Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 13-08-2013, 12:36


Hörmətli Əflatun müəllim, yaxşı bilirsiniz ki, mənim siyasi oyunlarla, dedi-qodu ilə, sözbazlıqla aram yoxdur. Ehtiyac duymadan yazı da yazmıram. Amma sizin "Təmkin və düşüncə binasındakı mənzilimiz" sərlövhəli yazınız məni də qələm götürməyə vadar etdi. Deyirsiniz ki, hamı haqdan-ədalətdən danışır. Əlbəttə, ədalət nisbidir. Haqq məsələsi də həmçinin.
Mətləbə keçməzdən əvvəl "Bütöv Azərbaycan" qəzetinin kollektivi adından Azərbaycan Respublikasının Prezidentinə jurnalistlərə mənzil bağışladığı üçün minnətdarlığımı bildirirəm. Mənzil alanların isə hamısını ürəkdən təbrik edirəm. Peşəsindən, kimliyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının rahat mənzildə yaşamaq haqqı var. Çünki məmləkətimiz neftlə, qazla zəngin milyonlar səltənətidir.
Söhbətimizin davamına gəlincə isə gəlin siz deyən kimi əyri oturub düz danışmayaq. Elə düz oturaq, düz də danışaq. Əyri oturanın düz danışması müşkül məsələdir. Məncə haqqı tapdalananlar heç vaxt haqqa nisbidir deməzlər. Heç ədalətli adam da ədalətə nisbi yanaşmaz.
Mənzil sənədlərini Prezident Adminisitrasiyasına təqdim etməyi sizə həvalə edəndə bu bir vicdan məsələsidir deyib, sonradan hər şeyi nisbi saymasaydınız sizin yazıya münasibət bildirməyəcəkdim.
Hörmətli Əflatun müəllim, yazırsınız ki, qeyri-sabitlik mühitinin doğurduğu şərait çoxsaylı həqiqi peşəkar dostumuzu dövrün qanunauyğunluğuna uyğun şəkildə sırınan vicdan dilemması ilə üz-üzə qoydu. Nəticədə onların bir çoxu sahədən tamamilə uzaqlaşdı. Baxaq görək bu illər ərzində kimləri itirdik?
Siz meydanı tərk edənlərin, özünə rahat kürsü tapıb jurnalistikamızı kütbeyinlərin, yaramazların, qarınquluların, digər sahələrdən çıxdaş olunmuş tör-töküntülərin ixtiyarına buraxanların ahını çəkməkdənsə, peşəsinə sədaqətlə, ləyaqətlə xidmət edənlərə xor baxmayın yetər!
1996-cı ildə "Azərbaycan" nəşriyyatında eşitdiklərimi siz də eşidin: “Gəncədə baytarlığı qurtarmışdım, getdim, Əlibayramlıya. Mexanizator işlədim. 20 il ixtisasım üzrə iş vermədilər. Axırda tüpürüb hər şeyə gəldim qəzetə".
Bəli, təəssüf ki, Azərbaycan mətbuatı öz peşələrinə tüpürənlərin meydanına çevrilib. Belələri nə yaxşı jurnalist ola, nə də bu peşənin şərəfini qoruya bilir.
Vicdanlı dostlarımız bu sahədən uzaqlaşdı deyirsiniz. Bunu biz də bilirik. Bir çox vicdanlı dostlarımız sahədən uzaqlaşıb rahat kabinetlərdə mətbuat xidmətinə rəhbərlik edərək özlərinin təbirincə desək, bəzi boynuyoğunların vicdansız əməllərini ört-basdır etməyə çalışırlar. Sizsə meydanda qalıb fədakarlıq göstərənləri görməzdən gəlirsiniz.
Azərbaycan Televiziyasında rahat işimizi buraxıb siz deyən kimi, özümüzü proseslərin məngənəsinə atdıq. Peşəmizin ləyaqətinə sahib çıxmaq üçün ləyaqətli bir qəzet təsis elədik. Biz "Bütöv Azərbaycan" qəzetini ərsəyə gətirənlər iki dostuq. Universiteti birlikdə bitirmişik. Dövlətimizdən, millətimizdən heç bir təmənnamız, umacağımız yoxdur. Həmişə bir vətəndaş olaraq dövlətimizə, övlad kimi millətimizə necə xidmət göstərmək haqqında düşünmüşük. Nəticədə “Bütöv Azərbaycan" qəzeti vasitəsilə milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideyasının təbliğinə, dövlətçiliyimizin möhkəmlənməsinə, gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə, tariximizin qaranlıq səhifələrinin işıqlandırılmasına xidmət etmişik.
