Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub. Bu barədə FHN-dən məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir. Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.
Zəlzələ bölgəsində 61 mindən çox bina yararsızlaşıb
Türkiyənin zəlzələnin təsir etdiyi bölgələrində 61 722 bina yaşayış üçün tamamilə yararsız hesab edilib. Bu barədə ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb. Tamamilə yarasız hesab edilən binaların hamısı söküləcək. Araşdırmalar nəticəsində məlum olub ki, 13 917 bina orta dərəcədə zədələnib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, görüş Ərdoğanın iqamətgahında keçirilib. Qeyd edək ki, Stoltenberq Türkiyədə səfərdədir.
Ermənistan və İran humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər memorandum imzalayıblar. Əməkdaşlıq memorandumuna Ermənistanın Minaların Təmizlənməsi Mərkəzi və İranın Minalardan Təmizləmə Mərkəzinin rəsmiləri imza atıb.
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800-ü ötüb. Məlumatı BMT-nin müşahidə missiyası yayıb. Yaralananların sayı 6000-dən çoxdur. Rəsmi Dəməşq isə təbii fəlakət nəticəsndə 2 200 nəfərin öldüyünü açıqlayıb. Suriyada İnsanHüququları təşkilatının məlumatına görə, zəlzələ nəticəsində ölən və itkin düşənlərin sayı 7 mindən çoxdur. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Bu gün Xorvatiyada 5,2 maqnitudalı zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Zəlzələnin episentri 3,7 min nəfərin məskunlaşdığı Krk şəhərindən 4 kilometr şərqdə, ocaq isə 10 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur.
“Azərbaycan Dəmir Yolları” Türkiyəyə yardım göndərdi
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri dəmiryol stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət qatarla yardım göndərilib. Yardımın yola salınma mərasimində QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib. "Bu vaxta qədər Türkiyəyə yardımlar hava və quru yolla göndərilirdi. Hazırda 25 konteyner Türkiyəyə yola salınır. Azərbaycandan Türkiyəyə dəmir yolu ilə göndərilən yardımların vaxtında çatdırılması üçün əlimizdən gələni edəcəyik", - deyə qurum rəhbəri qeyd edib.
Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq - Lukaşenko
"Mən hələlik yalnız bir halda Belarus ərazisindən rusiyalılarla birlikdə döyüşməyə hazıram". Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə görüşündə bildirib. O qeyd edib ki, əgər Belarusa qarşı hücum olsa, Belarus ərazisindən istifadə etməyə icazə verməyə hazırdır. "Əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlsə, mənim insanlarımı öldürsə, mən buna hazıram...Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq. Müharibə isə tamam başqa xarakter alacaq”, - Lukaşenko deyib.
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ödəniş edib. Avropa futbol qurumunun 2021/2022 mövsümü üçün “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində ayırdığı maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Sumqayıt", "Şamaxı" və "Səbail"in hərəsinə 271.428 avro ödənilib.
Fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, yağıntılı olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.