Məhəmməd NƏRİMANOĞLU-60
Təmiz qələm və iman sahibiQələmin müqəddəsliyinə sadiq qalaraq, həmişə sözün düzünü yazmağa çalışan, çətinliyə düşənlərə mümkün xeyirxah vasitələrdən istifadə etməklə dayaq duran, elini, obasını, xalqını canından əziz bilən, adətən, mülayim-həlim görünən, arabir kükrəyib-coşan, haqq yolunda səsini ucaltmaqdan çəkinməyən, ən qəliz məsələlərdən də hamının anlaya biləcəyi dildə yazan istedadlı qələm sahibi, gözəl ailə başçısı, hərəsi bir dağ olan iki oğul atası, xoş əməlləri ilə valideynlərinə rəhmət qazandıran “ağsaqqal” dostum Məhəmməd Sadıqovun adını ilk dəfə “Yeni Azərbaycan” qəzetində çiyin-çiyinə çalışdığı gədəbəyli Mübarizdən eşitmişdim: “Eloğlumuz Məhəmməd Nərimanoğlu bizim bacarıqlı, mübariz və qələmə sadiq yazarlardandır. Sonralar bu fikri “Respublika” qəzetində çalışarkən Qəşəm İlqardan və rəhmətlik İlham Paşayevdən (qəzetin məsul katibi idi) də eşitdim və bir daha yəqin etdim ki, jurnalistikamızın sıraları güclənməkdədir. Onlar sözardı əlavə etmişdilər ki, ölməkdə, daha doğrusu, can verməkdə olan jurnalistikamıza belə qələb sahibləri mütləq lazımdır.
Sonra onun səsini, xoş sədasını Qaçqınkomun orqanı olan “Vətən səsi”ndən eşitdik. Burada da yaxşı insanlarla, onların qayğısı ilə əhatə olunmuş Məhəmməd müəllim özünün bacarığını və qabiliyyətini, başlıcası isə istedadını bir daha göstərməyə başladı. Hər dəfə qəzetin baş redaktoru Rafiq müəllimdən Məhəmməd barədə razılıq ifadələri eşitmək olurdu. Bu qəzetlə mənim də ara-sıra əməkdaşlığım var idi. Hər dəfə bura yazı verəndə Məhəmməd müəllimlə də rastlaşır, hal-əhval tutur, bir-birimizlə yaradıcılıq polemikası aparırdıq. Bu münsibətlər bizi daha da yaxınlaşdırır, bir-birimizə olan hörməti, rəğbəti və diqqəti artırırdı. Bir sözlə, Məhəmməd Nərimanoğlunun istedadı getdikcə burada parlayırdı.
İstedadlı olmaq yaxşı şeydir, amma hamıya nəsib olan keyfiyyət deyil. Əgər ona yol açmasan, olmağındansa, olmaması yaxşıdır.
Şükürlər olsun ki, Məhəmməd Nərimanoğlu uzun illər çətinliklərə sinə gərərək, həyatın sınaqlarından mətanət və şərəflə çıxaraq, səmimiliyi, paklığı, mehribanlığı və qərəzsizliyi ilə kollektivin hörmətini qazana bildi.
Məhəmməd Nərimanoğlu kəlbəcərlidir. Orada böyüyüb boya-başa çatıb. Bu yurdun suyundan içib, bir-birindən gözəl təbii təamlarından dadıb, can dərmanı havasından udub, qiymətli, bərəkətli torpağının üstündə addımlayıb, məktəbə gedib, məktəbi qurtarıb. Sonra da ali məktəbə daxil olub və oranı da bitirib. Bir müddət də burada, doğma ocaqda çalışıb. Bunları nəyə görə xatırlatdım? Məqsədim odur ki, Məhəmməd dağ oğludur, mənim kimi. Məhəmməd dağların qoynunda çox müsibətlər görüb, ömürlüyündə problemlər yaşayıb. Anasını, atasını, yaxınlarını itirib. Ən böyük dərdi yurdsuzluqdur, Kəlbəcəri üçün burnunun ucu göynəyir. İçi göynəyir o doğma ellər üçün.
Ömürnaməsindən: Məhəmməd Nəriman oğlu Sadıqzadə 1957-ci il fevral ayının 18-gə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbi, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu, Moskvada Jurnalist Peşəkarlığı İnstitutunu bitirib. İxtisasca rejissor və jurnalistdir.