Özümüzə inana-inana, qələmimizə güvənə-güvənə yolumuzdan, əqidəmizdən dönmədik. Parçalanmış Azərbaycanımızın yaralarına məlhəm qoymağa çalışdıq. Ayrı-seçkiliyin əleyhdarı olduğumuzdan redaksiyamız qardaş xalqlarımızın ziyarətgahına çevrildi. Əlli il qazandığımızla beş ildir müstəqil qəzet çıxarırıq. Beş il ərzində sıralarımızdan yüzlərlə sənətsevər, yurdsevər pərvazlandı. Qəzetimizin oxucuları Çikaqodan, Belçikadan, Almaniyadan, Təbrizdən, Borçalıdan, Dərbənddən səsimizə səs verdi. Kimsənin qanadı altına girmədik, xaricdən qrant almadıq. Qapılara müxbir göndərib peşəmizin şərəfini, qəzetimizin adını urvatdan salmadıq. Bütövlük amalına tapınıb "Bütöv Azərbaycan" adını, jurnalist şərəfini hər şeydən uca tutduq.
Bəs siz bu 10 ildə neynədiniz?
Dövlətimizin verdiyi dəstəkdən, halal haqqımızdan bizi məhrum edənlərə dəstək verdiniz. Dövlətin jurnalistə verdiyi dəyəri bazar qiymətinə saldınız. Əli qələm tutmayanlar təqdimatınızla Əməkdar jurnalist oldu. Sayənizdə paytaxtımızda “qızıl qələm" yarmarkası açılıb. Azərbaycan Jurnalistlər Birliyi iflic olub. Jurnalistlərin VI Qurultayı Amaşova tost mərasimi şəraitində keçdi.
İnanın ki, dövlət başçısının mətbuat sahəsində atdığı böyük uğurlu addımlar oyunlarınız sayəsində kiçilir. İllər ərzində fədakar jurnalistlərin cəmiyyətdə qazandığı statusu jurnalistikaya vurduğunuz “reket" damğası ilə heçə endirdiniz. Yüksək çinli adam oğrularına, milyonların "razborka"sını aparanlara kimsə reket demədi. Özü milyonların davasını döyən, jurnalisti müəmmalı rüşvət üstündə həbs elətdirən Gülər Əhmədovanı Vüqar Səfərlinin “Novruz" törəninə qatıb yumurta döyüşünə çıxardınız. Deputat xanım "sınmayan yumurta"sı ilə jurnalistikanı rəmzi məğlub etdi.
Əflatun müəllim, siz fəaliyyətinizin 10 ili ərzində jurnalistlər arasındakı dostluğu, həmrəyliyi rahatca pozdunuz. Həmkarlarımızı rənglərə ayırdınız. Öz rənginizdəkilərlə yallı tutub xarici ölkələri dolandınız, regionlarımıza çeşidli səfərlər etdiniz. Reydləriniz, hazırladığınız hesabatların dəyəri başqa mövzunun söhbətidir ki, o da bizim rəngimizlə düz gəlməz. Qısası Əflatun müəllim, siz Mətbuat Şurasının sədri kimi, çığıra bilməyənlərin də səsini eşitməlisiniz. Çünki bu vicdan məsələsidir. Vicdan susan yerdə digər həmkarlarımızın hüquqlarını tapdatmamaq üçün yeni jurnalist təşkilatının yaranmasına ehtiyac duyulur.
Hörmətli Əflatun müəllim, xahiş edirəm, Mətbuat Şurasını mətbuatın üz qarasına çevirməyin!

Tamxil Ziyəddinoğlu
“Bütöv Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru

13.08.2013-cü il


Paylaş



Bölmə: Xəbər / Köşə / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!