Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-10-2021, 16:50
Çeşməkli məhbusun görüş günü


Şutnik gözlərini saxlandığı kameranın qaranlıq küncünə dikib xəyala dalmışdı. Təsadüfən 59 nömrəli çeşməkli məhbusun saxlandığı kameradan inilti səsi eşitdi. Qalxdı. Daha dəqiq qulaq asmağa başladı. Bəli, səs o kameradan gəlirdi. Düşündü - görən Hüseyn əfəndiyə nə olub? Yenə qaraciyəri ona rahatlıq vermir.
Şutnikin kamerasının qapısı açıq olurdu. Onu o qədər də “ağıllı” məhbus hesab etmirdilər, qaçacağı ağıllarına gəlməzdi. Arada keçib, soyuq dustaqxananın vecsiz gözətçilərini öz təlxəkliyi ilə şənləndirsin deyə tez-tez onun kamerasının qapısını açıq qoyurdular.
Qapıdan keçib, çeşməkli məhbusun saxlandığı kameranın qapısına yaxınlaşdı. 59 nömrəli məhbusun yatdığı ya da oyaq olduğu hiss edilmirdi. Sadəcə iniltilər arasında nəsə pıçıldadığı hiss olunurdu. Elə bil, Əzraillə danışırdı.
Şutnik çeşməkli məhbusun kamerasına keçib, başının üstündə dayandı. Əyildi. Pıçıltıları yavaş-yavaş eşitməyə başlayırdı.
- “Nə qəribə tutqun rəngli tavandı. Mavi kimi gözəllik gətirən rəngin bu qədər tutqun çaları olduğunu düşünməzdim. Bunu da öyrəndin, Hüseyn əfəndi. Bunu da!
Qəribədir, qaraciyərlərimin ağrısı başlayanda nədənsə həmişə doğma torpaq, doğma evim yadıma düşür. Budaqları arasına dırmaşıb, hələ yetişməmiş meyvəsini qəddarca qopardığım tut ağacı. Sənin köksünə nə qədər dağ çəkibmiş o dəcəl Hüseyn.
Halbuki hər dəfə molla məktəbinə getməyim deyə məni atamın kötəyindən sənin budaqların qoruyurdu.
Yovşan qoxan torpağım! Düşünməzdim bir gün səndən çox–çox, çox uzaqlara gedərəm. Sənin üçün nə qədər darıxaram! Hər dəfə dərdə-azara düçar olduğum zaman xəyalın ağrılarımı azaldar.

Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?
Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən...