1976-1978-ci illərdə Rusiyanın Krasnoyarsk vilayətində hərbi xidmətdə olub. 1980-1986-cı illərdə Kəlbəcər rayon Mədəniyyət Şöbəsində və aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində bədii rəhbər və baş metodist, 1987-ci ildən 1993-cü ilədək Kəlbəcərdə çıxan "Yenilik" qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-1995-ci illərdə "Respublika", 1995-2000-ci illərdə "Yeni Azərbaycan" qəzetlərində məsul katib, 2000-2003-cü illərdə "Gələcək", "7-ci qitə" və "Ozan" qəzetlərinin baş redaktoru vəzifələrində çalışıb. 2003-cü ildən isə "Vətən səsi" qəzetinin şöbə müdiri, 2006-cı ildən "Yenilik Press" qəzetinin təsisçisi və baş redaktorudur.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayan M.Nərimanoğlu dövri mətbuatda məqalələri ilə çıxış edib, respublika mətbuatında çap olunub.
1994-cü ildə ilk kitabı ("Dağların sinə dağı") işıq üzü görən bu istedadlı qələm sahibinin 28 kitabı oxucuların ixtiyarına verilib. 100-ə yaxın ədəbi-bədii kitabın redaktoru və naşiri, onlarla bədii-publisistik kitabın öz söz müəllifidir. O, keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvü olub və hazırda Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir, Sənan və Kənan adında iki övladı var. Birini bu yaxınlarda baş-göz elədi. Allah xoşbəxt eləsin. Tezliklə baba olması münasibətilə Məhəmməd Nərimanoğlunun təbrik edək.
***
Uzun illər onun çətinlik və sıxıntı içində yaşadığını da müşahidə etmişəm, özü isə bunu heç vaxt büruzə verməyib. İmkanlı vaxtlarımda ürəkdən istəsəm də, ona kömək etmək mənə qismət olmayıb. Bircə misalla kifayətlənəcəyəm.
Hazırda birlikdə çalışdığımız “Azərbaycan” qəzetində elə bir əməkdaşımız yoxdur ki, onun sağlamlıq durumu ilə maraqlanmasın. Amma bu yaxınlarda o xəstə yatarkən işimin çoxluğu (işimizin xarakterini Məhəmməd müəllim bildiyi üçün üzümə belə vurmadı) xəstəxanada yatan, sonra isə ev şəraitində müalicəsini davam etdirən Məhəmmədi ziyarət edib, heç olmasa, başına sığal çəkmək belə mənə qismət olmadı. Hər dəfə bir iş çıxırdı.
Amma təsəvvür edin: mənim işsiz vaxtlarımda o, dəfələrlə mənə kömək etməyə cəhd göstərib. Bir neçə dəfə olub ki, zorla mənə pul vermək istəyib və mən dəqiq bilmişəm ki, bu onun cibində olan sonuncu manatlardır, bəlkə özünə yolpulu da saxlamayıb. O anlarda onun gözlərində ancaq mərhəmət və yalvarış görmüşəm, “Qardaş götür, əlimi qaytarma!” - fikrini duymuşam üzündən. Və bu yardım etmək istəyi birgə işlədiyimiz indiki vaxtlarda olub…
Hər şey – yaxşı əməl də, pis əməl də köklə, genlə bağlıdır. Məhəmməddə olan xeyirxahlıq duyğusu ulu babalarından, rəhmətlik atası Nəriman dayıdan gəlir. Yaxşı əməllər onun övladlarında da təzahür edir və edəcək.
M.Nərimanoğlu kiminsə haqqının batmasını istəməz və imkanları daxilində onu bərpa etməyə çalışır. Məhəmməd müəllim Bakıya təhsil almağa gələn eloğlularının hamısına həyan olmağa çalışıb. Özünün problemləri olmasına baxmayaraq, ona pənah gətirənlərə yardım əli uzadıb, təhsil dövründə çətinliyə düşəndə bu xeyirxah insan onların xilaskarına çevrilib.
Təcrübəli qələm sahibi olan M.Nərimanoğlu neçə-neçə gənc jurnalistin, şairin, eləcə də yazıçının ilk yazılarının işıq üzü görməsinə kömək olub. “Yenilik Press” qəzetində və digər mətbuat orqanlarında neçə-neçə gəncin ilk ədəbi-bədii yazılarının işıq üzü görməsinə yardım edib. Bu gün də özünün ənənəsinə sadiq qalaraq dayağını gənclərdən əsirgəmir. Bir sözlə, bir an da xeyirxahlıqdan və bu yolda mübarizədən əl çəkmir.
