmasının gördüyü işlərə, keçirdiyi tədbirlərə, ölkəmizin elmi-mədəni nailiyyətlərinə, tarixi məlumatlara, tədqiqat-araşdırma materiallarına, sosial-iqtisadi məsələlərə, poeziya nümunələrinə, idman uğurlarınadək bütün mövzuları işıqlandırmağa macal tapır. Maraqlıdır ki, bütün bu vacib amillər yüksək səviyyəli, peşəkar jurnalistika işi çərçivəsində qəzetin öz dəst-xəttinə uyğun olaraq uzun illərboyu sistem halında idarə olunur. Görünür, bu peşəkarlıq Sərtib müəllimdə hələ illər öncə, Respublikanın başı üstünü qara buludlar aldığı ötən əsrin 88-ci illərində Qarabağda azğın separatçıların baş qaldırdığı vaxtlarda müvafiq Dövlət strukturunda mətbuata nəzarət vəzifəsini yerinə yetirdiyi dövrdə formalaşmışdı. Həmin dövrdə o nəinki separatçı xarakterdə olan yazıları respublikanın mətbu orqanlarında dərc olunmasının qarşısı alıb, həm də onlara bilavasitə himayədarlıq edən Mockva təyinatlı yerli rəhbərlərlə mübarizə apararaq Azərbaycan, dövlətimiz naminə, özünü təhlükə qarşısına ataraq qətiyyətini, sözünün kəsərini ortaya qoya bilmişdi. Məhz möhkəm xarakterli, saf əqidəli, vətənpərvər Sərtib Məhərrəmov özünü bu mübarizə meydanında sübut edə, gələcək peşəkar jurnalist karyerasına möhkəm təməlli yol sala bilmişdir. O yol ki, bu gün özünün də dediyi kimi - “öz əqidə, amalı və sevgisindən” yaradıb ərsəyə gətirdiyi, balası qədər sevdiyi və artıq özünü respublikanın mətbuat məkanında təsdiq eləmiş “Vedibasar”ı evlərə, qəlblərə, eləcə də elm, mədəniyyət ocaqlarına aparır. “Vedibasar” materiallarından mənbə kimi istifadə edilir. Bu məqamları nəzərə alan Sərtib İslamoğlu maliyyə çətinliklərinə baxmadan qəzetin illik saylarını kitab şəklində çap etdirməklə oxucu üçün daha rahat şərait yaratmış və bununla jurnalistika sahəsində bir ilkə yeniliyə imza atmışdır. Yeri gəlmişkən, bu yaxınlarda “Vedibasar”ın artıq 21-ci cildi də işıq üzü gördü.
Düşünürəm ki, məhz elə həm qəzetin qazandığı nüfuzuna, sanbalına, həm də baş redaktoru Sərtib İslamoğlunun peşəkar, yenilikçi jurnalist kimi müsbət keyfiyyətlərinə görədir ki, ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınan akademik Nizami Cəfərov, Hidayət Orucov, Polad Bülbüloğlu, Əsgər Zeynalov, mərhumlar Buludxan Xəlilov, İsrafil Məmmədov, elm, incəsənət, mədəniyyət, siyasət adamlarının yazıları mütəmadi olaraq bu qəzetdə dərc edilir, oxucu xidmətinə təqdim olunur.
Əlavə etməyi borc bilirəm ki, bu peşəkar mətbuat işçisinin doğum günü də məhz öz peşə bayramıyla üst-üstə düşür. Bu təsadüfdür, yoxsa tale, alın yazısı? Bilmirəm.
Odur ki, fürsətdən istifadə edib bu yüksək kürsüdən Sərtib İslamoğlunu həm qarşıdan gələn yubiley 70 yaşı, həm də 22 iyul Mətbuat Günü münasibətilə böyük səmimiyyətlə təbrik edirəm!
Bütün qeyd etdiyim vicdanlı, ləyaqətli işlərə görə artıq ölkəmizin mətbuat arenasında öz imzasını təsdiqləmiş, tutduğu doğru yolla başıuca addımlayan əziz “Vedibasar”ımızın yaradıcısı və sükanı arxasında olan Sərtib İslamoğluna, eləcə də kollektivin digər üzvlərinə və bu qəzetin nüfuzuna, cəfakeşliyinə böyük dəyər verib məqalələr dərc etdirən, böyük elmi titullara və nüfuza malik olan ziyalılarımıza öz təşəkkürümü bildirir və deyirəm: “Zəhmətiniz hədər deyil, əziz dostlar!”

Hüseyn-Xəzər,
AJB-nin üzvü

"Bütöv Azərbaycan" qəzeti 12 iyul 2024


Paylaş



Bölmə: İrəvan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!