Bir isti şal olsaydı bağlardım belimə. Bu nə cəhənnəm ağrısıdı axı? Elə bil Tanrıya bir pilləkən qalır. Əzrayil qapıda durub, “Xoş gəlmisən əfəndi.”- deyir.
Şal dedim, yadıma qonşumuz Əhməd dayı düşdü. Yazığın böyrəkləri heç işləmirdi. Elə hey belinə arvadı Gülsənəmin şal yaylığını sarıyıb gəzərdi. Ona da az əziyyət verməmişəm. Məktəbdən qayıdanda uşaqları başıma yığıb, onun həyətinə aparardım. Hasarın bu tayına sallanan göycə budaqlarını çapıb-
talayardım. Dostlarla hərəyə dənə-dənə bölərdik. Amma həmişə bacım üçün ikisini cibimdə saxlayıb, uşaqlara göstərməzdim. Onların da xəbəri olmazdı.
Ah, mənim yovşan qoxuyan məmləkətim! Görəsən qoynunda uyumaq nəsibim olacaqmı?! Görəsən nəsibim olacaqmı, Naxçıvan çayının mamır qoxulu havasını içimə çəkmək?!
Bu cür ağır ölümlə burun-buruna gəldiyim zaman səni xatırlıyıram. Sənin qorxmazlığını, sənin yenilməzliyini, sənin şücaətini. Öz-özümə deyirəm, dayan Hüseyn, dayan.
Ah, gözlərim yumulur, ağrım daha da güclənir. Kaş Müşkinazım yanımda olaydı. İsti bir çay verərdi. “Keçəcək” - deyib, əlini çiynimə qoyardı.
Ah, gözəl gözlü, saçları çiçək qoxuyan yavrum Turan. Əzrayillə burun-buruna duranda, həmişə sənin balaca əllərini xatırlıyıram. Görən, özün öz saçlarını hörəcək qədər böyümüsənmi?! Həmişə darağı anana yox, mənə verib, "ata, saçlarımı hör" - deyərdin. Sənin sayəndə, onu da öyrəndi bu adam.
Bu vecsiz və vəfasız dünyada alim olmaq, şair olmaq, filosof olmaq, dahi olmaq, hətta Peyğəmbər olmaq da asandı. İstedadı sənə Allah verir. İstedadın yoxdursa da, əlləşib- vuruşub, bacarıq əldə edirsən. Yazırsan, yaradırsan. Lakin ən çətini ata olmaqdır. Ata olmağın məsuliyyətini mən Ərtoğrolu ilk qucağıma aldığım an hiss etdim.
Hər zaman güclü, hər zaman məqsədinə əzmi ilə çatan Hüseyn əfəndi, bu balaca körpənin qarşısında necə aciz qala bildi?! Valideyn olmaq insanlığın qanunudu. Amma Ilahi, "ata" adlı o, böyük yükü qaldırmaq, nə qədər çətinmiş... Şükür Rəbbimə! Övladlarımdan razı gedəcəyəm. Mənə layiq oldular. Atalarına, torpaqlarına layiq övlad oldular.
Ahhh, yenə ağrıdı, yenə sancdı. İlahi, bu nə dəhşətdi?! Mən sənə nə etmişəm?! Bu aciz bəndəni Maqadanın soyuq çöllərində, buz tutmuş dustaqxanasında sınağa çəkirsən.
Mən nə etmişəm, insanlığı düşünməkdən savayı?!
Mənə “Sus!” dedilər! Sadəcə bizi təriflə. De ki, kolxoz adında yaratdığımız “qul birləşməsində” insan həyatları firavandır. Yaz ki, dövlət o qədər möhtəşəm siyasət qurur ki, “kolxozçular” dərd çəkmirlər. Hər kəs xoşbəxt, hər kəs firavandır. Sən danışsan, biz içimizdəki iblislə hesablaşmalı olacağıq. Sən yazsan, insanlar bizimlə hesablaşmalı olacaq. Əgər sən istədiyin kimi yazsan bəylik kürsüsündən alıb, qul etdiyimiz insanlar əslində qul deyil, insan olduqlarının, bəlanın başlarının üzərində olduğunun fərqinə varacaqlar. Ona görə də sən susmalısan. Sus ki, balan salmat qalsın! Sus ki, dilin yerindən qopmasın! Sus ki, bağırtın eşidilməsin! Sus ki, başın bədənində salamat qalsın!
Yox... Yox, susmadım. Susmayacağam. Bunlar elə bilir ki, dünya sadəcə onlara qalacaq. Daha bilmirlər ki, eh, bu dünya çərxi - fələyindən kimləri keçirməyib. Elə bilir ki, xalqı üçün çalışan, xalqının şair oğlunu bu soyuq dustaqxanaya salmaqla susdura biləcək. Heç yıxılmayacaq, heç səsini boğduğu xalqın ayağı altında əzilməyək, o “Qan qırmızı” bayraqları. Əziləcək, əziləcək, o mənfur bayraq. Mütləq əziləcək!
Gözlərim qaralır. Yoxsa ölürəm? Yox, yox! Əzrailin barmağını dodağım üstündə hiss etmirəm. Əgər gəlsəydi, mütləq barmağını dodaqlarım üstünə qoyub: - “Sus, Hüseyn əfəndi, sus”. Sakitləş! Gəlmişəm. Tarıya gedən yolda sənə “yoldaşlıq” edəcəyəm - deyərdi.
Sancım artır. Sanki bədənimə ağrı ilə birgə zəhər də qatılır. Yaratdıqlarım gözümün önündə canlanır.
İlahi bu kimdir? Axsaya-axsaya üstümə gəlir, möhtəşəm Kral. Mənə o cür baxma! “Topal” heç də təhqirli kəlimə deyil, mən öz türkcəmdə səninlə danışmışam. Hamı, bütün dünya “Ləng” hökmdar dediyi halda mənim qüdrətli krala “Topal” deməyim, əlahəzrətin qəlbinə toxunub deyəsən. Tanrıya bir qapı qalmışkən, mənimlə görüşə gəlib. Dünyaya atəş sovuran kinli krala “Topal” demək. O, Cavid əfəndinin barmaqlarının qüdrətiydi.
Mənimlə danışmaq üçün bu günümü gözlədin? Əzrayillə birgə dayanıb, üzümə durmusan. Fırlanırsan, gözləyirsən gəlim.
Axı, böyük Hökmdar, mən ki haqsız deyildim. Bu zalım bəşər, sənin kimi bir “Topalın” oyuncağı idi. Bəşəriyyət adlandırdığın ət sallaqxanasında insan talelərini istədiyin kimi dağıdıb, parçalayırdın. Bütün dünyanı özünə tabe etmək istəyirdin. Əzrailin barmağını dodaqların üstündə hiss etdiyində anlamağa başladınmı heç, qan axıtmağın, İblislə dost olmağın bu dünya üçün zərrə qədər əhəmiyyətinin olmadığını?
Əzraillə görüşüb, kənardan o müdhiş cansız bədəninə baxdığında, dağıdıb, talan etdiyin torpaqlardan sonsuz dünyaya nə aparacaqsan? Düşündünmü heç, ey ulu Hökmdar?
Mənə qəzəblə baxma, böyük Sultan! Məni sənin dağıtdığın torpaqlardan çox, atlarının ayaqları altında əzilən insan taleləri maraqladırır.
Sənin haqqında yazanda ən çox bilirsən nəyi düşünürdüm? Düşünürdüm, görəsən, böyük türk hökmdarı Əzrailin qapıda durduğunu hiss etdiyi zaman - Tanrıya nə deyib, hesab verəcəyəm? - deyə fikirləşib?
Dünyanın “Topal” deməyə qorxub, “Ləng” adlandırdığı Kral dağıtdığı insan həyatları üçün heç vicdan əzəbı çəkibmi?
Ax, gözəl Afət, səndəmi burdasan? Səndəmi qəzəblə baxırsan Tanrının bu aciz bəndəsinə? Yenəmi mənəkşələri sevirsən? O mənalı və müəmmalı çiçəkləri. Mən sənə çiçək dedim, mən sənə kələbək dedim. Amma silahı əlinə verib səni öldürdüm. Mən sənin timsalında qadın qüdrətini göstərmək istədim. Qadın gözəlliyini, qadın zərafətini, sevimliliyini və qadın qurnazlığını. Səni yaratdım. Qadına “zəifdi” deyənlərə tənə vurmaq üçün. Səni yaratdım, qadına “gücsüzdü” deyənlərə savaş açmaq üçün. Səni yaratdım, Tanrının gözəlliyi bir varlığın
üstündə cəmləşdirəcək qüdrətə sahib olduğunu göstərmək üçün. Səni yaratdım eşqin qadına necə yaraşdığını göstərmək üçün.
Səni yaradıb sənlə məhəbbətdən danışdım. Göstərdim ki, “Məhəbbət öylə bir alov ki, bir kərə insanın qəlbini sardımı, ölüncəyə qədər sızladıb, durur.” (“Afət”. Hüseyn Cavid)
Mən səni yaratdım. Göstərmək istədim ki, insaf və mərhəmət İsa ilə birgə göylərə çəkilməyib. Boş yerə demədim:
Cihan cənnət olsa insanlar mələk
Dağlar inci saçsa dənizlər çiçək
Güldürsə həp ağlar gözləri fələk
Sağalmaz yarası məhsum könlümün.