Bu gün Məhəmməd müəllim “Azərbaycan” qəzetinin humanitar siyasət şöbəsiində çalışır. Bu işin nə qədər məsuliyyət və həssaslıq tələb etdiyini dərk edərək üzərinə düşən vəzifələri yerinə yetirməyə, qələmini bu sahədə sınamağa çalışır. Hər məktub bir insan taleyidir, burada gərək tükü tükdən seçə biləsən. Onlarla davranmağı bacarmaq lazımdır. Dəfələrlə iş otağında onun gənc müəlliflərlə necə səbirlə, mərhəmətlə söhbət elədiyinin və davrandığının şahidi olmuşam.
Haqqın, ədalətin tərəfində olan Məhəmməd müəllimin 60 yaşı tamam olur. Ömrünün çox hissəsini bu sahəyə həsr edib. Çörəyini qələmindən çıxarıb.
Onu tanıyan hər kəs böyük iman sahibi, zəhmətkeş və yaxşı işçi, diqqətcil və dostluğa sədaqətli insan kimi xarakterizə edir.***
Biz bəzən həyatda görmədiklərimizi, bilmədiklərimizi, eşitmədiklərimizi, uzun ömrün dolaylarında sınaqlarından keçirmədiklərimizi bədii cəhətdən kamil, həyat hadisələrilə zəngin əsərlərdən öyrənirik. Bu, roman da ola bilər, povest də, insan ömrünün, həyatın bir anını əks etdirən hekayə də, fərqi yoxdur. Əsas odur ki, bu, ustad qələmindən çıxsın, həyatın, cəmiyyətin, təbiətin rəngarəng lövhələrini əlvan boyalarla canlandırsın, insanın hiss və duyğularını oyatsın. Belə əsərlər daim bizim yol yoldaşımıza çevrilir, həyat yolumuzun əbədi bələdçisi olur. Mən həyatım boyu bu hissləri zaman-zaman yaşamışam, mükəmməl bədii əsərlərlə ömrün harmoniyasına qovuşmuşam. Məhəmmədin də həyatı, ömrü belə harmoniyada davam edib…
Onun məndə çoxlu kitabları var. “Ömrüm kitab ömrü”nü oxuyandan sonra onu qeyri-adi bir insan və istedadlı qələm əhli kimi sanki yenidən dərk etdim, iç dünyamda yazıçı ilə bağlı özümdən-özümə yönəlmiş mənəvi-əxlaqi və estetik bağları yenidən çözələdim. M.Nərimanoğlunun kitabları yaşadığımız dünyanı bizim üçün sanki yenidən kəşf edir, bizə yenidən tanıdır. Bu cazibə dairəsi o qədər güclüdür ki, ondan heç vaxt ayrılmaq olmur. Onun yaradıcılığında yaxın və uzaq dövr tariximiz canlı insan kimi nəfəs alır, keçmiş solmuş bir xatirə yox, canlı yaddaş təsiri bağışlayır.
Bu kitablarla yenidən tanışlıq mənəvi dünyamı bir daha zənginləşdirir.
Hörmətli Məhəmməd müəllim, yaxşı ki, varsan, millətə xidmət edirsən. Yaxşı ki, bu yolu seçərək irili-xırdalı əsərlərinlə biz oxuculara dünya boyda sevinc bəxş etmisən. Təxəyyülündə çoxlu insana ömür vermisən, obrazlar, xarakterlər yaratmısan.
Məhəmməd Nərimanoğlunun istər ədəbiyyata, istərsə də jurnalistikaya, bir sözlə, yaradıcılıq dünyasına öz istedadı gətirib. O, müxtəlif səpkili povest, hekayə, oçerk, eləcə də məqalələrində Azərbaycanımızın sağalmaz yaralarından, Qarabağımızdan, onun faciələrindən, torpaq itkilərindən söz açıb, Azərbaycan gerçəkliklərini professional şəkildə qələmə alıb. Onun bütün əsərlərində xalq ruhu, torpağa, elə, obaya bağlılıq, vətən sevgisi, adət-ənənələrimizə hörmət, azərbaycançılıq, milli dəyərlərə rəğbət zəngin bədii dil və obrazlı yanaşma tərzilə canlanır.
