Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb. Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Avroviziya seçimləriylə bağlı ittihama cavab gəldi
“Avroviziya 2023” Azərbaycan nümayəndə heyəti ittihamlara cavab verib. Nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları iddialarla bağlı açıqlama verib. Açıqlamada deyilir: “Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb. Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm”. " “Avroviziya 2023” Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov isə bildirib ki, builki Avroviziya təmsilçimiz hələ bəlli deyil: “Bu qərar verilməzdən öncə yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq.”Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun sözlərinə görə, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur: “Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm.”
Gürcüstan hakimiyyəti Saakaşvilini yavaş-yavaş öldürür - Zelenski
Gürcüstan hakimiyyəti ölkənin eks-prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvilini yavaş-yavaş öldürür. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Prezidenti Aleksandr Van der Bellenlə birgə mətbuat konfransında deyib. Zelenski Saakaşvilinin fotoşəkillərini göstərib. "Bir vaxtlar o, Gürcüstanın prezidenti olub. Mixail Saakaşvili. İstərdim ki, onun necə göründüyünə baxasınız. Bilirsiniz ki, onlar Saakaşvilini zəhərləyiblər və indi onu yavaş-yavaş öldürürlər”, - Zelenski bildirib. O vurğulayıb ki, Ukrayna müəyyən daxili məsələlərə böyük hörmətlə yanaşır, lakin Saakaşviliyə qarşı bu cür münasibət anlaşılmazdır. Qeyd edək ki, Saakaşvili fevralın 1-də keçirilən məhkəmədə videobağlantı vasitəsilə iştirak edib. O, Ukraynanın Rusiya Federasiyası üzərində qələbə qazanacağına əmin olduğunu bildirib. “Müharibədə qələbəmizə tam əminəm, qələbəni görəcək qədər yaşaya bilməsəm, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya məxsusdur”, - Saakaşvili bildirib.
Ukrayna tanklarını vuran hərbiçilərə pul mükafatı veriləcək
Rusiya Qərbin Ukraynaya verdiyi "Abrams" və ya "Leopard 2" tipli tankları vuran hərbçilərə mükafat verəcək. Butov.az xəbər verir ki, 5 milyon rubl (təxminən 72 min dollar) mükafatı Rusiyanın FORES şirkəti təqdim edəcək. Kreml şirkətin təşəbbüsünü dəstəkləyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, rus hərbçiləri Qərbin Kiyevə tədarük edəcəyi bütün tankları məhv edəcək, lakin mükafat əsgərlər üçün əlavə stimul rolunu oynayacaq. Qeyd edək ki, ABŞ "Abrams", Almaniya "Leopard 2" tanklarını Ukraynaya göndərməyə qərar verib.
“Neftçi” üçüncü pillədəki mövqeyini möhkəmləndirdi
Azərbaycan Premyer Liqasında XX turun son oyununda “Neftçi” və “Zirə” klubları üz-üzə gəliblər. Matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. “Zirə” isə 31 xalla dördüncü yerdə qalıb.
ABŞ Prezidenti Co Baydenin evində axtarış aparılır. Bu barədə NBC telekanalı məlumat yayıb. Bildirilir ki, axtarış ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhlükəsizlik Bürosunun (FTB) əməkdaşları tərəfindən aparılır. Məlumata görə, Baydenin Delaver ştatında yerləşən evdə məxfi sənədlər axtarılır.
Əlcəzairlə neft və qaz sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi
2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndərəcək.
Avroviziya seçimlərində haqsızlıq - Eldar Qasımov ittiham edildi
Bu il Böyük Britaniyada keçiriləcək Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün nümayəndə seçimlərində haqsızlığa yol verildiyi iddia olunur. Seçimlərdə iştirak etmiş Rauf Kingsley ləqəbli ifaçı şəxsi instaqram hesabında bununla bağlı müraciət ünvanlayıb. Gənc müğənni iddia edir ki, münsiflər heyətinin üzvü Eldar Qasımov və onun meneceri Omar Abdulkarim müsabiqəyə qatılan sənətçilərin mahnılarını dəyərləndirməyib. Onun sözlərinə görə, müsabiqənin yekununda Omar Abdulkarimin meneceri olduğu "Mamagama" qrupu qalib seçilib. "Bir neçə gün əvvəl qrupu dağıdıb, xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıb, bir gecə ilə qondarma qrup yaradaraq Avroviziyaya göndərməyi planlayıblar" - müğənni paylaşımında qeyd edib. İddiada adı hallanan "Mamagama" qrupunun üzvü Safael Mişiyev açıqlamasında müsabiqəyə hələ seçilmədiklərini, digər seçim iştirakçıları kimi gözlədiklərini bildirib: "Biz hələ heç yerə getməmişik, seçilməmişik, cavab gözləyirik. Kim seçiləcəksə, uğurlar olsun". S.Mişiyev təmsil etdiyi musiqi qrupunun dağıdılaraq, yenidən yaradılması ilə bağlı iddialara da cavab verib: "Roman xaricdə işləyir, işi atıb bura çox vaxt gələ bilmir. Qrup isə dağılmayıb". Müğənni Eldar Qasımov və Omar Abdulkarimlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Seçimləri təşkil edən İctimai televiziyadan isə deyilənlərin yalnış olduğu, iddialar barədə rəsmi açıqlama veriləcəyi bildirilib. Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.
Ermənistan KTMT-nin bu qurumlarla əməkdaşlığı istəmir
"İrəvan KTMT PA-nın İslam Əməkdaşlıq Təşkilatı və TÜRKPA ilə mümkün əməkdaşlığından görə narahatdır". Bunu Ermənistanın KTMT PA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-spikeri Akop Arşakyan deyib. "Bu, Ermənistan tərəfi üçün qəbuledilməzdir, çünki bu strukturlar Ermənistan əleyhinə addımlar atır, Azərbaycanı dəstəkləyir", - deyə o bildirib.
Ağırçəkili nəqliyyat vasitələrinə yeni rüsum tətbiq edildi
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumu müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi birinci oxunuşda qəbul olunub. Layihəyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.