Mirzoyan Türkiyə ilə sərhəddə olan problemin həll vaxtını açıqladı
"Üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədindən maneəsiz keçməsi məsələsinin turizm mövsümü başlamazdan əvvəl həll edilməsi planlaşdırılır". Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında deyib. "Bu məsələ, həmçinin dialoqun sürətləndirilməsi və sərhədlərin yekunda açılması prosesi dünən Ankarada Mövlud Çavuşoğlu ilə keçirilən görüşdə müzakirə olunub. Türkiyə tərəfi fəlakət zonasında erməni xilasedicilərinin işi və humanitar yardımın göstərilməsini müsbət qiymətləndirdi", - Mirzoyan əlavə edib.
Zəlzələ nəticəsində həlak olan Hümmam son mənzilə yola salındı
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə son mənzilə yola salınıb. Zəlzələ nəticəsində həlak Hümam İsmayıllı ilə vida mərasimi keçirilib. Mərasimdən sonra Hümam İsmayıllı Corat qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub. Malatyada zəlzələ zamanı İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıblar. Onların cəsədləri fevralın 14-də dağıntılar altından çıxarılıb. Ümumilikdə Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı həlak olub.
Türkiyəylə sərhəddə yerləşən körpünün bərpa variantı hazırdır - Paşinyan
"Artıq Ermənistan-Türkiyə sərhədində yerləşən körpüsünün bərpasının ilkin layihə variantı hazırdır". Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Ermənistan tərəfi bunu çoxdan hazırlayıb və körpünün bərpası simvolik addım ola bilər", - deyə Paşinyan əlavə edib. O, həmçinin qeyd edib ki, zəlzələdən sonra İrəvanın Türkiyəyə humanitar yardım göstərməsi iki ölkə arasında münasibətlərin qurulması üçün başlanğıc nöqtəsi ola bilər.
Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı 36 187 nəfərə yüksəlib. Bu barədə AFAD məlumat yayıb. Təbii fəlakət zamanı 108 068 nəfərin isə yaralandığı qeyd olunub.
2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır. Bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. "Baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümlədən 2 yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb, daha 2 layihə nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət kifayət qədər vəsait ayırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşınıma qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı infrastruktur layihələri icra edilir. Prezident tərəfindən təməli qoyulmuş layihələr üzrə işçi qrupları formalaşdırılır", - deyə o qeyd edib.
Ermənistanın Azərbaycanla sərhədinə alman polisləri gəlir
Ermənistanın Azərbaycanla sərhədinə göndəriləcək Avropa İttifaqı (Aİ) missiyasında Almaniyadan 15 polis əməkdaşı iştirak edəcək. Bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirib. Silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfində sərhəddə patrul edəcək. "Federal Nazirlər Kabineti Almaniyanın Avropa İttifaqının Ermənistandakı yeni missiyasında (EUMA) Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - deyə o qeyd edib.
Ermənistan tərəfi sülhə maraqlı olmadığını bir daha sübut etdi - XİN
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini vurğulamasına münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, A.Hacızadə bununla bağlı qeyd edib: “Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü və bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Bu səylər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir. Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”.
Türkiyənin Elazığ vilayətində fövqəladə vəziyyət elan edilib
Türkiyənin daha bir vilayətində fövqəladə vəziyyət elan edilib. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömür Çelik özünün "Twitter" hesabında məlumat yayıb. AKP rəsmisi qeyd edib ki, Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyyət tətbiq olunub. Bununla da, Türkiyədə fövqəladə vəziyyət elan olunan vilayətlərin sayı 11-ə çatıb. Qeyd edək ki, bundan öncə Türkiyənin Qaziantep, Hatay, Kilis, Adıyaman, Diyarbakır, Adana, Osmaniye, Şanlıurfa və Malatya bölgəsində 3 aylıq fövqəladə vəziyyət tətbiq edilib.
Zəlzələ bölgəsinə ezam olunan xilasedicilərimiz xəsarət alıb
Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb. Hadisə axtarış-xilasetmə əməliyyatı zamanı baş verib. Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb. Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir. Onu da əlavə edək ki, “CNN Türk” kanalı səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilir.
Avropa Parlamenti Saakaşviliylə bağlı qətnamə qəbul edib
Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı qətnamə qəbul edib. AP eks-prezidentin səhhətinin pisləşməsindən narahatlığını ifadə edib. Qətnamədə Gürcüstan hakimiyyətinə çağırış edilib ki, Saakaşvilinin azadlığa buraxılaraq, xaricdə müalicə almasına şərait yaradılsın. Avropa Parlamenti, həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək Saakaşvilini əfv etməyə çağırıb.