Məhəmməd müəllimin ən böyük müəllimi həyatdır. O, həyatı fantastikcəsinə, romantikcəsinə deyil, gördüyü kimi, real təsvir edir. Onun qəhrəmanları süni deyil, təbiidir, adi insanlardır, onlar xalq dilində danışırlar, bizim hər birimiz kimi düşünüb-daşınırlar.
Onun yaradıcılığı haqqında müxtəlif monoqrafiyalar, məqalələr yazılıb çap olunub. Məni bu məqaləni yazmağa səsləyən tamam başqa bir hiss oldu. Bu, sevinc hissi idi. Qeyd etdiyim kimi, Məhəmməd müəllimin kitablarının çapdan çıxdığını eşidəndə və bu kitabları fərəh hissi ilə kitab dolabıma düzəndə qəlbimdə həmişə qəribə hisslər baş qaldırıb. Minnətdarlıqmı deyim, qələm sahibinə qarşı mənəvi borcmu deyim, bilmirəm. Həmin anda qəlbimdən keçənləri kağız üzərinə köçürmək istəmişəm (Yazdıqlarımı yazmışam, yaza bilmədiklərim isə ürəyimdə düyün kimi qalıb).
Mən jurnalistəm. Özüm də Məhəmməd Nərimanoğlu yaradıcılığının vurğunuyam. Bu gözəl insanın ədəbi dünyasını dost-tanışa, gənclərə də tanıtdırmağı, sevdirməyi bacarmışam. Ona təkcə yazıçı-publisist kimi deyil, həm də bir şəxsiyyət kimi həmişə pərəstiş etmişəm. Onu bütöv şəxsiyyətli, ləyaqətli, mübariz, gələcəyə inamla baxan mətin bir sənətkar kimi tanımışam. Özlüyümdə onu qollu-budaqlı, fırtınalara, qasırğalara baş əyməyən, üstünə kölgə düşməyən, həmişə qürurla, “ayaq üstə” dayanan bir çinara, ömrünü də bir çinar ömrünə bənzətmişəm. R.Rzanın
“Çinar ömrü” şeirində olduğu kimi:Bir belə çinar ömrü
Olsun deyirəm ömrüm,
Bir ömür ki, kimsəyə
Əziyyəti dəyməmiş olsun
Bir ömür ki,
Heç kəsə baş əyməmiş olsun.Bütün görkəmli qələm sahibləri, filosoflar, siyasətçilər, mütəfəkkir insanlar dünyanın sözlə idarə olunduğunu bu və ya digər şəkildə zaman-zaman etiraf etmişlər. Doğrudan da, sözün kəsəri və qüdrəti hər silahdan daha güclüdür. Müasir elmi-texniki, kosmik, kompyuter əsrində sözə münasibətin zəiflədiyini, sözə etinasızlıq göstərildiyini, sözün zamanı olmadığını söyləyənlər yanılırlar. İnsanlar bu gün də quru, şablon, sxematik texniki vasitələrlə deyil, sözlə tərbiyə olunurlar. Məhəmməd Nərimanoğlu kimi müqtədir qələm sahiblərinin sözü ilə, xalqın tarixi keçmişinin, bu gününün əxlaqi-mənəvi dəyərlərini, insanın hiss və duyğularının, əqlinin, intellektinin yaddaşı, milli mentalitetimizin daşıyıcısı, kodu olan, torpağımızın ətrini, təbiətimizin təravətini yaşadan söz ilə. Odur ki, Məhəmməd müəllim, nə qədər ki, bu xalq var, bu Azərbaycan var, onun övladlarının ruhən, qəlbən, əqlən Sizin qüdrətli sözünüzə ehtiyacı olacaq.
Və sonda sənin 60-na xoş gəldin deyirik. Yarım əsrı adlayıb üstünə bir onluq da gətirən ömrün mübarək, qardaşım! Bizi oxşayan, düşündürən poeziyan mübarək, qardaşım! Gün o gün olsun ki, gözəl ailənlə, övladlarınla, bizim kimi sadiq dostlarla bərabər yüzdən sonrakı dövranının da sevincini dadasan, qardaşım!
Səmimi hisslərlə,
Daşdəmir ƏJDƏROĞLU