Gülümsəyirsən. Bilirəm, sən eşqinin qurbanı oldun. Səni öz əlinlə öldürdüyüm üçün məndən acıqlı deyilsən.

Qadın! Hər qanunun xilafında yaradılmış bir məxluq. Hər sevincində bir fəlakət, hər fəlakətində bir sevinc yatır. O həm düşməninə məftun olur, sevdiyini cəllad təkin boğazlayır. Bəli, ağlarkən gülür, gülərkən ağlayır. Qadın təbəssümünü Tanrı sevir.
Ah Şeyx Sənan, səndəmi gəldin bu qoca məhbusu ziyarətə? Görürsən halımı? Gülürsən. Sənin dərdindən ağır dərd daşımıram. Amma sənin qədər də xoşbəxt deyiləm. Sən Xumarınla birlikdə idin. Məni eşqimdən ayırıb, bu dar, soyuq, səhraya göndəriblər. Kor ərəb haqlı idi.
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm! Nə aşinayi-vüslət, nə bari-firqət olaydı!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!
Ana! Gəl, gəl,

Sakitləş, Hüseyn əfəndi. Sakitləş. Qoy can ağrın da yüngülləşsin”.
Şutnik 59 nömrəli çeşməkli məhbusun iniltisini dinlədi. Məhbus nəsə deyirdi, Şutnik heç nə anlamırdı. Əlini 59 nömrəli məhbusun alnına toxundurdu. Məhbusun hərarəti vardı. Alnından buz kimi soyuq tər axırdı. Bu qədər hərarətə rəğmən, Şutnik məhbusun üşüdüyünü hiss etdi. Tələsik kameradan çıxdı. Həkim çağırsınlar deyə, - “Kömək edin! Kömək edin!- deyib çığırmağa başladı.

Nuray Nəzərova
“Əzreilin barmağı”povestinden, “Çeşməkli məhbusun görüş günü” hekayəsi
(Əsər xalq yazıçısı Hüseyn İbrahimovun “Böhtan” romanından ilhamlanaraq qələmə alınıb)


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!